Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:29

Gorun çattasun, a Lelin, bu da axurun


Ukraynanın Zaparojye şəhərində Lenin heykəlinin sökülməsi.
Ukraynanın Zaparojye şəhərində Lenin heykəlinin sökülməsi.

-

“Ə, bu nəydi? Allah, sən saxla, məgər..?”-Partkom Vəlinin dili tutulmuşdu elə bil. Gördüyünə inana bilmirdi. Sən demə, Leninin nəhəng büstü adi gipsdənmiş, içi də boş?!"

"Boynuna qırmızı pioner qalstuku bağlayıb sonra da komsamola keçən Cəfərin dəyatanda yuxusuna girməzdi ki, bir zaman, doğma babasından çox istədiyi, şərəfinə şeir, mahnı oxuduğu Lenini öz traktoruna qoşub kənd boyu sürütdəyəcək".

Yaşar Bünyad

AZAN GƏMİLƏR LİMANI.

(povestdən bir parça)

YUXU.

1.

Yazıçı Yaşar Bünyad
Yazıçı Yaşar Bünyad

O gün ki, rayona, “optavoya” bazarlıq eləməyə gedib qayıdanda, Pirverdi canıyanmış yolunu kəsib, traktoru məktəbin həyətinə sürdürmüşdü, elə o gündən də Cəfərin nə gecəsi gecəydi, nə gündüzü gündüz, hamısı da Pirverdinin ucbatından.

Bu Pirverdi,kənddə Xalq Cəbhəsinindayaq nöqtəsinin sədridi. Bir növ kənd sovetifason. On beş ildi APİ –nin fizika fakultəsini bitirib, müəllim diplomu alıb, kimin əliyləsə nazirliyə rüşvət verib, Daşkəsənə aldığı təyinatını öz kəndinə dəyişdirib (hansı ki, balaca kənd məktəbində iki fizika-riyaziyyat müəllimi vardı), sən demə , gözünü direktoirun yerinə dikibmiş. Düzdü, direktor ola bilmədi, heç fərli-başlı fizikliyi də yox idi, amma, Xalq Cəbhəsi yarananda özünü demokratların sırasına necə soxuşdurdusa, oldu hörmətli bəy! Görəydiz, keşkə bircə anlıq görə biləydiz , uşaq-muşaq, dəliqanlı cavanlar, hətta , məmurlar ona “bəy” deyə müraciət edəndə Pirverdinin fiziyanomiyasını, yəni sir-sifətini...

Hə, dedim axı, rayonnan gələn Cəfəri məktəbin həyətinə sürdürdü ki, Cəfər bəy, bir dəfə də sən cəbhənin işinə yara da, olmaz bəyəm?

Əslində Pirverdi onun dayaq dəstəsinə qoşulmağını çoxdan istəyirdi. Ən çox da, traktora görə. Baxma, kənddə yeganə abırlı texnikaydı, işə-gücə yarıyardı, Cəfər də , yola gedən, sakitin biri-nə buyursaydı, pulsuz-parasız yerinə yetirəcəkdi. Amma Cəfər, dədə-babası kimi, partiya-martiya hərrəmirdi, çünki, kommunistlər hansı yuvanın quşu olduğunu babası dədəsinə, dədəsi də ona anlatmışdı. Əslində, anlatmalı bir şey yox idi - görünən yola nə bələdçi?!..

- Ay Cəfər, bir dəfə də yaralı barmağa “çiş” elə də, nolar? Ayə, vallah peşman olacaqsan. Bütün dünyanın gözü bizdədi, gözüün qənşərində bu boyda inqilablar olur, İmperiya dağılır, yeni dövlət qurulur, sən kənardan baxıb keçirsən. Ayə, gələcəkdə nəvə-nəticən soruşanda cavab verməyə “zapas”ın olsun da, ay evi tikilmiş!.. Sür, sür mersedesüü məktəbin doqqazına, sən bu gün tarixə düşəcəysən. Həşim bəyə demişəm, şəklüvi də çəkib qəzetə vursun - “Azadlıq” qəzetinə. Di tərpən!..

