Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:42

Bakının BMT iqlim konfransına ev sahibliyi niyə geosiyasi məsələyə çevrilib? - Qərb mediası


Azərbaycanın BMT-nin gələn il keçiriləcək iqlim sammitinə ev sahibliyi üçün namizədliyi məsələsi nəzərdən keçirilir.

Bu, uzun illər düşmənçilik edən Ermənistan və Azərbaycan arasında anlaşma nəticəsində mümkün olub.

Diplomatik mənbələr Reuters agentliyinə deyiblər ki, Azərbaycanın namizədliyinin başqa ölkələrin dəstəyini qazanacağı gözlənilir, hərçənd bu məsələ hələ də Dubayda keçirilən COP28 iqlim sammitində danışıqlar predmetidir.

Reuters yazır ki, COP üçün ev sahibliyini Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) kimin qəbul edəcəyi məsələsi misli görünməmiş geosiyasi dalana düşüb.

Buna Rusiyanın ev sahibliyi üçün Avropa İttifaqından olan hər hansı ölkənin namizədliyinə veto qoyacağını bəyan etməsi səbəb olub.

Avropa İttifaqı Ukraynaya qarşı təcavüzünə görə Rusiya üzərinə ağır iqtisadi sanksiyalar qoyub.

Azərbaycan dekabrın 7-də bildirib ki, Ermənistanla razılaşma əldə etməsi Bakının COP29 sammitinə ev sahibliyi etmək şanslarını artırıb. Yerevan bu məsələdə Azərbaycanın namizədliyinə veto qoymayacağını bildirib.

Bu da qeyd olunur ki, COP konfransına ev sahibliyi üçün BMT-nin Şərqi Avropa regional qrupuna daxil bütün ölkələrin dəstəyi lazımdır.

Yerevan və Bakı arasında sövdələşmə

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə dekabrın 8-də deyib ki, “biz qrupa daxil əksər ölkələrin, o cümlədən Rusiyanın dəstəyini qazanmışıq”.

Reuters yazır ki, COP28 konfransındakı Rusiya nümayəndə heyəti bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Ermənistan Azərbaycanın ev sahibliyi namizədliyinə Yerevanın şərqi Avropa qrupunun COP bürosunda üzvlük müqabilində razılıq verib.

Diplomatik mənbələr Reuters agentliyinə bildiriblər ki, Şərqi Avropa ölkələrinin Bakının namizədliyini dəstəkləyəcəyi gözlənilir, hərçənd Moldova da öz namizədliyini verib və Serbiya da bu niyyətdədir.

Reuters yazır ki, diplomatlar bu məsələni dekabrın 12-də COP28 başa çatanadək həll etməlidirlər.

Xəbərdə bu da vurğulanır ki, neft və qaz ölkəsi olan Azərbaycan OPEC+ qrupunun üzvüdür.

BƏƏ özünün ADNOC dövlət neft şirkətinin prezidenti Sultan əl-Caberi COP28 sammitinə sədr təyin etməsinə görə tənqidlərlə üzləşib.

Bakının namizədliyi niyə narahatlıq doğurur

Reuters yazır ki, COP28 sammitindəki bəzi nümayəndələr dünya iqlim forumunun iki il dalbadal neft hasilatçısı olan ölkədə keçirilməsindən narahatlıq bildiriblər.

Hacızadə Bakının bu narahatlıqlardan xəbərdar olduğunu deyib:

"Azərbaycan zəngin neft və qaz ölkəsi olmasına baxmayaraq onun strateji hədəfləri enerji mənbələrinin diversifikasiyası, xüsusilə də külək və günəş enerjisindən istifadədir”.

Politico saytı da Azərbaycanın namizədliyi ilə bağlı belə narahatlıqlardan yazıb.

Onun məqaləsində qeyd olunur ki, Cənubi Amerikanın ikinci ən böyük neft yataqlarına malik Braziliyanın 2025-ci ildə keçiriləcək COP30 sammitinə ev sahibliyi edəcəyi gözlənilir.

Bu arada Azərbaycan və Ermənistanın birgə bəyanatında Bakının namizədliyinin başqa Şərqi Avropa ölkələri tərəfindən dəstəklənəcəyinə də ümid ifadə olunur.

Bu bəyanatda qeyd olunur ki, iki ölkə aralarında daha çox qarşılıqlı etimad tədbirləri həyata keçirəcəklər.

Neft ölkəsi olmaq problemi

Reuters yazır ki, COP29-a ev sahibliyi üçün Moldova və Serbiya da müraciət ediblər.

ABŞ Dövlət Departamenti, habelə ABŞ-ın Rusiya, Moldova və Serbiyadakı səfirlikləri agentliyin bu barədə sorğularına hələ ki, cavab verməyiblər.

Politico yazır ki, COP28-ə sədrlik edən BƏƏ-nin qazıntı yanacağından tam imtina ideyasını qəbul etməməsi iştirakçı ölkələr arasında ciddi fikir ayrılığı yaradıb.

Politico vurğulayır ki, Azərbaycan iqtisadiyyatının da 90 faizi neft ixracı üzərində qurulub.

COP30 konfransının ev sahibliyinə real namizəd kimi görünən Braziliya da ötən həftə OPEC+ qrupuna qoşulacağını bildirib.

XS
SM
MD
LG