Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:20

'Bizimlə kriminal kimi davrandılar': İran əfqanların deportasiyasını gücləndirir


Əfqan miqrantlar Əfqanıstanın qərbində İslam Qala şəhərində
Əfqan miqrantlar Əfqanıstanın qərbində İslam Qala şəhərində

Hər gün yüzlərlə əfqan, bəziləri övladları ilə birlikdə qonşu İrandan deportasiya edilir.

Onlardan çoxu Taliban qruplaşmasının qəddar idarəçiliyindən, Əfqanıstanda fəlakətli humanitar və iqtisadi böhranlardan qaçmaq üçün qanunsuz olaraq İrana keçiblər.

Əfqanıstanın sərhəd İslam Qala şəhərində deportasiya edilənlər BMT tərəfindən qeydiyyata salınırlar. Çoxları İran hakimiyyətinin onlarla pis rəftarından gileylənirlər.

“Onlar əfqan miqrantları tutub düşərgələrə aparırlar. Onlar bizimlə kriminallar kimi davrandılar”,Yaqub Məhəmməd Azadi Radiosuna danışıb, onlara azacıq yemək və su verildyini sözlərinə əlavə edib.

Bu yaxınlarda deportasiya edilmiş Gul Lalai isə Azadi Radiosu-na deyib ki, İrandan deportasiya olunmazdan öncə onu polis şöbəsində “aşağılayıb, döyüblər”.

Son aylar İran əfqanların deportasiyasını intensivləşdirib. Taliban rəsmiləri hər gün İrandan 3 minədək əfqanın çıxarıldığını deyirlər. Bu il ümumilikdə yarım milyondan çox əfqanın zorla İrandan deportasiya olunduğu bildirilir.

Əfqan miqrant ailəsi İrana yollanır, arxiv fotosu
Əfqan miqrant ailəsi İrana yollanır, arxiv fotosu

Antiəfqan əhval-ruhiyyəsi

Bu arada İranda antiəfqan əhval-ruhiyyəsinin də artdığı xəbər verilir. Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti zorla ələ keçirəndən bəri İrana xeyli sayda əfqan qaçqın və miqrant gedib.

Bu ayın əvvəlində İranın polis rəisi Əhməd Rza Radan deyirdi ki, 2025-ci ilin martınadək ölkədən 2 milyon əfqanın çıxarılması planlaşdırılır.

Bu açıqlamadan öncə iranlı deputatların hazırladığı qanun layihəsində isə deyilir ki, islam respublikasında əsasən əfqanlar olmaqla yaşayan miqranların ümumi sayı hər il 10 faiz azaldılacaq.

BMT-nin qaçqın agentliyinin (UNHCR) məlumatına görə, İranda 4 milyonadək əfqan yaşayır, onların çoxu sənədsiz miqrantlardır. İran mediası ölkədə 8 milyonadək əfqanın olduğunu yazır.

İran ordusu sentyabrın 23-də bildirib ki, Əfqanıstanla 900 km-lik şərq sərhədinin azı 10 kilometri boyunca hasar çəkilib. Qaçqınlar və miqrantlar əsasən sərhədin bu hissəsindən ölkəyə keçirlər.

Son vaxtlar yayılan xəbərlərə görə, böyük əfqan icmasının yaşadığı Kirman vilayətinin cənubunda əfqanların ucuz çörək alması qadağan edilib.

Qısnama, pis rəftar halları artır

Daxili işlər naziri İsgəndər Momeni sentyabrın əvvəlində deyib ki, qanunsuz miqrantlar məsələsi “həssas” mövzudur, hökumətin siyasəti miqrantlara qarşı əhval-ruhiyyəni qızışdırmamalıdır.

Elə bu açıqlamanın verildiyi vaxtda İranda əfqanlara qarşı hücumlar artırdı.

Avqustda İran polisinin yerə yıxdığı əfqan yeniyetmənin videosu qəzəbə səbəb olub.

İrandakı əfqanlar uzun müddət diskriminasiya və qısnamaya məruz qaldıqlarını deyiblər, ancaq son vaxtlar onlara təzyiqin daha da artmasından gileylənirlər.

“Burada problemlərimiz çoxdur. Əfqanlar diskriminasiya və təqiblə üzləşirlər”, – İranda yaşayan əfqan jurnalist Omid Poya danışır.

Əfqan insan haqları fəalı Hudaya Sahibzadə İranı əfqanların deportasiyasını dayandırmağa çağırıb, özəlliklə də Taliban tərəfdən mümkün risklə üzləşəcək kəsləri.

“İrandan əfqan qaçqınların məcburi deportasiyası intensivləşib. Deportasiya olunanlar arasında jurnalistlər, keçmiş əsgərlər, fəallar var. Onların bəziləri öldürülüb”, – o, Azadi Radiosuna danışıb.

XS
SM
MD
LG