Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 05:35

'Azərbaycanda Stalin üslubu icra olunur'


Stalin
Stalin

III Respublika Platformasının həbsdə olan spikeri Akif Qurbanov ötən həftə Apellyasiya Məhkəməsində onlara qarşı ittihamlara cavab verib.

Son aylar Azərbaycanda aralarında ToplumTV, habelə AbzasMedia nəşrinin əməkdaşları da olmaqla qruplar halında 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Həmin şəxslər ilə bağlı bu müddət ərzində hakimiyyətə yaxınlığı ilə seçilən bir sıra media orqanlarında kəskin ittihamların yer aldığı yazı və reportajlar yayılıb. Onlar qrant qaçaqmalçılığında, bəzi xarici qüvvələrin maraqlarından çıxış edərək ölkədə "pozuculuq" yaratmaqda günahlandırılıblar.

Akif Qurbanov
Akif Qurbanov

"İlham Əliyev müxalifət lideri obrazına girmiş kimi…"

Akif Qurbanov çıxışında deyib ki, siyasi hakimiyyət silsilə, sistemli xarakter alan repressiyalar ilə onları təkcə fiziki cəzalandırmaqla kifayətlənmir, həmçinin cəmiyyətin gözündən salmaq üçün hər cür qarayaxma və böhtandan yararlanmağa çalışır.

O əlavə edib ki, bu sistemdə çalışanların korrupsiya əməlləri dəfələrlə sübut olunsa da, onlar heç nə olmamış kimi yenə də davam edirlər: "Hətta tez-tez İlham Əliyev, müxalifət lideri obrazına girmiş kimi, bu qanunsuzluqlardan, rüşvət və korrupsiyadan, məmur özbaşınalığından sanki özünə aid deyilmiş kimi danışır…".

Qurbanovun vurğulamasına görə, əksinə, onlara qarşı ittihamların əsası yoxdur: "Məsələn, qeyd olunur ki, mənim və (ToplumTV-nin təsisçisi) Ələsgər Məmmədlinin bank hesablarına on minlərlə pul gəlib, biz onu qanunsuz əldə və ya istifadə etmişik, guya onlar cari hesablar olub. Onu yazanlar da, yazdıranlar da gözünün içinə qədər yalan danışırlar, çünki həmin hesablar VÖEN əsasında açılıb. Sahibkarlıqla məşğul olanlar bunu yaxşı bilirlər. Uzun illər həmin hesablardan xidmət müqaviləsi əsasında vəsait əldə etmişik. Vergi daxil olmaqla bütün dövlət ödənişləri həyata keçirilib...".

Onun deməsinə görə, indi Azərbaycanda Stalin üslubu icra olunur: "Necə ki, Stalin direktiv göndərərək "minin belinə, etiraf edincə düşməyin" üslubunu tələb edir, NKVD də icra edirdi".

Qurbanov beynəlxalq qurumların apardığı siyasətə də toxunub: "Beynəlxalq qurumlara dair də aydın mövqeyimiz odur ki, sizin apardığınız "səssiz diplomatiya" bizi az maraqlandırır. Bizim üçün dəyərli olan "public diplomacy"dir...".

Şəhla Hümbətova
Şəhla Hümbətova

"...Heç bir mötəbər sübut işdə yoxdur"

Onun vəkili Şəhla Hümbətova da "Turan"a bildirib ki, Qurbanov həbs anından bunu siyasi motivli iş sayıb, cinayət işinin başlanması üçün heç bir əsasın olmadığını bəyan edib: "Akif Qurbanov hesab edir ki, onu ictimai-siyasi fəaliyyətinə, mövqeyinə görə təqib edirlər. Qurbanovun fikrincə, bu iş azad medialara və vətəndaş cəmiyyətinə qarşı keçən ilin noyabrında başlamış repressiyaların yeni dalğasının davamıdır".

Hüquqi aspektləri şərh edən vəkil vurğulayıb ki, müdafiə tərəfi, hələlik, iş materialları ilə tanış deyil: "Amma bizə təqdim olunanlardan artıq başa düşürük ki, bu şəxslərin cinayət törətməsini təsdiq edən heç bir mötəbər sübut işdə yoxdur".

Hümbətova əlavə edib ki, həbslərdən əvvəl bəzi medialarda Qurbanov və digər bu iş üzrə həbs olunan şəxslərə qarşı intensiv qarayaxma kampaniyası aparılıb, onlar xaricdən maliyyələşən şəxslər kimi təqdim olunublar: "Onlar cəmiyyətin gözündə düşmən kimi təqdim olunurdular və bundan dərhal sonra həbs olunublar".

