Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:57

'Həmas' İsraili niyə vurdu


Fələstinlilər əsir götürülmüş israilli mülki vətəndaşı Qəzza zolağına daşıyırlar.
Fələstinlilər əsir götürülmüş israilli mülki vətəndaşı Qəzza zolağına daşıyırlar.

İslamçı "Həmas" qruplaşması İsrailə hücum edərkən həm də Fələstinin dövlətçilik planlarına təhdid yarada biləcək yeni regional təhlükəsizlik düzəni cəhdlərini hədəfə alıb. "Reuters" bu haqda təhlilində yazır.

Şənbə günü İsrailə hücum son on illərin ən böyük müdaxiləsi sayılır və ABŞ-ın Səudiyyə Ərəbistanı-İsrail münasibətlərinin normallaşdırılması cəhdləri fonunda baş verir. Vaşinqtonla Ər-Riyadın müdafiə sazişi qarşılığında atılan bu addımlar krallığın Tehranla son yaxınlaşmasını da durdura bilər.

Artıq İsraildə azı 700 nəfər öldürülüb, 2 min 200 nəfər yaralanıb. Fələstində 413 nəfərin öldürüldüyü, 2 min 300 nəfərin yaralandığı bildirilir. "Həmas" 100 israillini girov götürdüyünü bildirir.

Fələstinlilər çıxdaş olunmamalıdır

Fələstin rəsmiləri və regiondakı mənbənin sözlərinə görə, bu hücumun bir mesajı da odur ki, İsrail sülh istəyirsə, fələstinliləri çıxdaş etməməlidir, Səudiyyə ilə hər hansı sövdələşmə isə İranla yaxınlaşmanı poza bilər.

"Sizin (ərəb dövlətləri) İsraillə imzaladığınız bütün razılaşmalar bu münaqişəyə son qoymayacaq", – Qəzza zolağını idarə edən "Həmas"ın lideri İsmayıl Haniyə "Əl-Cəzirə" televiziyasına deyib.

İranın və onun dəstəklədiyi "Hizbulla" Livan qruplaşmasının düşüncəsinə bələd mənbə isə qeyd edib ki, bu, İsrailə doğru istiqamət götürən Səudiyyə Ərəbistanına, eləcə də bu normallaşmanı və İsraili dəstəkləyən amerikalılara mesajdır: "Fələstinlilər bu tənlikdən kənar saxlandıqca bütün regionda təhlükəsizlik bərqərar olmayacaq".

"Baş verənlər gözləntilərə ziddir. Bu gün münaqişədə dönüş nöqtəsidir", – mənbə vurğulayıb.

Aylardır İordan çayının Qərb sahilində zorakılıq artırdı, İsrail reydləri, fələstinlilər küçə hücumlarını gücləndirmişdi. Baş nazir Benyamin Netanyahunun sərt-xətt tərəfdarı olan hökuməti dövründə fələstinlilər üçün şərtlər pisləşib. Sülh cəhdləri illərdir dayanıb.

"Masada yer yoxdur?.."

Bu arada, Səudiyyə Ərəbistanı və İsrail hər ikisi normallaşma sazişinə yaxınlaşdıqlarını bildiriblər. Vaşinqtondakı Con Hopkins Qabaqcıl Beynəlxalq Araşdırmalar Məktəbinin Yaxın Şərq üzrə analitiki Laura Blumenfeld deyir ki, "Həmas" daha geniş İsrail-ərəb münasibətlərinə yönəlik səylər fonunda əhəmiyyətsiz göründüyünü hiss etdiyi üçün hücuma keçə bilərdi: "Həmas israillilər və səudiyyəlilərin razılaşmaya doğru irəlilədiyini görüncə qərar verdi: Masada yer yoxdur? Onda yeməyə zəhər qat".

"Həmas"ın Livandakı lideri Usamə Həmdan "Reuters"ə deyib ki, şənbə günü əməliyyatı ərəb dövlətlərini bir şeyi anlamağa məcbur edəcək: İsrailin təhlükəsizlik tələblərini qəbul etmək sülh gətirməyəcək. "Regionda sabitlik və sülh istəyənlər üçün başlanğıc nöqtəsi İsrailin işğalına son qoymaq olmalıdır", – o vurğulayıb.

1973-cü il müharibəsindən üzü bəri

Şənbə hücumu 1973-cü ildə İsrailin Misir və Suriya qüvvələrinin hücumuna məruz qalmasından düz 50 il sonra baş verib. Misir müharibədən sonra İsraillə sülh bağlayıb, bir sıra ərəb ölkələri də Təl-Əvivlə münasibətləri normallaşdırıb.

""Həmas"ın hərəkətləri sədudiyyəlilərə aydın şəkildə xatırladır ki, Fələstin məsələsi normallaşma danışıqlarında daha bir alt-mövzu olmamalıdır", – hazırda Atlantik Şurası təhlil mərkəzində çalışan, Yaxın Şərq üzrə keçmiş ABŞ diplomatı Riçard LeBaron bildirib.

ABŞ prezidenti Co Bayden administrasiyasının aparıcı rəsmisi reportyorlara deyib ki, İsrail-"Həmas" münaqişəsinin Səudiyyə-İsrail normallaşması səylərinə təsiri haqda "spekulyasiya etmək üçün tezdir".

Netanyahu daha öncə demişdi ki, fələstinlilərin İsrailin ərəb dövlətləri ilə hər hansı yeni sülh sazişinə veto qoymasına imkan verilməməlidir.

İranın reaksiyası

Səudiyyə Ərəbistanı son hücumlara reaksiya verərkən deyib ki, hər iki tərəf zorakılığı dərhal dayandırmalıdır.

İran "Həmas"a dəstək verdiyini gizlətmir, onu və digər Fələstin silahlı qruplarını maliyyələşdirir və silahlandırır. Tehran şənbə hücumunu "fələstinlilərin özünümüdafiə aktı" adlandırıb.

İranın Ali dini liderinin müşaviri Yəhya Rəhim Səfəvi deyib ki, Tehran "Fələstin və Qüds azad olunanadək" fələstinli döyüşçülərin yanında olacaq.

Təhlilçilər ötən həftə İranın Səudiyyə-İsrail razılaşmasının Ər-Riyadın Tehranla gərginliyi azaltmaq səylərinə zərbə vuracağına dair siqnal göndərdiyini deyirlər. Belə ki, İranın Yəməndə dəstəklədiyi husi qruplaşması Səudiyyə ilə sərhəddə dörd bəhreynli əsgəri qətlə yetirib. Bu hücum Yəməndə səkkiz ildir gedən münaqişədə sülh danışıqlarına təhdid yaradıb.

"Əsas məqsəd ABŞ-Səudiyyə-İsrail dönüşünü pozmaqdır", – Yaxın Şərq danışıqlarını aparmış Dennis Ross söyləyir.

XS
SM
MD
LG