Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:23

Günel Mövlud. Mənim qohumlarım yoxdur


Günel Mövlud
Günel Mövlud

- Soljenitsının “Qulaq Arxipelaqı”nda ata-ana, qohum-qardaş, həyat yoldaşı, övlad və bütün doğmalar barədə yazdığı sözlər illərdir qulaqlarımda cingilədəyir...

Günel Mövlud

Bizim öz imtinamız

Emin Millinin qohumlarının ondan imtinası yadıma Stalin repressiyalarını salmaqla bərabər, Soljenitsının “Qulaq Arxipelaqı"ndakı qan qonduran sətirlərini də saldı.

Bu sətirləri xatırlatmazdan əvvəl bəzi şeyləri danışmaq istəyirəm.

Tarix çox qəddar şeydir. Amma bəzən yarım əsr sonra gerçəyi şillə kimi adamın üzünə vurur.

Yazıçı, Nobel mükafatçısı A.Soljenitsın və prezident V.Putin
Yazıçı, Nobel mükafatçısı A.Soljenitsın və prezident V.Putin

Düzdür, 40-50 il sonra ortaya çıxan gerçəkdən adama elə də xeyir gəlməz, ədaləti bərpa etməyə bəlkə də köməyi olmaz, amma hər halda həqiqətin zamanı və yerinin fərqi yoxdur.

Bu mənada, tarix şəxsən bir şair, qələm adamı kimi, mənə vacib bir gerçəyi ortaya çıxartdı.

Tarix göstərdi ki, Soljenitsının “Qulaq Arxipelaqı”da “yaltaq”, “rejim şairi” adlandırıb ələ saldığı Mayakovski şəxsiyyət və ürək olaraq, onun özündən dəfələrlə layaqətli sənətkar imiş.

Şair Vladimir Mayakovski
Şair Vladimir Mayakovski

Rejimə inanıb onu tərif edən Mayakovski aldandığını, inandığı rejimin qaniçənliyini anlayanda dözə bilməyib, intihar elədi.

Stalin repressiyasına, sovet rejiminə müharibə elan edən Soljenitsın isə hərləndi-fırlandı, qoca vaxtında Putin-Medvedev rejimi kimi faşist, korrupsioner, mafioz bir rejimi təriflədi.

Tarix göstərdi ki, vicdan bəzən gözüaçıq praqmatiklikdə, rasional ədalətdə deyil, tez aldana bilən romantikada, aldanışlardadır.

Qayıdaq Millinin qohumlarına. Qınamıram. Bir qram da.

Nəinki Emin Millinin, heç kimin, heç bir jurnalistin, siyasətçinin, müxalifətçinin, qələm adamının qohumlarının imtinasını, şərini, böhtanını qınamıram.

Doğma anam sabah efirə çıxıb barəmdə ağzına gələni desə, bütün var-yoxum üz döndərsə, üzümə tüpürsə, tüküm də tərpənməz. Bir qram da incimərəm. Qınamaram.

Heç kim, heç bir qohum bizim ideyalara, düşüncələrə ortaq olmağa, dəstəkləməyə borclu deyil. Onların öz seçimi var. Bizim öz seçimimiz var.

Heç kim onu bizimlə bölüşməyə borclu deyil. Bizim seçimə, bizim fikirlərə, əməllərə görə onlar təzyiq, təqib görürsə, bizdən imtina etmək bu təqibləri, təzyiqləri azaldacaq və ya bitirəcəksə, imtina onların haqqıdır.

İyrənc olan, məzlum görünən qohumların imtinası deyil, bunu onlardan tələb etməkdir.

İndisə yenə Soljenitsına qayıdaq. Putin-Medvdedev rejimini dəstəkləməsi bir başqa. İnsanları bir əməli, onun digər xidmətlərini görməzdən gəlmə haqqını vermir bizə.

Onun “Qulaq Arxipelaqı”nda ata-ana, qohum-qardaş, həyat yoldaşı, övlad və bütün doğmalar barədə yazdığı sözlər illərdir qulaqlarımda cingilədəyir:

“Sən özünə deməlisən ki, mənim qohumlarım yoxdur. Mənim doğmalarım yoxdur. Mənim arvadım, uşaqlarım, heç kimim yoxdur.

Mənim heç nəyim yoxdur. Bu bədən belə, mənim deyil. Mənim gələcəyim yoxdur. Ümidim yoxdur. Qoy, mənə nə edirlər, etsinlər.

Doğmalarıma nə edirlər, etsinlər. Onsuz da mənim heç nəyim yoxdur. Yalnız buna inanandan sonra ən sərt istintaq laxlayar, ən qaddar müstəntiqin inadı sınar.”

Bəli, vacib olan budur. Onlar bizdən indi imtina etməyə başlayırlar. Bizsə onlardan çoxdan imtina etmişik.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG