Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:17

Elşən Böyükvənd. Arazın o tayında kimlik müzakirələri


Elşən Böyükvənd
Elşən Böyükvənd

-

"Arazın o tayında Türklük kimliyinə artan marağın bir tərəfi pan-iranizm və pan-farsizm ideologiyalarına reaksiya kimi ortaya qoyulubsa, bir tərəfdən də Türkiyə dövlətinin günü-gündən artan siyasi-ictimai, iqtisadi, ədəbi və media gücünün təsiridir."

"Heydər Əliyev dilimizin adını dəyişdirməklə kimliyimizdə yaranmış qarğaşa və gərginliyə Stalin və Pəhləvilərdən daha çox məsuliyyət daşıyır, məncə."

"Ziya Göyalp “Türkçülüyün Əsasları” kitabında Türkçülüyün Rusiyadakı nümayəndələrini göstərmək istədiyi zaman Axundovun adını çəkir. Əcəba! Axundovun siyasi ideologiyasının harasında Türkçülük elementlərini tapmaq olar?"


Elşən Böyükvənd

KİMLİK MƏSƏLƏLƏRİ

GİRİŞ: Düşüncə otağımızı isidən mövzulardan biri yazarların hansı ədəbiyyata məxsus olması və kimliyimizi izah etmək mücadiləsi olduğuna görə, bu barədə düşüncələrimi əziz oxucular və dəyərli qələmdaşlarla bölüşüb-paylaşmağı amaclamışam.

Ana Dilində yazmamaq, yaxud iki və daha çox dildə yazmaq məsələsi Qərb ölkələrində olduğu kimi, Şərq ölkələrində də görünən məsələdir.

"Güney Azərbaycan"da 1991-ci illərə qədər təkcə 5 cild boşqaba qoymalı roman kitabının olmamasının əsas səbəbi Rza Bərahəni, Səməd Behrəngi və Q.H.Saidinin bacarıqsızlığı, laqeydliyi və Ana Dillərinə “sevgi və şüur” bəsləməməkdə görmək, İranın çağdaş siyasi-ictimai tarixini yaxşı oxumamaq və bu məsələyə qərəzli və qeyri-elmi yanaşmağın nəticəsidir, məncə.

Yuxarıdakı tarixə qədər (1991-ci ilə qədər) Ana Dilimizdə roman yazmaq istəyən yazıçı Türk dili dənizində dalğıclıq etməli idi, Amma Pəhləvilərin Ana Dilimizə tutduqları divan içində roman yazmağa heç bir imkanıın olmaması və roman kitablarının yoxluğunu unutmamalıyıq.

Pəhləvilər dönəmində quzey şeiri və nəsrinin seyrək və adda-budda şəkildə dövlət qurumları nəzarəti altında gətirilib kitabxanalarda saxlanması ilə ədəbi cərəyan yarana bilməzdi. Sıxac altında qalmış dilin yaradıcılıq gücü zəif və fikri yaddaşının kitabxanası kasad olar.

Enis Batur (Türkiyəli yazar) "Ana dil, Ögey dil və Ötəki dil” başlıqlı məqaləsində Dante, Petrarch, Emil Cioran, Samuel Beckett, Ezra Pound, Vladimir Nabokov, Joseph Conrad Milan Kundera kimi (öz Ana Dillərində yazıb-yazmayan, ikidilli və çoxdilli yazrlardan danışır) amma, Güney Azərbaycan yazıçıları kimi yazısından öfkəli bir qoxu duyulmur.

O, Osmanlı dövrü və çağdaş Türkiyə yazarları barədə danışırkən məsələyə ideoloji xarakter verməkdən çəkinir. "Güney Azərbaycan"dan fərqli olaraq, hər iki dövrün yazarları (Osmanlı və yeni Türkiyə dövrü) öz ana aillərində təhsil almaq imkanından məhrum olmadığına heç bir şübhə yoxdur (1).

Enis Baturun məqaləsini oxuyandan sonra, ona, ana dilində yazıb-oxumaqdan məhrum olan insanı və daha dəqiq ifadə ilə desək, Ana Dili yasaqlanmış insanı başqa dildə yazdığına görə məhkəməyə çəkmək olarmı? - sualını versəydim, yəqin ki Enis Baturun cavabı “yox” sözündən ibarət olacaqdı.

Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyov və Çingiz Abdullayev (hər ikisi rus dilində yazmış və tanınmış imzalardılar) Quzey Azərbaycan Yazarlar Birliyinin rəsmi üzvü olmaqla bərabər, Azərbaycanın Xalq yazıçıları fəxri adına layiq görülmüş insanlardır.

Çingiz Abdullayev
Çingiz Abdullayev

Bildiyim qədər, bu iki yazar ana dilimizdə heç bir ədəbi əsər yazmayıblar, amma bu iki yazıçı Quzey Azərbaycan yazarları kimi tanınırlar.

Qırğız ədəbiyyatının ən görkəmli fiquru, dünya şöhrətli romançı Çingiz Aytmatov, rus dilində yazmasına baxmayaraq, həmin ölkənin Xalq Yazıçısı olmaqla bərabər, bütün Türk dünyasının ən sevilən yazarlarından birinə çevrilibdir.

Çingiz Aytmatov
Çingiz Aytmatov

“Türk Dünyası Ortaq Ədəbiyyatı” kitabının yazarı Prof.Ərtoğrul Yaman, Ç.Aytmatov haqda yazır:

”Aytmatov, yalnız Qırğız türklərinin deyil, bütün Türk dünyasının adlı yazarıdır. Əsərlərində bütün türklərə aid tarix, mədəniyyət, gələnək, fəlsəfə və estetiyi anlatmaqdadır (2)” və “Onun əsərləri, Türk düşüncəsini zirvəyə qaldırmış və cahanşumullaşdırmışdır. O, ədəbiyyat dünyasının abidə şəxsiyyətlərindən biri olmağa layiqdir (3)”.

Daha bir nümunə verəlim, "Güney Azərbaycan"ın dünya şöhrətli yazarı, sayın

Reza Baraheni
Reza Baraheni

Prof. Rza Bərahəninin əsərləri məzmununu qavraya və yaxud qavramaq istəməyənlərin əksinə olaraq, Fransa ədəbiyyatının “Qadın James Joyce” adıyla məşhur olan Helene Sixous, sayın Bərahəninin “Ayazın duzəxli günləri” romanını oxuduqdan sonra öz düşüncəsini bu cümlələrlə ifadə etməyə çalışmışdır.

Hélène Cixous
Hélène Cixous

Roman oxumaq həyatında yeni bir əsəri bulmaq, çox çətin və nadir bir hadisədir, bir sevgili ölünün qəbirdən baş qaldırıb dirilməsi kimi bir şeydir. O gün, insan, ədəbiyyatın həqiqi gücünə inanır. Məncə, hər 10, ya da 5 ildə dünya ədəbiyyatında belə bir hadisəyə tanıq ola bilərik. Mən üçün qiyamət günü idi.

"Ayazın Duzəxli Günləri" romanını oxuduğum zaman elə bir günü yaşadım. Duzəxin özünü təcrübə etdim. Əsl cəhənnəm idi. Belə əsərləri oxumaq mən üçün dözülməzdir. Yazarın iç dünyasından qaynayıb axan əsəri oxumaq mənə işgəncə verir. Bax, Rza Bərahəninin bu əsəri mənə duzəxin nə olduğunu yaşatdı. Rzanın duzəxi gözəl və baxımlı bir saraydır, İran, Türk və Qərb arxivləri ilə doludur. Ensiklopedik bilgilər və xatirələr yığınıdır, başlanğıcı moderndir. Cəhənnəm deməli idim, gözəl cəhənnəmlər, niyə ki, Rza dünyasının hər tərəfindən cəhənnəm alovlanır. Dustaqların şeirini yazır və ailədə baş verən cinayətləri. Rza çox böyük şair və xəyal sevər bir müəllim olmaqla bərabər, ədəbiyyat insanıdır. O, dünya söz sənəti sehirbazları və yeni azadlıq yaradıcıları cərgəsinə daxildir (4) “.

Fransanın böyük feministi və yazıçısı olan Helene Sixous, Rza Bərahəninin əsərlərindəki Türklük məzmunu və məfkurəsini sezirsə, nədən bizim bir sıra yazarlarımız bunu sezə və yaxud qavramaq istəmirlər?

Rza Bərahəninin “Ayazın Duzəxli Günləri” romanını Fransada Jean Genet və James Joyce kimi yazarların əsərləri ilə müqayisə ediblər və tanınmış mütəfəkkir Julia Kristeva bu əsəri oxuyanda heyrətə dalıbdır.

Bu roman 1970-ci ildə yazılıb bitməsinə baxmayaraq, Rza Bərahəninin Təbriz ləhcəsində yazdığı türkcə nəsri daşımaqla yanaşı, Səməd Behrənginin Araz çayında şübhəli ölümünnü da əks etdirməkdədir.

Roman ikinci Pəhləvi dövründə Əmirkəbir nəşriyyatında basıldıqdan sonra bütünü ilə məhv edilmiş və yalnız bir nüsxəsi yazıçının özündə qalmışdır.

Səməd Behrəngi
Səməd Behrəngi

Bir çox Güney yazarları bu kitabı tapa bilmədikləri üçün (son zamanlar romanın PDF forması internet saytlarında geniş şəkildə yayıldı. Ancaq, yazarın özü və ailəsinin bu əsərin elektoron formasının necə üzə çıxmasından heç bir məlumatları yoxdur) bu romanın (Təbriz ləhcəsində) Səməd Behrəngiyə görə yazılan parçasının qısa bir nümunəsini verməyi lazımlı görürəm.

“İntiqamüvi o quldurlardan alacağam, intiqamüvi Mahmudun dırnaxlarınnan eşiyə çəkəcağam! Aş qulaxlarüvi eşit, Səməd! Mahmudun ürəyinin başında bir yer var ki mənim qəməmin ucu üçün yaranıb. Mən bir əlli vurrmuyacağam bu qəməni, iki əlli, möhkəm, elə ürəyinin başınan nallıyacağam ki sinəsində ürəyi qırx yerə bölünsün Səməd. Otuz ildi bu qəməni itildirəm. Dədəmin, dədəmin dədəsinin, dədələrimin, qərdəşlərimin intiqamını Mahmutdan alacağam. Min ildi, nə! Səməd! iki min ildi, hətta üş min ildi bu götverənlər, bu Ana bacıların sikdixlarım, bizim boynumuza miniblə, deyillə hin eşşəyim bu yana, hin eşşəyim o yana. Ağızlar bağlıdi, zindanlar doludi. Hər ağzın bacasının qabağında , bir quldur, qurumsax qəzzax durub keşik verir. Kaş ölməyəydün Səməd, göreydün ki mən bu qəməni nə üçün itiltmişəm. Baxdıxcan bu qəmiyə, özümdə qorxuram Səməd”(5)

