Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:44

İntiqam Əliyev: «ATƏT rəsmilərindən biri mənə irad tutmuşdu ki...»


İntiqam Əliyev
İntiqam Əliyev

-

Bu ilin yanvarından ATƏT-in Bakı ofisinin statusu layihə koordinatoru səviyyəsinə endirilib. Bəs ATƏT-in Bakı ofisinin statusu layihə koordinatoru səviyyəsində demokratik proseslərə necə töhfə verir? Status yenidən yüksəldilə bilərmi? AzadlıqRadiosunun bu və bənzər suallarını «Hüquq Maarifçiliyi» Cəmiyyətinin sədri, hüquqşünas İntiqam Əliyev cavablayır.

- İntiqam bəy, sizcə, ATƏT status məsələsini niyə yenidən qaldırır? Axı Bakı Bürosunun layihə koordinatorluğu səviyyəsinə keçməsinə dair Azərbaycan hakimiyyətinin təklifi o qədər də güclü müqavimətlə üzləşməmişdi.

– Fikrimcə, diplomatlar ona görə əvvəlki səlahiyyətin bərpa olunmasını istəyirlər ki, qurumun Azərbaycanda indiki formada fəaliyyətinin effektli olmaması qənaətinə gəliblər. Bilmirəm, əvvəlki statusu bərpa edə biləcəklər, ya yox, ən önəmlisi, ATƏT-in Bakı ofisi lap bu statusu bərpa etsə də, səmərəli işləyəcəkmi? Gizlətmirəm, vətəndaş cəmiyyəti təmsilçisi kimi müşahidəmi bölüşə bilərəm ki, xüsusən 2005-ci ildən sonra ATƏT-in Bakı ofisi tamamilə səmərəsiz bir quruma çevrilmişdi. Vətəndaş cəmiyyəti ilə əlaqəsi daha çox formal idi, yəni yalnız treninqləri nəzərdə tutan, hakimiyyətlə münaqişə yaratmayan layihələrə üstünlük verilirdi.

– Əgər belədirsə, əvvəlki statusun bərpası ATƏT-ə və Azərbaycanda demokratik inkişafa nə qazandıra bilər?

– Əgər Azərbaycanda real durumun pisləşməsi nəticəsində ATƏT hesab edir ki, əvvəlki statusunu bərpa edib vətəndaş cəmiyyətinə dəstək verməli, insan hüquqlarının durumunu yaxşılaşdırmalıdır, onda Bakı ofisi kimi son beş-altı ildə yürütdüyü siyasətindən əl çəkməlidir. ATƏT Azərbaycan hökumətini öhdəliklərinə əməl etməyə daha təkidlə çağırmalı, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməli, institusional dəyişikliyə dəstək verməlidir. Bunlar olmayacaqsa, yəni ATƏT-in işi polislərlə, prokurorluq və ya icra hakimiyyəti işçilərinə təlim keçməklə məhdudlaşacaqsa və ya mənasız layihələrə külli miqdarda vəsait ayıracaqsa, onda düşünmürəm ki, qurumun keçmiş statusunun bərpası Azərbaycan cəmiyyətinə nəsə verəcək.

- Sizə elə gəlmirmi ki, ATƏT öz statusunu layihə koordinatorluğuna sanki müqavimətsiz dəyişmişdi?

- ATƏT-in bu qərarı məcburiyyətdən doğmuşdu. Azərbaycan hökuməti təzyiq elədi, qurum da demək olar ki, heç bir etiraz etmədən bu tələblə razılaşdı. Biz əvvəllər də ATƏT rəsmiləri ilə söhbətlərimizdə deyirdik ki, siz Azərbaycan hökumətinin qanunsuz tələbləri qarşısında addım-addım geri çəkilirsiniz və... Və bu uzaqgörənliyiniz sayəsində Azərbaycan hökuməti əvvəlcə vətəndaş cəmiyyətini sıradan çıxardacaq, sonra sizin özünüzü də qapadacaq. Xatırlayıram, ATƏT rəsmilərindən biri söhbətimizdə mənə irad tutmuşdu ki, siz konstruktiv deyilsiniz, hökumətlə əməkdaşlıq etmək lazımdır, sevinməlisiniz ki, Azərbaycanda QHT-lər var, elə yer var ki, heç bu da yoxdur. Bunlar ona gətirib çıxardı ki, əməkdaşlıq adı ilə ATƏT-dən yerli QHT-lərlə əlaqələrə son verməyi, sonra məhkəmə monitorinqlərinin hesabatlarını dərc etməməyi, daha sonra korrupsiya ilə mübarizə aparan təşkilatlarla işləməməyi istədi. ATƏT-in Bakı ofisinin bağlanması tələbi artıq məntiqi sonluq idi.

– İntiqam bəy, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən yay sessiyasında Azərbaycanla bağlı yerli hakimiyyətin razılaşmadığı qanun layihələri qəbul olundu. Sizcə, bu proses ATƏT-i hökumət üçün nə dərəcədə «dişli qurum»a çevirə bilər?

– Bütün hallarda belə müzakirələrin keçirilməsi müsbət haldır. Artıq beynəlxalq təşkilatlar anlayır ki, Azərbaycan kimi hakimiyyətlər təhlükədir. Həm də çoxlarına təhqiramiz gəlir. Beynəlxalq təşkilatlarda belə dəyişikliklər ümidverici proseslərdir, amma böyük nəticələr də gözləməyə dəyməz. Çünki ATƏT Rusiya, Azərbaycan kimi ölkələrdən ibarətdir. Müzakirələr, dediyim kimi, müsbət haldır, amma ölkələrə nə qədər təsir edəcək, bilmirəm. Axı artıq bəzi ölkələrdə vətəndaş cəmiyyətləri, müstəqil media və siyasi partiyalar yoxdur.

XS
SM
MD
LG