Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:52

Rus, yoxsa Azərbaycan bölməsi?


soldan sağa: Hikmət Hacızadə və Xaliq Bahadır
soldan sağa: Hikmət Hacızadə və Xaliq Bahadır

-

21 fevral - Beynəlxalq Ana dili Günüdür

"H.Hacızadə:

- Siz məni başa düşmək istəmirsiz. Söhbəti yayındırırsız.

Erkin Qədirli:

- Google translate də var.

H.Hacızadə:

- Google translate-lə oxumaq olar? Eyy…"

Rus bölməsi yaxşıdır, yoxsa Azərbaycan?

Hansı daha səviyyəlidir və daha üstün təhsil verir?

AzadlıqRadiosunun «Pen klub» proqramındakı debata Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə, jurnalist Xaliq Bahadır, hüquqşünas Erkin Qədirli, AMEA Dilçilik institutunun elmi işçisi Şahlar Göytürk və kinematoqrafçılar İttifaqının katibi, rejissor Əlisa Cabbarlı qatılmışdılar.

Hikmət Hacızadə:

- Bizə hər iki dil lazımdır. Ölkəyə ana dilində təhsil də lazımdır. Mütləq. Rus dili isə millətin dünya ilə əlaqəsi üçün lazımdır. 5 milyonluq, 10 milyonluq balaca millətlərin dünyaya çıxışı ana dilində olmur. Pilot dilə ehtiyac yaranır.

Məsəl üçün Danimarka üçün pilot dili ingilis dilidir. Bunlar yeni kitabları, filmləri ingiliscə oxumağa məcburdurlar. Bəzi ərəb ölkələri üçün bu pilot dili fransız dilidir, bəziləri üçün ingilis dilidir, Hindistan üçün də ingilis dilidir, biz indi rusun əlinə düşmüşük, əfsuslar olsun. Alman olsaydı, daha yaxşı olardı.

Pilot dilsiz mümkün deyil. Bizim bazar o qədər balacadır ki, bizdə tərcüməçiyə, nəşriyyata pul vermək, qonorar vermək mümkün deyil. Kimsə pilot dilin ingilis dili olmasını istəyə bilər. Olsun, mən ikiəlli razıyam. Sadəcə o çox bahalı prosesdir. İngilis dilini istəyənlər gərək hesablasınlar ki, son 70 ildə rus dilinə nə qədər vəsait buraxılıb, lap kənd müəllimlərindən, dərs deyən zabitlərin yoldaşlarından başlayaraq televiziyaya, kitaba, dotasiyalara neçə milyard pul xərclənib ki, indi Azərbaycanda çoxu rus dilini bilsin. Bir o qədər də ingilis dilinə xərcləmək lazımdır o zaman.

Xaliq Bahadır:

- Biz ana dilimizi gərəyincə öyrənməliyik. Amma bugünkü Azərbaycan məktəbinin patriotizmdə rolu yoxdur, rüşvət içində itib-batıb. Şagirdlər öz ana dilindən aşağı qiymət alır. Belə ana dili kimə gərəkdir? Mən inanmıram onlardan patriot çıxsın. Rus dilini öyrənməyə gəlincə, bizdə bu məsələyə stereotiplərlə yanaşırlar. Yəni Rusiya imperiya olub, bizi qırıb, sıxıb, əzib. Mən bunu düz saymıram. Biz rus dilini öyrənməliyik, rus mədəniyyətinə yiyələnməliyik. İngilislər uzun zaman Hindistanı əsarət altında saxladılar. Hindistanda milli azadlıq hərəkatının lideri Nehru Londonda oxumuşdu, sonra dövlət başçısı oldu. O baxımdan patriotizmi ana dili ilə bağlamağı düz saymıram.

Erkin Qədirli:

Erkin Qədirli
Erkin Qədirli

- Rus məktəbinin, rus bölməsinin qalmağına ehtiyac yoxdur. Bu, çoxdan həll edilməliydi. Milli valyuta, əlifba məsələsi kimi birdəfəlik həll olunmalı idi. Çox vaxt deyirlər, rus bölməsində təhsil daha keyfiyyətlidir. Sovetdən sonra bir müddət bu beləydi. Bu gün belə deyil. O fərq həlledici deyil, Azərbaycan bölməsi əksinə rus bölməsini üstələyir. Ən yüksək bal toplayanların əksəriyyəti Azərbaycan bölməsini bitirənlərdir.

X.Bahadır:

- Mən rus məktəblərinin bütünlüklə yığışdırılmasını düzgün saymıram. Erkin bəy deyir ki, Azərbaycan bölməsində təhsil artıb. Mən rəsmi statistika ilə danışıram. Bu gün Azərbaycan bölməsində oxuyanların 90 faiz imtahanda ana dilindən “iki” alıb.

E.Qədirli:

- Yəni nə demək istəyir Xaliq bəy? Ana dili rus dili olsun?

X.Bahadır:

- Mən elə demək istəmədim.

E.Qədirli:

- Rus dili də keçilsin. İngilis dili də , fransız da… Amma xarici dil kimi keçilsin. Məgər siz görmürsüzmü, rus dilində oxuyanlar ruslaşırlar? Azərbaycan dilini bilmirlər, karyera quranda çətinlik çəkirlər, Rusiyanın xəbərlərinə baxmaqla Moskvanın propaqandasının təsiri altına düşürlər, dünyaya Moskvanın gözü ilə baxırlar. Açığı, mənə çatmır. Onda biz niyə rus rublunu manatla əvəz etdik? Onda niyə əlifbanı kirilldən latına çevirdik? Bu, siyasətdir, milli dövlət quruculuğunun tərkibidir. Bunun müzakirəsi ilə vaxt itiririk. Manatı rublla paralel saxlasaydılar, manat bu gün güclənməzdi, Kirill qrafikası latınla paralel qalsaydı, latın güclənməzdi. Azərbaycan bölməsində tədrisin keyfiyyətinin yüksəlməsi rus bölməsi ilə birbaşa bağlıdır. Rus bölməsi bağlanmayınca Azərbaycan bölməsində keyfiyyət artmayacaq.

X.Bahadır:

sağdan sola: Xaliq Bahadır və Hikmət Hacızadə
sağdan sola: Xaliq Bahadır və Hikmət Hacızadə

- Erkin bəy deyir manat olan yerdə rus məktəbi ola bilməz. Hindistanda rupi də var, ingilis məktəbi də. Hindistan bu gün dünyanın 5-6 gəlişən ölkəsindən biridir. Hindistan niyə geridə qalmır? Dövlət siyasəti, ideologiyası düz qurulmalıdır, indiki kimi feodolizm keçmişinə yönəlməməlidir.

H.Hacızadə:

- Pilot dildən söhbət gedir. Balaca millətlərin imkanı yoxdur ki, dünya informasiya məkanından gələn o şəlaləni, o “Niaqara”nı öz dilinə tərcümə edib çatdırsın. Yoxdur belə imkan. Dünyada ildə tutaq ki 50 şedevr çıxır, bunları kim tərcümə edəcək? Rus tərcümə edir, biz də ordan yiyələnirik. İsveçrənin pilot dili ingilis dilidir, yeni kitabları, filmləri igiliscə alırlar. Çox inkişaf etmiş şimal ölkələrində tədris ingilis dilində gedir. Biz bu pilot dilini itirsək onda gecə-gündüz Cəlil Məmmədquluzadənin - Allah sənə rəhmət etsin, o da böyük adamdır -, amma dar çərçivədə qalacağıq. O ki qaldı rus bölməsini oxuyan anti-patriot olur məsələsinə, ərəblər bir millətdir, ancaq biri sünnidir, o biri şiə, qırırlar bir-birlərini. Ərəb dünyasında anti-kolonial hərəkatı fransızdilli ərəblər başladı, İngiltərədə oxuyanlar başladı. Mən özüm də patriotam.

E.Qədirli:

- Mən Hikmət bəyin pilot dil anlayışına qarşı deyiləm. İngilis, rus dillərinin xarici dil kimi tədrisinə etiraz etmirəm. Bunu qadağan etmək olmaz. Söhbət dövlətin siyasətindən, dövlətin büdcəsindən xərclənən pullardan gedir. Biz Azərbaycan dövləti olaraq vergi ödəyicilərindən yığdığmız pullar hesabına övladlarımıza başqa dildə təhsil veririk. Budur məsələ. Kimsə özəl rusdilli məktəb açmaq istəyirsə buyursun.

H.Hacızadə:

- Pilot dil lazımdırsa, ona pul da lazımdır. Dünyadan informasiyanı hansı dildə alacağıq?

E.Qədirli:

- İndi necə alırıq?

H.Hacızadə:

Proqramın aparıcısı Şahnaz Bəylərqızı
Proqramın aparıcısı Şahnaz Bəylərqızı

- Rus dilində.

E.Qədirli:

- Köhnə nəsil rus dilində, yeni nəsil ingilis, fransız, alman dilində alır.

H.Hacızadə:

- Olsun, o da olsun. Nə qədər rus dilinə pul xərclənibsə, bir o qədər də ingilis dilinə xərclənməlidir onda. Yoxsa onu da itirəcəyik, bu da gəlməyəcək. Əlimizdə bir qalacaq Cəlil Məmmədquluzadə.

E.Qədirli:

- Siz məsələni niyə belə qoyursuz?.. Söhbət 70 ildə qoyulan pullardan gedir?

H.Hacızadə:

- Bəli.

E.Qədirli:

- Onu biz xərcləməmişik. Moskvanın siyasəti beləydi. Bütün imperiyalar…

H.Hacızadə:

- Siz məni başa düşmək istəmirsiz. Söhbəti yayındırırsız.

E.Qədirli:

- Google translate də var.

H.Hacızadə:

- Google translate-lə oxumaq olar? Eyy…

E.Qədirli:

- Niyə olmur? Mən demək istəyirəm ki, çıxış həmişə tapılacaq. Dövlət siyasətindən söhbət gedir.

H.Hacızadə:

Hikmət Hacızadə
Hikmət Hacızadə

- Dövlət pilot dilini qorumalıdır.

E.Qədirli:

- Azərbaycan hökuməti rus dilini qorumalıdır? Bu necə olur?

H.Hacızadə:

- Belə olur da, ya hökumət Neft Fondundan, Heydər Əliyev Fondundan pul verir, pilot dili ingilis dili olur, mən razı…

E.Qədirli:

- Niyə? İngilis dilini xaric dili kimi öyrənəcəm.

H.Hacızadə:

- Xarici dil yox, pilot dil lazımdır. Mənim oğlum xəstədir, İngiltərədə də dərman çıxıb. O dərman haqda necə oxuyum?

E.Qədirli:

- Qanuna görə, idxal olunan bütün dərman preparatları haqda içində təlimatlar olmalıdır. Saxta dərman gətirirlər, vergidən yayınmaq üçün qaçaq yolla gətirirlər o başqa məsələ, ancaq qanunla dərmanın içində Azərbaycan dilində instruksiya olmalıdır. Yoxsa xəstə adamın rus dilini, ingilis dilini bilməsini deyib adamı öldürəcəyik o zaman.

H.Hacızadə:

- Deyirəm ki, bizdə tərcüməçi yoxdur.

E.Qədirli:

- Niyə yoxdur? “Yoxdur” söhbəti yoxdur. Yoxdursa, yaratmalıylıq.

H.Hacızadə:

- 10 milyonluq millətini bunu etməyə imkanı yoxdur.

E.Qədirli:

- Rus dili bura təbii yolla gəlməyib.

H.Hacızadə:

- Onun dəxli yoxdur.

E.Qədirli:

- Moskva gətirib rus dilini. Siz deyən pulu da Moskva xərcləyib.

H.Hacızadə:

- Nə fərqi var?

E.Qədirli:

- İmperiya öz dilini əyalətlərə öna görə öyrədir ki, idarəetmə asanlaşsın.

H.Hacızadə:

- Moskvaya “Fiqaronun toyu” lazımdır. Fiqaro lazımdır.

E.Qədirli:

- Hikmət bəy, sizinlə ciddi danışmaq olmur. Hər şeyi lağa qoyursuz…

2015

XS
SM
MD
LG