Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:43

Donald Trampın qələbəsi Azərbaycanda belə yozulur...


Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp və xanımı tərəfindən verilən ziyafətdə. 2017
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Tramp və xanımı tərəfindən verilən ziyafətdə. 2017

Respublikaçı Donald Tramp ABŞ-ın 47-ci prezidenti seçilib.

Dünyanin bir çox ölkələri də artıq bu münasibətlə D.Trampı təbrik etməyə başlayıblar.

ABŞ-da seçkilər bütün dünyada olduğu kimi, Azərbaycanda da yaxından izlənir.

Rasim Musabəyov
Rasim Musabəyov

"Respublikaçılar bu məsələlərdə məsafə saxlayacaqlar"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov "Turan"a bildirib ki, demokratlar administrasiyası Cənubi Qafqaz bölgəsindəki proseslərə, Ermənistan-Azərbaycan məsələlərinə həssas yanaşırdı: "Təşəbbüslərlə çıxış edirdi, tövsiyələr verirdi, görüşlər təşkil edirdi. Konqresdə demokratların təşəbbüsü ilə hansısa bir dinləmələr keçirilirdi".

Deputatın fikrincə, respublikaçılar bu məsələlərdə məsafə saxlayacaq: "Bu, yaxşıdır, çünki bu gün nəyə nail olmuşuq, bu, ikitərəfli qaydada olub".

R.Musabəyov qeyd edib ki, məsələ yalnız Ermənistan-Azərbaycan münasibəti ilə, bunu onların qaydasına salması ilə kifayətlənmir: "ABŞ-Rusiya münasibətləri məsələsi də var. Biz Rusiya ilə qonşu dövlətik. Sonra, İran məsələsi də var. Orada gərginlik artdığı halda, bunun Azərbaycana və bizim bölgəyə proyeksiyası olacaq".

Seymur Həzi
Seymur Həzi

"ABŞ təkcə bir nəfərdən ibarət olsa idi..."

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Seymur Həzi isə AzadlıqRadiosuna açıqlamasında bu məsələdə sosial şəbəkələrdə və mediada yer alan ifrat narahatedici mövqeləri bölüşmədiyini bildirib: "Ola bilsin ki, ABŞ administrasiyasında dəyişiklik hansısa formada siyasətə təsir edəcək. Amma o, metodlara təsir edəcək, strateji yanaşmaya yox. Bütövlükdə Qərb Ukraynanın məğlubiyyətini qəbul edə bilməz. Bu, Amerika üçün çox önəmli məsələyə çevrilib".

S.Həzinin fikrincə, Azərbaycanda insan haqları məsələsinə ABŞ-ın yanaşması dəyişməyəcək: "Əgər ABŞ təkcə bir nəfərdən ibarət olsa idi, biz deyərdik ki, strategiya dəyişəcək. Ancaq Konqres var orda və insan haqları ilə bağlı məsələni qaldıran konqresmenlər hər iki partiyanın nümayəndələridir".

O hesab edir ki, D.Trampın qələbəsi ilə bağlı gözləntilər bəzən yanlışdır: "Azərbaycan hökumətinin "Tramp gələcək, hər şey yaxşı olacaq" eyforiyasına girməsi yanlışdır. Eyni zamanda, vətəndaş cəmiyyətinin, müxalif fəalların da sosial şəbəkələrdə "Tramp gələcək, pis olacaq" fikirləri də əsassızdır. Siyasət birgünlük məsələ deyil. Biz kritik məqamlarda Tramp administrasiyasının Azərbaycan hökumətinə təsirlərini, Rusiyaya, İrana sanksiyalar qoymasını yada sala bilərik. Biz məsələyə kompleks baxmalıyıq".

Nəsimi Məmmədli
Nəsimi Məmmədli

"Rusiya-Ukrayna müharibəsinə daha çox təsirlər olacaq"

Siyasi şərhçi Nəsimi Məmmədli də xüsusi dəyişikliyin olmayacağı qənaətindədir: "Çünki regionla bağlı ABŞ-da konseptual fikir ayrılığı yoxdur. Düzdür, ayrıca olaraq Rusiya və İrana yönəlik siyasətdə bu partiyaların fərqli yanaşmaları var. Regionumuzda yerləşən bu iki böyük dövlətin üzləşəcəyi aqibət bizə də təsir göstərir. Trampın qələbəsindən sonra İrana münasibət daha da sərtləşərsə, bu bizə də təsir göstərəcək. Habelə seçki nəticələrinin Rusiya-Ukrayna müharibəsinə daha çox təsirləri olacaq. Amma Ermənistan-Azərbaycan məsələsində xüsusi bir problemin olacağını zənn etmirəm".

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Ondan altı il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

N.Məmmədli daha sonra da xatırladıb ki, 44 günlük müharibə Tramp hökuməti dönəmində baş verib: "Bayden administrasiyası dönəmində də sülhə doğru addımlar atılıb. Ona görə də prosesə istənilən seçkilərin nəticələrinin mənfi təsirlərinin olacağını zənn etmirəm. Xüsusilə də respublikaçıların siyasətində Çin, Orta Şərq daha prioritet istiqamətlər olacaq".

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurub. O dövrdə Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrıca danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

"Bu, ABŞ-ın strateji siyasi xəttidir"

Ekspert hesab edir ki, demokratiya və insan haqları məsələsi də arxa plana atılmayacaq: "Çünki bu, ABŞ-ın strateji bir siyasi xəttidir. Trampın prezidentliyinin ilk dönəmində Azərbaycanda insan hüquqları vəziyyəti indiki ilə müqayisədə daha müsbət idi. Düşünürəm ki, Tramp seçiləndən sonra Azərbaycanda siyasi məhbus və insan hüquqları problemi istiqamətində müəyyən müsbət addımlar atılacaq".

XS
SM
MD
LG