Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:13

Xəbərdarlıq: Koronavirus QİÇS təhlükəsini artırır


İİV testləri, arxiv fotosu
İİV testləri, arxiv fotosu

BMT xəbərdarlıq edir ki, koronavirus İİV/QİÇS xəstəliyinə qarşı illərlə əldə olunmuş proqresə təhlükə yaradır. Karantinlər ucbatından müalicənin dayanması yarım milyondan çox xəstənin ölümünə səbəb olar, xəbərdarlıqda deyilir.

Koronavirusun yayılmasını önləmək məqsədi daşıyan qadağalar qadınların İİV-ə yoluxmasına qarşı mübarizəni əngəlləyib, onların təhsilə çıxışını, seksual zorakılıqdan qorunmasını məhdudlaşdırıb. Hesabatı iyulun 6-da İİV və QİÇS-ə qarşı Birgə BMT Proqramı (UNAIDS) açıqlayıb.

Qurum bildirir ki, hökumətlər diqqəti pandemiyaya yönəltdiyindən resursların da istiqaməti həssas təbəqəni İİV-dən (insan immun çatışmazlığı virusu) qorumaqdan yayındırılıb. Bu səbəbdən virus qazanılmış immun çatışmazlığı sindromuna – QİÇS-ə çevrilə bilər.

Əlavə 500 mindən çox ölüm

Virusa qarşı müalicənin altı aylığa dayanması gələn bir il ərzində Saharaaltı Afrikada əlavə 500 mindən çox ölümə səbəb ola və bununla region 2008-ci ildəki QİÇS-dən ölüm səviyyəsinə qayıda bilər.

Hesabatda İİV-i, onun QİÇS-ə çevrilməsini dayandıran müalicənin miqyasının güclənməsinin milyonlarla həyatı xilas etdiyi vurğulanır.

Ötən il QİÇS-ə bağlı xəstəliklərdən 690 min nəfər vəfat edib. İİV-lə yaşayan 38 milyon nəfərdən 12,6 milyonunun həyati vacib müalicəyə çıxışı olmayıb.

Virusa 1,7 milyon təzə yoluxmanın olduğu, dünyanın yeni yoluxmaların qarşısını almaq yolunda “xeyli geri qaldığı” vurğulanır.

İİV-in ən çox yayıldığı regionlar Şərqi Avropa və Orta Asiya hesab olunur. 2010-cu ildən bəri yeni yoluxmaların 72 faizi bu regionların payına düşür.

Yeni yoluxmalar Yaxın Şərq, Şimali Afrika və Latın Amerikasında 20 faizdən çox artıb.

UNAIDS bildirir ki, ötən il İİV-ə ayrılan maliyyə 2017-ci ildən 7 faiz azalıb. 2020-ci ildə İİV-ə qarşı səmərəli mübarizə üçün 26,2 milyard dolların üçdə birinin çatışmadığı deməkdir.

XS
SM
MD
LG