- A bəy, - demişdi Cəfər, - imperiya dağıldı, dağılmadı, mən elə traktorist Cəfər olacam. O, yəqin işüvə yaramayıb deyə,təzə bir şey qurmaq istəyirsən-sənə bab olanın? Allah qüvvət versün! Amma, sən imanun, elə şey qayırın ki, bunnan betər olmasun, yazığdı bu millət...

... SSRİ-nin can verdiyi vaxtda, illərdi məngənə altında sıxılan məzlumların nəhayət ki, öz azad dövlətini qurmaq fürsəti ələ düşmüşdü. Ancaq Moskva, respublikaya uzun illər rəhbərlik edən dəllaların mağmınlığından, xalqa xoş güzaran əvəzinə keçici qırmızı bayraqlar verən, Mərkəzi komitəyə xoş gəlmək üçün ikiüzlü siyasət aparan boşboğaz başbilənlərimizi yaxşı tanıdığından, məzlum kütləyə bu imkanı vermək istəmirdi. Dilinə, dininə, adət-ənənəsinə hörmət etməyən orden-medallı “başbilənlər”in ovucunda sıxılıb suyu çıxan millətin ümidləri, arzuları, yalanlarla qarın doyduran qırmızı şüarların kölgəsində puç olub getmişdi. Gerçək həyatdan uzaq düşərək gözlərə kül üfürən, milyon-milyon tirajla çap olunan “Pravda”, “İzvestiya”, “Kommunist” ...qəzetlərindıki çoxmillətli, can-deyib can eşidən SSRİ xalqlarının əsl siması, dərdi , haylı-küylü məqalələr burulğanındaca əriyib yox olurdu.Yarı ayıq- yarıyuxulu xalq yuxarılara inamını, yuxarılar isə xalqla birliyini itirmişdi. Millətlər ayağa qalxmışdı. Meydanlar qaynar qazana dönmüşdü... Mübarizə kortəbii olsa da, əzimli idi.

Kreml, hər şeyi hələ də öz sürtülmüş arşınıyla ölçürdü. Azadlıq tələb edən millətin başını qarışdırmaq, uzun illərdi gözlədikləri Demokratik Cümhuriyyətə sahib çıxmaqlarına mane olmaq üçün Qarabağda çaxnaşmalar yaratdı, müharibəni qızışdırdı. İki qonşu milləti üz-üzə qoyan Kreml, meyvəni içindən yeyən qurd kimi öz işindəydi. Bax, bu məqamda yaranmış Xalq Cəbhəsi, kiçikdən böyüyə kimi hamının içində doğan od idi, Günəş idi! O istinin nə qədəri Pirverdinin canındaydı, deyə bilmərəm, amma, onu bilirəm ki, Pirverdi, nəhayət ki, arzusuna çatmışdı - liderlik arzusuna !

Bəzən Pirverdi öz səlahiyyətlərini elə yerinə yetirirdi ki, özü özünə heyran qalırdı. Bəzən səriştəsizlikdən, bəzən də anbisiyalarını cilovlaya bilmədən həddini aşırdı. “Biz həmişəlik gəlmişik!” deyib, kənd soveti Mürvətin, kolxoz sədri Balaxanın, partkom Vəlinin torbasını elə tikmişdi ki, bir günün içində, kabinetlərindən didərgin saldırmış, özü də keçib oturmuşdu sovetliyin nimdaş binasında. Çünki, kəndin bəyi, üç qarpızı bir qoltuqda tutmağın necə ağır və mümkünsüz olduğundan xəbərsiz idi...

...“Mersedes”lə qəzet məsələsini lağnan deyib-demədiyin anlamadı. Ancaq traktoru döndərib məktəbin həyətinə salanda ki bura yığılan camaatı gördü, işin ciddiliyini başa düşdü. “Allah xeyrə calasun, yenə nolub görən?”- düşündü Cəfər.

Demək olar, onun külfətindən savayı hamı burdaydı. Səs-küy qulaq batırırdı. Bəyin göstərişlərinə sözsüz əməl edən cavanlar ora-bura qaçaraq kəndir, lom, bel, külüng, quvald gətirir, məktəbin həyətində, balaca stadiyonun yanındakı Leninin büstü qoyulan bağçaya axışırdılar. İş görənlərdən daha çox, maraqdan ölənləridi. Biri elə partkom (keçmiş) Vəli, Mürvət, Balaxanın oğlanları, üç ildən bir “zondan-zona” səfər edən cüvəllağı Şərif. Vəli, ot göyşəyən qoca qoç təhər dodağını çeynəyir, Mürvətlə Balaxanın böyük oğlu pıçıldaşır, Şərif də bic-bic hırıldayıb qarasına deyirdi:

- Ayə, vallahi-billahi bu, əmələ gələn şey döyül. Bir zibili çıxmasa yaxşıdı...Yetmiş il boynumuzda oturan hökməti yıxmağmı olar, a başuva dönüm?...Özü də kim, kim, taytaq Mirinin yetimçəsi (Taytaq Mirinin yetimçəsi Pirverdi bəy idi).

Söhbətin bu yerində kəndin söz gəzdirəni Narıngül arvad gəlib çıxdı, ora baxdı, bura baxdı, sonda üzünü Vəliyə tutub, soruşdu:

- A Vəli, başuva dönüm, sən alim adamsan, bilməmiş olmazsan daa, doğurdan ,o başı ləkəli gədə hökməti buraxdı? Yəni, eləcə verdi bu başıküllülərə? Bə, bizimkilər hara baxır?... -Sualına özü də cavab vermiş kimi mızıldadı. -İmanım haqqı, inanmaram ee, urus, əlin götürə üstümüzdən. Heç Bakıda oturannar da qoymaz...İradyo da, andır, düz-əməlli heç zad demir...

Cüvəllağı Şərif :

- Ay arvad,-dedi,- heç kim, heç zadı buraxmıb. Qarbaçovun başı xarab olub məyər ? Bu uşaq-muşağın qabağına bir az dən atıb, ipini boşaldıb ki, dənnəsinnər, bir də görəssən, hopp.. , topu da, tüfəngi də başının üstündədi, görəssən... Görə - görə gəlmüşüy...Mən öli, sən diri, o taytayın yetimçəsin də basdıracaq qoduğluğa. Ha-ha-haaa!..

Cəfərin “Belarus”u həyətə girəndə, Şərif qaqqanaq çəkib gülürdü, Narıngül arvad Şərifə “külü qoyum başuva” deyirdi, Vəli də başını yelləyirdi o yana, bu yana...

- Ayə, Şöşi, Şöşi, kəndiri keçir o keçəlin boğazına! Tez!.. Cəfər, sən də traktorun dalın ver bura.- Pirverdi bəy, ədayla, bir qəribə sevinclə Leninin iri büstü qoyulmuş postamentin qənşərini göstərdi Cəfərə.

Elə bil Cəfəri əqrəb sancdı. Bir anlığa dayandı. İstədi traktoru döndərib getsin xarabasına, külfətinin yanına, amma kişiliyinə sığışdırmadı, getmədi, bu həngamənin sonunu gözlədi, çünki, çoxları kimi ona da elə gəlirdi ki, bu bir oyundu, bir məsğərədi... “Belarus”u cammatın böyründən fırladıb düz Pirverdi göstərən yerdəcə saxladı. Traktordan düşə-düşə marağını boğa bilmədi:

-Ay Pirverdi, fikrün nədi, olmuya... kişini, o söz, həə?!

-Hii.., evə çatanda, ağzuvı bulağ suyunan yaxalıyarsan... “Kişi”, yox bir...Ə, Şoşi, noldi sənə, əllərün bişməcədi, bağla da o zibili!...

Şoşi deyib çağırdığı , Şövqüdü - çayçı Qasımın oğlu. Pirverdinin təşviqatına görə, “ən məsuliyyətli vəzifə” ona tapşırılmışdı deyə, əldən-ayaqdan gedirdi. Adama elə gəlirdi ki, bu dəqiqə heykəli yox, Leninin özü Şövqünün əlinə keçsəydi, heç “uf” da demədən, boğazından asardı, bəlkə də əlləriylə boğardı. (Şöşi bilsəydi ki, “məsuliyyətli” işini bitirəndən çox keçməyəcək, Pirverdinin ona söz verdiyi bələdiyyə sədirliyi-zadı rayondan gələn cəbhəçiyə veriləcək, dədəsinin çayxanası biryolluq bağlanacaq, özü də gedəcək döyüşə, orda da, erməniyə salyarka satdığına görə vurub öldürüləcək, elə həmən kəndiri öz boğzına keçirərdi).Yoğun kəndiri ortalayıb, tələm-tələsik heykəlin boynuna doladı, uclarını cütləyib Cəfərə verdi ki, al, bağla traktorun yedəyinə. O da bağladı.Qalxıb keçdi sükanın arxasına. Traktor bir dartdı, iki dartdı, gah sağ, gah sol təkəri yeri eşdi, elə bil kəndir tarıma dartıldıqca, Lenin də tutduğu yerini tərk etmək istəmədiyindən müqavimət göstərirdi. Üçüncü təkanda, elə bil göy guruldadı; bir şaraqqıltı qopdu, bir toz-tozanaq qalxdı, gəl görəsən.

“Ə, bu nəydi? Allah, sən saxla, məgər..?”-Partkom Vəlinin dili tutulmuşdu elə bil. Gördüyünə inana bilmirdi. Sən demə, Leninin nəhəng büstü adi gipsdənmiş, içi də boş?! Yadına düşdü ki, on beş il əvvəl, bu heykəltaraşlıq nümunəsinə sərf olunacaq qranitin alınması üçün iyirmi beş min manat pul silinmişdi rayon büdcəsindən. Bəs, Bakıdan gələn heykəltaraş, memar niyə fəxrlə deyirdi ki, respublikada ilk qranit Lenindi ki, kənd məktəbinin həyətində ucalacaq! Bu, heç bürünc də deyilmiş?! “Aferislər, pulu yeməkçün Leninin əbədi “yaşayacağından”istifadə ediblər, gibsdən qayırıb, üstünə qranitə oxşar kraska çəkiblərmiş... Paatonnan, fərəsətə bax ee !..”

Partkom Vəli, rayon rəhbərliyinin fırıldağı barədə götür-qoy edəndə, Cəfərin “Belarus”u , kəndirin ucunda ilişib qalmış sosializm banisinin qulağını sürütləyə-sürütləyə məktəbin həyətindən çıxmışdı.

Cavanlar qışqırışırdı:

“A-zad-lıq!...A-zad-lıq!.. El-çi-bəy! El-çi-bəy!..”

Pirverdinin qardaşı oğlu, rayon qərargahından gətirdiyi üçrəngli bayraqla , yerlə-yeksan edimiş Leninin postamentinə dırmandı və camaat , ilk dəfə gördüyü bayrağı alqışladı. Ancaq buna ehtiyatla, gizlin-gizlin ağız büzənlər də vardı.

-A dünya, dağıl!..- Qafur kişi başını yellədi.- Bit vurmuş müsülmanı çuxadan-çarığdan çıxart , savad ver, yol çək, poyezə mindir, maşına mindir, adam cərgəsinə qoy, bu da sağolun?! Çörəyverənə şallağ atmağa öyrənmüşüy...Bu “bəy”dən soruşan gərəydi ki, o kişinin adına olan inistutda nöş oxuyurdun? Oxudun, adam oldun da, pisdi? Gərəy mollaxanaya gedəydin, babon kimi molla olaydın?!...

- Gorun çattasun, a lelin!.. Bir vaxtlar el babasıydın, qəbrüvə də məktub yazırdılar, imdad istiyirdilər, bu da axurun...-dedi Səməndər kişi.

