Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:11

'Adətən, vəzifədən gedən şəxsin pulunu alırlar'


Ə.Qarayev
Ə.Qarayev

"Nazirlikdə baş verənlərdən sonra Əbülfəs Qarayev getməli idi. O, prezidentin sərəncamını gözləmədən istefa verməli idi. Onun rəhbərlik etdiyi sahədə ciddi qüsurlar ortaya çıxıb. Həm də müavin səviyyəsində, idarə rəhbəri səviyyəsində. Sənin böyür-başındakı adamlar səhvlər edirsə, gərək etiraf edəsən ki, burda qalmaq doğru deyil", – Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, yazıçı Sabir Rüstəmxanlı Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən azad olunmasından danışarkən deyir.

Deputatın qənaətincə, keçmiş nazirin səhvlərinin üstündən sükutla keçmək mümkünsüz idi: "Tarixi abidələrə, keçmişimizlə bağlı həyata keçirilən layihələrə ayrılan vəsaitə göz dikilirsə, oğurlanırsa, bu, adi cinayət deyil, millətin soykökünə balta çalmaqdır. Bunun üstündən keçmək olmazdı".

"Əliyev Fondunun puluna göz dikmək hörmətsizlikdir"

"Turan" xəbər agentliyinin redaktoru Şahin Hacıyev isə hesab edir ki, Ə.Qarayevin nazir vəzifəsindən uzaqlaşdırılması gözlənilən idi. "O boyda həngamədən sonra qala bilməzdi", - deyə əlavə edir. Siyasi şərhçi keçmiş nazirin cəzalandırıldığını iddia edir:

Ş.Hacıyev
Ş.Hacıyev


"Fikir verdinizsə, nazirliklə bağlı istintaq materiallarında Heydər Əliyev Fondunun vəsaitlərinin mənimsənilməsindən söhbət gedirdi. Yəni, korrupsiya bir qırağa, komandada hamı korrupsionerdir, o, ayrı məsələ, buna icazə verilir. Amma sən Fondun ayırdığı vəsaiti mənimsəməklə qırmızı xətti keçmiş olursan. Burda söhbət xanımdan gedir. (Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, ölkənin Birinci xanımı Mehriban Əliyevanı nəzərdə tutur – A.R.) Əliyev Fondunun puluna göz dikmək hörmətsizlikdir. Halbuki, sən gərək onu canla-başla yerinə yetirəsən, bir qəpiyə də toxunmayasan. Ancaq 26 ildir nazir olan adam özünü itirib, düşünür ki, başqa yerdən oğurlamaq olarsa, burdan da olar".

Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidməti əməliyyat keçirərək Mədəniyyət nazirinin müavini Rafiq Bayramovu və bu nazirliyin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovu saxlayıb. Onlar haqqında daha sonra məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hər iki şəxs mənimsəmə və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır.

Ş.Hacıyev keçmiş mədəniyyət nazirinə cinayət işi açılacağını istisna etmir. Amma cinayət məsuliyyətinə cəlb olunmasa belə, cəzasız qalmayacağını bildirir: "Adətən, vəzifədən gedən şəxsin pulunu alırlar, özlərinə toxunmurlar. Adətən, belə olur. Çox güman bu ənənəni saxlayacaqlar".

Mədəniyyət naziri Ə.Qarayev Saatlıda vətəndaşları qəbul edir. 2013
Mədəniyyət naziri Ə.Qarayev Saatlıda vətəndaşları qəbul edir. 2013

Necə nazir idi?

Əbülfəs Qarayev keçmiş prezident Heydər Əliyevin kabinetindən qalma nazirlərdən idi. O, 1994-cü ildən 2001-ci ilə qədər gənclər və idman naziri, 2001-2006-ci illərdə gənclər, idman və turizm naziri, 2006-2018-ci ilə qədər mədəniyyət və turizm naziri vəzifəsində çalışıb. Son iki ildə, sadəcə, mədəniyyət naziri idi. Onun mədəniyyət sahəsində rəhbərliyi həmişə tənqid olunub, bu sahədən uzaq adam olduğu deyilib.

Məsələn, deputat S.Rüstəmxanlı Mədəniyyət Nazirliyinin vəziyyətinin ildən-ilə pisləşdiyini, hamının narazılıq etdiyini vurğulayır: "Mədəniyyət obyektlərimiz ağır vəziyyətdədir. Respublikada hər kənddə az qala kitabxana vardı. Nazirlik qürur duyurdu ki, biz onların sayını yarıbayarı azaltmışıq. Heç bir kəndə kitab getmir, kitab üzünə həsrətdir. Nazirlik özü ildə 50-60 kitab buraxır, bilmirsən o da haradadır...".

Ş.Hacıyev Ə.Qarayevi nazir kimi çox sərt tənqid edir: "Bir qəpiklik nazir deyildi. Azərbaycan dilini əməlli bilmirdi. Nə bir qəpiklik iş görüb, nə bir ad qoyub".

İ.Cahangir
İ.Cahangir

"Mən onu nazir kimi qəbul etmirdim"

"Mən onun fəaliyyətini heç cür dəyərləndirmirəm. O, mədəniyyət naziri olmayıb ki, turizm naziri olub", – aktyor İlqar Cahangir belə deyir. "Mən şəxsən onu mədəniyyət naziri kimi qəbul etmirdim, vəssalam", – deyə aktyor söhbəti sonlandırır.

Mərhum aktyor Fuad Poladov da AzadlıqRadiosuna son müsahibəsində Ə.Qarayevin özünü və başçılıq etdiyi qurumun fəaliyyətini tənqid etmişdi: "Teatrımıza, kinomuza olan münasibətdən bu qənaətə gəlirəm ki, mədəniyyət sahəsində iri addımlar atılmır. İslahatlar aparırlar guya. Ancaq Əlinin papağını Vəlinin, Vəlinin papağını Əlinin başına qoymaqla islahat olmaz. Ona görə qənaətim budur ki, nazirliyin adından "mədəniyyət" sözü çıxarılsın, "turizm" qalsın. Məsələn, Əbülfəs Qarayevə sual verəndə ki, turizm sahəsindəki işlər haqda nə deyə bilərsiniz, o, həvəslə toxuyur ey. Ekrandan baxanda adamın xoşu gəlir. Deyir ki, biz çox böyük festivallar keçiririk, son nailiyyətimiz turizmlə bağlı şopinq festivallardır. Amma teatr barədə sual verəndə o insanın halına adam acıyır. O deyir ki, hələ axtarışdayıq. Nə axtarırlar, nə axtarmırlar, bilmirəm. Gərək nə axtardığını biləsən də".

Ə.Qarayevin nazir olduğu dönəmdə bir çox sənət adamları diskriminasiyaya məruz qaldığını, siyasi baxışlarına görə təzyiqlə üzləşdiyini bildirib. 2017-ci ilin oktyabrında Milli Şuranın "Talana yox" aksiyasında iştirak edən üç aktyora töhmət verilmişdi. Onda mədəniyyət və turizm naziri olan Ə.Qarayev demişdi: "Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil". O həmçinin demişdi ki, "əgər dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik".

Ə.Qarayev 64 yaşındadır. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasını, Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarını bitirib.

XS
SM
MD
LG