Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:20

Bloomberg Ər-Riyadda Ukraynaya dair ‘məxfi danışıqların’ keçirildiyini yazır


Ər-Riyad şəhəri
Ər-Riyad şəhəri

Bloomberg agentliyinin verdiyi xəbərə görə Ukrayna, onun müttəfiqi olan G7 ölkələri və “Qlobal Cənub” kimi tanınan ölkələr qrupunun nümayəndələri arasında məxfi danışıqlar keçirilib.

Bloomberg-in "vəziyyətlə tanış mənbələrə" istinadla verdiyi xəbərə görə barəsində indiyədək məlumat verilməyən bu görüş dekabrın 16-da Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda sözü gedən ölkələrin milli təhlükəsizlik şuralarının rəhbərləri səviyyəsində keçirilib.

Bloomberg xatırladır ki, bu tədbirdən əvvəl daha böyük və barəsində daha geniş məlumat verilmiş görüşlər keçirilib.

“Qlobal Cənub”

Məlumatda deyilir ki, görüşün məxfi keçirilməsindən məqsəd həm də iştirakçı ölkələrin adlarının açıqlanmaması olub. Bu görüşdə iştirakçılar həm də özlərini daha sərbəst hiss edə bilməliydilər.

Agentlik yazır ki, görüşün daha kiçik formatda keçirilməsi həm də Ukraynanın “sülh formulunun” və onun həyata keçirilməsinin daha sərbəst müzakirə olunmasına imkan verirdi.

Bloomberg mənbələri bildiriblər ki, Ər-Riyad görüşündə hər hansı əhəmiyyətli irəliləyişə nail olmaq mümkün olmayıb.

Sülhün Ukrayna formuluna – yəni Ukraynanın bütün ərazilərinin işğaldan azad edilməsi şərtinə “Qlobal Cənub” ölkələri qrupu müqavimət göstərir.

Bu ölkələr hesab edirlər ki, Ukraynada sülhün əldə olunması üçün birbaşa Rusiya ilə təmaslar tələb olunur.

Çinin görüşə qatılmadığı xəbər verilir

Xəbərdə deyilir ki, bu görüşə “Qlobal Cənub” adlandırılan qrupa daxil edilən Hindistan, Türkiyə və Səudiyyə Ərəbistanının rəsmiləri qatılıblar.

Görüşdə bundan əvvəlki daha geniş forumun iştirakçıları olan Çin, Braziliya və Birləşmiş Ərəb Əmirlikləri təmsil olunmayıblar.

Bloomberg vurğulayır ki, buna baxmayaraq görüşün bir çox iştirakçıları Çini Rusiyaya real təsir gücünə malik ölkə hesab etdiklərini bildiriblər.

Xəbərə görə Kiyev və onun müttəfiqi olan G7 qrupuna daxil ölkələr bu görüşdə bir daha vurğulayıblar ki, istənilən ədalətli sülh Ukraynanın ərazi bütövlüyü və suverenliyi prinsipi əsasında olmalıdır.

Ukraynanın müttəfiqləri bunu da qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin hələki əsaslı danışıqlara ciddi canatımı nümayiş etdirməyib.

Böyük yeddilərin G7 qrupu Ukraynanı bundan sonra dəstəkləyəcəyini təsdiq edib.

Rəsmilər xəbəri şərh etməyiblər

Bundan başqa ABŞ və Avropa İttifaqının nümayəndələri Kiyevə yardımlar məsələsində uğurlu koordinasiyaya inandıqlarını bildiriblər.

Bloomberg yazır ki, onun bu məlumatını ABŞ prezidentinin administrasiyasında şərh etməyiblər.

Ukrayna və Səudiyyə hökumətləri də Bloomberg-in sorğularına cavab verməyiblər.

Rusiya prezidenti Vladimir Putin ötən ilin sentyabrında demişdi ki, Rusiya Ukrayna ilə danışıqlara yalnız Moskvanın maraqlarının nəzərə alınması şərtilə razıdır.

Moskva Kiyevin Rusiya qoşunlarının bütün Ukrayna ərazisindən çıxarılması şərtini rədd edir.

XS
SM
MD
LG