Deputat: "Heç kəs siyasi mövqeyinə görə həbs oluna bilməz"

Qurbanovun çıxışına və müdafiə tərəfinin açıqlamalarına, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Elman Nəsirov
Elman Nəsirov

Amma hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov "Turan"a deyib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir: "ABŞ prezidenti Co Bayden Azərbaycan prezidenti cənab İlham Əliyevə Müstəqillik Günü ilə bağlı təbrik məktubunda Azərbaycanda demokratiyanın dərinləşdirilməsi ilə bağlı məsələlərə toxunub, bunun vacibliyini qeyd edib. Deməli, Azərbaycanda demokratiyanın olduğunu təsdiqləyir, sadəcə dərinləşdirilməsindən söhbət gedir. Burada isə qeyri-adi heç nə yoxdur, çünki özünü ən demokratik sayan ölkələr növbəti demokratiya inkişafı mərhələsinə möhtacdır".

Deputatın sözlərinə görə, bu isə o deməkdir ki, Azərbaycanda azad mətbuat, söz azadlığı var və heç kəs siyasi mövqeyinə görə təqib, həbs oluna bilməz: "Azərbaycanda əhalimizin 80 faizindən çoxu internet istifadəçisidir, onların sosial şəbəkələr hesabları var. Onlar orada istədiklərini yazır. Bu halda Akif Qurbanovun Azərbaycanda söz və mətbuat azadlığının olmaması, onun siyasi baxışlarına görə təqib olunması mövqeyinin heç bir əsası yoxdur".

"Pul verənlər mahnı da sifariş edib"

Nəsirov düşünür ki, qeyri-qanuni fəaliyyət yolunu seçənlər bunun cinayət olduğunu və həbs ediləcəklərini bilirlər: "Ona görə çıxışlarında siyasi ritorikanı gücləndirməyə başlayırlar. Sabah da konkret cinayət əməlinə görə həbs ediləndə başlayırlar siyasi baxışlarına görə həbs olunduğunu deməyə. Bunu biz dəfələrlə görmüşük".

O, mətbuatda ToplumTV haqqında xeyli yazıların getdiyini vurğulayıb: "ToplumTV-nin qanunsuz maliyyələşdirilməsi, onların qeyri-qanuni külli miqdarda maliyyə vəsaitləri alması, bu pulların xaricdən gəldiyi yazılmışdı. Əgər bu külli miqdarda pullar ToplumTV-yə xaricdən gəlibsə, necə deyərlər, pul verənlər mahnı da sifariş edib. Belə yolu seçənlər bilməlidir ki, onun axırı həbsxanadan keçir. Kimliyindən asılı olmadan Azərbaycan qanunlarına hörmət etmək lazımdır".

O, ki qaldı korrupsiya ilə bağlı iddilara, rəsmilər deyir ki, ölkədə korrupsiya ilə mübarizə var və onun da başında Prezident dayanır.

Rüfət Səfərov
Rüfət Səfərov

"Hakim siyasətə müxalif alternativ konsepsiya..."

Hüquq müdafiəçisi Rüfət Səfərov isə AzadlıqRadiosuna bildirib ki, bu həbslərə qədər yandaş medialarda yer alan yazılar böhtan xarakterli olub, Qurbanovun çıxışı ona cavab idi: "Akif Qurbanovun, III Respublika Platformasının həmtəsisçisi Ruslan İzzətlinin, ToplumTV-nin təsisçisi Ələsgər Məmmədlinin, digərlərin həbsi media sahəsində peşə fəaliyyəti və siyasi mübarizə ilə bağlıdır. ToplumTV informasiya məkanı yaratdığına və III Respublika Platforması hakim siyasətə müxalif olaraq alternativ konsepsiya təqdim etdiyinə görə cəmiyyətdən təcrid olunublar".

Onun fikrincə, baş verənlər siyasi repressiyadır: "Akif Qurbanov haqlı olaraq bunu ötən əsrin 30-cu illərinin stalinizm dövrü ilə müqayisə edir. Qanunsuz həbslər kifayət deyil, bir də qarayaxmalar, böhtanlar, yerli və beynəlxalq ictimaiyyət üçün gözdənsalma kampaniyası aparılır".

Xatırlatma

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

XS
SM
MD
LG