İllər öncə, Muğanın ədəbi dərnəyində eşitdiyim bir söz yenə də gözlərim önündə qabarmağa başladı. Divan ədəbiyyatımız haqda danışarkən və özəlliklə Füzuli barədə düşüncələrimizi bir-birimizlə bölüşdüyümüz zaman bir dostumuz belə bir ifadə işlətmişdi:

“O şərəfsiz Füzulidən danışmayın, mən onu Azərbaycan şairi kimi görmürəm, niyə ki , O Türk dilində deyil, Ərəb və Fars dillərində yazıbdır”.

Bu sözü söyləyən dostumuz ədəbiyyata nə tarixi baxımdan, nə də ədəbi tənqid aspektindən yanaşmamışdı. O, aşırı millətçilik və usdışı bir baxışla Füzulini danmağa çalışırdı.

Azərbaycan ədəbiyyatının və türkcəsinin tarixi inkişaf prosesini, Füzulişunaslıqda, Füzulinin tam azərbaycanlılığı və Azərbaycan türkcəsində yazmasının mübahisəli olması, siyasi-ictimai və dini məsələləri araşdırmadan bütün Azərbaycan yazarları və ziyalılarını satqınlıq və ərəb-fars dillərinin qulluqçuları kimi görmək ən gülünc və qeyri-səmimi bir baxış kimi düşüncə və ədəbiyyatımızın yüksəlişinə heç bir pay verməyəcəkdir.

Füzuli, Nəsimi, Seyd Əzim Şirvani, Vahid, Axundzadə və başqa klassiklərimizi araşdırmaq üçün “Öz Türkcə” aspektindən deyil, bəlkə ədəbi tənqid gözlüyü arxasından ədəbi materialları tədqiq etməliyik.

Özünü türk və azərbaycanlı hesab etməyən şəxsi, yazarı və mütəfəkkiri azərbaycanlı kimi tanıtmaq düzgün deyil. Amma, O şəxsin bu həqiqəti danmağına baxmayaraq, o, yenə də azərbaycanlıdır, necə ki, heç bir alman Hitlerin alman olduğunu danmır, biz də Rza Xanın və M.R.Şah Pəhləvinin bir tərəfdən türk olduqlarını dana bilmərik (6). (Assimilasiya siyasətinə məruz qalmış insanı aydınlatmalıyıq, yoxsa boşlamalı?)

Azərbaycanlı və türkdilli olmaq öz özlüyündə nə böyük şərəfdir, nə də alçaqlıq. Azərbaycan insanı öz siyasi – ictimai, tarixi, ədəbi və düşüncə tarixi ilə fəxr edib öyünməlidir, məncə.

Yazarın hansı ədəbiyyata məxsus olması da çox mürəkkəb və nisbi bir anlayışdır. Füzuli, türk, ərəb və fars dillərinin daşıyıcısıdır və eyni halda ondan neçə yüz il sonra boya–başa çatan güneyli yazar Rza Bərahəni də fars, türk və ingilis dillərinin daşıyıcısıdır.

Rəhmətlik Səməd Behrəngi isə o dövrün diktatorluğu və anti-Azərbaycan siyasətinin qan əmici basqılarına görə Azərbaycan mühitini və folkolorunu fars dilində yazmalı olubdur.

Füzulinin bir ayağı Türk ədəbiyyatındadırsa, iki ayağı da Fars və Ərəb ədəbiyyatı içindədir. Rza Bərahəni də eləcə.

Bu hesabla “Gərçe canandan dili şeyda üçün kam istərəm, sorsa canan bilməzəm kami dili şeyda nədir?” (7) –“Eşq sərgəştəsiyəm seyli-sirişk içrə yerim, bir hübabəm ki həvadən doludur pirihənim” –“Dəhr vəqf etmiş məni norəs cavanlar eşqinə, hər yetən məhvəş əsiri xət-o xal eylər məni “- “Qəd ənarəl eşqi-lel üşaqi minhacəl hüda, Saliki rahi həqiqət eşqə eylər iqtida” (8) - misralarının yaradıcısı olan Füzulini hansı ədəbiyyata daxil etməliyik (bu sualımı Füzuli yaradıcılığına “Öz Türkcə” aspektindən yanaşanlara xitabən veririəm)?

Onun ərəb və fars dillərindən aldığı sözləri satqınlıq, farssevərlik, ərəbsevərlik hesabına qoyursunuz, yoxsa O dövrün siyasi-ictimai, tarixi, dini tələbatları və dilimizin tarixi inkişaf prosesi hesabına qoymalıyıq?

"Dədəm dədəm dədə Qorqud, dedik, dedik hamımız, və əl-ələ əl-ələ verdik və yolların hamısın bağladıq hezar sal ” – “ Bağın dibində sənin əksivi tapanda, o əksi, basanda bağrına gizlin, DİLİM! DİLİM! (deyen) ey heyf olmuşum, yazığım! Gözəl dilim, necə bağrımda yandı, lap külə döndü ” (9) - misraların yazarı olan Bərahəninin, ikinci Pəhləvi dövründən bu günə qədər "Güney Azərbaycan"ı və Ana Dilimizi müdafiə edib, şeir, roman və siyasi məfkurəsində əks etdirməsinə necə münasibət bəsləməliyik?!