Bayaqdan siqareti-siqaretə calayan Əbülfəz kişi dözə bilmədi:

- A başuva dönüm, nə “baba, baba “ salmısan?! O vaxtı sənikimilər balşeviylərə girənniy eləməsəydi, indi biz də kişi kimi dolanarduğ. İngilisdən də yaxşı !... Öyrənmüsüz onun-bunun avtavasın daşımağa! Tfuu!...Kasıbın höküməti deyib mıxın doqqazımıza dirədi, olan-qalanımızı yığıb kalxoz qayırdı, fərri kişilərimizi “kulak” eləyib Sibirə göndərdi, meçitimizi mal töləsinə çöördi, imanımızı itə yal elədi...Ölümüzü də adətnən basdıra bilmürdüy. Tfuu!... Bilmirdi ki, o toydan onunçun da var?! Lelinə yas tutana bir bax!..Ə, Qafır, babanı qolçomağ, dədəni vraqnarod eliyən hökmətdi ee, dağılan, ürəyün nöş töşüyür?... Düzələn döölsüz e,süz, döölsüz düzələn!..

- O, belə hökmət qurmamışdı, Əbilfəz.Hökmətnən işin var, hökməti yıx, heykəlinnə günahı, hə? Dilsüz-ağızsız heykəli uçurmağa nə varki... Dədəmin goru haqqı, bir gün peşman olacağsuz... Guya bular yağ-bal içində üzdürəcəy bizi ?..Ay, hay , dalları yumşağ qresloya öyrəşəndən sonra baxarığ , kim gətirə, kim yeyə...

Yenə tozanaq qalxdı ; cavanlar podstamenti külünglə, lomla dağıdırdı...

Həşimin köhnə “FED” fotoaparatıkəndir qoşulandan indiyəcənşak-şak şakkıldayırdı...

Nəinki, “ürəklərdə daima yaşayan, bəşərin vicdanı, şərəfi olan partiyanın” banisi, heç, qarşısında təntənəli surətdə oktyabryat olan, boynuna qırmızı pioner qalstuku bağlayıb sonra da komsamola keçən Cəfərin dəyatanda yuxusuna girməzdi ki, bir zaman, doğma babasından çox istədiyi, şərəfinə şeir, mahnı oxuduğu Lenini öz traktoruna qoşub kənd boyu sürütdəyəcək.

Həmən gündən Cəfərin yuxuları sovetin bayrağı kimi al qana büründü. Hər gecə Lenini , özü də, dipdiri Lenini traktoruna qoşub çınqıllı yol boyu sürütmə çəkirdi, amma zalım oğlu, ölmürdü ki, ölmürdü .Cəfər qəddarcasına ona işgəncə verdikcə Leninin qıpqırmızı qanı fışqırıb üz-gözünə səpələnirdi. Hövlnak, havalı kimi yerindən dik atılıb duranda özünü qanın yox, çıpaçıp tərin içində çabaladılğını görən Cəfər, qışqırığından diksinib ayılan Tükəzə, o biri otaqlardan boy verən qızlarına nə baş verdiyini heç cürə başa sala bilmirdi .

Srağa gecəyerinə qorxa-qorxa girdi, heç Tükəzə də yaxın durmadı, gözlərini təzəcə yummuşdu ki, Lenin “dirildi”. Hər şey təzədən başladı, yuxusu qıpqırmızı, sovetin bayrağı rəngdə qana bulandı Bu dəfə, ömründə bir toyuq başı kəsməyən Cəfər, o boyda proletariatın rəhbərinin başını kəsirdi, özü də küt qəməltiylə. Xırıldayan, gözləri bərəlmiş Lenin nəsə demək istəyirdi, nəsə umurdu, bəlkə də yalvarırdı, imdad istəyirdi. Cəfər isə eşitmirdi, sanki o Cəfər deyildi, ürəyi daşa dönmüşdü, yoxsa quduzlaşmışdı, özüylə bacarmırdı, qəməltini qan çıxanacan sürtürdü boğazına...

XS
SM
MD
LG