Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Azərbaycanda ildən-ilə məktəbə gedənlər azalır


Məktəbə gedə bilməyən uşaqlar: Kasıb ailələrə kim kömək edəcək?
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Məktəbə gedə bilməyən uşaqlar: Kasıb ailələrə kim kömək edəcək? (2023)

Bu gün, sentyabrın 16-da Azərbaycanda yeni tədris ili başlayıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin açıqlamasına görə, 2024-2025-ci tədris ili üzrə I sinfə 132 min 261 uşaq qəbul olunub. Bu, ötən ilin göstəriciləri ilə müqayisədə azdır. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2023-2024-cü tədris ilində ölkənin ümumtəhsil məktəblərinin I sinfinə 137 min 862 uşaq qəbul olmuşdu.

Statistika göstərir ki, ildən-ilə ölkədə şagirdlərin sayında azalma var. 2022-2023-cü tədris ilində 151 min 560 uşaq I sinfə qəbul olunubsa, 2019-2020-ci tədris ilində bu rəqəm 159 min 644 nəfər təşkil etmişdi. Beləliklə, beş il ərzində I sinfə gedən məktəblilərin sayı 27 min azalıb.

Ötən ilin sonunda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov da bildirmişdi ki, region məktəblərində şagird sayının azalması hiss olunur: "Bu, müəllimlərin müraciətlərində, eləcə də şagird yerdəyişmələrində müşahidə edilir. Kənd məktəblərində şagird sayının azalması ölkə üzrə doğum saylarındakı nisbətin aşağı düşməsi ilə müşahidə olunur".

Bir neçə il əvvəl elm və təhsil naziri Emin Əmrullayev də I sinfə gedən şagirdlərin sayının azalmasını demoqrafik məsələlərlə izah etmişdi.

Ceyhun Məmmədov
Ceyhun Məmmədov

"Gənclərin yanaşması gələcəkdə çətinliklər yaradacaq"

Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov "Turan"a bildirib ki, şagirdlərin sayında azalma çox aktual məsələdir və onun üzərinə düşmək lazımdır: "Müvafiq proqramlar qəbul olunmalıdır və ciddi addımlar atılmalıdır. Bu istiqamətdə maarifləndirməyə də çox ciddi ehtiyac var".

O vurğulayır ki, əvvəlki dövrdə ailələrdə beş-altı uşaq olubsa, bu gün ailələr iki və ya hətta bir övlada üstünlük verirlər: "Bu da cəmiyyətimizdə bir aktual problem kimi özünü göstərir".

Deputatın sözlərinə görə, səbəblərdən biri boşanmalardır: "Digər səbəb gənclərin artıq nikaha o qədər də meyl göstərməmələridir. Onlar düşünür ki, ailə qurub məsuliyyət götürməkdənsə, qurmamaq daha yaxşıdır. Bu da ciddi bir amildir və biz bunu nəzərdən keçirməliyik, çünki gənclərin bu yanaşması gələcəkdə bizə çətinliklər yaradacaq".

Nabatəli Qulamoğlu
Nabatəli Qulamoğlu

"Bu tendensiya davam edəcək"

Təhsil eksperti Nabatəli Qulamoğlu AzadlıqRadiosuna deyir ki, həyat inkişaf etdikcə insanın tələbatları çoxalır: "Bunun üçün də ailəyə gəlir lazımdır. Əgər ailə bunu əldə edə bilmirsə, övlad planlaşdırmasını ixtisara salır. Çoxuşaqlılıq valideynlər üçün qayğıdır və onlar bu qayğının öhdəsindən gələ bilmir. Buna görə də uşaqların sayı, paralel də şagirdlərin sayı azalır".

Ekspertin fikrincə, şagirdlərin sayının azalması təkcə demoqrafik deyil, həm də sosial prosesdir: "Sosial mühitlə ayaqlaşmaq arzuları həyata keçmədiyi üçün valideynlər belə planlaşdırma aparırlar. İndi uşağı məktəbə göndərmək üçün çoxlu maddi vəsait lazımdır. Ailədə üç-dörd uşaq varsa, bu, artıq ciddi qayğıya çevrilir. Ona görə də valideynlər istəyir ki, uşaqları az olsun, qayğıları da azalsın. Getdikcə, bu tendensiya davam edəcək".

N.Qulamoğlu hesab edir ki, bu tendensiyanın qarşısını almaq üçün Azərbaycanda maddi nemətlərin bolluğu, azad iqtisadiyyat mühiti olmalıdır.

XS
SM
MD
LG