Bir çox farsdilli yazarlar tərəfindən pantürkist damğasını İkinci Pəhləvi dövündən bu günə qədər öz alnında daşıyan yazarı necə dəyərləndirməliyik?

Məncə, Rza Bərahəni yaradıcılığının əsəas ana xəti və özüllərindən birini “HAKİM VƏ MƏHKUM DİLİN RƏVAYƏTİ “ təşkil etməkdədir (bu fikri "Güney Azərbaycan"da ilk dəfə olaraq mən yazıram və həmən bu fikrimi sayın Bərahəniyə görə yazacağım məqalədə daha ətraflı və geniş surətdə açqlamağa çalışacağam).

M.Fətəli Axundov
M.Fətəli Axundov

Türk dünyasının ilk dramaturqu hesab olunan M.F.Axundov Ana Dilimizin ilk peys yazarı və sekyularisti kimi Azərbaycan peysinin təməlini qoyan yazıçıdır.

Eyni halda Axundov əski İran tarixinin heyranı və Modern Fars Millətçiliyinin təməlini qoyanlardan biri və ən ünlüsüdür (10).

Ziya Göyalp “Türkçülüyün Əsasları” kitabında Türkçülüyün Rusiyadakı nümayəndələrini göstərmək istədiyi zaman Axundovu ad aparır. Əcəba! Axundovun siyasi ideologiyasının harasında Türkçülük elementlərini tapmaq olar?

Ziya Göyalp ya Türkçülük ideologiyası aspektindən Axundova bu adı verib, ya da M.F.Axundovun Ana Dilimizdə yazmasına görə onu türkçü olaraq dəyərləndiribdir.

Elə həmin kitabda Nazim Hikmətin adını da türkçülərin sırasına əlavə etmişdir (11). Bu hesabla, yalnız bir amillə (dil ya siyasi ideologiya amili ilə) yazarların hansı ədəbiyyata aid olmalarıni aydınlaşdırmaq əvəzinə bir neçə amillə bu məsələni ələ almaq Bütöv Azərbaycan ədəbiyyatı üçün daha əlverişli olacağını düşünürəm.

Bütöv Azərbaycan Ədəbiyyatı tarix boyunca neçə dildə irəliyə doğru qoşubdur. Ərəb, fars, rus, Azərbaycan türkcəsi (“türkcə” deyənlər də var, “Azərbaycanca” da) və başqa dillərdə bu millətin yazarları öz sənət əsərlərini yazıb, Azərbaycan Ədəbiyyatı arxivinə qoyubdular.

Quzey Azərbaycanın bir çox akademikləri Nizami Gəncəvi, Xaqani və Saib Təbrizini (türkcə şeirləri var) farsca yazan Azərbaycan ədibləri kimi görürlər və səhv etmirəmsə, sayın Prof.Cavad Heyyət də Nizaminin türksevərliyinə görə bir məqalə yazıb və Nizamini Azərbaycan şairi kimi tanıyır.

Bütün baxış fərqliliklərini qəbul etməklə yanaşı, yazarların hansı ədəbiyyata məxsus olmalarını onların azərbaycanlılığı, əsərlərinin məzmunu (hər bir dövrün ədəbi əsərlərinin məzmunu də unutmamalıyıq.

Misal üçün, Füzuli və M.Ə.Sabirin əsərlərinin mühtəvası bir birindən fərqli və dövrün siyasi-ictimai və dini atmosferinə cavab kimi ortaya qoyulub) və yazdıqları dil, yaxud dillər üzərində araşdırmağın ədəbiyyatımız üçün xeyirli olacağını düşünürəm.

Sosial Elmlərdə ədəbi və siyasi-ictimai məsələləri yalnız bir amillə araşdırmağın vaxtı çoxdan keçibdir.

Məşrutiyyət İnqilabının əsas amaclarından biri, Modern Millət terminini Rəiyyət termininin yerinə qoymaqdan ibarət olmuşdur. Məşrutə inqilabından sonra daha kəskin və qeyri-demokratik şəkildə Modern Millət terminini yüksəltmək və bərpa etmək üçün Birinci Pəhləvinin etdikləri, ənənə - modernizm toqquşması kimi təriflənməkdədir.

Pəhləvilərin modern millət anlayışı əsasən ayrıseçkilik, fars millətçiliyi, sekulyarizm, krallıq ənənələri, azad bazar iqtisadiyyatı, əski İran tarixi heyranlığı və hərbiçilik təməllərinin üzərində durduğu üçün İranın ənənə tarlasına od yaxmaq istəyirdi.

Məşrutə inqilabı zamanından bu günə qədər dəyişilməyən bir şey varsa, o da bütün intelektual, siyasi-ictimai, dini və ədəbi şəxsiyyətlərin modernizm-ənənə məsələsi üzərində qarşıdurmalarıdır.

