Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 07:03

Qadınlar niyə kişi adıyla yazırlar


C.K.Roulinq
C.K.Roulinq

Qadın bədii ədəbiyyat mükafatı (Women's Prize for Fiction) Britaniyanın ən prestijli nəsr mükafatlarından biridir. Mükafatın 25 illiyi münasibətilə sponsorlardan biri olan "Baileys" şirkəti xüsusi kampaniya keçirib: kişi adı ilə nəşr olunan qadın müəlliflərə məxsus 25 əsəri onların əsl adları ilə nəşr etdirib.

Ancaq #ReclaimHerName adlanan bu kampaniya internetdə bir çoxlarının qəzəbinə səbəb olub. Onların arqumenti budur ki, bu bir feminist layihə olsa da, qadınların özlərinin etdikləri seçimləri silib atmaq kimi görünür.

BBC-nin məqaləsində deyilir ki, ədəbi təxəllüs asan məsələ deyil. Müəlliflər ondan cinslərini gizlətmək, anonimliyi qorumaq, imic yaratmaq, kimliklərinin müəyyən bir hissəsini qabartmaq, yaxud da oxucuların hansısa gözləntilərini doğrultmaq üçün istifadə edirlər.

Seksizm və digər səbəblər

Layihədən narazı qalanlar, eyni zamanda, qadınların tarixən öz əsərlərini nəşr etdirə bilməmələri, yalnız kişi adlarının arxasında gizləndikləri halda uğur qazandıqları haqda fikirlə razılaşmırlar.

Maraqlıdır ki, hazırda Britaniyada bu əsrin ən uğurlu yazıçısı olan, C.K.Roulinq "Harry Potter"in oğlan oxucuların daha çox xoşuna gəlməsi üçün özünə belə neytral ad seçib. Onun adından cinsi mənsubiyyətini anlamaq mümkün deyil. O, "Cormoran Strike" adlı detektiv romanlar silsilələrini isə Robert Qelbreyt təxəllüsü ilə yazır. Roulinq bu seçimlərin təkcə seksizmlə yox, həm də anonimlik və yeni kimlik yaratmaq istəyi ilə bağlı olduğunu deyib.

Britaniya tarixində çox az sayda qadın uğurlu ədəbi karyera qura bilib. Onların da bir hissəsi kişi adları ilə yazıb. Corc Eliot və Bronte bacılarını misal göstərmək olar.

Məqalədə iddia edilir ki, XVIII və XIX əsrlərdə qadınların öz əsərlərini yalnız kişi adları altında nəşr etdirə bilmələri fikri təhsil sisteminin insanlara sırıdığı uydurmadır. Qeyd edilir ki, həmin dövrdə qadının yazdığı əsər maraqla qarşılanır və yaxşı satılırdı. Ceyms Reyven adlı alimin araşdırmasına görə, 1785-ci ildə nəşr olunmuş romanların az qala 1/3-i qadın adları ilə çapdan çıxıb. Hərçənd, biz onların hamısının həqiqətən də qadın olduğunu dəqiq bilmirik. Çünki bəzi kişi müəlliflər oxucuların marağını qazanmaq üçün bilərəkdən əsərlərini qadın adı altında çap etdirmiş ola bilərlər. Müəllifin qadın kimi qələmə verilməsi həm də əsərin qadın oxucular üçün uyğun olduğunu göstərməyə kömək edirdi. Roman bazarı isə, əsasən, qadın oxuculardan ibarət idi.

Qotik roman

Yazıda deyilir ki, qadın müəlliflərin o dövrdəki uğuruna əhəmiyyət verilməməsi janrla bağlıdır. XVIII əsrin sonu – XIX əsrin əvvəlində "qotik roman" adlı janr çox populyar imiş. Bu janr, əsasən, qadınlarla assosiasiya olunurmuş. Qadın yazıçılar bu sahədə dominant idilər. Anna Radklif "Udolfonun müəmması" (The Mysteries of Udolpho) adlı qotik romanı görünməmiş uğur qazanmış, dəfələrlə yenidən nəşr olunmuşdu. Ondan başqa Meri Robinson, Klara Riv, Şarlotta Dakr, Eliza Parsons, Şarlotta Smit və Meri Şellinin adlarını çəkmək olar.

"Əlbəttə, burada seksizm də var: qadın, yaxud kişinin yazmasından asılı olmayaraq, roman çox vaxt açıq-saçıq sayılırdı". Bunu xüsusilə də qotik romana aid etmək olar. Mühazirəçi doktor Sam Hörst deyir ki, roman tarixində, əsasən, kişilərdən danışılmasının səbəblərindən biri qotik romanların yerli-dibli görməzdən gəlinməsidir.

Ancaq o, həm də qeyd edir ki, XIX əsrin daha sonrakı çağlarında qadın müəlliflərdən bəziləri özlərini "ucuz" romanlardan ayırıb fərqləndirmək üçün kişi təxəllüsləri seçirdilər.

Məqalədə deyilir ki, 1970-ci illərdən bəri Britaniyada istər alimlər, istərsə də naşirlər arasında qadın müəllifləri yaxından öyrənmək cəhdləri artıb: "Buna görə də artıq öz adı ilə yazan qadın müəlliflərin olmaması haqda mifi əbədiləşdirmək daha işə yaramır".

XS
SM
MD
LG