Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:35

Azərbaycanda işsizliyin yüksək səviyyəsini göstərən faktlar


1999-2021-ci illərdə işsizlik göstəricisi 5.5 faiz azalıb
1999-2021-ci illərdə işsizlik göstəricisi 5.5 faiz azalıb

"Özü işsiz olanların fikrincə, hamı onlarla eyni vəziyyətdədir"

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını (YAP-ı) təmsil edən deputat Aydın Mirzəzadə Azərbaycanda işsizlik səviyyəsi barədə mediaya açıqlama verib. Deputat açıqlamada bildirib ki, "işsizlik faizinin real olmadığını deyənlər bunu sübut etmək üçün konkret yoxlama mexanizmi ortaya qoymalı, fakt göstərməlidirlər. Özü işsiz olanlar hesab edirlər ki, hamı onlarla eyni vəziyyətdədir". Aydın Mirzəzadə onu da bildirib ki, ölkədə işsizlik 49 faizdən altı faizə endirilib.

Azərbaycanda işsizliyin gerçək səviyyəsinin yüksək olması fikrini müstəqil iqtisadçılar tez-tez dilə gətirirlər. Öncə bildirməyə dəyər ki, rəsmi rəqəmlərdə Azərbaycanda işsizliyin nə zamansa 49 faiz həddində olduğu qeyd edilməyib. Dövlət Statistika Komitəsinin (DSK) işsizliklə bağlı yaydığı göstərici 1999-cu ildən sonrakı dövrü əhatə edir. Həmin illər ərzində işsizliyin ən yüksək göstəricisi elə 1999-cu ildə qeydə alınıb - 12.7 faiz. O vaxt, rəsmi rəqəmlərə görə, ölkədə 552 min işsiz şəxs varmış. Növbəti illərdə bu göstərici azalsa da, ötən il kəskin artaraq 250 mindən 376 minə yüksəldi. Beləcə, bu ilin əvvəlində ölkədə işsizlik göstəricisi 7.2 faiz oldu. Başqa deyimlə, rəsmi rəqəmlərə görə, 1999-2021-ci illərdə işsizlik göstəricisi deputatın qeyd etdiyi kimi səkkiz dəfə deyil, cəmi 5.5 faiz azalıb.

İşsizlik 6 faizdir, amma doğulan hər iki uşaqdan birinin valideynlərinin rəsmi gəliri yoxdur

Deputat açıqlamasında işsizliyin 49 faizdən 6 faizə enməsi ilə yanaşı, işsizliyin 6 faizdən çox olmasını iddia edənlərin fakt göstərməsi gərəkdiyini söyləyib. Maraqlıdır ki, Azərbaycan iqtisadiyyatında ölkədə işsizliyin real səviyyəsinin əslində daha çox olduğunu göstərən dolayı faktlar yetərincədir. Məsələn, Azərbaycanda tətbiq edilən sosial müavinətlərdən biri də uşaq doğularkən ödənilən birdəfəlik sosial müavinətdir. Qanunvericiliyə görə, anadan olan uşağın valideynlərindən ən azı birinin rəsmi sığorta ödənişi, dolayısıyla, rəsmi iş yeri varsa, uşağın doğulmasına görə birdəfəlik müavinəti Dövlət Sosial Müdafiə Fondu (DSMF) ödəyir. Yeni dünyaya gəlmiş uşağın valideynlərindən heç biri işləmədikdə bu müavinət dövlət büdcəsi hesabına verilir.

Sosial müavinətin verilməsiyə bağlı bu məqam ölkədə işsizlik və qeyri-rəsmi məşğulluğun gerçək durumunu da üzə çıxarır. Belə ki, DSK-nın sosial müavinətlərlə bağlı göstəricilərindən görünür ki, ötən il toplam 124 min 600 ailəyə uşağın dünyaya gəlməsinə görə birdəfəlik müavinət ödənilib. Müavinət alan 124 min ailədən cəmi 48 min 600-ü, yəni bütün müavinət alan ailələrin cəmi 39 faizi bunu sığorta ödənişi kimi əldə edib.

Yerdə qalan 76 minə yaxın ailədə isə valideynlərin heç birinin rəsmi sığorta ödənişi olmadığından müavinət dövlət büdcəsi hesabına ödənilib. Başqa sözlə, müavinət alan hər 100 ailədən 61-də valideynlərin heç birinin rəsmi gəliri olmayıb. Ötən il ölkədə bütövlükdə 127 minə yaxın uşaq doğulub. Bu o deməkdir ki, həmin il ölkədə doğulan uşaqların 60 faizinin valideynlərindən heç birinin rəsmi gəliri olmayıb.

Yüz minlərlə evdar qadın və fermer işləyirmi?

Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə görə, hazırda ölkədə 650 minə yaxın qadın "ev işlərini yerinə yetirən, uşaqlara və digər ailə üzvlərinə qulluq edənlər", yəni "evdar" statusu olanlardır. Hökumət bu qadınları işsiz saymır, ancaq onların nə qədərinin iş tapa bilmədiyindən evdə qaldığını da hesablamır. Bu üzdən, indi evdar sayılan 650 min qadının da içərisində yetərincə iş axtarıb tapmayanlar olduğunu düşünmək məntiqsiz deyil. Beləcə, Azərbaycanda qadınlar arasında işsizlik göstəricisinin daha yüksək, hətta ikirəqəmli həddə olduğunu demək olar. Bu baxımdan, Aydın Mirzəzadənin qeyd etdiyi "işsizlik faizinin real olmadığını deyənlər bunu sübut etmək üçün konkret yoxlama mexanizmi ortaya qoymalıdır" ifadəsinə qarşı evdar qadın sayılan 650 min qadının nə qədərinin öz istəyi ilə, nə qədərininsə iş tapa bilmədiyindən işləmədiyi ilə bağlı araşdırma aparılması mexanizmini təklif etmək olar.

Azərbaycan iqtisadiyyatında iqtisadi fəal əhali qrupuna daxil edilən təxminən 5 milyon 300 min şəxs var. Həmin iqtisadi fəal əhalinin ortalama hər üç nəfərindən biri kənd təsərrüfatı ilə bağlı sahələrdə çalışır. Amma burada diqqətçəkən bir məqam həm də qanunvericilikdən qaynaqlanır. Axı "Məşğulluq haqqında" Qanuna görə, Azərbaycan vətəndaşının mülkiyyətində pay torpağı varsa, o bu torpaqdan istifadə etsə, ya etməsə də, məşğul sayılır.

Müstəqil ekspertlər uzun illərdir bu yanaşmanın əmək bazarındakı real mənzərəni görməyə imkan vermədiyini bildirsə də, hökumət hələ də bu yöndə addımlar atmayıb. Nəzərə almaq lazımdır ki, vətəndaşlar həmin pay torpaqlarından istifadə etsə də, bəzi hallarda həmin pay torpaqlarının sahəsi o qədər kiçik olur ki, əldə edilən gəlir vətəndaşların minimal ehtiyaclarını belə qarşılamağa yetmir. Bu baxımdan, pay torpağından istifadə etməyənlərin uçotunun aparılmaması və pay torpağının sahəsinin nəzərə alınmaması, təbii ki, ölkədə real işsizlik səviyyəsinin də naməlum qalmasına imkan yaradır. Deməli, deputatın axtarışında olduğu mexanizm kimi, məhz pay torpağı olduğundan məşğul sayılan şəxslərin də nə qədərinin həmin torpaqdan istifadə etməsinin araşdırılmasını təklif etmək olar.

XS
SM
MD
LG