Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:08

İşğaldan qurtarılan yerlər heyvandarlığa necə təsir göstərib?


Azad olunmuş ərazilərin bərpasında korrupsiya ittihamı: Bir qoyun 310 dollar alınacaq?
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Azad olunmuş ərazilərin bərpasında korrupsiya ittihamı: Bir qoyun 310 dollar alınacaq? (Arxiv. 2021)

Azərbaycanda heyvan sayı ildən-ilə azalmaqdadır, sanki ənənəyə çevrilib. Yeddi il öncə ölkədə 2 milyon 703 min baş iribuynuzlu mal-qara vardı, indi 2 milyon 545 min. Deməli, 2016-cı ildən bəri ölkədə iribuynuzlu mal-qara sayca 160 min başa yaxın azalıb. Qoyun və keçi sayında azalma daha çoxdur. Əgər 2016-cı ilin sonunda ölkədə 8 milyon 677 min baş qoyun-quzu vardısa, hazırda bu rəqəm 7 milyon 322-yə enib. Azı, 1 milyon 300 min başdan çox azalma var.

Ekspertlər Azərbaycanda heyvan sayının azalmasının əsas səbəblərindən biri kimi ölkədə otlaq qıtlığını göstərirlər. Yaylaqlarla zəngin Qarabağ bölgəsinin 30 ilə yaxın Ermənistan işğalında qalması ölkənin kənd təsərrüfatında da ciddi problemlər doğurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qoyunçuluğun durumunu araşdırarkən həddindən artıq istifadədən otlaqların aşınmasını heyvan sayının azalmasının başlıca səbəblərindən biri sayıb. Digər əsas səbəb kimi Ermənistan işğalı üzündən Qarabağdakı otlaqlara yetərli çıxışın olmaması göstərilib.

Qarabağ yaylaqlarına nə qədər heyvan çıxarılıb?

Artıq üç ilə yaxındır ki, Qarabağ bölgəsinin böyük bölümü Azərbaycanın nəzarətinə qayıdıb. Müharibədən qısa müddət sonra bölgəyə heyvandarlıq təsərrüfatlarının köçürülməsinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, bu il 3 min 700-ə yaxın təsərrüfat mövsümü Laçın, Kəlbəcər, Qubadlı, Füzuli, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının yaylaq ərazilərində keçirib.

Yaylaqlarında ən çox təsərrüfat qəbul edən rayon Kəlbəcərdir. Bu il Kəlbəcər yaylaqlarında 748; Laçın yaylaqlarında 429 qoyunçuluq təsərrüfatı minalardan təmizlənmiş ərazilərdə yerləşdirilib. Laçın və Kəlbəcər yaylaqlarına toplam 311 minə yaxın xırdabuynuzlu heyvan aparılıb. Əvvəlki illərdə olduğu kimi, ən çox xırdabuynuzlu heyvan Kəlbəcər yaylaqlarındadır – 195 min 936 baş. Laçın yaylaqlarına 114 min 970 baş xırdabuynuzlu heyvan aparılıb. Bu, həm də o deməkdir ki, ölkədəki xırdabuynuzlu heyvanların təxminən 4 faizə yaxını yaylağı Qarabağda keçirib.

Ancaq rəsmi rəqəmlərdən aydın olur ki, Qarabağın yaylaqlarından istifadə imkanları da ölkədə heyvanların sayca azalmasının önünü kəsməyib. Müqayisə üçün: savaşdan öncə - 2020-ci ilin iyulunda Azərbaycanda 2 milyon 667 min iribuynuzlu heyvan və 8 milyon 396 min qoyun və quzu vardı. Hazırda bu göstəricilər, uyğun olaraq, belədir: 2 milyon 545 min və 7 milyon 322 min. Başqa sözlə, müharibədən bəri Azərbaycanda iribuynuzlu heyvanların sayı 120 min baş, xırdabuynuzlu heyvanların sayı isə 1 milyon başdan çox azalıb. Bu baxımdan, aydın olur ki, Qarabağ bölgəsindəki yaylaqlardan istifadə başlandıqdan sonra da ölkədə heyvan sayındakı azalma dayanmayıb.

Say niyə azalır?

İki səbəbə - ölkədə yaylaqların və otlaqların az olmasına və Ermənistan işğalı ucbatından otlaqlara yetərli çıxışın olmamasına artıq toxunuldu. Problemi dərinləşdirən digər problemlər də var. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tədqiqatında göstərilir ki, bunlar da ölkədə qoyunçuluğun inkişafını əngəlləyir:

- həddindən artıq istifadə olunduğundan otlaqların deqradasiyası (aşınıb sıradan çıxması-red.);

- hökumətin yüksəksəviyyəli kənd təsərrüfatı üçün daha çox torpaq ayırmasına yönəlik siyasəti;

- iqlim dəyişikliyi problemləri.

Bunlarla yanaşı, FAO-nun fikrincə, Azərbaycanda baytar xidmətinin yarıtmazlığı da ciddi problemdir. Araşdırmalar göstərir ki, hazırda baytarların xidmət səviyyəsi heyvanların əsas xəstəliklərinin müəyyənləşdirilməsinə, önünün kəsilməsinə və durumu nəzarətdə saxlamağa uyğun deyil. Elmi araşdırmalar da dəstəklənmədiyindən yenilik və texnologiyaların üstünlüklərinindən də istifadə məhdudlaşır.

Hökumət nümayəndələri heyvan sayının azalmasına daha optimist yanaşırlar. Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov mediaya açıqlamasında bildirib ki, azalmanın əsas səbəbi heyvandarların süni mayalanmaya marağının artmasıdır: "Fermerlər heyvanların süni mayalanma yolu ilə çoxaldılmasına daha çox maraq göstərməyə başlayıblar. Bir il ərzində ölkədə təxminən 90 minə yaxın süni mayalanma yolu ilə heyvan doğulur. Bu üsula marağın artmasının səbəbi odur ki, fermer öz təsərrüfatında gündə iki litr süd verən üç inək saxlamaq əvəzinə, süni mayalanma yolu ilə alınmış gündə 10 litr süd verən bir inək saxlamağa üstünlük verir. Bu səbəbdən ölkədə iribuynuzlu heyvanların baş sayı azalsa da, diri çəkidə ət və süd istehsalı artır".

Nazirlik rəsmisi onu da bildirib ki, hazırda süni mayalanma yolu ilə alınan hər buzova görə təsərrüfatçılara 100 manat subsidiya verilir.

Bütövlükdə isə sayca azalmada sadalanan bütün səbəblərin payı danılmazdır.

XS
SM
MD
LG