Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:02

Ermənistandan göndərilən yük iki gündür sərhəddə qalıb


Ermənistandan göndərilən konvoy Laçın dəhlizinin girişində saxlanıb
Ermənistandan göndərilən konvoy Laçın dəhlizinin girişində saxlanıb

Yerevanın Azərbaycanın Qarabağ regionuna göndərdiyi 19 yük maşını dolu yardım artıq ikinci gündür Azərbaycanın sərhəd buraxılış məntəqəsində qalıb. Rəsmi Bakı yükü Laçın dəhlizinə buraxmaqdan imtina edir.

Qarabağdakı separatçıların təmsilçisi Vardan Sarqsyan iyulun 27-də mediaya deyib ki, heç bir irəliləyiş yoxdur, Rusiya sülhməramlıları yardımla bağlı müraciətə reaksiya verməyib.

Ağdam yolundan istifadə barədə razılaşma olubmu?

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan ölkəsinin ictimai telekanalına müsahibəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamasını təkzib edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Hacıyev “Brüssel danışıqlarında Azərbaycan və Ermənistan arasında Qarabağ üçün zəruri yüklərin Ağdamdan keçərək gətirilməsinə dair razılaşma əldə olunduğunu” demişdi.

Hikmət Hacıyev bildirib ki, “Brüssel razılaşmasına uyğun olaraq Ağdam-Xankəndi yolu bütün növ malların gətirilməsi üçün tam hazırdır”.

O bu barədə özünün Twitter hesabından yazmışdı:

“Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!”.

Buna cavab olaraq Edmon Marukyan Twitter-də yazıb ki, Hikmət Hacıyevin “reallıq kimi təqdim etdiyini onun istəyi kimi” yozmaq lazımdır:

“Brüsseldə belə razılaşma olmayıb və bunu Şarl Mişelin yekun bəyanatı ilə yoxlamaq və təsdiqləmək asandır”.

Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 26-da keçirdiyi mətbuat konfransında demişdi ki, danışıqlar masası arxasında Xankəndinə yardımın Ağdamdan keçərək gətirilməsi müzakirə olunmayıb, çünki o belə müzakirə üçün mandata malik deyil.

***

Avropa Birliyi Qarabağda ciddi humanitar vəziyyətdən dərin narahatlığını bildirib. Bu haqda blokun Ali təmsilçisi Cozep Borrel (Josep Borrel) iyulun 27-də bəyanat yayıb. Bəyanatda deyilir ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına baxmayaraq, Laçın dəhlizi yeddi aydan çoxdur bağlanıb.

Borrel bölgədə tibbi və digər vacib gərəklərin çatışmadığın, artıq tükəndiyini qeyd edərək bildirir ki, Azərbaycan hakimiyyəti Laçın dəhlizi ilə hərəkətin təhlükəsizliyi və azadlığını təmin etməli, böhranın daha da ağırlaşmasıına imkan verməməlidir.

AB təmsilçisi Azərbaycan hakimiyyətinin Ağdam şəhəri vasitəsilə təchizat təklifini nəzərə aldıqlarını deyir. “Ancaq buna Laçın dəhlizinin yenidən açılmasına alternativ kimi baxılmamalıdır”, – deyən Borrel Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regionda fəaliyyətini, o cümlədən tibbi təxliyələr və humanitar təchizatı tam bərpa etməyə çağırıb.

Azərbaycan iyulun ortasında bildirib ki, BQXK zəruri qaydalara riayət etməklə, erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidini davam etdirə bilər.

+++

Azərbaycan özünün Qarabağ bölgəsinə Ermənistandan göndərilən ərzaq yardımını Laçın dəhlizinə buraxmayıb. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” xəbər verir.

İyulun 26-da axşam 19 yük maşını Laçın dəhlizinin girişinə çatıb, ancaq saatlarla orada qalıb. Bakı yükü dəhlizə buraxmayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan humanitar yükün göndərilməsini Twitter-də belə əsaslandırmışdı:

“Biz Dağlıq Qarabağ ermənilərinin hazırda üzləşdiyi vəziyyətə göz yuma bilmərik. Dağlıq Qarabağa göndərilən 360 tonluq həyati əhəmiyyətli ərzaq sırf humanitar məqsədlərlə göndərilir”.

Azərbaycan bu ayın əvvəlindən Laçın nəzarət-buraxılış məntəqəsindən keçidi bağlayıb, bunu Ermənistandan gələn Qırmızı Xaç maşınlarında “müxtəlif növ qaçaqmal” aşkarlanması ilə əsaslandırıb.

Nəqliyyatın dayandırılması Qarabağda humanitar böhranla bağlı narahatlığı artırıb. Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan ötən həftə deyirdi ki, Qarabağ “aclıq həddindədir”. O, Bakıya beynəlxalq təzyiqi gücləndirməyə çağırmışdı.

+++

Azərbaycan Ermənistanı suverenliyi əleyhinə təxribatda günahlandırır.

Xarici İşlər Nazirliyinin iyulun 26-da saytında yayılan bəyanatda qeyd edilir ki, Ermənistan tərəfinin razılaşdırmadan Azərbaycan ərazilərinə “humanitar yük” adı altında avtomobil konvoylarını göndərməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsddir, Laçın sərhəd keçid məntəqəsinə qarşı növbəti təxribatdır".

Bəyanatda vurğulandığına görə, Azərbaycan tərəfi erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürüb.

Açıqlamaya görə, "erməni tərəfinin bütün təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişin bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj olduğunu göstərir."

Hələlik, Azərbaycan XİN-in bu bəyanatına Ermənistan rəsmilərinin münasibəti bəlli deyil.

Yükün Qarabağa necə çatacağı məlum deyil

Bundan əvvəl AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər vermişdi ki, içərisində 400 ton humanitar yardım olan 19 yük maşını iyulun 26-da Yerevandan çıxaraq Qarabağ istiqamətində yollanıb və artıq Syunik vilayətindəki Kornidzor kəndinə çatıb.

Ermənistanın Azərbaycanla sərhəd postu bu kəndin yaxınlığında yerləşir.

Azatutyunun yazdığına görə buradan yüklərin Rusiya sülhməramlıları vasitəsilə Qarabağa çatdırılması planlaşdırılıb.

Humanitar yük karvanının sonrakı hərəkəti hələ məlum deyil.

Azatutyun yazır ki, Qarabağ erməniləri bir ay müddətində tam blokadada qaldıqdan sonra Ermənistan hökuməti iyulun 25-də axşam ora humanitar yardım göndərilməsinə dair qərar qəbul edib.

Xəbərə görə humanitar yük əsasən un, şəkər, makaron, bitki yağı və başqa ərzaq mallarından ibarətdir.

Azatutyun yazır ki, Qarabağa aparılan humanitar yüklər Yerevandakı xarici diplomatların iştirakı ilə açılıb və səfirlər ərzaq malları ilə tanış olublar.

Buna qədər baş verənlər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG