Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:26

Polkovnikə məktub var


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən


Vəfa Nağıyeva


Polkovnikə məktub var


Nəhəng bilib, sevdiyim kişilərin hamısı
Yekəpər çıxdılar, Polkovnik

Yox, mən tələsdim,

Uzaqdan başlayıram hekayətimi
atamın mənə gəlincik almağa
heç vaxt pulu olmadı
əskidən tikilən gəlinciklərə də razıydım
anamın tikməyə vaxtı olmadı
qollarımı çırmayıb
palçıqdan gəlinciklər düzəltdim özümə
sevdiklərimi palçıqdan, çirkdən düzətməyə
balacalıqdan alışdım, Polkovnik!

Hələ böyümədən həyatın ən qəddar üzünü gördüm
Zorlanandan sonra özünü asdı qonşu qızı
Ac uşağı gözlərinin qabağında öldü
kəndimizin ən sahibsiz qadınının
nə başını ağrıdım
bizim tərəflərin bütün qadınları bədbəxtdi doğuşdan
mən də həyatdan çox şey gözləmədim, Polkovnik!

Böyüdüm,
dəhşətlər mənimlə böyüdü
Mənimlə böyüdü dünyanın bütün ağrıları
Harada, nə dərd vardısa məni tapdı
Sevgi dərdi,
sevgili dərdi çəkməyə vaxtım qalmadı
Sevgili nədi ki?
O qədər ali-zad deyildi dərdlərim
Ac qaldım, çörək almağa pulum olmadı günlərlə

Amma içimdə sevgini ölməyə qoymadım
Günlərlə ac qala-qala
Son qəpiklərini telefon danışığına xərcləyəcək qədər
İşıq saxladım, sevgi saxladım ürəyimdə
Sevdiyim kişilərinsə
mənə ayırmağa vaxtı olmadı
mən sevdiyim adamlardan sevgi bir yana
mərhəmət belə görmədim, Polkovnik!

Ona görə də indi səni
İnsan öldürməyindən fəxrlə danışa bilən
Qatili sevməkdən utanmıram

Soyuq çöllərdə bitəndə döyüşlərin
Evimə gələrsən
Uzun-uzadı süfrə başında oturarıq səninlə
Mənə öldürdüyün insanlardan danışarsan
Döyüşdüyün ölkələrdə
Fahişələrin sənin paqonlarına
Heyranlıqla baxmağından danışarsan

Söz verirəm, sevgi ilə dinləyəcəm qətl hekayətlərini
Axıtdığın qanlardan ürəyim bulanmayacaq
İnsan qanına batırıb yeyirmiş kimi yeyəcəm çörək tikəmi

Sənin üzünə sirli-sirli gülümsəyib
Düşünəcəm: həyat çox ədalətlidi
Gəlinciklərini palçıqdan düzəldən qızcığazın
Sevgilisini qatildən düzəltməyi
Ədalətlidi, Polkovnik!
XS
SM
MD
LG