Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:10

Avropa Məhkəməsinin kəsdiyi cərimələri yerli hakimlər ödəyə bilərmi?


A.İsmayılov
A.İsmayılov

Avropa İnsan Haqları Məhkəməsi son iki ildə Azərbaycan hökumətinin üzərinə hüquq və azadlıqları pozulmuş vətəndaşlarına 1 milyon avrodan çox kompensasiya ödəmək öhdəliyi qoyub. 2017-ci ildə Azərbaycandan göndərilən şikayətlər üzrə kəsilən kompensasiyaların ümumi məbləği 817 min 451 avro olub. 2018-ci ildə isə çıxarılan qərarların sayı az olduğundan, məbləğ də əvvəlki ildən xeyli aşağı olub – 186 min 972 avro.

Kompensasiyalar dövlət büdcəsindən ödənilir. «Adisad» hüquq firmasının rəhbəri, vəkil Adil İsmayılov isə bunu ədalətli saymır. Təklif edir ki, Avropa Məhkəməsinin kəsdiyi cərimələr vaxtilə həmin işə yerli məhkəmələrdə baxıb qərar çıxarmış hakimlərin hesabına ödənilsin.

Məhkəmələrdən nə qədər razısız?
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

«Kiminsə qanunsuz qərarına görə mən niyə cərimə ödəməliyəm?»

«Büdcənin vətəndaşların vergisi hesabına formalaşdığını nəzərə alsaq, deməli, Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyaların ödənişinə yönələn pul faktiki bizim cibimizdən gedir. Hazırda büdcənin durumu da ürəkaçan deyil. Ona görə də qanuna dəyişiklik edilsin, hansı iş üzrə Avropa Məhkəməsi kompensasiya müəyyən edibsə, vaxtilə yerli məhkəmələrdə həmin işə baxmış hakimlər onu ödəsin. Yoxsa, kiminsə qanunsuz qərarına görə mən, sən və ya başqa bir vətəndaş niyə cərimə ödəməlidir?», – A.İsmayılov AzadlıqRadiosuna belə deyib.

Avropa İnsan Hüquqları Məhkəməsinin cərimələdiyi ölkələrin siyahısı
Avropa İnsan Hüquqları Məhkəməsinin cərimələdiyi ölkələrin siyahısı

Avropa Məhkəməsinin müəyyənləşdirdiyi kompensasiyaların məbləği bir çox hallarda Azərbaycanda hakimlərin, azı, bir illik maaşına bərabər olur. Belə olan halda hakimin həmin məbləği ödəmək imkanına gəlincə, A.İsmayılov yada salır ki, elə həmin hakimlər iş yeri olmayan adamlara sadəcə etiraz aksiyasında iştiraka görə bəzən 2000-2500 manat cərimə kəsir: «Eyni sualı mən də verə bilərəm ki, bəs onlar işləməyən adama bu məbləği necə kəsir? Üstəlik, bir iş Strasburqa gedib çıxana qədər ölkə daxilində üç məhkəmə instansiyasından, bir neçə hakimin əlindən keçir. Elə hakimlər də var ki, onun baxdığı bir neçə iş üzrə Avropa Məhkəməsi dövləti cərimələyib. Bu halda, həmin hakimi gələcəkdə yüksək məbləğli pensiya almaqdan məhrum eləmək olar. Həmçinin, bu cür hakimlərin vəzifədən uzaqlaşdırılması məsələsinə baxılmalıdır».

Vəkil Konstitusiyanın 96-cı maddəsinin vətəndaşlara verdiyi hüquqa əsaslanaraq, belə bir təklifin parlament müstəvisinə çıxarılmasının tərəfdarıdır. Qanunvericilik təşəbbüsü hüququndan (qanun layihələri və başqa məsələləri Milli Məclisin müzakirəsinə təqdim etmək hüququ) bəhs edən 96-cı maddədə göstərilir ki, bu hüquq prezident, deputatlar, Ali Məhkəmə və s. ilə yanaşı, 40 min seçici-vətəndaşa da mənsubdur.

