Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:57

Avropa missiyası ermənilərin gözləntilərini doğrultdumu?


Aİ missiyası sərhəddə
Aİ missiyası sərhəddə

Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşdiyi bir vaxtda AzadlıqRadiosunun müxbiri Coşua Kuçera Ermənistana səfər edərək Avropa İttifaqının oradakı mülki missiyasının (EUMA) fəaliyyəti, sadə adamların və ekspertlərin bu missiya ilə bağlı fikirləri ilə tanış olub.

Müxbir yazır ki, hətta silahsız mülki müşahidəçilərin göndərilməsi də ənənəvi olaraq Rusiyanın nüfuz dairəsi sayılan regiona Qərbin misilsiz müdaxiləsidir.

Məqalədə deyilir ki, Avropa missiyası habelə ermənilərin Azərbaycanın mümkün hərəkətlərinin qarşısının alına biləcəyinə dair gözləntilərini də artırıb. Bakı və Moskva bu missiyaya lap əvvəldən şübhə ilə yanaşdıqlarını bildiriblər.

Müxbir bunu da qeyd edir ki, ikiillik EUMA missiyası çox bəsitdir və demək olar ayaqüstü yaradılıb.

Missiyanın üzvləri silahsızdır. Baş qərargahları Yerevandakı Marriott otelindədir. Missiya Ermənistan ərazisi boyunca nəzərdə tutulmuş 6 müşahidə postundan indiyədək dördünü yaradıb. Sərhəd boyunca qurulmuş bu postlarda müşahidəçilər patrul keşiyi çəkirlər.

Ermənilərdə belə bir inam yaranıb ki...

AzadlıqRadiosunun müxbiri bölgəyə ezamiyyəti zamanı müşahidəçilərdən Tomas Tartarinlə və finlandiyalı Pekka Mattila ilə tanış olub.

Məqalədə deyilir ki, Avropa müşahidəçiləri Ermənistan və Azərbaycan silahlı qüvvələrinin üz-üzə dayandığı təmas xəttindən kifayət qədər aralıdadırlar.

Sərhəd xəttinin yaxınlığına getmək üçün müşahidəçiləri Ermənistan hərbçiləri müşayiət edirlər, lakin bu zaman həm də Azərbaycan tərəfinə məlumat verilir.

Kuçera yazır ki, ötən ilin sentyabrından bəri Azərbaycan qüvvələri Cermıx istiqamətində irəliləməyiblər, amma hazırda olduqları mövqeləri möhkəmləndirirlər.

Bütün bunlar keçmiş Ermənistan və Azərbaycan sovet sosialist respublikalarının sərhədi boyunca baş verir.

Müəllifin yazdığına görə bu, erməni əhalisində belə bir inam yaradıb ki, Avropa missiyasının sərhəddə olması Azərbaycanı daha fəal hərəkətlərdən çəkindirə bilər.

'İlham Əliyev Xankəndində də dəmir qaydalar qoymaq istəyir'
Gözlə

No media source currently available

0:00 0:08:17 0:00

Ermənilər Aİ missiyasının mandatını düzgün başa düşməyiblər

Amma EUMA-nın başçısı Markus Ritter deyir ki, onların missiyası erməni əhalinin təsəvvüründə olduğu kimi deyil:

“Başlanğıcda adamların bunu başa düşməsi çətin idi. Onlar gözləyirdilər ki, mən hər axşam xəbərlər proqramına çıxıb nə baş verdiyini və təqsirin hansı tərəfdə olduğunu bildirməliyəm. Amma bizim işimiz bu deyil. Bu bizim mandatımıza daxil deyil və biz bunu etmək iqtidarında deyilik”.

Bununla belə Ritter bildirir ki, missiya başlanandan bəri bölgədə zorakılıqlar azalıb:

“Biz gələndən sonra da insidentlər olub, amma insidentlərin təbiəti dəyişib: gəldiyimiz vaxtdan bəri mülki əhali arasında ölən və yaralanan olmayıb. Həqiqətən də kəskin insidentlərin sayı azalıb. Düşünürəm ki, bu, həm də bizim vəziyyətin sakitləşməsinə töhfəmizidr”.

