Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 07:09

Şair Ələkbər Salahzadə vəfat etdi


Ələkbər Salahzadə
Ələkbər Salahzadə
-

“Qobustan” jurnalının baş redaktoru, şair Ələkbər Salahzadə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə xəbəri APA yayıb.

Ələkbər Salahzadə 1941-ci il martın 15-də Quba rayonunun Cimi kəndində anadan olub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlayıb, həm də mətbuatda çıxış edib.

"Azərbaycan" jurnalının ədəbi işçisi, "Tərcürmə saatı" radio jurnalının ştatdankənar redaktoru olub, Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, "Gənclik" nəşriyyatında tərcüməçi, sonra poeziya üzrə redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktor müavini işləyib.

Ə. Salahzadə "Ulduz" jurnalında poeziya şöbəsinin müdiri, redaktor vəzifəsində çalışıb.

Sonuncu iş yeri "Qobustan" jurnalı idi.

60-cı illərdən fəal ədəbi fəaliyyətə başlayan Ə. Salahzadə bədii tərcümə ilə yanaşı, 100-dən çox essenin, məqalənin də müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. "Kölgədən qorxan", "Yayın qış gecələri", "Nağaraçı naxırçı"pyesləri tamaşaya qoyulub.


Ələkbər Salahzadənin "Qobustan" poeması


Ələk­bər Sa­lah­za­də


QOBUSTAN


Gündüz bir göz Gündü göydə,
gecə bir göz də Aydı.
Yuxarıdan
sükut dolu Yer üzünə tamaşaydı.
Boz buzluqda
iki rəngdi: ağ, qara.
Gündüz sanki, kimsəsiz bir ağ saraydı,
gecə qara mağara.
Boz sükutdu, bumbuz sükut,
Yer boyu sonsuz sükut.
Gün dəyirdi,
əriyirdi
buz sükut üz qatından,
dağ sıyrılırdı altından,
qaya, daş çıxırdı,
dünyanın dişi çıxırdı!
Buz sükut əriyirdi,
suya dönüb yeriyirdi.
Buzun adı yoxdu onda, sükutun adı
yoxdu,
“Sükut” sözü yoxdu, bumbuz sükut
ki vardı!
Günəşin, Ayın özü olan,
“Günəş”, “Ay” sözü olmayan
vaxtlardı,
səs doğulan, söz doğulmayan
vaxtlardı.
Nəsə vardı, kimsə yoxdu.
Sular axır,
özünə yol açırdı
səslər doğulurdu, səslər,
sükutmu dil açırdı?
Sular şırıldayırdı, yellər vıyıldayırdı,
göy altında, yer üstündə
hər yan çöldü, bayırdı.
Buz sükut vardı onda,
əriyib su olurdu.
Axan sular pozurdu sükutu,
əsən yellər pozurdu,
sükut da pozulurdu.
Səslər qopub gəlirdi, səslər.
onda söz nə gəzirdi!
Onda sular şırıldayır,
hərdən yellər əsirdi.
Bir göz Gündü göy üzündə,
bir göz də Aydı;
gözün biri yumulanda
o biri açılırdı.


Sular axıb şütüdükcə
buz düyünü açılırdı.
Yerin eyni,
Yerin donu açılırdı…


***


…Yer
başlı-başına qalmışdı;
selinə-suyuna, küləyinə-yelinə,
qayasına-daşına qalmışdı.


Xəyal belə uçub gedib,
qona bilməz
iki gözü
Gün, Ay olan o çağlara.


Kim dən səpirdi, kim
buz qatından sıyrılan bu dağlara?
Bu dağlardan enib gələn
otlar nədən göyərirdi?
Kimdi o kim,
səpdiyi dən göyərirdi?
Hardan qalxırdı ağaclar,
kollar hardan çıxırdı?
Bəlkə Gün də baş qaldırıb
elə yerdən çıxırdı?
Otlar çoxdan oyanmışdı,
ağaclar da kök atmışdı.
Quşlar nədən quş olmuşdu,
nə üstündə kürt yatmışdı?
Heyvanları
sudan, lildən, palçıqdan
kim çıxarmışdı?
Öz üstünə, öz qəsdinə
yoxsa otmu çağırmışdı?
Quruda yox,
bəs suda kim saxlamışdı balıqları?
Yəqin vardı
onlara da gün ağlayan xalıqları.


Yerə hakim, göyə hakim
kimdi o Kim?


…Otu yaşıl kim bitirdi,
kim gətirdi otlar üstə bu atları?
Heyvanların izi ilə
dizin-dizin sürünən adamları
kim mindirdi atlara?


Bəlkə də göy
özü boyda şadaradı - hövsələndi:
nə ələndi ələndi;
torpağa düşənlərdən
nəsə birdən cücərdi!
Bəlkə elə özü boyda toxumdu Yer,
yer-yerdən cücərdi?!.


***


…Hara axıb tökülür vaxt,
harda yer tapıb qalır?
Yəqin axıb keçmiş olur,
torpağa hopub qalır.


***


Neçə alim,
başda da bir arxeoloq qoca alim
yeri aram-aram qazıb
laydan-laya düşürdülər.
İynə-iynə enə-enə
hər layda vaxt eşirdilər.
Bıçaqdı əllərində,
sanki iynəylə gor qazırdılar,
qazıb hərdən
yarı yolda azırdılar.
Əl saxlayıb arada,
gedib ayrı yerə dirənirdilər,
min illərin izi ilə,
çağdan-çağa enirdilər.
Bilirdilər:
hər şey torpaq içindədi.
Bir lay bir qata qarışıb,
bir çağ bir çağ içindədi.
Əllərinin birində bıçaq,
birində fırça,
küpüylə vaxt çıxırdı üzə
qırıq-qırıq, parça-parça.
Qazırdılar, gedirdilər,
Tunc qatını eşə-eşə
xeyli dayanırdılar.
Özlərini o çağlarda sanırdılar.
Gedirdilər,
Qobustana enirdilər,
bilirdilər: dərindədi,
daş qatında,
daş çağında yerindədi!..


***


…İri-iri diri daşlar,
qalın-qayım, qala-qala qayalardı.
Bəlkə hansı bir dağdansa qopub gələn,
buralara düşüb qalan qayalardı?
Yan-yörədə
axar sular çağlayırdı;
bu yerləri
yayda sərin, qışda yaşıl saxlayırdı.
Ot tutmuşdu yerimişdi
döşləri, yamacları.
Torpağından, suyundan
yarımışdı ağacları.
Meşəsində ot yeyən,
ət yeyən heyvanları,
ot qayğısı, ət davası
bitməyən heyvanları…
Dəniz vardı, burda dəniz,
qayaların ayağını yuyan kəniz;
qu boyunlu bir qayıqla düşüb gərək
girəydilər qılığına,
girib yiyə duraydılar
ləpə-ləpə balığına.
Onlara bu göy dəniz də
Yerdən paydı, göydən paydı?
Sığınmağa bundan uyar,
bir yer çətin tapılaydı!..

Baxtları gətirmişdi
gəlib bura çıxmışdılar.
Üç yan qaya, bir yan dəniz,
bir gör hara çıxmışdılar!


Bura onlar yol tapmışdı,
iz izləyib gəlmişdi.
Axar sular sayrışdıqca
üzlərinə gülmüşdü.
Qayalar
kölgəsində
yer vermişdi onlara.
Ovda iti daşlar da
əl vermişdi onlara.
Hərdən ac da qalırdılar,
dözür, tablayırdılar.
Çıxıb gendə yeməli
nə var - toplayırdılar.
Bilirdilər tək təklənər,
birgəydilər onlar ovda,
şirlərdən göz vura-bura,
maralları qovhaqovda…


***


Bu Daşlı bel onlarındı -
hürr qayalar,
azad daşlar məskəni,
həm ovdaşlar,
həm oddaşlar məskəni.
Göydən Gündü
isindirən onları.
Bir göz idi,
bir gözlə də oydu görən onları.
Bu daşlardı, qayalardı
ən yaxın sirdaşları,
soyuq qışın, isti yayın,
hər çağın sirdaşları.
Bir qaladı hər qaya,
hər daş da bir yaraqdı.
Əkində daş toxadısa
biçin də də daş oraqdı.
Bu obada, ovda belə
əllərindən düşməzdi daş.
Öləndə də ayrılmazdı,
birindən gen düşməzdi daş.
Daşa çatırdı ərkləri,
daşlaydı hər oyunları.
Daşdı işlədə-işlədə
gündə yonub-yontalayan onları.


Bura çoxdan
hürr qayalar,
azad daşlar məskəni,
həm ovdaşlar,
həm oddaşlar məskəni.


***


Bir gözdə ovçulardı,
bir gözdə balıqçılar.
Çöldə-düzdə ovçulardı,
dənizdə balıqçılar.
Onlardı tor atan suya,
ov ovlayan, quş quşlayan.
İşlərinə-güclərinə
Gündən də tez başlayan.
Yay düzəldən qocalardı,
od qoruyan qarılar.
Cavanları - hər çiçəkdən
şirə çəkən arılar.
Yay dartmağı, ox atmağı
öyrənirdi uşaqları.
Qarğı atlar minib çapır,
əylənirdi uşaqları.
Bir ürəkdə bir candılar,
yoxdu zərrə yadlıqları.
Hamılıqdı pis günləri,
sevincləri, şadlıqları.
Burda kələk kara gəlməz,
hiylə-filan işləməzdi.
Kimsədən göz vurub kimsə
barmağını dişləməzdi.
Yalan, riya yoxdu burda,
yalaq-yaltaq tapılmazdı.
Haqqı yoxsa,
bir hazıra
şərik, ortaq tapılmazdı.
Birlikdəydi,birlikdə
ovda dirilikləri.
Arxadaca qalırdı
gündə gerilikləri.
Pələnglərlə döş-döşə
aslan olurdu onlar.
Sınanıb bərkidikcə
azman olurdu onlar.
Qurd yerində quruyurdu
bu azmanlar ova sahib çıxanda.
Daşın suyu süzülürdü
ovuclayıb sıxanda…


***


Görən, gendə onların
arada baş çəkməyə
bir yerləri vardımı?
O zamankı Azıxdan,
Tağlardan, Beşbarmaqdan
xəbərləri vardımı?


***


Yaylı-oxlu ovçular
sağda, solda, arxada -
yuxarıdan
bir ilxı gur axıda-axıda.
Üstlərinə üç yandan
ox dalınca daş yağır.
Hürküdülən bir ilxı
enir
üzü aşağı.
Ərşə qalxan səslərin
altında qovhaqovdu;
bu ayrı bir fənd ilə
bir ilxının ovudu.
…Sağdan, soldan, arxadan
sıxdıqca ox hasarı
gurun bir dözümsüzü
atılır oxa sarı.
Oxlanan qaşqasından
qan fışqırır daşlara.
Kimdi indi bənd olan
gözündəki yaşlara.
Ovçular qovhaqovda,
daralır ox hasarı.
Get-gedə yaxınlaşır
gurlar uçruma sarı.
Qaçmaq istəyənləri
yenə oxa tuş gəlir,
üstəlik üstlərinə
toxmaq gəlir, daş gəlir.
Ayaqları altda yer
qaçır, qaçır, sıxılır.
Uçrumun qırağında
ilxı yaytək yığılır.
Gurlar yenə üç yandan
oxa, daşa tutulur.
Dözməyib yuxarıdan
yerə atılır
bir gur!
Açılır birdən-birə
sanki bəndin qabağı.
Gurların göydən gəlir
yerə
başı, ayağı.
Ayağı çilik-çilik,
boynu da buruq gurlar
çırpınıb, çapalayıb
sonra da soyulurlar…


…Bir qırağa atıldı
gur soyan daş bıçaqlar.
On gün qayalar üstdə
gur-gur yandı ocaqlar…


Bir göz Gündü göy üzündə,
bir göz də Ay;
günün yarısı üstdə Gündü,
yarısı üstdə Ay…


***


Qaya vardı burda qaya,
sağı qaya, solu qaya.
Çalındıqca tükənməyən
səs-səda dolu qaya!


Ortalıqda
iri daşdı,
yarı təbil,
yarı daşdı.
Tonqal kimi araya
alardılar bu daşı,
cuşa gəlincə çalar,
çalardılar bu daşı.
Arada “yallı”ları
dolanardı başına;
gəlib incəbelliləri,
qoçaqlıqda bəlliləri
dolanardı başına.
Tonqallar çatılanda
çalardılar bu daşı.
Günəş, Ay tutulanda
çalardılar bu daşı.
Qorxu-hürkü duyulanda
çalardılar.
Bir şənlik, toy olanda
çalardılar.
Arada susub deyə
döyərdilər bu daşı.
Döyə-döyə
öyərdilər bu daşı.
Bu daş
bu qayaların
döyünən ürəyidi,
çalınanda
hamının
dağa dönən ürəyi..


***


Qayığa bax,
qarğı-qamış qabırğalı qayığa!
Balıqçılar alıb onu yedəyinə
sürütləyir dalğa döyən qayalığa.
Dördü-beşi suya girib
qayalıqdan asta-asta düşürürlər boş
təknəni;
indən belə su olacaq ilk beşiyi, son
məskəni.
Kim istəməz
bu qayıq da boş gedəndə dolu gəlsin?
Gündə belə yola çıxsın,
elə gündə dolu gəlsin!
Tamaşaya toplaşanlar təpə üstdə,
təzə qayıq, körpə qayıq tir-tir əsir ləpə
üstdə.
Şir biləkli dörd balıqçı avarını işə salır.
Gücmü alır qarğı kimi qayıq sudan,
sanki birdən qanad çalır,
qanad çalır asta-asta,
bir qu kimi süzüb gedir,
su üzündə avarsız da öz-özünə üzüb
gedir.
Qayalıqdan aram-aram aralanan bu
qayığın
burnu üstdə “günəş” yanır.
Balıqçılar qayıdanbaş qayalığa səmt
alanda
bu “günəş”ə arxalanır.
Gözişləməz göy sularda
güvəndikcə qollarına
avar çəkən balıqçılar davam edir
yollarına.
Bu qayığın ilk ovudu,
nə düşəcək görən tora,
ağbirçəklər əl yetirən,
ağsaqqallar hörən tora?
Ovçulardan ötəydilər
bu qayıqçı-balıqçılar,
əliboşmu qayıdandı
bu qayıqçı-balıqçılar?
Təzə qayıq, təzə qayıq,
uğur olsun, uğur olsun!
Quştək yüngül yola çıxıb,
qayıdanda
ağır olsun!

***


Gün tutulurdu hərdən,
Ay tutulurdu.
Döyüldükcə
səsli daşa toy tutulurdu…


***


Ulu ustad,
bu torpaqda əllərinin
izi qalan ilk istedad!
Şaxə-şaxə
bir qayada
nə surəti, nə də ondan yazı qalıb,
“maral”ıyla sirdaşlıqdan
qoç qaya da razı qalıb.
Əllərinin sehri ilə
bu ceyrana o can verib.
Qayalarda bir nişan yox,
kim nə bilsin haçan verib?
Öküzə bax, nə diridi,
ho, ho, zorba öküzdü ha!
Yox boynunda ala çatı,
alıqsızdı, yüksüzdü ha!
Üzərinə şir atıla
öz yerindən ay qopdu ha!
Gura batmaz bir qurd dişi,
it də cumub ay qapdı ha!..
Atlarıyla bu qayanı
şan-şöhrətə mindirib o.
Bir qayığın burnu üstə
göydən Günəş endirib o.
Qüdrətini daşlar üstdə
o nəqş edən əllər hanı?
O maralı qoç qayaya
peşkəş edən əllər hanı?
Vaxt üzünə qabarıbdı
çeşid-çeşid bu rəsmlər.


Daş dirildən sehrbazlar
kimlər imiş görən, kimlər?
Qayaların sinəsində
qalxıb-enib tişələri.
Daşı daşla oyatmaqmış,
yaşatmaqmış peşələri.
Qüdrətilə minilləri
yarıb gələn sənət, sənət.
Çox uzaqdan sızan soraq,
daşdan keçən sənəd -
sənət!..


***


Yaxında
nərə təpə-təpə
sürəkli bir yuxudan
yumuq gözünü açdı
təpəgöz kimi uyuyub yatmış təpə.
Od-alov püskürdü,
gözü
təpəsindən pırtlayıb çıxdı,
topa-topa torpağı,
lehmə zığ-palçığı qırağa atdı.
Timsah göz yaşları yol açdı -
əl-qol açdı,
ot-pencəri, ağacları, kolları,
ayaqladı qolları.
Tüstüsü, buxarı
az qala
göydə süzən buludu haqladı.
Seltək axan od-alovu
bir də
qayalara dirənib
ayaq saxladı.
Qaynar horrası altda
daş qaldı, qaya qaldı.
Öz palçığı-zığı içində
çapalaya-çapalaya qaldı…
Nərəsi yetən dağ-daş titrədi,
nəfəsi dəyən yal-yamac pörtdü.
Bomboz pərdə çəkib
yaşıl bir dövranın üstünü örtdü…



***


…İmperator Domisian əyyamında
santurion Maksim adlı legionerin
əli altda bir dəstəydi,
nə zamandı yol üstəydi.
Hardan-hara mənzil kəsib burada nə
gəzirdilər?
Zəncirlənmiş Prometeydən
Yoxsa gəlib buralarda bir nişanə
gəzirdilər?
Bəlkə onlar yürüşlərdən bezə-bezə
haqq yoluna düşüb gələn doğrulardı-
dürüstlərdi?
Yox, deyəsən
Qobustana ilk yol açan turistlərdi!
Bəlkə, bəlkə yollar boyu döyüşərək
vurmuşdular, yıxmışdılar,
aza-aza sonra gəlib buralara
çıxmışdılar?
Nə zamansa daşa dönmüş bir ölkəmi
tapmışdılar,
sələfləri bu ölkəni nə vaxtlarsa
bəlkə çalıb-çapmışdılar?
…Bir dövran, vaxt-xarabalıq;
qayalarda batıb qalıb hətta qayıq,
hətta balıq;
şirlər qıvraq, gurlar canlı,
qayalar da dipdiriydi.
Ölüm haqda, itim haqda
düşünməyin nə yeriydi!..
Baxıb palçıq vulkanların nərəsindən
tir-tir əsən
qayaların çatlarına
Vezuvinin dağıtdığı Pompey düşdü
yadlarına.
“Bu adamlar hara gedib,
sığınaqlar bomboş qalıb,
bu qayalar arasında
viranələr yuva salıb.
Ağlamalı yerdi bura,
heç qalmalı məkan deyil.
Kimi var ki, bac alasan,
bənd olmalı məkan deyil…”
…Bir qayanın sinəsini qaza-qaza
avtoqraf-yazı qoyub getmişdilər.
Kim nə bilir
bəlkə elə buraları nişanlayıb
getmişdilər?..



***


Minilliklər altında
əridikcə ay sütunu, il sütunu
dalğa-dalğa gəlib-keçir,
vaxt örtürdü vaxt üstünü…


***


Hər əyyamın bir axırı,
hər nağılın sonu olur.
Acılarla bitsə belə
hansı nağıl unudulur?


***


Nə vaxt, niyə
bu yerləri qoyub, çıxıb getmişdilər,
buralardan bəlkə birdən doyub, çıxıb
getmişdilər?
Bu daşları, qayaları
ta elə daş, qaya sanıb getmişdilər?
Nədən bezib,
nədən sınıb getmişdilər?
Qaya-qaya
tufanlara sinə gərən
səddi, səngərdi buralar:
kimlərin yuxusuna
birdən girdi buralar?


…Dəniz geri çəkildikcə
yola yolmu verdi burdan?
Bu yerləri o zamandan
qara yelmi vurdu burdan?
Bəlkə tufanlar, tayfunlartək bu yerlərə
yad bir tayfa ayaq açdı,
yersiz gəldi,
yerli qaçdı?
Bəlkə artıb-çoxaldılar,
“el-elə” sığışmadı?
Bir qəbilə dağılışdı,
ta bir yerə yığışmadı?
Bəlkə havalar döndü-dəyişdi,
quraqlıq düşdü?
Sular sozaldı bəlkə,
otlar soldu-saraldı,
ot yeyən heyvanın
qaçanı qaçdı,
qırılanı qırıldı?
Naçar qalanda onlar
bəlkə gözlərində yer-göy qaraldı?
Bu daş köklərdən qopub
su dalınca cuman otun,
ot dalınca qaçan atın
arxasınca düşüb gedən oldular,
baş alıb harasa yetən oldular?..


Bir zamanlar hayanları daş-qayalar
gözü yolda, qulağı səsdə qaldı.
Ovçular, balıqçılar,
gurlar, marallar,
Bəbirlər, aslanlar
elə daşlar, qayalar üstdə qaldı.
Quruyan suların yerində qobular qaldı -
uzun, bomboş qablar qaldı.
Təbildaş qaldı buralarda,
sanki birdən-birə daş olub qaldı,
dolu bir kökstək boşalıb qaldı...


