Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:18

Əli Kərimli: «Otel kiminsə üzünə necə bağlana bilər?»


Danimarkalı deputatlar Əli Kərimli ilə görüşür.
Danimarkalı deputatlar Əli Kərimli ilə görüşür.

-

İyulun 1-də Danimarkadan olan deputatlar AXCP sədri Əli Kərimlini ATƏT PA-nın sessiyasının keçirildiyi «Fairmont» otelinə görüşə çağırıblar. Otelin təhlükəsizlik xidmətinin əməkdaşları Əli Kərimlini bu görüşə buraxmayıblar. Deputatlarla partiya liderinin görüşü başqa yerdə baş tutub. Azərbaycan rəsmiləri görüşün sessiya keçirilən yerdə baş tutmamasının günahını ATƏT PA-da görürlər. AXCP lideri AzadlıqRadiosuna müsahibəsində bu olaya münasibətini açıqlayıb.

- Əli bəy, sizi görüşə kim dəvət etmişdi?

- ATƏT PA-nın Danimarkadan olan millət vəkili Karsten dəvət etmişdi.

- Bəs hansı səbəbdən görüşə buraxmadılar?

- Cənab Karsten Lauritzen məni otelin önündə qarşıladı. Biz içəri keçdik. Foyedə bizə bir neçə nəfər yaxınlaşdı. Anladım ki, bu adamlar təhlükəsizlik orqanları ilə bağlıdırlar. Onlar dedilər ki, Əli Kərimlinin burada görüş keçirə bilib-bilmədiyini dəqiqləşdirməliyik. Biz də razılaşdıq. Daha sonra onlar gəlib dedilər ki, görüşə icazə verilmir. O zaman Karsten öz ölkəsinin nümayəndə heyətinin rəhbərini çağırdı. PA katibliyindən deputatlar da çağırıb, mühafizəçilərlə danışıq apardılar. Dedilər ki, Əli Kərimli bizim rəsmi qonaqdır və biz görüşməliyik. Onları da eşitmək istəmədilər, aralarında xeyli mübahisə oldu.

- Deputat Bahar Muradova görüşün baş tutmamasında ATƏT PA-nı günahlandırıb. O bildirib ki, sizin adınız əvvəldən qeydiyyata alınmayıb.

- Bu, Azərbaycan hakimiyyətinin repressiv mahiyyətini gizlətmək cəhdləridir. Dünyanın harasında görünüb ki, millət vəkillərinin görüşünə maneə yaradılsın? «Fairmont» oteli böyük oteldir. Otel kiminsə üzünə necə bağlana bilər? Bu, əlbəttə, Azərbaycan hökumətinin mənə, real müxalifətə qarşı olan repressiv siyasətinin daha bir elementidir. Bu hökumət 8 ildən artıqdır ki, görüşlərimi əngəlləmək üçün mənə pasport vermir. Sədri olduğum partiyanı 7 dəfə ofisdən məhrum ediblər. Bunlarındamı günahı ATƏT-dir? Bu, birbaşa Azərbaycan müxalifətinə qarşı olan repressiv siyasətdir, insanlığa zidd hərəkətdir, ayrıseçkilikdir. Mən bu məsələnin müzakirəsini hüquq müstəvisində davam etdirəcəyəm.

- Görüş təşəbbüsü kimdən gəlmişdi?

- Təşəbbüs onlardan idi.

- Oteldə baş tutmasa da, başqa yerdə görüşə bilmisiniz. Həmin görüşdə nəyi müzakirə etdiniz?

- Biz şəhərdəki kafelərdən birində görüşdük, ətraflı fikir mübadiləsi apardıq. ATƏT PA-nın 3 nəfər nümayəndəsi bizim ölkədə müxalifətə olan münasibəti əyani şəkildə gördülər. Ölkədəki vəziyyətlə bağlı hər şeydən danışdıq. Həm siyasi məhbus, həm fundamental hüquqlar haqqında. Qarabağ münaqişəsində Qərb institutlarının daha obyektiv mövqe tutması məsələsini müzakirə etdik. Daha sonra Azərbaycanın Avropaya inteqrasiyası məsələsini də müzakirə etdik.

XS
SM
MD
LG