Bu qarşıdurma hətta Şiə məzhəbinin o çağkı öndərlərini də ayrı-ayrı cəbhələrə böldü. Pəhləvi modernizminin hakimiyyəti dövrü həmin qüvvələrin çaxnaşması kimi görülə bilər, niyə ki, İran İslam İnqilabının əsas ideologiyası, Pəhləvi Modernizmi proyektinə böyük zərbə vurmaqla, radikal İslam (Şiə) ideologiyası alternativini İrana hakim etdi (Pan-İranizm və Pan-Farsizm ideologiyalarını içərisində daşımaqla birlikdə). Hüseyn Bəşiriyyə belə düşünür ki, pəhəvi modernizmi ənənə, məzhəb və etnik qurupları əritmək və silmək istədiyi üçün çox güclü və köklü bir dirənişlə üz bə üz oldu (12).

Kimlik məsələsini hər tərəfli şəkildə izah etmək, daha geniş və daha böyük məqalə yazmağı tələb edir. "Güney Azərbaycan"da kimliyimizi yalnız tarixi və milli aspektdən araşdırığımıza görə bu məsələ hələdə münaqişəli olaraq qalacaqdır, neyçün ki, kimliyimiz dövlət kimliyinə sahib olmayıbdır.

Bu məsələ ilə əlaqədar Dr.Branda Shaffer “Sərhədlər və Qardaşlıq” kitabında Quzey Azərbaycan ziyalılarının öz kimlikləri və dillərinin adını aydınlaşdırmaq mücadilələrini xronoloji bir baxışla açıqlamağa çalışıbdır. Həmin yazılara istinadən bizim milli və tarixi kimliyimiz müsəlman, azərbaycanlı, Azərbaycan türkü və türk arasında enişli-yoxuşlu bir yol keçib (13). Bayrağımızdakı üç milli, dini və tarixi rəng isə M.Ə.Rəsulzadənin Türkləşmək, İslamlaşmaq və Müasirləşmək düşüncəsinin məhsuludur.

Məncə, Qatqısız və xalis kimliyi axtarmaq əbəs və anlamsız bir şeydir. Güney azərbaycanlı filosof Dariyuş Şayqan demişkən, bizim kimliyimiz qırx yamaqlı bir kimlikdir, bu kimlik tarix boyunca formalaşıbdır və başqa millətlərdə olduğu kimi, qatqısız və xalis kimlik yoxdur. Daha dəqiq ifadə ilə desək, biz Azərbaycan Türkü olmaqla yanaşı, bir tarixi yaddaşın daşıyıcılarıyıq. Bu tarixi sovxa bu günə qədər bizim kimliyimizi formalaşdırmaqdadır və yenə də bu proses öz axarında davam edəcəkdir.

İslam dini kültürü, şiə inancı və yaşam biçimi, fars, ərəb, rus, İstanbul türkcəsi dilləri, qərb kültürü, ümum şərq kültürü, iran kültürləri və quzey azərbaycanın avropalılaşmaq siyasəti və rus mədəniyyəti, güney və quzey azərbaycanı çulğalayan qloballaşmaq dalğası və başqa amillər dünəndən (tarix boyunca) bu günə və sabaha qədər bizim kimliyimiz və dünya görüşümüzü öz təsiri altına alacaqdır.

Quzey azərbaycan, Türkiyə və Güney azərbaycanlı ziyalıların kimlik məsələsi üzrə çox paradoksal və ziddiyətli fikirləri vardır. Cəmil Meriç “Batıya Qaçış” ünvanlı yazısında Türk Yurdu dərgisinin tanınmış yazarlarından biri və “üç mədəniyyət” kitabının müəllifi olan Əhməd Ağaoğlunu aşırı qərbçiliyinə görə tənqid atəşinə tutur. Ağaoğlu, türk uşaqlarına və gənclərinə Türk ədəbiyyatı yerinə Avropa ədəbiyyatının öyrədilməsinin daha təsirli olacğını düşünürmüş. Ağaoğlunun bu düşüncələrini qəbul etməyən Meriç, Əhməd bəyi ömrünün sonuna qədər türk ədəbiyyatını öyrənə bilmədiyi üçün tənqid edərək onu Türk İslam Mədəniyyətni və Osmanlı dövrünü tanımamaqda ittiham edir (14).

Millət tərifini hansı amillərə dayanaraq açıqlamağa gəlincə, bunu deməliyk ki, Millət tərifini açıqlamaq, Siyasət Bilimində hansı siyasi fəlsəfənin bulağından su içməyimizdən nəşət alacaqdır. Böyük Fransa İnqilabından sonra “vahid bir dövlətin qanunları və ərazi içərisində yaşayan insani topluluğa Millət adı verildi.”

Alman Siyasi Fəlsəfəsinin o zamankı qabaqcıllarındən sayılan Fixte və Novalis isə milləti əsasən ortaq dil və kültür mütəvisində izah etməyə çalışmışdılar.

Bu arada, üçüncü bir baxış kimi ortaya qoyulan bir baxış da var, bu baxış yuxarıdakı hər iki baxışı ethiva etməklə birlikdə Ernest Renanın ortaya qoyduğu baxışdır. Renana görə Millət adlana biləck xalq, əsaən birlikdə yaşamaq iradəsinə sahib olan və ortaq dərdlərin daşıyıcıları kimi tanınanlardır. Renanın baxışı yuxarıda kı hər iki baxışı özündə daşımaqla üçüncü baxışı təklif etməyə çalışmışdır (15).

Dilimizin adına gəlincə, Füzuli, Axundov, Şəhriyar, Sabir, Cəlil Məmmədquluzadə, Cavid və başqa yazarlar “Türk dili” deyiblər, “Azərbaycanca” deyil. Dədə Qorqud kitabını qələmə alan katib “lisan-i Oğuzan” sözünü işlədib, yəni oğuzların dilində yazılmış əsər, Azərbaycan Dili deyil.

Doğrudur, Quzey Azərbaycanda 19-cü yüz illiyin ikinci yarısından başlayan kimlik mücadiləsi , yazarlar, mütəfəkkirlər və qəzetçilər arasında neçə baxış ortaya qoydu. O dövrkü yazarların siyasi ideologiyaları baxımından, ana dilimiz Türkcə və Azərbaycan Türkcəsi dili kimi adlandırlmışdır və bir sıraları yuxarıdakı adları anlamdaş (sinonim) adlar kimi də istifadə edirdilər.

O zaman dilimizin İstanbul türkcəsinə yaxınlaşmasını təklif edən yazarlar və siyasi-ictimai xadimlərimizin də sayı az deyildi.

Sovet dövründə isə bizim ana dilimizə Türk, Tatar , Azərbaycan və Azərbaycan Türkcəsi adları verilmişdi.

Rəhmətlik Əbülfəz Elçibəy zamanıda ana dilimizə Türk adı verildi. Kimlik məsələsi, siyasi ideologiya və dövlət mütəfəkkirləri təsirindən uzaqda qalmadığı üçün onu tərəfsiz araşdırmaq çox çətinləşmişdir.

Rəhmətlik Elçibəydən sonra Heydər Əliyev dilimizin adını dəyişdirərək Azərbaycan dili terminini yenidən siyasi-ictimai mühitə gətirdi (bu adı Quzey Azərbaycan xalqı referendumla seçdi) və bu arada öz siyasi görüşləri aspektindən dilmiz üzərində fikir yürütməyə başladı. Heydər Əliyev dilimizin adını dəyişdirməklə kimliyimizdə yaranmış qarğaşa və gərginliyə Stalin və Pəhləvilərdən daha çox məsuliyyət daşıyır, məncə. Çünki onun bizə vurduğu zərbəni nə Stalin vura bilmişdir, nə də Pəhləvilər. Əliyev türk kimliyini Azərbaycan insanından almaqla kimlik gərginliyini daha da gərginləşdirmişdir.

Nizami Cəfərov
Nizami Cəfərov

Bu arada, “Azərbaycan türkcəsi”, “azərbaycanca” və “türk dili” adını müdafiə edən aydınlar və yazarlar da az deyildi. Bu məsƏlə o dərəcədə qarışıqdır ki, 1994-cü ildə Azərbaycan Türkcəsi, Azərbaycan Türk dili və Azərbaycan Türk Milləti terminlərini müdafiə edən Prof. Nizami Cəfərov sonralar dövlət ideologiyasının (YAP-ın Azərbaycan Dili və Azərbaycan Milləti terminini nəzərdə tuturam) rəsmi təbliğatçısına çevrilmiş və Azərbaycan dilini ətraflı şəkildə müdafiə və izah etməyə çalışmışdır. Baxmayaraq ki, Prof. Nizmai Cəfərov 1994-cü ildə yazdığı “Azərbaycan, Azərbaycan Türkcəsi və Türk dili” ünvanlı məqaləsində Azərbaycan Dili və Türk Dili terminini tənqid edərək Azərbaycan Türkcəsi və Azərbaycan Türk dili terminini bəlli dəlillərə söykənərək müdafiə etmiş və Türk Dili (Türk Milləti və Dövləti) və Azərbaycan Dili (Azəbaycan Milləti və Dövləti) terminlərinin problemlərini açıqlamağa çalışmışdır.

Nizami Cəfərova görə, Azərbaycan Dili termini Sovet hakimiyyətinin o çağkı Azərbaycan Dil Qurumuna diktə etdiyi addır və 1930-cü ildən etibarən Sovet ideologiyası tərəfindən Quzey Azərbaycan dilçilərinə təklif və diktə edilmişdir (16).

Nizami Cəfərovun1994-cü ildə yazdığı məqaləsini oxumağı bütün dostlara təklif edirəm, niyə ki, hörmətli Nizami Cəfərovda bu məqaləni yazandan bir neçə il sonra Sovet ideologiyasi yerinə YAP ideologiyasının təbliğatçısına çevrilmiş və həmin məqaləsindəki bütün fikirləri təmamilə dəyişdirmiş, yaxud dəyişdirməyə məcbur olunmuşdur.

Cəfər Pişəvərinin heykəli
Cəfər Pişəvərinin heykəli

S.C.Pişəvərinin siyasi-ictimai düşüncəsinin formalaşmasını izlədiyimiz zaman, onun Quzey Azərbaycanda olduğu illərdə Türk Proletarı, Türk Dili, Türk Ədəbiyyatı, Müsəlman Türk Qadınları terminlərinin işlətdiyinə tanıq olmağımıza baxmayaraq, Pişəvərinin "Güney Azərbaycan"a geri döndüyü zaman Azərbaycan Dili terminini işlətdiyini görürük.

Pişəvəri, Quzey Azərbaycanda yaşadığı zaman bu cümlələri qələmə almışdı: “O vəqt Türk ədəbiyyatında sünzura qorxusundan Çar və Çar hökümətini Şeytan adlandırardılar”.(17)

”Yoldaşlar! artıq vəqtdır ki, İslam qadınları, Türk Anaları da öz hüquqlarını düşünüb, qadınlığın insanlığın bugünkü tələbini istəsinlər”(18).

“Hətta, rəsmi Türkcə Azərbaycan qəzeti də etidalını əldən verib mütərədid qalmışdır” (19).

“Biz onun şeirlərinə sinfi nöqteyi-nəzərdən yanaşırıq, Bakı Türklərinin tarix inkişafının bir qismini onun şeirlərində aramaq istəyirik ” (20)

S.C.Pişəvərinin "Güney Azərbaycan"a geri döndükdən sonra yuxarıdakı terminləri işlətməkdən imtina etmişidir. Onun bu seçiminin bir neçə səbəbi ola bilər, bizcə. Birincisi, Quzey Azərbaycanda dilçilər və Sovet ideologiyası tərəfindən dəstəklənən Azərbaycan Dili termini ilə səsləşmək. Axı iki azərbaycanın fərqli-fərqli kimliyi ola bilməzdi (Əliyevlərin başa düşmədiyi biz güneylilərin çəkdiyi bu günkü dərdi). İkincisi, siyasi nöqteyi-nəzərdən Pişəvəri bu seçimi etmədəyi halda, yəni Azərbaycan Milləti və Azərbaycan Dili terminləri qarşısında başqa terminləri qondarmalı idi, bu da Milli Hökümətin Quzey Azərbaycanla olan münasibətinə kölgə salmaqla yanaşı, yeni millət və yeni dil termini qondarmaq baxımından zərərli nəticələr verə bilərdi.

Üçüncüsü isə, türk dili və türk milləti terminindən istifadə etdiyi təqdirdə türkiyəçilik və türkçülük də suçlana bilər, sovet və Quzey Azərbaycanla toqquşacaq məqamlara yaxınlaşardı.

"Güney Azərbaycan"da “Az” sözünə yaranan həssasiyyət də Əhməd Kəsrəvi, Pəhləvi və Pəhləvi sonrsaı dövlətlərin ideoloji təbliğatları nəticəsində yaranıbdır.

Niyə ki, rəhmətlik Prof. Dr. Məhərrəm Ərgin, Azəri Türkcəsi tezisini yazanda heç bir güneyli və yaxud quzeyli onu panirançılıq və pan farsçılıqda ittiham etməyibdir və ya Ziya Göyalp “Türkçülüyün Əsasları” kitabında Azəri Türkcəsi deyən zaman heç bir türk onu Pan-irançı və Pan-farsçılıqda günahlandırmamşdır.

“Az” sözü (Pan İranizm və Pan Farsizmin bu terminə veridyi siyasi anlamdan uzaqda və Azərbaycanlılara şamil olub olmadığını göz ardına vursaq) Orxun Yenisey Abidelərində də işlənmişdir (Eçümüz apamız tutmış yir sub idisiz bolmazun tiyin Az budung itip yaratıp).

Bu cümləni Gög Türkcəsindən İstanbul Türkcəsinə çevirən Prof. M. Ərgin belə tərcümə etmişdir: “Əcdadımızın tutmuş olduğu yer, su sahibsiz olmasın deyə, Az millətini tənzim və tərtib edib ” (21). Kül Təkinə Az Milləti terminini işlətdiyinə görə pan-fasrçı damğasını vuran olaçaqmı görəsən ?.

Azərbaycan dili və azərbaycan milləti termini ilə əlaqədar deylən sözlərdən biri də bu terminlərin əski qaynaqlarda çox az və nadir hallarda işlənməsi faktıdır. Güney yazarları və siyasi ictimai xadimlərinin yazılarını izlədiyimizdə Azərbaycan milləti, Güney Azərbaycan coğrafiyasi və Azəbaycan türkcəsi terminlərini gördüyümüz zaman türk dili, türk milləti və iran türkləri terminini də görür və oxuyuruq. Bu arada azəri dili və azərilər termini işlədən irançı-farsçı adamlarında sayı az deyildir.

Bu vəziyyətin yaranmasında bir neçə qüvvənin təsiri olmuşdur. Pan-iranizm və pan-farsizm düşüncəsi Azərbaycan coğrafiyası, azərbaycan-türk milləti, azərbaycan türkcəsini məhv etməyə qalxışmışsada eyni halda türk dili, türk coğrafiyası və türk milləti terminlərini də məhv etməkdə böyük canfəşanlıq göstərir.

Buna görə Güney də gedən prosesləri diqqətlə izlədiyimiz halda, getdikcə bu terminlərin yaxınlaşıb sinonimləşməsinə tanıq olacağıq.

Azərbaycan Türkcəsi, Azərbaycan Türk Milləti və Güney Azərbaycan coğrafiyası ortaq məxrəcə gəlmək üçün ən əlverişli terminlərdilər. Kimliyimizi araşdıranların bir sıraları isə Quzey Azərbaycanda formalaşmış Azərbaycan Dili, Azərbaycan Milləti terminlərinə göstərdikləri laqeydlik, siyasi və strateji nöqtəyi nəzərdən Güney Azərbaycanı daha mürəkkəb problemlərin burulqanı içinə sala bilər.

Kimliyimizi araşdıranlar bu məsələni diqqətə almalıdılar kı, bir millətin iki fərqli adı və iki fərqli dil adı heç də milli, siyasi və tarixi baxımdan xeyirli olmayacaqdır. Bu gərginlik, bu qarğaşa və yaranmış böyük problemi təkbaşına deyil, Arazın hər iki tərəfindəki millət və ziyalıların ortaq məxrəcə gəlməsinə yardımçı olmağımızla dəstəkləməliyik.

Güney Azərbaycanda Türklük kimliyinə artan marağın bir tərəfi pan-iranizm və pan-farsizm ideologiyalarına reaksiya kimi ortaya qoyulubsa, bir tərəfdən də Türkiyə Dövlətinin günü-gündən artan siyasi-ictimai, iqtisadi, ədəbi və media gücünün təsiridir.

Bunu da söyləmək lazımdır kı, bütün baxış ayrılığının olmasını normal qəbul etmək, demokratiyaya gedən yolun xəritəsinə ayaq basmaq anlamındadır.

Son Baxış: Dədə Qorqud kitabının dili bizi ərəb-fars dillərin təsirindən qorumuş və qoruyacaq yeganə “İlhai Komediya”dır. Dədə Qorqudun arınmış və bədii dilindən azmış bir dildə yaranmış gərginliyin əsas illətlərindən biri dini dili və saray dili olan ərəb-fars dillərindədirsə, bir illəti də sovet, əliyevlər və pəhləvilər-islam inqilabının kimliyimiz haqda inşa etdikləri ideoloji kimlikdir. İdeoloji kimliyin yalançı simasını yalnız və yalnız elmi və tarixi izahla yırtmaq və sökmək olar.

Qaynaqlar:

1-Enis Batur, Babil Kulesi (Ana dil, Üvey dil, Öteki dil), kitablık dergisi (aylık edebiyyat dergisi), mart 2004,

2-3.Türk Dünayası Ortak Edebiyatı, Ertuğrul Yaman,genişletilmiş 2.baskı.Türkiye diyanet vakfı yayınları.Ankara 2004.

4-Baxın rəhmətlik Rza Seyd Hüseyninin Etimad qəzetində yazdığı Ayazın Duzəxli Günləri romanı haqda “bir neçə söz” adlı qıssa yazısına.

5-Cunune Neveştən,Bərqozideye Asare Rza Bərahəni,Ruzqare Duzəxiye Aqaye Ayaz,Qole Əvvəl. 100-cü səhifə(1349-cu ildə birinci bölümü yazıb bitiribdir).

6-İran beyne do enqelab, Ervand Abrahamian, tərcomeye Əhməde Qolmohəmmədi və Mohəmməde Ebrahim Fəttahi, çape 19, nəşre Ney,Tehran 1391, səhfeye 147.

7-Leyli və Məcunun,Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı,Bakı-1958-ci il,tərtib edəni və redaktoro Prof.Həmid Araslı,Ərəb Əlifbasında.

8-Divane Torkie Fuzuli,Enteşarate Fəxr Azər,Ba Moqəddəmeye Həmid Araslı,Çape Dovvom 1370.

9-Xetab Be Pərvaneha və Çera Mən Digər Şaere Nimai Nistəm?,Reza Bərahəni,Nəşre Mərkəz,Çape Əvvəl 1374.

10-Məktubat,M.F.Axundov,PDF.

11-Türkçülüyün Esasları, Ziya Gögalp, PDF.

12-Əql Dər Siyasət, Hoseyn Bəşiriyye, nəşre neqahe moaser, çape 3,1386, səhfeye 796-797.

13-Mərzha və Bəradəri,Branda Şifer,Tərcomeye Yaşar Sedqiyani Azər,Naşer Ulus,Çape Əvvəl 1385.

14-Bu Ülke,Cemil Meriç,İletişim Yayınları,Bütün Eserleri 2 , 36-cı baskı 2011,istanbul.

15-Amuzeşe Daneşe Siyasi(məbaniye elme siyasəte nəzəri və təsisi), Hüseyn Bəşiriyyə,nəşre neqahe moaser,çape həştom 1386.

16-Nizami Cəfərov,seçilmiş əsərləri 1-ci cild, YYSQ – Milli Virtual Kitabxananın e-nəşri N 66 (2011), Redaktoru və e-nəşrə hazırlayanı: Aydın Xan (Əbilov) – yazar-kulturoloq, YYSQ – Milli Virtual Kitabxana, Bakı- 2011

17-M.C.Pişəvəri, seçilmiş əsərləri, Ağa Hüseyn Rəsulzadənin şeirləri həqqində rəy, Azərbaycan ruznaməsinin nəşriyyəsi, Bakı 1924-cü il,1344 H.Ş 1965-ci il.533-cü səhifə.

18. M.C.Pişəvəri, seçilmiş əsərləri, zəhmətkeş qadın yoldaşlar! 103-cü səhifə.

19- M.C.Pişəvəri, seçilmiş əsərləri, əhvali hazirə, 117-ci səhifə.

20. M.C.Pişəvəri, seçilmiş əsərləri, Ağa Hüseyn Rəsulzadənin şeirləri həqqində rəy, Azərbaycan ruznaməsinin nəşriyyəsi, 534-cü səhifə.

21-Orhun Abideleri,Prof.Dr.Muharrem Ergin,Boğaziçi Yayınları,44-cü baskı 2010 istanbul.14-cü və 15-ci səhifə.

(Yazıdakı fiirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG