Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:00

Müxaliflərin iddiasına görə, Tacikistanda ən yaxşı torpaq sahəsi prezident Rahmonun qohumuna verilib


Rudəki rayonunda otlaq
Rudəki rayonunda otlaq

Tacikistan hökuməti bu yaxınlarda minlərlə hektar məhsuldar torpağı bir özəl şirkətə verib. Hökumətin əleyhdarları həmin şirkətə ölkənin avtoritar prezidenti Emomali Rahmonun yaxın qohumunun nəzarət etdiyini deyirlər.

AzadlıqRadiosunun tacik xidməti noyabrın 29-da Rəhmonun imzaladığı rəsmi sənədin bir nüsxəsini əldə edib. Sənəd sözügedən torpaq üzərində mülkiyyətin, müvəqqəti olaraq, "Ismoili Somoni Holding Company" şirkətinə verilməsi haqdadır.

Hökumətin biznes qeydiyyat sisteminə görə, həmin şirkətin rəhbəri Rahmatullo Asadulloyeviç Sadulloyevdir. Rahmonu tənqidə tutanlar bu adamın Rahmonun qaynı olduğunu deyirlər.

AzadlıqRadiosu açıqlama üçün Tacikistan hökumətinə üz tutsa da, material dərc edilinədək heç bir cavab almayıb.

Ən baxımlı, ən verimli torpaqlar onundur

Sözügedən sənəddə hökumətin 8 min 500 hektar torpağı nədən özəl şirkətə vermək qərarına gəldiyi açıqlanmır. Söhbət paytaxt Düşənbə yaxınlığındakı yaxşı baxımlı ərazilərdə yerləşən otlaq, meşə və əkin sahələrindən gedir.

Sənəddə deyilir ki, torpağın yeni sahibi qarşıdakı 20 il boyunca ona nəzarət edəcək.

Ərazisinin 93 faizi dağlıq olan, 10 milyon insanın yaşadığı Tacikistanda torpaq çox dəyərlidir. Sıradan tacikistanlılar mal-qarasını otarmaq, qida yetişdirmək və ev tikmək üçün torpaq çatışmazlığından gileylənirlər. Dövlət qeydiyyat sistemindəki bilgiyə görə, "Ismoili Somoni Holding Company" 2006-cı ildə qurulub və o zamandan bəri, tikinti də daxil, müxtəlif sahələrdə fəaliyyət göstərib. Rəsmi sənədlərdə şirkətin rəhbəri Rahmatullo Sadulloyev haqqında hər hansı məlumat, yaxud onun fotosu yoxdur.

Emomali Rahmon ailə üzvləri ilə
Emomali Rahmon ailə üzvləri ilə

Korrupsiya girdabında boğulan Tacikistan

Ölkənin siyasi müxalifətinə yaxın media qurumlarının fikrincə, o, Tacikistanın Birinci xanımı Azizamo Asadulloyevanın nüfuzlu Sadulloyev qardaşlarından biridir. Onlar korrupsiya girdabında boğulan bu ölkədə çox sayda gəlirli biznesə nəzarət edirlər.

AzadlıqRadiosu şirkət rəhbərinin gerçəkdən həmin ailənin üzvü, ya onun biznes portfoliosu olduğunu müəyyənləşdirə bilməyib. Tacikistanda adının içində "İsmoili Somoni" olan başqa özəl şirkətlər də var.

Tacikistanın Birinci xanımının böyük qardaşı Rahmatullo Sadulloyevin ölkənin cənubundakı Xatlon vilayətində kənd təsərrüfatı torpaqlarına və bizneslərə nəzarət etdiyi bildirilir. O, siyasətdən uzaq durur və hər hansı hökumət vəzifəsi tutmaqdan çəkinir.

İddia edilir ki, Sadulloyev bir dəfə bu sözləri deyib: "Mən Xatlonun prezidentiyəm; Rahmon Düşənbənin prezidentidir".

Ötən ilin martında Rahmon Xatlonda Beynəlxalq Prezident Məktəbinin açılışına qatılıb. Hökumətin rəsmi saytı məktəbi yerli işadamı Rahmatullo Sadulloyevin tikdirdiyini yazsa da, işadamı haqqında əlavə bilgi verməyib.

Prezident Emomali Rahmon Xatlon vilayətində Beynəlxalq Prezident Məktəbinin açılışında
Prezident Emomali Rahmon Xatlon vilayətində Beynəlxalq Prezident Məktəbinin açılışında

Qayınlar

Prezidentin qayınları arasında ən çox Hasan Asadullozode tanınır. Onun soyadı əvvəllər Sadulloyev olub və böyük biznes portfoliosuna iri maliyyə qurumu sayılan "Orien Bank" və "Somon Air" hava yolları da daxildir. Hasanın əkiz qardaşı Huseyn Xatlon bölgəsində neft məhsulları satan bir şirkətə nəzarət edirmiş. O, ötən il 54 yaşında xəstəlikdən dünyasını dəyişib.

Qardaşlardan daha biri - Amonullo Sadulloyev ölkənin şimalında çox sayda gəlirli biznesə nəzarət edən "Somon Suğd" korporasiyasının sahibidir. Amirullo Asadullo adlı daha bir qardaş Xatlon əyalətinin mərkəzi sayılan Boxtarın meri olub.

Birinci xanım və qardaşları öz soyadlarının müxtəlif variantlarından yararlanırlar. Rahmon 1992-ci ildən bəri Tacikistanı dəmir yumruqla yönəldir. Ölkənin əksər sakinləri uzun zamandır ağır yoxsulluq içində yaşasa da, Rahmon vəzifəsindən sui-istifadə edərək özünü və qohumlarını varlandırmaqda ittiham olunur.

Ölkənin, demək olar, bütün iri bank və şirkətlərinə Rahmonun dost və dəstəkçiləri nəzarət edirlər.

Prezidentin doqquz uşağının bir neçəsinin həm özəl şirkətləri, həm də yüksək hökumət vəzifələri var.

Rahmonun böyük oğlu Rustam eyni zamanda iki önəmli vəzifə tutur: o, həm parlamentin yuxarı palatasının sədri, həm də Düşənbənin meridir. Yuxarı palatanın sədri vəzifəsi onu ölkənin ikinci şəxsinə çevirir; atası vəzifəsini icra edə bilməsə, Rustam prezident olacaq. Rahmonun qızlarından biri, Ozoda prezident administrasiyasının qərargah rəisidir. Onun əri Camoliddin Nuraliyevsə daha öncə maliyyə nazirinin və Milli Bank sədrinin birinci müavini olub.

XS
SM
MD
LG