2022-ci ilin sonlarında Bakı və Yerevan Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə ciddi danışıqlara başlasalar da, gərginlik azalmayıb. Bu da bəllidir ki, EUMA müşahidəçilərinin mandatı Qarabağı və Laçın dəhlizini əhatə etmir. Bu ərazilər ermənilərin indiyədək qarant kimi baxdığı Rusiya sülhməramlılarının məsuliyyəti zonasındadır.

“Əgər erməniləri və azərbaycanlıları özbaşına buraxsalar...”

Kuçera yazır ki, ermənilər Avropanı da Rusiya kimi qarant görmək istərdilər. Zaritap kəndinin sakini Maqak Hovanosuyan belə deyib:

“Beynəlxalq icma bu məsələni həll etməlidir. Əgər erməniləri və azərbaycanlıları özbaşına buraxsalar, biz daim vuruşmaqda davam edəcəyik”.

Hovanisyan deyir ki, ona Avropanın, Rusiyanın və ya ABŞ-ın qarant olması önəmli deyil – qarant güclü olmalıdır.

Məqalədə deyilir ki, Aİ-nin missiyası Ermənistanın İranla və Türkiyə ilə sərhədlərini mühafizə edən Rusiyanın hərbçiləri ilə müqayisədə kiçicik qüvvədir.

Amma Ritter deyir ki, buna baxmayaraq ermənilərin EUMA-dan gözləntiləri lap əvvəldən şişirdilmiş olub:

“Başlanğıcda, məncə əhali bizim mandatımızı düzgün başa düşmürdü. Biz bunu münaqişənin təsirləndirdiyi kəndlərə səfərlərimiz zamanı anladıq. Adamların çoxu düşünürdü ki, biz onları qorumalı və hətta müəyyən mənada Rusiya sülhməramlılarını əvəz etməliyik”.

Bakı Ermənsitandakı missiyadan niyə narahatdır?

Yerevandakı Regional Tədqiqatlar Mərkəzinin rəhbəri Riçard Giroqosyan da təsdiqləyir ki, adamlar Aİ müşahidəçilərinin və Aİ bayrağının görünməsini Rusiyanın vəd etdiyi təhlükəsizlik qarantiyasını gəlişi kimi başa düşürdülər.

Ekspert deyir ki, “bu gözlənti həm qeyri-realist, həm əsassız və həm də təhlükəlidir”.

Kuçera yazır ki, Azərbaycan tərəfinin fikrincə Ermənistan Aİ missiyasından diplomatik prosesin uzadılması üçün sui-istifadə edir. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanda Aİ missiyası başlanandan bəri Yerevanın danışıqlardakı mövqeyi daha da destruktiv olub.

Bakıda mənzillənmiş Topçubaşov mərkəzindən ekspert Şücaət Əhmədzadə deyir ki, Bakı 2022-ci ilin sentyabrından bəri təzyiq diplomatiyası yürüdür və məhz bu səbəbdən də Azərbaycanın fikrincə Aİ missiyası erməni tərəfinə bu danışıqlarda daha çox “sərbəstlik” verib və bu sərbəstlik təzyiq diplomatiyasının təsirini azaldır.

Riçard Giroqosyanın fikrincə Aİ monitorları “Ermənistan təhlükəsizliyinin girovuna” çevriliblər:

“Ən pis ssenaridə əgər hər hansı müşahidəçi lap təsadüfən xəsarət alsa, bu nəinki Aİ-ni bir təşkilat kimi reaksiya verməyə məcbur edəcək və hətta üzv ölkələri də daha güclü reaksiyaya sövq edəcək”.

Buna qədər...

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu deyir.

Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir.

Azərbaycan Qarabağa humanitar ardımın gətirilməsi üçün Ağdam və Füzuli-Şuşa yollarını da təklif edib.

Separatçılar Laçın dəhlizinə alternativ olan hər hansı yolla gətiriləcək humanitar yardımdan imtina edirlər.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG