Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:21

Azərbaycanda aylıq adambaşına düşən xərclər 55 manat artıb


 Azərbaycanda əhalinin xərclədiyi hər 100 manatın 56 manatı ərzaq, tütün və içkiyə gedir.
Azərbaycanda əhalinin xərclədiyi hər 100 manatın 56 manatı ərzaq, tütün və içkiyə gedir.

Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, bu ilin ilk 9 ayında topdansatış şəbəkəsində ayda əhalinin hər nəfərinə düşən ortalama alış-veriş məbləği 448 manat olub. Ötən ilin eyni dövründə bu rəqəm 393 manat idi. Deməli, son bir ildə adambaşına düşən pərakəndə ticarət xərcləri 55 manat və ya 14 faiz yüksəlib. Rəsmi rəqəmlərə görə, Azərbaycanda aylıq adambaşına ərzaq xərcləri son bir ildə 221 manatdan 251 manata qalxıb. Başqa deyimlə, 30 manat və ya 14 faiz çoxalıb. Əhalinin qeyri-ərzaq xərcləri isə eyni müddət ərzində 171 manatdan 196 manata yüksəlib. Bu da aylıq 25 manat və ya 15 faiz artım deməkdir.

Adambaşına xərc 100 manatdan çox, amma gəlir 27 manat artıb

2021-ci ilin eyni dövrü ilə müqayisədə adambaşına xərclər daha çox artıb. İki il öncə ilə müqayisədə indi Azərbaycanda əhalinin adambaşına orta aylıq xərci 111 manat və ya 33 faiz daha yüksəkdir. Bu da son illərdə Azərbaycanda qeydə alınan yüksək inflyasiyanın xərcləri nə qədər çox artırmasının göstəricisidir. Daha bir diqqətçəkən məqam eyni müddət ərzində əhalinin gəlirlərindəki artımın daha aşağı olmasıdır. DSK-nın keçirdiyi sorğuya görə, ilk yarımildə ölkə əhalisinin əsas hissəsinin yaşadığı Bakıda adambaşına orta aylıq gəlir 349 manat olub. 2021-ci ilin eyni dövründə bu göstərici 322 manat idi. Deməli, son iki ildə adambaşına düşən aylıq xərclər 100 manatdan çox artdığı halda, adambaşına düşən gəlirdəki artım cəmi 27 manatdır.

Əhali ən çox nəyə pul xərcləyir?

Rəsmi rəqəmlərdən aydın olur ki, hər zaman olduğu kimi, əhalinin xərc strukturunda əsas yeri ərzaq tutur. Bu ilin ilk 9 ayı ərzində əhalinin pərakəndə ticarətlə bağlı xərclərinin 51.8 faizi ərzaq alışı ilə bağlı olub. Xərclərin daha 4.3 faizi içki və tütün məhsullarına sərf edilib. Toplam götürülsə, Azərbaycanda əhalinin xərclədiyi hər 100 manatın 56 manatı ərzaq, tütün və içkiyə gedir. Unutmaq olmaz ki, xərclərin strukturunda qida və ərzaq məhsullarının yüksək paya sahib olması iqtisadi rifahın aşağı olmasının göstəricisidir. Xərc strukturunda qida xərclərinin yüksəkliyi o deməkdir ki, əhalinin gəlirləri, ən yaxşı halda, onların ərzaq xərclərini qarşılanmasına yetir. Müqayisə üçün: Əksər inkişaf etmiş ölkələrdə əhalinin xərclərinin strukturunda qida və ərzaq məhsullarının payı Azərbaycanla müqayisədə üç-dörd dəfə aşağıdır.

Son illər inflyasiyanın yüksəlməsi əhalinin tükətdiyi məhsulların strukturuna da təsir göstərib. Məsələn, DSK-nin ərzaq balansına dair açıqladığı göstəricilərə görə, son üç ildə Azərbaycanda adambaşına mal əti istehlakı azalır. Əgər 2020-ci ildə ölkədə adambaşına 16.3 kiloqram mal əti tükədilmişdisə, 2021-ci ildə bu rəqəm 15.9 kiloqrama, ötən ilsə 15.8 kiloqrama enib. Deməli, iki il öncə ilə müqayisədə hər sakin ötən il yarım kiloqram daha az mal əti tükədib. Əvəzində həmin dövrdə ölkədə quş əti istehlakı ardıcıl artıb. Əgər 2020-ci ildə Azərbaycanda 14.6 kiloqram quş əti yeyilirdisə, 2021-ci ildə bu rəqəm 15.4 kiloqrama, 2022-ci ildə 16.2 kiloqrama yüksəlib. Ötən ildən bəri ölkədə adambaşına quş əti istehlakı, mal əti istehlakını ötüb. Başqa sözlə, əhali daha bahalı mal əti yerinə, nisbətən daha ucuz quş ətinə üz tutub.

Onu da unutmaq olmaz ki, inflyasiya azgəlirli ailələrin sosial rifahına daha çox təsir göstərir. Rəsmi rəqəmlərə görə, Azərbaycanda gəlir səviyyəsinə görə sonuncu 10 faizlik əhali qrupuna daxil olan ailələrdə xərclərin 52 faizi qida xərcləridir. Halbuki gəlir səviyyəsinə görə birinci 10 faizlik əhali qrupuna daxil olan ailələrdə bu göstərici 29 faizdir. Deməli, azgəlirli ailələrin xərclərinin yarıdan çoxu qida xərcləri olsa da, çoxgəlirli ailələrin xərclərinin üçdə birindən az bölümü qida xərcləridir.

Ən çox hansı məhsullar bahalaşıb?

Sonuncu rəsmi açıqlamaya görə, Azərbaycanda illik inflyasiya 10.9 faiz, qida inflyasiyası 12.8 faizdir. Ayrı-ayrı məhsul qrupları üzrə inflyasiyanı gözdən keçirərkən bəlli olur ki, bəzi məhsul qruplarında qiymət artımları daha kəskin xarakterlidir. Məsələn, qida məhsulları arasında ən yüksək bahalaşma tərəvəz məhsulları arasında qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 9 ayında Azərbaycanda tərəvəz məhsulları 23 faiz bahalaşıb. Tərəvəzdən sonra bu il ölkədə ən çox bahalaşan ərzaq ət və ət məhsullarıdır. Son bir ildə bu məhsulların orta bazar qiyməti 15 faiz yüksəlib. Çay və qəhvə çeşidlərində bahalaşma da ilboyu 15 faizi aşıb. Çörək məhsullarının qiyməti də 11 faizdən çox artıb. Bu baxımdan görünür ki, əhalinin qida rasionunda daha çox yer tutan məhsulların bahalaşma səviyyəsi daha yüksəkdir. Kafe və restoranlarda təklif edilən xidmətlərdə qiymət artımı 15 faiz olub.

Bu il ölkədə ərzaqla yanaşı, xidmət xidmətləri də çox artıb. Məsələn, bu il ərzində hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri 21 faiz bahalaşıb. Bu da onsuz da hər zaman baha olan təyyarə qiymətlərinin əlçatanlığını bir qədər də azaldıb. Üstəlik, Azərbaycanın quru sərhədləri üç il yarımdır ki, bağlı saxlanılır.

Tərəvəz və təyyarə biletlərindən sonra bu il ölkədə ən yüksək qiymət artımı qeydə alınan istiqamət dərmanlardır. DSK-nın bilgilərinə görə, bu il ərzində ölkədə dərmanların orta qiyməti 18 faiz bahalaşıb. Azərbaycanda icarə qiymətlərinin də 15 faizdən çox artması diqqət çəkir.

XS
SM
MD
LG