Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:23

'BakıKart'ın mobil tətbiqində niyə aylardır problemlər yaşanır? 


BakıKart
BakıKart

"BakıKart" mobil tətbiqində artıq iki aydan çoxdur ki, problem yaşanır. Metro və bir çox avtobuslarda ödəniş üsulu olan "BakıKart"ın kart ödənişində heç bir problem olmasa da, onun mobil proqramı haqqında bunu demək mümkün deyil. Bir çox istifadəçilər bildirir ki, tətbiq ya ümumiyyətlə açmır, ya parol istəyir və parolu daxil etməsinə baxmayaraq sönür, ya da açır, amma pul balansını göstərmir.

"Heç bilmirəm, bu pul balansda qalıb, yoxsa..."

Tələbə Nəzrin Məmmədova deyir ki, tətbiqin işləməməsi problem yaradır: "Hər səhər metroda, avtobus dayanacaqlarında sıxlıq var. Uzun növbələrdə dayanmamaq üçün "BakıKart"ın tətbiqindən istifadə edirdim. Amma hazırda proqram çalışmır deyə, terminalların qabağında vaxt itirirəm".

Onun sözlərinə görə, iyul ayında balansa vəsait yükləyib, amma hazırda ondan istifadə edə bilmir: "Heç bilmirəm, bu pul balansda qalıb, yoxsa yoxa çıxıb? Girib yoxlaya da bilmirəm. Mənim kimi tətbiqdən istifadə edən adamlar çox idi. İndi bütün bu insanların pulu nə oldu?!".

İctimai nəqliyyatda nağdsız ödənişlər üçün "BakıKart" hələ 2016-cı ildən istifadəyə verilib. Kartın qiyməti 2 manatdır.

Bakı sakini ödəniş terminallı dayanacaq üçün 3-6 km arası məsafə getməlidir
Gözlə

No media source currently available

0:00 0:05:26 0:00

"BakıKart" mobil tətbiqi isə 2023-cü ilin iyulunda fəaliyyət göstərirdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirirdi ki, mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, "BakıKart"ın balansını artıra və gediş haqqını ödəyə bilərlər: "İstifadəçilər marşrutları asanlıqla axtara, təyinat yerinə getmək üçün ən yaxın dayanacaqları tapa və avtobusları real vaxt rejimində izləyə bilərlər. Tətbiq istifadəçilərə bir neçə QR biletləri yaratmağa və QR bilet tarixçələrini görməyə imkan verir. Həmçinin, istifadəçilərə vaxta qənaət etmək imkanı qazandırır və ictimai nəqliyyatdan istifadə prosesini sadələşdirir".

AYNA: "Texniki nasazlığın aradan qaldırılması..."

Problemlərə gəldikdə isə, qurumdan "Turan"a deyiblər ki, "BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir: "Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik".

Agentlikdən vurğulanıb ki, vətəndaşların "BakıKart" mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib: "Mobil tətbiqin işi bərpa olunduqdan sonra vətəndaşlar hesablarındakı vəsaitdən istifadə edə biləcəklər".

Vahid Qasımov
Vahid Qasımov

"Uzun çəkməsi bürokratik səbəblərdən ola bilər"

İnformasiya texnologiyaları (IT) mütəxəssisi Vahid Qasımov bildirir ki, həmin problem bir çox amillərə görə yarana bilər: "İşləməyən əslində "BakıKart"ın tətbiqi deyil, çox güman ki, qoşulduqları serverdir, hansı ki, məlumatları qaytarır".

Mütəxəssis təxmin edir ki, orada hazırda köklü dəyişikliklər olunur: "Metro və avtobuslarda əlavə ödəniş vasitələri qoşmağa çalışırlar. Ona görə də serverdə, ola bilsin ki, bəzi düzəlişlər edilir və server stabil işləmədiyinə görə mobil tətbiq də istifadəçiləri bir qədər incidə bilər".

V.Qasımovun fikrincə, tətbiqin işinin bərpasının bu qədər uzun çəkməsi bürokratik səbəblərdən ola bilər: "İstifadəçilərinin sayının artması ilə server çatdırmaya bilər. İkincisi də, serverdə həqiqətən də hansısa texniki nasazlıq ola bilər. Bu, tələb edir ki, ya yeni serverlər qoşulsun, ya da server başqa bir maşına köçürülsün. Əgər bu əvvəlcədən nəzərdə tutulmayıbsa və buna əvvəlcədən büdcə ayrılmayıbsa, pulun ayrılmasını, tenderin keçirilməsini, yeni serverlərin qoşulmasını gözləməyə məcbur olacağıq".

Ərşad Hüseynov
Ərşad Hüseynov

"Nəqliyyatda nağdsız ödəniş kartları tarixə qovuşur"

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə AzadlıqRadiosuna deyib ki, sözügedən mobil tətbiq ictimai nəqliyyatda ödənişin asanlaşdırılması üçün nəzərdə tutulub: "Onun işləməməyi sərnişinlər üçün diskomfort yaradır, vaxt itkisinə səbəb olur. Hazırda dünyada nəqliyyatda nağdsız ödəniş kartları tarixə qovuşur. Düzdür, onlardan istifadəsi hələ qalıb, amma daha alternativ ödəniş vasitələri də var. Adi bank kartları və onların mobil tətbiqləri ilə ödəniş etmək olur. Bizdə də bu sistemi təkmilləşdirmək lazımdır".

Ekspert qeyd edib ki, Azərbaycanda hətta ictimai nəqliyyatın hamısı nağdsız ödəniş sisteminə keçməyib: "Fəaliyyət göstərən bəzi köhnə avtobuslarda texniki səbəblərə görə ödəniş terminalları quraşdırmaq mümkün deyil. Eyni zamanda, ola bilsin, bəzi daşıyıcılar bunda maraqlı deyillər ki, avtobusları yeniləsinlər, ödənişlər şəffaf sistem ilə olsun. Bütövlükdə nağdsız ödəniş sisteminə keçirilsə, yaxşı olar".

XS
SM
MD
LG