Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:59

Nizami Gəncəvi. Leyli və Məcnun (50)


əvvəli

QARININ MƏCNUNU LEYLİNİN QAPISINA
APARMASI


O göylər pərisi günəş yananda,
Səhər pərdəsindən baş qaldıranda
Hər baxış bəzənib durdu bağ kimi,
Hər göz də parladı, bir çıraq kimi.
Məcnun da qaçırdı qarğa kimi tək,
Bir şam axtarırdı pərvanələr tək.
Basıb köç yolunda tikanlıqları,
Qaçırdı cananın yurduna sarı...
Canan qoqusunu havadan duydu,
Bir anlıq əlini köksünə qoydu.
Elə bil, canlandı ölmüş bir bədən,
Dayanmış bir ürək çarpdı yenidən.
Uzaqdan bir qarı göründü bu dəm,
Yanınca gəlirdi bir talei kəm.
Zəncir vurulmuşdu o divanəyə,
O da şadlanırdı, xoşbəxtəm deyə...
Qarı çox sürətlə addım atırdı,
Boynu zəncirlini çəkib dartırdı.
Məcnun o əsiri gördüyü zaman
Qarıya and verib dedi: "Bir dayan,
Kimdir yanındakı bu zəncirli kəs?
Neçin zəncirlidir bu divanə şəxs?"
Qadın cavab verdi: "Düzünü desəm,
Divanə deyildir, bu talei kəm,
Mən dulam, bu da bir kasıb insandır,
Bunun da, mənim də günümüz qandır.
Ah, bizi salmışdır yoxsulluq əldən,
Bunu zəncirlərə bağladım ki, mən
Əsir sifətində gəzdirim barı,
Gəzib dolandırım bu obaları,
Gəzək şəhər-şəhər, həm ölkə-ölkə,
Bir ovuc yem tapam evimə, bəlkə.
Bundan əlimizə düşənləri biz
İkicə hissəyə bölək tər-təmiz.
Bir toz da qalmasın haman ruzidən,
Nə tapsaq, bölüşək biz onları tən".
Məcnun, qol-qanadı sınmışlar kimi,
Yıxıldı qarının ayağına ki:
"Aç onun boynundan o zənciri sən,
Gəl mənim boynuma bağla əlinlən.
O divanə deyil, divanə mənəm,
Çünki mən layiqəm zəncirə bu dəm.
Hayana istəsən, al apar məni,
Üzü qaralıqla gəzdir ölkəni.
Bu işdən əlinə nə düşsə hər gün,
Yalnız sənin olsun onlar büsbütün".
Qadın bu şikarı görüncə həmən,
Nə qədər şad oldu bu təsadüfdən.
Atıb yoldaşını, çox razı qaldı,
Zənciri Məcnunun boynuna saldı.
Qadın zəncirlədi yazıq Məcnunu,
Boynuna ip salıb apardı onu.
Gəzdirdi aşiqi o diyar-diyar,
Bir yerdə dayanıb tutmadı qərar.
El yazıq aşiqi görüncə darda,
Gülənlər də oldu, ağlayanlar da.
Qafillər Məcnuna baxıb gülürdü,
Aqillər gözündən yaş tökülürdü.
Ayağında buxov, boynunda zəncir
Məcnun tənələrə dözürdü bir-bir.
Bir çadır yanına yetişdi birdən,
Od, alov parladı nəğmələrindən.
O "Leyli" dedikcə, daşlar yeyirdi,
Daş altda rəqs edib canan deyirdi.
Qadın yedəyində çəkdi Məcnunu,
Leyli qapısına gətirdi onu.
Çəmənin nəsimi ona dəyəndə
Dayandı sərv tək yaşıl çəməndə.
Aşiq o çəməndə ağladı zar-zar,
Sanki ilk baharda yağdı buludlar.
O, yerə baş döyüb deyirdi: "Canan,
Özündən ayrıyam, dərdinlə həmcan.
Zəncirdən, quyudan qaçdığım üçün
Yanında təqsirkar olmuşam bu gün.
Indisə zəncirdə sızlayır bədən,
Verdiyin cəzaya şadam ürəkdən.
Yanında çox oldu mənim günahım,
Üzürsüz gəlmişəm, ey qibləgahım.
Bil ki, hakimimsən, məhkumam sənə,
Öz bildiyin kimi cəza ver mənə.
Qılınc vurmağıma baxma, ey sənəm,
Sənin hüzurunda yenə əsirəm.
Atımı sürdümsə siz tərəfə mən,
Min yara almışam mən öz zərbəmdən.
Ayağım etdisə dünən bir günah.
Bu gün baş qoymuşam ayağına, ah!
Sizə ox atdısa bu sınmış əlim,
İndi zəncirlidir o da, gözəlim.
O zaman bir günah etdimsə əgər,
Bəsdir bu çəkdiyim ağır cəzalər.
Qıyma ki, bu cürə zəlil olum mən,
Bir dəfə canımı çıxar bədəndən.
Səndən özgəsinə meyl etsə ürək,
Gəl, məni xaç kimi çarmıxlara çək.
Ey vəfasızlığı vəfadan parlaq,
Xətadır yanında xətasız olmaq.
Qarşında xətasız dayanıb bu dəm,
Özümü xətaya düçar edirəm.
Bəlkə vəfa görəm bu yolla səndən,
Ya da atdığın ox keçə sinəmdən.
Nə qədər ki sağam salamımı sən
Alıb bir başıma əl çəkməyirsən.
Razıyam, gəl öldür məni, ey mələk,
Öldür ki, başıma əlin dəyəcək.
Bir qılınc endir ki, başıma, canan
Mən olum qapında kəsilən qurban.
Mən İsmayıl kimi saxlaram ədəb,
İncisəm, qoy olum İsmayılməzhəb92.
Şam kimi alışıb yanır bədənim,
Qorxmaram başımı qoparsan mənim.
Bir şamın başını qoparanda biz,
O, baş ağrısından xoş olar şəksiz.
Ayağın altında can verib ölsəm,
Sənsiz yaşamaqdan bu xoşdur, nə qəm.
Madam ki bağlıdır yanına yolum,
İşim ah olacaq, qurbanın olum!
Başım ayrılmayır qəmdən, qüssədən,
Səninsə başını ağrıtmayım mən.
Istəsən başından dərd uzaq olsun,
Dərd mənəm, qoy ölüm, başın sağ olsun".
Deyərək, ox kimi qalxdı yerindən,
Tutub parçaladı zənciri birdən.
Qəmlərdən şadlanan o bəxti qara
Dağ vəhşisi kimi qaçdı dağlara.
Nəcdə çatan kimi inləyib durdu,
Özünə ox kimi sillələr vurdu.
Ondan soraq alıb getdi qohumlar
Görünməmiş bir hal gördülər onlar.
Atası, anası ağlayıb qəlbən,
Artıq əl üzdülər o divanədən.
Heç kəsə yovuşmaz görüb Məcnunu,
Yalnız özbaşına qoydular onu.
Gördülər yamandır onun bu halı,
Leylini axtarır darğın xəyalı.
Yanında başqa bir söz danışsalar,
Özünü döyərək tutmazdı qərar...

davamı
XS
SM
MD
LG