Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:12

Çin Mərkəzi Asiyada yeni 'böyük qardaş'a çevrilir?


Çin və Mərkəzi Asiya liderlərinin ilk sammiti COVID-19 pandemiyasına görə ötən il videobağlantı formatında keçirilmişdi
Çin və Mərkəzi Asiya liderlərinin ilk sammiti COVID-19 pandemiyasına görə ötən il videobağlantı formatında keçirilmişdi

Çin bu həftə ilk dəfə olaraq Mərkəzi Asiya liderlərinin şəxsi formatda sammitini keçirəcək.

Bir çox təhlilçilər deyilər ki, Rusiyanın Ukrayna müharibəsinə görə Qərblə münasibətlərinin pisləşdiyi bir vaxtda Pekin adətən Rusiyanın nüfuz dairəsi sayılan regionda lider kimi yerini möhkəmlədir.

Bu sammitdə prezident Si Tsinpinin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə dərinləşən iqtisadi və təhlükəsizlik bağlarını müzakirə edəcəyi gözlənilir.

Siyasi təhlilçilər qeyd edirlər ki, Mərkəzi Asiya ölkələri Moskvanın başı Ukraynaya qarışdığı bir vaxtda investisiya sahəsində yaranmış boşluğu Pekinlə doldurmağa can atırlar.

Mayın 18-də başlanacaq ikigünlük sammit Çinin Sian şəhərində yer alacaq və G7 qrupunun mayın 19-21-də Yaponiyada keçiriləcək sammiti ilə eyni vaxta düşəcək.

Yaponiya sammitinin mövzularından biri də Çinin artmaqda olan nüfuzunun cilovlanması yollarıdır.

Çin bazarına çıxış

Bişkekdəki ATƏT Akademiyasından Adina Masalbekova deyir ki, Pekin qlobal nizama yeni alternativ yaratmağa çalışır və bu layihədə Mərkəzi Asiya ölkələrini də görmək istəyir.

Çin və Mərkəzi Asiya liderlərinin ilk sammiti COVID-19 pandemiyasına görə ötən il videobağlantı formatında keçirilib.

Lakin Çin rəsmilərinin dediyinə görə Sianda liderlərin ilk üzbəüz sammitinin xüsusi rəmzi mənası var, belə ki, bu şəhər qədim İpək yolunun mühüm məntəqələrindən biridir.

Atlantic Council analitik mərkəzinin Çin qovğasını təmsil edən və Qırğızıstanda mənzillənən eksperti Niva Yau bu görüş barədə deyib:

"Bu sammitdə gözlənilən əsas kartlardan biri də Mərkəzi Asiya ölkələri məhsulları üçün Çin bazarının ciddi açılımıdır. Bu, son illərdə regionun əsas tələblərindən biri idi”.

Çinin Qurşaq və Yol Təşəbbüsü

Çinin Mərkəzi Asiyanın 5 ölkəsi ilə ticarəti bu ölkələr arasında diplomatik münasibətlər qurulandan bəri ötən 30 ildə yüz dəfələrlə artıb.

Çin və sözü gedən ölkələr arasında ticarət 2022-ci ilin nəticələrinə görə 70 milyard dollara çatıb.

Çinin dövlət mediası sammitin ərəfəsində bildirir ki, Mərkəzi Asiya regionu Pekinin Qurşaq və Yol Təşəbbüsündə mühüm yer tutur.

Burada həyata keçiriləcək infrastruktur layihələrini prezident Si hələ 2013-cü ildə Qazaxıstana səfəri zamanı elan etmişdi.

Qurşaq və Yol Təşəbbüsünün iki böyük layihəsi hazırda müzakirə mərhələsindədir.

Bunlar Çindən Qırğızıstan və Özbəkistana dəmir yolunun çəkilişi, habelə Türkmənistandan qaz kəmərinin tikintisidir.

Yeni boyunduruq?

Reuters yazır ki, Çinin Qurşaq və Yol Təşəbbüsü inkişaf etməkdə olan ölkələri borc boyunduruğuna saldığına görə tənqid olunur.

Məsələn, Mərkəzi Asiyada yoxsul Qırğızıstan və Tacikistanın Çindən aldıqları kreditlər onların ÜDM-nin beşdə birindən çoxdur.

Lakin təhlilçilər deyirlər ki, Rusiyanın Ukrayna müharibəsinə görə sanksiyalarla üzləşdiyi bir vaxtda Mərkəzi Asiya ölkələri üçün Çin daha etibarlı partnyora çevrilir.

Berlindəki Carnegie Russia Eurasia mərkəzindən Temur Umarovun fikrincə Mərkəzi Asiya ölkələri üçün alternativ son dərəcə mühümdür və onlar bir nömrəli alternativin Pekin olduğunu anlayırlar.

Pekinin İslam narahatlığı

Təhlilçilər bildirirlər ki, Çin daha geniş iqtisadi əməkdaşlıqdan regionda təhlükəsizliyin təminatı üçün istifadə etməyi planlaşdırır.

Mərkəzi Asiyanın üç ölkəsi Çinin Sintzyan regionu ilə qonşudur. Pekin burada müsəlman uyğurların insan haqlarını əzməkdə ittiham olunur. Lakin Pekin əslində dini ekstremizmlə mübarizə apardığını iddia edir.

Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi Pekinin davakar İslamdan narahatlığını daha da artırıb.

Təhlilçilər deyirlər ki, bu sammitdə Ukrayna müharibəsinin də müzakirə olunacağı gözlənilir.

Burası da var ki, həm Moskva, həm də Pekin bu regiona kənar qüvvələrin, özəlliklə də Birləşmiş Ştatların müdaxiləsinə qarşıdırlar.

XS
SM
MD
LG