Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:04

Nizami Gəncəvi. Leyli və Məcnun (67)


əvvəli

HEKAYƏ


Bir gün adlı-sanlı şahlardan biri
Gəzib dolaşırdı uzaq bir yeri.
Bir zahid evinə yetmişdi o şah,
Zahid o dünyaya tutmuşdu pənah...
Şah heyrət etdi ki, nə üçün, nədən
Xərabə olmuşdur zahidə məskən?
Şah sual etdi ki: "Deyin mənə bir,
Bu kişi yol üstdə durub neyləyir?
Nə yeyir, nə içir, sənəti nədir?
Kimdir, haralıdır, şöhrəti nədir?
Dedilər: "Bir məşhur zahiddir, ancaq,
Ömr edir yuxudan, eməkdən uzaq
Qatlaşır zillətə, zəhmətə bir-bir
Bütün insanlardan uzaq çəkilir"
Şah, onun halından olcaq xəbərdar,
Zahidin yanına at çapırtdılar
Qapıçı getdi ki, xəbər yetirsin,
Şahın hüzuruna onu gətirsin.
Dedi: "Ey dünyadan əlini üzən
Niçin xoşlanırsan bu xərabədən?
Burda nə yoldaşın, nə yeməyin var
Niçin mağarada tutmusan qərar?"
Ceyran ovlağından dərilib gələn
Bir çəngə quru ot götürüb həmən,
Zahid cavab verdi: "Budur xörəyim,
Bundan qüvvət alır mənim ürəyim".
Qapıçı şah kimi süzdü gözünü:
"Bəlaya salmısan - dedi, - özünü.
Yazıq, bizim şaha xidmət eyləsən,
Bir də ot yeməzsən bu çöllərdə sən".
Zahid cavab verdi: "Sözün əbəsdir,
Bu ot bir gülqənddir, mənə bu bəsdir.
Bu otun sirrini bilsən, ey insan,
Şahın qulluğundan azad olarsan".
Onu dinlədikcə şah, birdən-birə
Qızışıb atından sıçradı yerə.
Döşəndi zahidin önünə xaqan,
Öpdü o müqəddəs ayaqlarından.
"Azadlıq əzizdir, - dedi, - daima,
Budur sözlərində gizlənən məna".
Məcnun bu nağıldan sevinib durdu,
Açıq bir ürəklə şadkam oturdu.
Azacıq dostlara könül verərək,
Hamının halını soruşdu tək-tək.
Aşiqi ağlamaq tutdu o zaman,
Sorub əhval tutdu öz anasından:
"Necədir qanadı qırılmış o quş?
O da mı ayrılıq dustağı olmuş?
Yanında qaradır üzüm əzəldən,
Qara bir quluyam öz anamın mən.
Söylə, o, sağdırmı, necədir bu dəm?
Üzünü görməyi arzu edirəm".
Səlim hiss etdi ki, o qəlbi qırıq,
Ana həsrətilə can verir artıq.
Onun gövhərini boyadı qana,
Evdən anasını gətirdi ona.
Ana öz oğluna boylandı bir az,
Elə bil qəlbini doğradı almaz.
Gördü ki, qızıl gül solub saralmış,
Aynanın üzünü sarı pas almış.
Bir vaxt əlif kimi duran qaməti
Nun kimi bükmüşdür eşqin möhnəti.
Onu görən kimi titrədi həmən,
Dondu əl-ayağı onun qəmindən.
Gah göz yaşlarıyla yudu üzünü,
Gah yolub saçını, döydü özünü.
Sonra sığalladı onun canını,
Öpüb qucaqladı can dərmanını.
Canına əl çəkib, yazıq ağladı,
Oğul yarasını ana bağladı.
Tozlanmış başını yuyub islatdı,
Yorğun ayağından tikan çıxartdı.
Məhəbbət üzündən zavallı ana
Əlindən gələni göstərdi ona.
Dedi ki: "Can bala, bu nədir, de bir?
Oyunsa, oyunun yeri deyildir.
Əcəl qılıncını çəkdiyi anda
Yenə də sərxoşsan sən biyabanda.
Atan şikayətli getdi əlindən,
Məni də ölmüş bil yaxınlarda sən...
Qalx, evinə qayıt, bir anla bunu,
Sahibsiz buraxma gəl öz yurdunu.
Hətta bu gördüyün quşlar, vəhşilər
Çıxır yuvasından axşama qədər.
Elə ki, axşamın üzü görünür,
Hər quş yuvasına üz tutub dönür.
Xalqdan nə vaxtadək gizlənəcəksən?
Çöllərdə yuxusuz ömr edəcəksən?
Uzat ayağını öz evində gəl,
Bir-iki gün sonra gələcək əcəl.
Yetər, çöldə qalıb, dünyanı atmaq,
Qarışqa, ilanla baş-başa yatmaq.
Fərz et ki, canını ilanlar çalmış,
Qarışqa başında yurd-yuva salmış.
Can çınğıl deyildir, bir ayağa dur,
Canına qəsd etmə, gəl sakit otur.
Qəm yeyib, qəlbini çox incitmə bir,
Ürəyin daş deyil, canın da dəmir".
Məcnun anasının nalələrindən
Yandı alov kimi qızışdı birdən.
"Başımın tacıdır ayağın sənin,
Incimi bəsləmiş sənin sədəfin.
Sənin toxumunun məğziyəm, ana,
Ayaq torpağın da cənnətdir mana.
Min möhnət çəkmişəm bu sövdada mən,
Bu dəfə keçmişdir işim çarədən.
Ağlıma nə yol var, nə də çarə var,
Bil ki, mən deyiləm burda günahkar.
İşim bəd gətirdi, yesəm də min qəm,
İnan ki, baisi özüm deyiləm.
Bu bəlalı sövda, bəlalı hicran
Özümdən asılı deyildir, inan.
Ana, olacağın çarəsi varmı?
Peşiman olmaqdan fayda olarmı?
Ah, ana, can atıb deyirəm ki, mən.
Mənim bu can quşum çıxsın qəfəsdən.
Gəl bir də danışma bu məsələni,
Ikinci qəfəsə salarsan məni.
Evə getməyimdən gəl danışma, ah,
Evdə ölməyim də olar bir günah.
De, kimə lazımdır evdə ölməyim?
Xoşdur bu səhrada ömür sürməyim.
Vəhşilər yanında nəğmələr demək,
Evdə qəm yeməkdən xoş olsun gərək.
Fərz et ki, mən kimi zəif bir bədən
Evə qayıtmış da, getmiş yenidən...
Deyirsən xanəni tərk etmək olmaz,
Yox, mənim bu nərdim xanəyə sığmaz.
Evə özün qayıt, sözlərimə bax,
Məni öz dərdimlə gəl rahat burax".
Deyib, kölgə kimi sərildi nalan,
Öpdü anasının ayaqlarından.
Yerə saldığından ana sözünü,
Onun ayağına sürtdü üzünü.
Məcnun vidalaşıb qaldı çöllərdə,
Anası qayıtdı, dözmədi dərdə.
Ömrünü tapşırdı o, ruzigara,
O da üz döndərdi soyuq məzara.
Köçür bu dünyadan nə qədər canlar,
Budurmu dünyadan bizə etibar?
Yoxdur bu dünyanın vəfası inan,
Heç kəsə dost deyil başdan binadan.
Vəfasız ruzigar bilməm nədəndir,
Əkinçilər kimi toxum səpəndir?
Əvvəl səpər yerə can toxumunu,
Əkin yetişdimi, tez biçər onu.
Hər gecə yandırar yeni bir çırağ,
Çəkər sinəsinə tüstüdən bir dağ.
Sonra da yel üflər ona hər səhər,
Özü yaqdığını özü söndürər.
Qəlbə dağlar çəkən tilsimli fələk
Bizlə çıraq kimi oynayır, gerçək.
Fələk düyünləsə hər bir ayağı,
Hayana getsə də açılmaz bağı.
Dörd atdan piyada qalsan sən, əgər,
Bu düyün o zaman açıla bilər109.
Ol canın sapı tək düyünsüz, amma,
Qızdırma sapı tək düyünlü olma.
"Ud" düyün vurmaqda məşhur olsa da,
Sən düyün açmaqda müşk ol dünyada.

davamı
XS
SM
MD
LG