Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:51

Türklərin əcdadları necə yaşayırdı. "Orda" filmi bu suala cavab axtarır


"Orda" filminin posteri
"Orda" filminin posteri

Namiq Hüseynli

Türklərin əcdadlarına rus gözü ilə baxış. "Orda" filmiylə türk tarixi

Qədim türklər necə bir xalq idi, necə yaşayır, nə işlə məşğul olur, nəyə inanırdılar? Axı bu suallara cavab tapsaq indiki kimliyimizi, cəmiyyətimizin sosial xarakterini və hətta onu gözləyən aqibəti də öyrənə bilərik. Bir zamanlar qədim türklərlə bağlı Azərbaycanda ən yayılmış ədəbiyyat şübhəsiz ki, Refik Özdekin “Türkün qızıl kitabı” idi. Bu bir neçə cilddən ibarət olan kitab 90-larda, Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində olduqca məşhur idi. Ümumiyyətlə Elçibəy dönəmində biz sanki türkçülüyü ehtirasla yaşayıb, sonradan o ehtirasdan azad olmuşuq. Hər-halda Elçibəydən sonra milli ədavətin qızışdırılmaması üçün türkçülük ideologiyası da alovlu bir milli kimlik axtarışından, rutin tarixi faktlar toplusuna çevrilib tarix dərslikləri çərçivəsində qaldı.

Azərbaycanlı kimi milli kimliyimi anlamaq üçün qədim türklərin necə bir cəmiyyətdə yaşadıqlarını əsk edirən tarixi filmləri nəzərdən keçirirərkən qarşıma çıxan filmlər əsasən türklər və qazaxlar tərəfindən çəkilən filmlər idi. Ancaq qəbul edək ki, həm Türkiyədə, həm Qazaxıstanda çəkilən tarixi filmlərdə tarixə birtərəfli baxış var. Məsəlçün xristian Anadolusunu və İstanbulu işğal edib, yerli mədəniyyətləri tamamilə islamlaşdıran, dinləri və dilləri əridən, yağma və qətllərlə məşğul olan səlcuqlular və onların davamçıları osmanlı türkləri haqda filmlərdə biz adətən olduqca ədalətli, dürüst, mədəni qəhramanlarla üzləşirik. Eləcə də qazax xalqının tarixindən bəhs edən “Köçəri” (2005) filmi. Filmdə qazaxlar, onların tarixi olduqca şişirdilir, rus və çin imperiyasına vassallıq etmiş Abılay xan isə müstəqil, güclü bir hökmdar kimi göstərilir. Əlbəttə, hər xalqın öz tarixini özünün görmək istədiyi kimi filmə çevirmək haqqı var. Ancaq tarix kitablarını milliyyətçi-ideoloji ya da avtoritar rejimlərin diqtəsi ilə yazan tarixçilər öz xalqlarına sonradan nəticələri çətin düzəldiləcək pisliyi edirlər.

Buna da bax: Ağalar Qut: 'Babəkin əsl adı Həsən deyildi, şiəliklə heç bir əlaqəsi yox idi'

Bu baxımdan müasir dövrdə öz tarixin haqda həqiqətləri tez-tez başqa xalqların tarixçilərindən eşidə bilərsən, düzdür bunun nə qədər həqiqət olduğu da mübahisə mövzusudur.

2012-ci ildə Rusiyada çəkilmiş “Orda” filmi mənim türk kimliyi haqda yeni və olduqca maraqlı təsəvvürlərə yiyələnməyimə yardımçı oldu.

