Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:43

Separatçılar 'Lavrovun Qarabağ təklifləri' olduğu iddia edilən sənədi yayıblar


Sergey Lavrov
Sergey Lavrov

Rəsmi Yerevan Rusiya xarici işlər naziri Sergey Lavrova aid edilən sənədin orijinallığını nə təsdiq, nə də təkzib edir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu sənədi Qarabağdakı separatçı rejimin “rəsmisi” kimi təqdim olunan Tiqran Petrosyan ictimailəşdirib.

Qarabağa aid təkliflərdən ibarət olan sənəddə 25 iyul tarixi göstərilib.

Məhz həmin gün Moskvada Lavrov Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşmüş və daha sonra üçtərəfli görüş keçirilmişdi.

Azatutyun yazır ki, Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən demişdi ki, mövcud üçtərəfli bəyanatlara əlavə olaraq Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müzakirəsi üçün bir sıra sənədlər hazırlanır.

Lavrov sənədlərin məzmunu barədə heç nə deməmişdi.

“Azərbaycan SSR-in tərkibindəki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti”

Tiqran Petrosyan tərəfindən dərc olunmuş və Lavrova aid edilən sənəd “Azərbaycan SSR-in tərkibindəki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki erməni əhalinin təhlükəsizlik və hüququnun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edilməsinin baza prinsipləri və parametrləri” adlanır. Sənəd 14 bənddən ibarətdir.

Sənəddə deyilir ki, erməni əhalisi bərabər hüquqi müdafiəyə malik olmalı və etnik, dil və ya dini zəmində diskriminasiyaya məruz qalmamalıdır, habelə kompakt yaşadığı ərazidən zorla və razılığı olmadan köçürülməməlidir.

Bu da bildirilir ki, hərbi cinayətlər törətdiyi məhkəmə qaydasında təsdiqlənmiş şəxslər istisna olunmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə təmsil olunan ermənilər təqibə məruz qalmamalıdır.

Erməni dili paralel olaraq...

Təkliflərdə qeyd olunur ki, erməni əhali Azərbaycanın respublika, rayon və bələdiyyə orqanlarında, o cümlədən prokurorluq və polis sistemində proporsional şəkildə təmsil olunmalı, habelə erməni əhaliyə aid məsələlərin müzakirəsində və qərarların qəbulunda iştirak etməlidir.

Sənədə əsasən erməni dili kompakt erməni əhalisi olan yaşayış məntəqələrində Azərbaycan dili ilə paralel olaraq dövlət idarələrində, o cümlədən rəsmi yazışmada və kargüzarlıqda istifadə olunmalıdır.

Təkliflərdə deyilir ki, erməni əhalinin şəxsi mülkiyyətinin toxunulmazlığı, dini ibadət azadlığı və ibtidai siniflərdən ali məktəblərədək erməni dilində təhsil alması təmin edilməlidir.

Sənəddə bu da qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında imzalanacaq ayrıca razılaşmaya görə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin Ermənistan Respublikası ilə sıx mədəniyyət, təhsil, elmi, media, idman və başqa əlaqələri təmin ediləcək.

Sənəddə vurğulanır ki, Qarabağın erməni əhalisinin kənardan humanitar və iqtisadi yardım almaq imtiyazı olmalıdır.

Azatutyun yazır ki, gün ərzində bu sənəd barədə Ermənistan XİN-dən, habelə separatçıların rəhbərliyindən sorğularına cavab ala bilməyib.

Politoloqlar nə deyirlər

Sənədi yaymış Tiqran Petrosyanla da əlaqənin olmadığı bildirilir.

“Qarabağ prezidenti yanında antiböhran komitəsinin sədri” kimi təqdim olunan Petrosyan bundan əvvəl Facebook səhifəsində yazmışdı:

“Mən bunu çap etməyə məcbur idim ki, ictimaiyyət əslində nələrin baş verməsindən xəbərdar olsun...Bugün Putinin imkanı var ki, BMT Təhlükəsizlik Şurasında öz münasibətini və planlarını dəyişsin...Gözləyək...”

Ermənistan politoloqlarından Aleksandr İskandaryan Azatutyuna deyib ki, bu sızdırılmış sənəd hətta Lavrova aid olsa da, burada başlıca məqama toxunulmayıb: bu yazılanlara, onların həyata keçirilməsinə kim qarantiya verəcək, kim nəzarət edəcək və onun həyata keçirilməsinin mexanizmi necə olacaq:

“Aydındır ki, çox sənədlər dövr edir, amma diplomatlar arasında mövcud prinsipə görə hər şey razılaşdırılmadan sənəd açıqlanmır.”

Siyasi şərhçi Akop Badalyansa deyib ki, bu sənədin təklif və ya qaralama olması bilinmir:

“Sənədin məzmunu şəksiz ki, nə Yerevan, nə də Stepanakert (Xankəndi-red) üçün məqbuldur. Burada söhbət faktiki olaraq Artsaxın (Qarabağ-red) ləğvindən gedir”.

Akop Badalyan diqqəti belə bir məqama çəkir ki, sənəd BMT Təhlükəsizlik Şurasının iclasına bir neçə saat qalanda və Lavrovla Bayramov arasında telefon söhbətindən sonra sızdırılıb.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə (2020-ci il 10 noyabr) Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG