Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:23

Anar Əliyev kimdir və hardadır?


Global Witness təşkilatının Azərbaycan Dövlət Neft Şirkətinin neftinin necə satılmasına dair araşdırmasından ibarət sənədin üz qabığı.
Global Witness təşkilatının Azərbaycan Dövlət Neft Şirkətinin neftinin necə satılmasına dair araşdırmasından ibarət sənədin üz qabığı.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) neft istehsalından tutmuş onun satılmasına qədər işləri bir neçə özəl ortaqla paylaşıb. Bu işlər paylaşarkən tenderlər keçirilməyib və Azərbaycan neftindən özəl ortaqların hansı məntiqlə seçilməsi müəmma olaraq qalır.

Bunlardan biri Azərbaycan vətəndaşı, 1978-ci il doğumlu Anar Əliyevdir.

İngiltərənin Global Witness təşkilatının araşdırması göstərir ki, SOCAR-ın ən azı 48 sövdələşməsində adı keçən şirkətlərlə Anar Əliyevin bağlılığı var. Bunlardan yalnız birində Azərbaycan neftinin xaricə satışı ilə məşğul olan Socar Trading SA şirkətindən Anar Əliyevin qazancı 100 milyon dollardan artıq olub.

Anar Əliyev 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Heritage General Trading FZE şirkətini yaradıb. Bu şirkətin SOCAR-la son zamanlara qədər olan ortaq biznesinə nəzər salaq:

SOCAR TRADİNG SA

SOCAR-ın 2012-ci ildə potensial investorlar üçün hazırladığı bond prospektində deyilir ki, ARDNŞ «iki beynəlxalq tərəfdaşı ilə birgə» Maltada Supra Holding şirkətini qeydiyyatdan keçirib. SOCAR-ın web səhifəsində həmin şirkətin nizamnamə kapitalının cəmi 5 milyon dollar olduğu göstərilib.

Həmin şirkətsə öz növbəsində 2008-ci ildə Socar Trading SA şirkətini yaradıb ki, Azərbaycan neftinin xaricdə bazarlanması ilə məşğul olsun.

Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əlaqələr Departamentinin xarici bazara çıxardığı xam neftin nə az, nə çox, 60 faizini məhz SOCAR Trading SA satırmış (Mənbə: Socar Bond Prospekti).

Bu əməliyyatlardan SOCAR Trading SA təkcə 2010-cu ilin yanvarından 2011-ci ilin iyununa qədər 128 milyon AZN mənfəət götürüb. Bu məbləğin sadəcə 50 faizi SOCAR-a qalıb. Qalanı digər payçılar arasında bölünüb.

2012-ci ildə SOCAR Supra Holding Limited şirkətinin özəl səhmdarları Anar Əliyev Valeriy Golovuşkindən onların paylarını alıb. Global Witnessin araşdırmasında göstərilir ki, payları təhvil vermələri üçün Anar Əliyevin şirkətinə 103 milyon ABŞ dolları, Rusiyalı Valeriy Qolovuşkinə məxsus Renfrel Holding-ə isə 30 milyon ABŞ dolları ödəyib.

Beləcə, 5 milyon dollarlıq investisiya Anar Əliyevə 150 milyon dollardan artıq gəlir gətirib.

«Bu yenidən bizi o suala qaytarır ki, niyə SOCAR sadəcə mütəxəssisləri işə götürmək və nefti özü satmaq əvəzinə nefti satmağa ortaqlar cəlb edib» Global Witness hesabatında sual edir.

SOCAR-dan SOCAR-a neft satan şirkət

2011-ci ilin iyunundan etibarən SOCAR nefti satmaqda vasitəçi olmaq üçün başqa ortaqlıq yaradır.

SOCAR International DMCC şirkəti 2011-ci ilin iyununda BƏƏ-də qeydiyyatdan keçib. SOCAR-ın həmin şirkətdəki ortaqlarının adı bəlli deyil. Amma o bəllidir ki, SOCAR İnternational DMCC şirkəti də nefti öz növbəsində Supra Holding vasitəsilə bazara çıxarırmış.

2011-ci ildə SOCAR International DMCC Supra Holdinqə 1,68 milyar dollarlıq, 2012-ci ildə isə 5,77 milyard dollarlıq neft satıb. Bu iki il ərzində artıq tam olaraq SOCAR-ın mülkiyyətinə keçən SUPRA ilə nefti istehsal edən SOCAR arasında vasitəçilikdən SOCAR İnternational DMCC 66 milyon dollar təmiz gəlir götürüb. Bu gəlir SOCAR-ın öz neftinin özünə satılmasından əldə edilib.
SOCAR Trading SA Anar Əliyevin SOCAR-la ümumi biznesinin yalnız bir elementidir.

Anar Əliyevə məxsus Heritage General Trading FZO şirkəti SOCAR-la ən azı beş Birgə Müəssisədə ortaqdır. Bu cədvldəki ortaqlıqlar və paylar barədə məlumat SOCAR-ın internet səhifəsindən götürülüb:

Birgə Müəssisənin adı Heritage General Trading FZO SOCAR Digər payçılar Fəaliyyət dairəsi
"AzTurqaz" BM 50.00% 50.00% Maye qazın hasilatı, emalı; Qaz emalı zavodunun tikintisi; Maye qazın satışı, avtosisternlərin, qaz balonlarının təmiri və satışı
Caspian Drilling Company 7.56% 92.44% • üzən dəniz qazma qurğularının təmiri, modernləşdirilməsi, onlara xidmətlərin göstərilməsi
• Dəniz neft-qaz quyularının qazılması və təmirinin bütün mərhələlərində iştirak,
• "İstiqlal", "Dədə Qorqud" qazma qurğuları ilə quyuların qazılması və onların təmiri
SOCAR Georgia Investments Ltd 24.00% 51.00% 24.00% Gürcüstanda azot gübrələrin istehsalı üçün zavodun tikintisi və istismarı layihəsinin icrası və digər xidmətlər
Supra Holding Limited (2012-ci ilədək). Bu şirkət vasitəsilə ortaqlar İsveçrədə qeydiyyatdan keçmiş SOCAR Trading SA və SOCAR Black Sea SA şirkətlərinə sahiblik edir. 40.00% 50.00% 10.00% Nizamnamə kapitalı 5 milyon ABŞ dolları. Fəaliyyət dairəsi: neft və neft məhsullarının satışı, müxtəlif növ əmlak, qiymətli kağızlar və başqa aktivlərin alqı-satqısı.
Socar Gas Supply LTD 16.70% 50.00% 33.30% Təbii qazın idxalı və ixracı



Global WItnessin araşdırmasında Heritage General Trading FZO ilə SOCAR-ın ümumi biznesinin daha geniş olduğu göstərilir.

Global Witness ümumiyyətlə, Anar Əliyevin direktor, yaxud təsisçi olaraq adının keçdiyi şirkətlərin SOCAR-la ən azı 48 sövdələşmədə tərəfdaş olduğunu bildirir.

Bunların arasında neft yataqlarının işlənməsi üzrə pay bölgüsü sazişlərindən tutmuş, neftdən çirklənmiş ərazilərin təmizlənməsinə qədər birgə müəssisələr və alyanslar var.

Anar Əliyevin şirkətlər şəbəkəsinə burda böyük ölçüdə bax



Heritage General FZO Anar Əliyevin SOCAR-dan yararlanan sadəcə bir şirkətidir.

Anar Əliyevin adı həm də Azərbaycanda qeydiyyatdan keçmiş ən azı dörd şirkətdə yer alır (mənbə: AR Vergilər Nazirliyinin məlumat bazası):

Şirkətin adı Qanuni təmsilçi Təsisçi
Burj Baku İnşaat MMC (Nizamnamə kapitalı 10 manat)
Qeydiyyat tarixi: 4 Fevral 2008
Əliyev Anar Nüsrət oğlu Əliyev Anar Nüsrət oğlu
Finans Group MMC
(Nizamnamə kapitalı 1000 manat)
Qeydiyyat tarixi: 29 iyun 2011
Həsrətli Elçin Bəhərçin oğlu Əliyev Anar Nüsrət oğlu
Favorit-A MMC
(Nizamnamə kapitalı 1000 manat)
Qeydiyyat tarixi: 30 iyun 2011
Həsrətli Elçin Bəhərçin oğlu
"Caspian Catering Service" MMC
Nizamnamə kapitalı: 10 manat;
Qeydiyyat tarixi: 13 May 2008
Əliyev Anar Nüsrət oğlu Trans Marine United Corp. (Panama Respublikası) - 100 Faiz

Caspian Catering Service MMC-nin internet səhifəsindən öyrənirik ki, SOCAR-ın quruda və suda olan gəmilərinin əməliyyat müəssisələrinin yeməkdən tutmuş, yataq dəstlərinə qədər təchizatını, hətta zərərverici həşəratlardan təmizlənməsini də bu şirkət həyata keçirir.

​Bu təchizatçıya verilən sifarişlər barədə Satınalmalar üzrə Dövlət Agentliyinin məlumat bazasında heç bir məlumat yoxdur. Bu sifarişlərin verilməsi zamanı tenderlərin keçirilib keçirilmədiyi bəlli deyil.

Təchizatçı şirkətin sahibi - Panamada qeydiyyatdan keçən Trans Marine United Corporation şirkəti SOCAR-la başqa ortaqlıqlarda da yer alır.

Bu şirkətin arxasında duran adlar bəlli deyil, çünki Panama dövlət reyestrindən əldə edilən sənədlərdə təsisçi kimi göstərilən şirkət – Thalassa Marşal adalarında qeydiyyatdan keçib və təsis məlumatlarında əsl sahibləri gizlədilib.

Nəhayət əsas suala keçirik:

KİMDİR ANAR ƏLİYEV?

Anar Əliyevin SOCAR-la böyük layihələrə imza atan şirkətlər qurmazdan əvvəlki keçmişinə dair çox az rəsmi məlumat var. Heritage General Trading FZO şirkəti qurularkən təqdim etdiyi pasportda onun Naxçıvanda doğumlu olduğu göstərilir.

Naxçıvanda həqiqətən təvəllüdü və adı uyğun olan Əliyev Anar Nüsrət oğlu 2010-cu ildə seçici siyahısında qeydiyyatda olub. Sonralar onun qeydiyyat ünvanı Bakı şəhərinin Nərimanov rayonuna dəyişilib.
Global Witness-in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var. Bu foto da həmin surətdən götürülüb.
Global Witness-in əldə etdiyi sənədlərdə Anar Əliyevin pasportunun surəti də var. Bu foto da həmin surətdən götürülüb.

SOCAR-dakı mənbələr Anar Əliyevin əvvəllər Rövnəq Abdullayevin təhlükəsizlik xidmətində çalışdığını, onun qardaşı Bədəl Əliyevin isə SOCAR İnformasiya Texnologiyaları Departamentində satınalmalar üzrə menecer olduğunu bildirirlər.

SOCAR-dan bu məlumatları rəsmən dəqiqləşdirmək mümkün olmayıb. SOCAR kadrlar şöbəsindən Bədəl Əliyevin orada çalışması ilə bağlı suallara cavab ala bilməmişik.

10 MİN DOLLARLIQ HOTEL HESABI

Global Witness də öz araşdırmasında Anar Əliyevin kimliyini sual edir. Hər halda altı il ərzində Dövlət Neft Şirkətinin əsas tərəfdaşı olan bu əhəmiyyətli şəxsin kimliyinin ictimaiyyətə məlum olmaması anti-korrupsiya təşkilatının da suallarına səbəb olub.

Global Witness Anar Əliyevin adının həm də bir neçə il əvvəl hakerlər vasitəsilə əldə olunmuş sənədlərdə keçdiyini göstərir.

Bu sənədlərdən biri Sumato Energy Servicess SA şirkətinin baş meneceri Mətin Talışlı tərəfindən ödənən hotel qaiməsidir. Anar Əliyevin qaldığı iki gün üçün cənab Talışlı hotelə 10 min dollardan artıq hesab ödəyib.

AĞ ŞƏHƏR LAYİHƏSİNDƏ PAY

Anar Əliyevin biznesi neftlə kifayətlənmir. Global Witness Anar Əliyevlə bağlı şirkətlərin çoxmilyardlı Bakı Ağ Şəhər layihəsində də yer adığını göstərir. Onun sahibi olduğu UGE şirkəti Ağ Şəhər layihəsində 99 faiz paya sahibdir.

Anar Əliyevin yuxarıda adı keçən şirkətlərdə öz maraqlarınımı, yaxud başqa, nüfuzlu, adı bəlli olmayan şəxsin maraqlarınımı təmsil etdiyi bəlli deyil. Bəlli olan Azərbaycan dövlətinə məxsus Neft Şirkətinin xalqa məxsus pulları və imkanları şəxsi ciblərə axıtmasıdır.

Öz hesabatında Britaniya təşkilatı SOCAR-ın əməliyyatlarının şəffaf olmadığını qeyd edir. Təşkilatın tam hesabatı ilə burada tanış ola bilərsən.

Global Witness-in sorğularına yazdığı cavabda SOCAR öz fəaliyyətini illi qanunvericiliyə, beynəlxalq şirkətlərin təcrübəsinə uyğun həyata keçirdiyini qeyd edib, amma konkret suallara cavab verməyib. SOCAR-ın cavabı ilə Global Witness-in qurumun saytından tanış ola bilərsən.

Araşdırmanı bəyəndinsə, dostunla paylaş.
Ortaya çıxan yeni faktlar barədə isə fikirlərini aşağıdakı foruma yaz.
XS
SM
MD
LG