Əvvəlcədən demək lazımdır ki, film Rusiyanın iki mühafizəkar kəsimi yəni Rus Pravoslav kilsəsi ilə müasir rus milliyyətçiliyi arasında onillərdir davam edən bir mübahisənin qızışdırılması məqsədiylə çəkilib. Mübahisənin əsas sualı budur: “Rusiyada monqol-tatar zülmü olubmu?”. Rus-pravoslav kilsəsi bu suala birmənalı olaraq “hə” cavabı verir. Rus millətçiləri isə rus xalqını belə bir zülmə 300 il boyun əyəcək qədər gücsüz görmək istəmir və monqol-tatarların sadəcə rusların hərbi elitasından pul qarşılığı təmsil olunduqlarını deyir. Bütün bu söz-söhbətlərdən bezmiş Rus Pravoslav kilsəsi “Pravoslav ensiklopediyası” kilsə-elmi mərkəzinə “Orda” filminin çəkilişi üçün sifariş verir. Filmin rejissoru Aleksandr Proshkin, ssenari müəllifi isə Yuri Arabovdur.

Filmin başlanğıcında Rus-Pravoslav kilsəsinin dəstəyi ilə çəkildiyi açıq yazılanda artıq ciddi və zövqü olan tamaşaçı onu tərəfkeş, hətta təbliğat məqsədli bir filmin gözlədiyini anlayır. Filmin məni ən çox cəlb etdiyi tərəfini əvvəldə demək istəyirəm. Belə ki, filmdə Ordalılar azərbaycan dilinə həddsiz yaxın olan qaraçay-balkar dilində, onlarla qonşuluqda yaşayan ruslar isə rusca danışır. Film yaradıclılarının fikrincə qədim ordalılar məhz qaraçay-balkar türkcəsinə yaxın qıpçaq türkcəsində danışırmışlar.

"Orda" filminin treyeleri.

Orda filmi 1341-1342-ci illər Qızıl Orda dövlətinin paytaxtı Saray-Batu şəhərinə iki Roma səfirinin gəlişi ilə başlayır. O illərdə Qızıl Ordanın böyük hökmdarı Özbək yenicə dünyasını dəyişmiş yerinə onun oğlu Tinibəy gəlmişdi. Bu dövr Qızıl Ordanın hərbi və iqtisadi yüksəliş illəridir. Roma səfirləri də elə buna görə, Tinibəyin Romaya hücum etməməsi üçün diplomatik danışıqlar aparmağa gəliblər. Ancaq latınca danışan, mədəni Papa səfirləri qarşılarında barbar, geridəqalmış bir şah görürlər. Məlum olur ki, şahın heç bir nəzakət, diplomatika mədəniyyəti yoxdur. O səfirləri qəbul edən kimi ilk növbədə onlardan şaha nə hədiyyə gətirdiklərini soruşur, səfirlərin əliboş gəldiklərini öyrənəndə onlara acıqlanır və təhqir etməyə başlayır. Danışıq onunla bitir ki, Tinibəy Romanı tutub Roma papasını özünə baş çoban edəcəyini deyir.

Buna da bax: Qazaxıstan öz "Game of Thrones"ini çəkir

"Qızıl Orda" dövlətinin (1224 - 1483) tarixi xəritəsi.
"Qızıl Orda" dövlətinin (1224 - 1483) tarixi xəritəsi.

Filmdə görünür ki, ordalılar “Kim güclüdür o da haqlıdır” prinsipi ilə yaşayırlar. Elə səfirlərin hüzurundaca Tinibəyin qardaşı Canıbəy əlindəki təsbehlə qardaşını boğub öldürür və onun yerinə şah olur. Onlar üçün adam öldürmək bir növ zövqdür, xüsusilə əsirləri öldürərkən özəl ayinlər keçirirək öldürürlər. Onlar canlı atın boynunu deşərək qanını içirlər, yeməkləri kababdır, zövqləri içki və qadın. Bir sözlə bizim gözümüz önündə qaydaları olmayan, barbar və amansız bir dünya canlanır.

Orda minlərlə savadsız insan, tonlarla silah, at ilxıları ilə dolu bir ölkədir, onların öz prinsipləri var yad olan hər kəsi öldürmək, önünə çıxan var-dövləti talamaq, torpaq işğal etmək, əsir gətirmək. Və filmdə bu ustalıqla əks olunub. Özü də bu film kifayət qədər böyük sayda türkdili əhaliyə sahib Rusiyada və dövlətdən maliyyələşən kilsənin sifarişi ilə çəkilib.

Filmin süjet xətti Ordanın baş xanımı Taydulanın gözünün qəflətən tutulması və oğlu Canıbəyin onun gözünü açdırmaq üçün yollar axtarması, müxtəlif cadugərlərin, şamanların yardımına müraciət etməsiylə başlayır. Ancaq Taydulanın gözü açılmayanda Canıbəy qonşu Moskva knyazlığının metropoliti şəfaçı Aleksey Atanı ölkəsinə gətirtdirir. Ondan möcüzə etmək tələb olunur. Di gəl, Aleksey ata da Taydulanın gözlərini açmaq üçün ha çalışsa da faydasız olur.

Bundan sonra Mitropolit Aleksey xan tərəfindən saraydan qovulur və dolayı yolla, sirli bir əllə çoxlu əzablara məruz qoyulur, ona verilən əzabların məqsədi Mitropolitin tamam ümüdsüz durumda Tanrıdan üz döndərəcəyinimi, yoxsa əzablarla mənəvi saflaşıb inancını daha da möhkəmləndirəcəyinimi müşahidə etməkdir. İndiyədək bayar (rus əsilzadəsi –red) həyatı yaşamış Aleksey təhqir olunur, aclıq çəkir, soyuqda qalır, ağır işə məcbur edilir, intihara cəhd edir, ancaq Tanrıdan üz döndərmir. Onun mənəvi saflaşmasının digər ucu Taydulaya toxunur. Taydula sanki Alekseyin Tanrıyla bağı möhkəmləndikcə sağlamlığına qovuşur və gözləri açılır. Film vasitəsilə rejissor “İnsan Tanrının köməyilə insana şəfa verə bilməz, ancaq Tanrı insan vasitəsilə insana şəfa verər” həqiqətini təsdiqləməyə çalışıb.

Buna da bax: Gürcü kinosunda Şah Abbas qəddar və qaniçəndir

"Orda" filmi üçün qurulmuş dekorasiya.
"Orda" filmi üçün qurulmuş dekorasiya.

Filmin ideyası gözəldir ancaq çəkilişi haqda bunu deyə bilmərik, belə ki, filmdə aydınca hiss olunur ki, film tələsik və dekorasiya, kostyumdan qənaət edilərək çəkilib. Düzdür film üçün 1000 dəstdən çox kostyum tikildiyi və Astarxan vilayətində Saray-Batu şəhərinin kiçik maketi düzəldildiyi deyilri. Ancaq öz dövründə dünyanın böyük bir hissəsinə hökm edən Qızıl Orda dövlətinin paytaxtının kiçik, görkəmsiz, aclıq və səfalət içində can verən bir şəhər kimi təsvir olunması qeyri-peşəkarlıqdan xəbər verir. Məsəlçün dünyanın bir çox zəngin ölkəsinə yürüşlər etmiş, çoxlu ölkələrdən vergi alan Qızıl Orda xanının görkəmli sarayı yoxdur, o ölkəni çadırdan idarə edir. Bəs görəsən ordalılar topladıqları var-dövlət hara gedib? –deyə tamaşaçı özü-özünə sual verir.

Və yaxud tarix kitablarında bizə çoxlu xalqlara hökm edən bir dövlət kimi göstərilən Qızıl Orda, “Orda” filmində monokultura kimi göstərilir, bu ölkəyə düşən hər kəs ya kölə olur, ya da öldürülür. Film müəlliflərinin fikrinə görə ordalılların sarayı, məktəbi, dini, mədəniyyəti olmayıb, onlar ancaq vuruşmaq və kef çəkməklə məşğul olublar. Bu yanaşma isə məncə özü tarixə fanatik və nifrət dolu baxışdır.

Sonda onu demək lazımdır ki, "Orda" filmi tatarların tarixindən bəhs etsə də filmdə tatar miliyyətindən olan cəmi bir nəfər çəkilib, o da Taydula rolunu oynayan Roza Xayrullinadır. Ordalı rolunda oynayan qalan aktyorlar isə rus, qazax və yakut miliyyətinə məxsusdur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG