Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:41

O, Azərbaycanda geniş bir riyaziyyat hərəkatı yaratmaq istəyirdi


-

"Dunyanin qabaqcıl universitetləri indi bu bölgələrdən olan riyaziyyatçılarla doludur. Təəssüf ki, Azərbaycanda bu baş vermədi…"

"1996-ci ildə universiteti bitirib Azərbaycanı tərk etdim..."

"Kimsə nə vaxtsa bir yaxşı iş görür və biz bu işin məhsulunu onilliklər ərzində dəririk, bəzən fərqində də olmuruq ki, bəhrələndiyimiz mənbə elə-belə başa gəlməyib..."


Azər Əhmədov

(ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin azərbaycanlı riyaziyyat professorunun təhsilin həyatımızda rolu haqda uğur hekayəsi)

Müəllimim Rafil İmanovun xatirəsinə

Azər Əhmədov
Azər Əhmədov

Rafil müəllimi ilk dəfə 1985-ci ildə, mən 4-cü sinifdə oxuyarkən, Bakının Xətai rayonunda riyaziyyat üzrə kecirilən olimpiadada görmüşdüm. Rafil müəllim rayonun aparıcı müəllimi və rayon olimpiadalarının da əsas təşkilatçılarından biriydi.

Hətta yadıma gəlir ki, həmin il olimpiada Əhmədlidəki 48 saylı məktəbdə keçirilirdi.

Mən o il olimpiadada zəif çıxış eləmişdim və Rafil müəllimlə də heç vaxt ünsiyyətim olmamışdı. Sonrakı il, 5-ci sinifdə oxuyanda, yenə zəif çıxış etdim; yalniz 6-ci sinifdə 3-cü yeri qazana bilmişdim və 7-ci sinifdə oxuyanda (1988-ci ildə), nəhayət ki, 1-ci yerə çıxmışdım.

Minlərlə tələbənin taleyi

Mənim bir neçə il ard-arda yer tuta bilməməyimin bir səbəbi də oydu ki, həmin vaxtlar rayonda çoxlu sayda hazırlıqlı şagirdlər vardı, bu şagirdlərin bir çoxu elə Rafil müəllimin sinfindən çıxmışdı, onları qabaqlamaq asan deyildi.

Bu səbəbdən mənim uğurum bir az təəccüblə qarşılanmışdı və Rafil müəllim bizim məktəbə xəbər göndərmişdi ki, gəlib mənimlə görüşmək istəyir. Mənə, daha dogrusu, dedilər “gəlir ki, səni yoxlaya, görsün ki, doğrudan da birinci yerə layiqsən, yoxsa yox. Səni yoxlayacaq, hazırlaş!”

Bir gün dərsdən çagırdılar. Sadə geyimli birisiydi, mənə baxdı, bir az istehza və bir az da mehribanlıqla, Zöhrə müəllimədən və Zübayil müəllimdən “budur o şagird?” soruşdu. Rəhmətlik Zübayil müəllim də uzun illər rayonun qabaqcıl müəllimlərindən olmuşdu, mənə yox, bizimlə paralel sinfə dərs deyirdi, amma hər zaman mənimlə maraqlanırdı. Artıq yaşlıydı və olimpiadaların təşkilində iştirak etmirdi. Amma həmin il gəlmişdi olimpiadaya; mənə dedi: “Ürəyim durmadı, gəldim!”

Zübayil müəllimin olimpadada görünməsinə görə hətta söz də çıxmşdı ki, bəlkə o kömək eləyib mənə, amma yenə də tam əminəm, heç kəs onun ləyaqətinə zərrə qədər şübhə etmirdi, sadəcə bəlkə düşünübulər ki, ola bilər, yaşlı kişidir, ürəyi durmayıb…

Rafil müəllimlə həmin gün 2 saata yaxın söhbət elədik. Məndən soruşurdu ki, hansı kitabları oxuyursan, nəylə maraqlanırsan, gündə neçə saat məşğul olursan və sairə…

Şimali Dakota Dövlət Universiteti
Şimali Dakota Dövlət Universiteti

Çox tez də məsələlər verməyə başladı, mən də həll etməyə çalışırdım, həll edə bilməyəndə narahat olurdum ki, indi nə fikirləşəcək?

Amma sohbət uzandıqca anlayırdım ki, yeganə məqsədi mənimlə maraqlanmaq, məsləhət vermək, mənə kömək eləməkdir.

Həmin söhbətdən sonra, mübaliğəsiz deyirəm, dünya artıq başqa cür görünürdü mənə. Bir neçə gündən sonra Rafil müəllim artıq valideynlərimlə də əlaqə saxlamağa başlamışdı, artıq mütəmadi olaraq onun diqqətini üzərimdə hiss edirdim.

Hətta həmin il Rafil müəllim mənə xüsusi icazə də aldı ki, 8-ci siniflər üzrə respublika olimpiadasında iştirak edim (respublika olimpadası 8-ci sinifdən baslayırdı, 7-ci siniflər üzrə keçirilmirdi).

O olimpiadada da zəif çixiş elədim, amma növbəti il, respublikada 1-ci yerə çıxdım.

Olimpiada (açılış-bağlanış mərasimləri, yarışın özü, müzakirələr və s.) 4-5 gün çəkirdi. Bu günlər ərzində Rafil müəllim çox zaman mənim yanımdaydı, qalib olmağımın xəbərini də məndən əvvəl o öyrəndi. Xatırlayıram necə sevinirdi…

Sonrakı illər (orta məktəbin son illəri və universitetdə oxuduğum ilk il) tez-tez Rafil müəllimlə görüşürdüm. Bu arada riyaziyyat institutunda və universitetdə bir neçə qabaqcıl riyaziyyatçıyla ünsiyyətim yaranmışdı, artıq Rafil müəllimdən başqa da bir neçə adamın daimi diqqətini hiss eləyirdim üzərimdə.

Sonra çətin illər başladı; Qarabağda müharibə illərində artıq təhsillə maraqlanan da az idi. Ünsiyyətdə olduğum riyaziyyatçıların da çoxu ölkəni tərk eləmişdi. Mənim bütün baş verən hadisələrin fonunda yenə də riyaziyyatla maraqlanmağa davam etməm ətrafımdakı bütün insanlar tərəfindən kinayə və istehzayla qarşılanırdı.

Belə çox ağır günlərin birində Rafil müəllimlə görüşümüzü xatırlayıram, mənə qarşı həmişəki sevgisini və mehribanlığını hiss etməklə bərabər, həm də çox məmnun olurdum ki, Rafil müəllim elə həmin adamdır, bu ağır illərin sınağına çox möhkəm davam gətirir.

1996-ci ildə universiteti bitirib Azərbaycanı tərk etdim. İtaliyaya doktoranturaya imtahan verməyə getdim. Yadıma gəlir ki, Rafil müəllim müəyyən məbləğlə gəlmişdi bizə, “filan qədərini borc aldım, filan qədəri də öz payım…”

Yaxasını kənara çəkməzdi heç vaxt.

Onunla son görüşümüzü də çox yaxşı xatırlayıram. Mən 2001-ci ildə Bakıya istirahətə gəlmişdim. Səməd Vurğun adına bağda görüşdük, “indi Müsavat partiyasının qurultayından gəlirəm" - dedi.

Rafil müəllim 89-cu ildən aktiv şəkildə o dövrdəki milli hərəkata qoşulmuşdu, yaxasını kənara çəkməzdi heç vaxt.

Amma bu yazımda mən onun başlatmaq istədiyi başqa bir hərəkat haqda yazmaq istəyirəm. 1990-ci ildə Rafil müəllimin riyaziyyat jurnalı yaratmaq təşəbbüsü vardı. Hətta bu təşəbbüsü müəyyən qədər də reallaşdıra bildi, riyaziyyat qəzeti dərc etdirməyə başladı. Qəzetin bir neçə nömrəsi çap olundu, mən də bu qəzetin ilk müəlliflərindən biri oldum.

Şimali Dakota Dövlət Universiteti
Şimali Dakota Dövlət Universiteti

Amma Rafil müəllim daha iri miqyasda iş görmək, talantlı şagirdləri riyaziyyata cəlb etmək, geniş miqyasda bir riyaziyyat hərəkatı yaratmaq istəyirdi. Bunun nümunələri köhnə SSRI-nin müxtəlif bölgələrində, Leninqradda, Latviyada, Ukraynada, habelə İranda və digər ölkələrdə vardı, o vaxtlar bu haqda məlumatlıydıq.

Mənim yadıma gəlir ki, Rafil müəllim Riyaziyyat İnstitutunda və BDU-da görüşlər keçirirdi, təəssüf ki, yetərincə dəstək ala bilmədi. Bu işlə məşğul olmağa həvəskarlar tapa bilmədi.

Adlarını sadaladığım bölgələrdəki riyaziyyat hərəkatları isə, cəmisi 10-15 ilin içərisində öz bəhrələrini verdi, dunyanin qabaqcıl universitetləri indi bu bölgələrdən olan riyaziyyatçılarla doludur. Təəssüf ki, Azərbaycanda bu baş vermədi…

Amma Rafil müəllimin pedagoji fəaliyyəti çoxcəhətliydi və sözün həqiqi mənasında ümumi bir təhsil hərəkatının rəhbəriydi. Öz fəaliyyəti ilə minlərlə tələbəsinin taleyinə təsir göstərmişdi, yüzlərlə çox istedadlı gəncləri riyaziyyat və yaxın texniki sahələrə yönəldib, onların bu sahədə ilk bələdçisi olmuşdu.

Yazının bu yerində mən iki haşiyə çıxmaq istəyirəm:

1. Mənim 4-8-ci siniflərdə oxuduğum 194 saylı məktəb, o illərdə, heç bir ad-sanı olmasa da, olduqca güclü bir müəllim kollektivinə malik idi. Əksər fənlər üzrə bir və ya bir neçə müəllim rayon səviyyəsində tanınan çox hazırlıqlı müəllimlər idi.

Şəhərdəki əksər məktəblərdə təhsilin çox aşağı səviyyədə olduğunu gördükcə öz-özümə sual verirdim ki, bizim məktəbdəki sağlam və güclü kollektivin səbəbi nəymiş?

Mən indi də alman dili, tarix, coğrafiya, kimya, biologiya, rus dili, ədəbiyyat müəllimlərimi minnətdarlıq hissi ilə xatırlayıram. Bu müəllimlərdən hətta gündəlik 5 qiyməti almaq belə, çox çətin idi…

Təəssüf ki, 80-ci illərin sonlarına doğru bu komanda artıq əsasən mövcud deyildi. Sonralar, şəhərdəki əksər məktəblərdə təhsilin çox aşağı səviyyədə olduğunu gördükcə öz-özümə sual verirdim ki, bizim məktəbdəki sağlam və güclü kollektivin səbəbi nəymiş?

Çox illər sonra öyrəndim səbəbini: məktəbimizdə yaşlı bir riyaziyyat müəllimi vardı, Zəki müəllim. 60-ci illərdən o məktəbdə işləyib, uzun illər direktor olub və sən demə, o müəllim kollektivini də o toplayıbmış məktəbə.

Demək artıqdır ki, bu işi görmək təhsilə və elmə qarşi böyük sevgidən başqa, həm də yeri gələndə prinsipiallıq və təmiz qəlbli bir insan olmağı tələb edir…

2. Mənim uşaqlığımı keçirdiyim Cəbrayıl rayonunda çoxlu sayda savadlı alman dili müəllimləri vardı (söhbət 80-ci illərdən gedir yenə də). Hətta Bakının müxtəlif məktəblərində də əslən cəbrayıllı olan alman dili müəllimləri çox idi və mənə qəribə gəlirdi ki, bu qədər çox sayda və çox da savadlı alman dili müəlliminin olmasina səbəb nədir?

Bunun da səbəbini sonralar öyrəndim: rayonun mərkəzi məktəbində bir Oruc müəllim varmış, 50-ci illərdən rayonda alman dili dərsi keçirmiş. Onun tələbələrinin də çoxu Xarici Dillər Institutunu bitirəndən sonra qayıdıb rayonun müxtəlif məktəblərində çalışırmışlar. Oruc müəllimin fənni yaxşı tədris etməsi onilliklər ərzində öz bəhrəsini beləcə veribmiş…

Bu iki faktı xatrılatmamın səbəbi yəqin oxucuya aydındır. Demək ki, kimsə nə vaxtsa bir yaxşı iş görür və biz bu işin məhsulunu onilliklər ərzində dəririk, bəzən fərqində də olmuruq ki, bəhrələndiyimiz mənbə elə-belə başa gəlməyib, hətta mənbəni də tamamilə unudaraq.

Rafil müəllimin də zəhməti növbəti onilliklər ərzində öz bəhrəsini verməkdə davam edəcək! Əlbəttə, çox-çox insan onu unutmayacaq, amma çoxları da, gələcək nəsillər, bəlkə heç adını da bilməyəcək və bəlkə bir gün, artıq təhsillərini başa vurandan xeyli sonra, mənim kimi, maraqlanacaqlar ki, bəhrələndikləri məktəb, mühit, təhsil ənənələrinin əsası kim tərəfindən qoyulub?..

…Onun son illərdə xəstəlikdən əziyyət çəkdiyini eşitmişdim, amma təəssüf ki, səhvən tam sagaldığını düşünürdüm. Bu üzdən əziz müəllimimlə onun həyatının son aylarında əlaqə saxlamadığıma çox üzülürəm. Özümü həmişə ona borclu saymışam.

Noyabr, 2014

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG