Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:44

'Sən Bakını bizə görə yox, neftə görə sevirsənmiş Lenin'


Rusiyada Leninin köhnəlmiş büstü.
Rusiyada Leninin köhnəlmiş büstü.

"Məlum oldu ki, sən heç də peyğəmbər - filan deyilmişsən. Tiranlardan biri imişsən. Sən heç də bizi – bu xalqı, Bakını bizə görə yox, neftə, öz yaratdığın dövlətin xeyrinə görə istəmişsən..."

Rövşən Yerfi

Keçmiş “babamla” söhbətim

(esse)

Rövşən Yerfi
Rövşən Yerfi

Ötən günlərin birində mənə fəhləsi olduğum idarənin zirzəmisinə yollayıb orada səliqə-sahman yaratmağı tapşırdılar. Bir vaxtlar gərəkli olmuş, sonra istifadəyə yaramayan, amma atılmayan əşyaları bir daha çıxdaş etməli, tamam yarasızları yığışdırıb tullamalı, qalanlarının isə tozunu silib yenidən müəyyən qayda ilə yerlərinə düzməli idim.

Çoxdan tullanmalı əşyaları götür-qoy edərkən müdiriyyətin səbrinə heyrətlənməyə bilmirdim. “Bu lazımsız şeyləri niyə saxlayırlar”, - düşünürdüm ki, birdən zirzəminin lap küncündə toz basmış qızılı rəngli bir balaca büst gördüm. Diqqətlə baxdım, tanıyanda xeyli sevindim. Nostalji hisslərim oyandı, uşaqlığımı, gəncliyimi xatırladım. Elə bil uzun illərin doğmasını, tanış simasını gördüm. Bu o idi: sevimli keçmiş “babam” Lenin...

Buna da bax: Lenin rolunun ilk və tək ifaçısının 110 illiyi keçiriləcək

Düzü neçə illərdən sonra belə ağıla gəlməz yerdə- zirzəmidə onunla rastlaşmağımdan həyəcanlanmışdım. Həm sevinmişdim, həm də kədərlənmişdim: “Eh, Lenin baba, səni uşaqlığımda bilirsən, nə qədər sevirdim? Tək mən yox, səni milyonlarla adam sevirdi. Sənin haqqında yazılan kitabları oxuyurduq, filmlərə baxırdıq, nədəsə sənə oxşamağa çalışardıq. Adın haralarda yox idi. Dağ zirvəsindən başlamış tələbə təqaüdünə qədər hər yerdə. Heykəllərin saymaqla qurtarmazdı. Bu sayaq büstlərindən bütün idarə və təşkilatlarda, az qala hər kabinetdə var idi...

Birinci sinifdə ən çox xoşladığım mahnı idi:

Açıldı gözəl səhər

...İşıqlandı obamız,

Azadlıq verdi bizə

Lenin əziz babamız...

Ortasında sənin uşaqlıq şəkilin olan qırmızı beş guşəli oktyabryat ulduzunu pencəyimizin sağ döşünə taxanda sevincimizin qədəri olmurdu. Sinifdə öndəki partaya balaca qırmızı bayraq sancıb Lenin partası deyərdilər. Bu partada o şagird otura bilərdi ki, dərslərdən yalnız beş qiymət alsın. O partaya layiq olmaq üçün əldən gedərdik. İnşalarımızda sənə olan sonsuz məhəbbətimizdən yazmaqdan yorulmazdıq. Təbliğatın elə qurulmuşdu ki, insanlar səni bəzən peyğəmbər hesab edirdilər. Haqq, ədalət pozulanda sənin movzoleyinə məktublar yazır, imdad diləyirdilər. Şəkilin hər yerdə vardı: ekranlarda, qəzetlərdə, yollarda, parklarda, binaların fasadlarında. Təsvirini ən çox pulların üstündə görəndə sevinirdik, illah da başının şəkli olan qırmızı onluqları görəndə...

Komsmol biletinin, komsomol nişanının üstündə də vardın. Əsgərlikdə ən çox sevdiyim yer “Lenkomnata” deyilən, şəkillərinlə bəzədilmiş Lenin otaqları idi. Şəkilin olan partiya biletini də almaq istədim. Gəl ki, tələbə olduğum üçün gərək rüşvət verəydim. İstəmədim. Mən axı səni rüşvətsiz istəyirdim. İlk dəfə səndən bax onda xoşum gəlmədi, incidim..

Sonra dövr dəyişdi. Məlum oldu ki, sən heç də peyğəmbər - filan deyilmişsən. Tiranlardan biri imişsən. Sən heç də bizi – bu xalqı, Bakını bizə görə yox, neftə, öz yaratdığın dövlətin xeyrinə görə istəmişsən..

Milyonlarla insan səndən üz döndərdi. Heykəllərin uçuruldu, adını tarixdən savayı hər yerdən, hər yandan sildilər. İndi gör nə günə qalmısan, Lenin babam... Kim inanardı? Heç kim... Şəxsən mən heç vaxt inanmazdım ki, hansı yüksəklikdən gəlib, bu qaranlıq, rütubətli zirzəmiyə düşəcəksən. Günahkar kimi susursan, yəqin deyəsi sözün də qalmayıb, istədiyini zamanında demişdin... Eh, Lenin baba, səni daha heç yerdə sevmirlər. Sənə əziz yerlərdən biri olan Kiyevdə də heykəlini aşırdılar...

Buna da bax: Gorun çattasun, a Lelin, bu da axurun

Səndən əbədi büt yaratmaq istəyirdilər. Lakin bütlər əbədi olmur. Gec-tez belə olmalı idi. Qəm eləmə, bütün bütlərin axırı məhvə məhkumdur, əziz keçmiş babam!..”

Qızılı rəngli balaca büstü zirzəmidən atmağa ürəyim gəlmədi. Ötən yaşadıqlarımın xatirinə dəymədim. Tozunu silib yerinə qaytardım. Mənə elə gəldi ki, onu zirzəmidən çölə atsaydım uşaqlığımın, gəncliyimin şirin xatirələrindən imtina etmiş olacaqdım. Ancaq məndən sonrakı cavan, gələcək fəhlənin onu zibilliyə tullayacağına yüz faiz əminəm...

XS
SM
MD
LG