F.Mustafa
F.Mustafa

«Hakimlər qərarlarına görə məsuliyyət daşımalıdırlar»

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa da Avropa Məhkəməsinin təyin etdiyi kompensasiyanı hakimlərin ödəməsinin tərəfdarıdır. Hüquqşünas deputat AzadlıqRadiosuna bildirib ki, hətta özü də bundan öncə Milli Məclisdə müzakirələrdə eyni təkliflə çıxış edib. F.Mustafanın fikrincə, kompensasiyanın hakimlərin üzərinə qoyulması onların məsuliyyətini artıra bilər: «Çox doğru təklifdir və biz özümüz də bu məsələni dəfələrlə qaldırmışıq. Hakimlər qəbul etdikləri qərarlara görə məsuliyyət daşımalıdırlar».

Deputat deyir ki, başqa ölkələrdə belə praktikanın olub-olmaması önəmli deyil: «Biz bunu nümunə üçün eləmirik ki. Bir çox ölkələrdə bizim məhkəmələrdəki qədər problemlər yaşanmır, kompensasiyalar daha az olur. Bizdə daha çoxdur və bu formada cavabı verilməlidir».

Azərbaycanda üçpilləli məhkəmə sisteminin olması və Avropa Məhkəməsinə gedib çıxan işlərin bütün instansiyalardan keçməsini nəzərə alan F.Mustafa hesab edir ki, hər hansı iş üzrə kəsilən ümumi məbləğ də onların arasında bölüşdürülməlidir.

X.Bağırov
X.Bağırov

«Bu, hakimləri daha da asılı vəziyyətə sala bilər»

Hüquqşünas Xalid Bağırov isə fərqli fikirdədir. Hesab edir ki, vətəndaşın hüququnun pozulmasına görə Avropa Məhkəməsinin dövlətin üzərinə qoyduğu cəriməni dövlətin də hakimlərə ödətdirməsi uğurlu variant deyil. X.Bağırov deyir ki, hazırda Azərbaycanda məhkəmələr və hakimlərin ən böyük problemi onların siyasi hakimiyyətdən asılı durumda olmasıdır. Onun fikrincə, cəriməni ödəmək öhdəliyi bu asılılığı daha da artıra bilər.

«Başqa bir məsələ də var ki, hakimin baxdığı işə, araşdırdığı hadisəyə özünün müstəqil yanaşması ola bilər, başqa hakimlər də onunla razılaşmaya bilərlər. Avropa Məhkəməsində bir iş üzrə 7 hakim qərar verir, bəzən onların 3 qərarla razılaşmır. O zaman bizim hakim də deyə bilər ki, görürsünüzmü, Avropa Məhkəməsinin 3 hakimi mənim baxdığım işdə müəyyən edilən pozuntuyla razılaşmadı, mənim də fikrim onlar kimi idi, mənim üzərimə niyə cərimə qoyulmalıdır?», – X.Bağırov belə deyir.

Hüquqşünasın sözlərinə görə, bəzən elə qərarlar olur ki, hakimin səhlənkar, qərəzli yanaşması açıq-aşkar görünür. X.Bağırovun fikrincə, belə qərarları vermiş hakimlərin üzərinə cəriməni ödəmək öhdəliyi qoymaq olardı: «Amma bu halda da hakimiyyətin əlinə selektiv səlahiyyət verəcəyik. Kim xoşuna gəlmirsə, onun üzərinə cəriməni qoyacaq, kim gəlirsə, yox. Yəni hakimlik bir qədər də siyasi hakimiyyətdən asılı olacaq. Halbuki, bizim istəyimiz ümumiyyətlə, hakimlərin asılı olmamasıdır».

AzadlıqRadiosu Avropa Məhkəməsinin hökuməti cərimələdiyi işlər üzrə qərar çıxarmış bir neçə hakimdən münasibət almağa çalışsa da, məsələni şərh edən olmayıb.

XS
SM
MD
LG