***


Bu atlar kimindi qalıb buralarda,
bu öküzlər kimindi?
Vaxt çürüdə bilməyib
qayalarda bir örkəni, kəməndi.
Ceyranlar niyə qaça bilməyib qayadan,
qaçmaq istəməyib - qalıb!
Quşlar niyə uça bilməyib,
uçmaq istəməyib - qalıb!
Bu qayıqlar kimlərindi,
bu qayada donub qalıb?
Bu günəş qayıq burnunda,
kimdi sanan - sönüb qalıb?
Hanı suyu, dənizi,
bu balıq qayada nə diri qalıb!
Bu “Yallı” hara gedirmiş belə,
bir gör hardan hara gəlib!
Hanı, hanı
bu daş yurdun yiyələri -
çıxıb açsın, çözələsin
“bəlkə”ləri, “niyə”ləri?!


***


Göy üzündə yanır-sönür
şimşək şaxı,
şaqqıldayan, gurlayan bir şadaradan
yağış yağır.
Şıdırığı yağmır yağış,
şallaqlamır qayaları.
Həzir-həzin, yavaş yağır,
oxu altda saxlamır qayaları.
Yağış çalır,
Qavaldaşdı
ortadakı solo qaya;
səs çiləyir
sağa qaya, sola qaya.
Yağış yağır,
oyanan yox,
çıxıb birdən oynayan yox.
Yağış çalır qayaları, çalır, çalır,
divanətək yel oynayır.
Yel oynadır -
topa-topa ot yellənir,
daş dibində ləçək-ləçək gül oynayır.
Yorğun düşüb kəsən yağış
göz yaşına ara verir.
Quruduqca ayaq üstə
öz yerini qara verir…


***


Qıfılsan, qıfıl daş!
Açsana burdakı sirrlərdən birini
qəfil, daş.
Xəyala daldıqca,
özünə qapılma,
çağla, daş.
Coşduğun çağlardan
kükrə, daş, danış, daş,
dindiyin vaxtlarla
tanış daş.
Ruhmusan,
daşmısan,
dövranlar aşmısan,
sən sussan dinərmi ayrı daş?
Din, danış -
yarı, daş.
Göydənmi yağmısan,
yerdənmi çıxmısan,
köksünə ahları
nə vaxtdan yığmısan?
Diksinib dinsənə,
sorğudan-sualdan
cinlənib
atını minsənə,
coşsana qəfil, daş?
Susursan, qıfıl ki qıfıl, daş!


Sən qapıl özünə qıfıltək, -
biz qalaq qafil, daş...



***


Böyükdaşdı, Kiçikdaşdı,
Cingirdağdı;
elə bil ki, hər üçü də
gur-gur yanan ocaq üstdə
daşıb dənizə aşmış
nəhəng bir tiyan altda
ayaqları yana qaçmış sacayaqdı.
Ocaqlar gur yanıb buralarda,
o çağlar çağlayıb.
O çağları çiynində
bu qayalar saxlayıb.
Qobustan, Qobustan,
qayalar səltənəti!
Ortada bir Qavaldaş var,
sağda nədi, solda nədi? -
Qayalar!
Arxa-arxaya, yaxın,
böyür-böyürə,
bir-birindən arxayın.
Qaya var, ilandımı,
qaya var, quşa bənzər.
Daş var sanki göydən düşüb,
daş da var daşa bənzər.
Gendə də oyma-oyma
qayadan çox qaya var:
Şonqardağ,
Şıxqaya var.
Yan-yörədə
yarğan-yarğan, yorğun-arğın qobular -
susuz qalıb çat-çat olmuş uzun-uzun
boş qablar.
Təpələrdən bir boy uca
Torağay, Kərkəs, Şonqar;
bu dağların başına
havaxt qonub bu adlar?
Təpəgöztək marıqdadı
gendə palçıq vulkanları;
gözü yumuq
gözü açıq vulkanları.
Yanıb-sönmüş bu torpaqda
min müəmma, sirr-sehr.
Müqəddəslər yadigarı
neçə-neçə ocaq, pir...
Burda
ovdan yorğun-arğın qayıdan
qədim ovçuların yanğısını yatıran
ovdanlar qalıb;
suyuyla ot, ağac ovudanlar qalıb.
Uzaq, ulu dövranların hər qayada izi
burda.
Daşa dönmüş ölkənin
özülü, özü burda…


Bəlkə bir vaxt buralarda
Hay-haraylı əyyamlardı.
İndi uzaqdan baxanda
Böyükdaş da, Kiçikdaş da, Cingirdağ da
sanki şimşək qılınclarla
başı vuruq ehramlardı…



***


Gündə bir az sına-sına
qış da yetir sona burda.
Qoca alim, ahıl çoban
tapışıblar yenə burda.
Çoban elə hey danışır
qoyunundan, quzusundan.
Canla-başla cavab verir
nə soruşur alim ondan.
“Bax, o yanda bir qaya var,
toxunursan səs çıxarır.
Daşı azca bərk vuranda
bir çığırır, bir çığırır!”
Tez ayağa durur çoban
yan-yörəyə göz gəzdirir,
aparıb həmin qayanın
yerini ona göstərir.
Əlinə daş alıb çalır,
dilə gəlir sanki qaya.
Heyran-heyran baxır alim
bir çobana, bir qayaya.
Özü də bir daş götürüb
aram-aram xeyli çalır:
dil açdıqca tutqun qaya,
onun da eyni açılır.
Qoca alim çalır, çalır,
əl saxlayır handan-hana.
Sanki bir an sehrlənir,
bilmir nə desin çobana.
Əlini qoyur çiyninə,
deyəsən qaçır dodağı.
Heç könlünə yatmır onun
burda qoyun otarmağı…



***


Nə qədər səs yığıb canına bu qaya;
nərə, haray udub qalıb.
Bəlkə birdən çəkdiyi ah
özünücə tutub qalıb?
Yağış, dolu altında
təbil daşdı, təbil daş.
Toxunanda diksinir,
dirilir elə bil daş.
Dindirən kimi dinir,
döysən haray qoparır.
Fikri-xəyalı alıb
hardan hara aparır!
Bir kəlmə söz yox üstdə,
bu qaya səs yatağı.
Dindirib dirilməyə
hamıya bəs yatağı…
Nə biləsən bu qayaya,
görəsən bu daşa onlar nə deyib?
Hər birinin əli toxunub bu daşa,
azı baxışı dəyib.
Nəsə danışır bu daş,
sirlərini gizləyir.
Kim açacaq dilini,
kimdi o kim, gözləyir?



***


Zaman-zaman Qobustana
bəlkə bir gələn olmayıb?
Yoxsa vaxt örtüb üstünü,
yerini bilən olmayıb?
Min illəri yara-yara
nə əvvəllər, nə sonralar
bir yazıya, bir əsərə
niyə düşməyib buralar?
Bəlkə yağı yürüşləri,
qovğalar girib araya -
məkan kimi qopub qalıb
zamanlardan bu daş-qaya?
Görəsən bu nə sirdi,
bəlkə qəzavü-qədər -
bu qayalar niyə gözdən-könüldən
uzaq düşüb bu qədər?..

Mədaində Xaqanini
xarabələr kövrəldəndə
Nizaminin xəyalını
bisütunlar çəkdi gendə.
Füzulinin uzaqlarda
buralardan nə xəbəri! -
Yoxsa bu yerlər olardı
Qeysin elə məcnun yeri…
Bəlkə quşlar, heyvanlar
yanına axışardı,
şirlər qopub qayadan
başına yığışardı…


***


Qoca alim bu yerlərin
elə çoxdan əsiridi.
Tapıb üzə çıxardığı hər bir şəkil
elə bil öz əsəridi…
Hər qayanın başına o,
dolanıbdı on yol azı.
Tapıntılar sorağında
burda keçib qışı-yazı.


“Su çəkəsən buralara
şırıl-şırıl axıb gedə,
bu qayalar arasından
boz sükutu yığıb gedə.
Kəsilməyə şırıltısı,
uyuq kökləri oyada,
susuzluqdan perik düşmüş
ağac da geri qayıda.
Marallar da su içməyə
qayadansa qopub gələ,
sərinləyə dodaqları
çat-çat olmuş qobu belə.
Su axdıqca, oxuduqca
birdən möcüzə baş verə,
ağacla, otla bəhsə bəhs
gendə bir daş da göyərə!..”
“Qədim-qayım bir yurd kökü bu qayalar
necə olub unudulub?
Bəlkə onda gündüzlər də
gecə olub-unudulub?
Yüzilliklər buralardan
bəlkə qara yeltək ötüb,
qayaüstü rəsmləri
yağış yuyub, mamır örtüb?
Bəlkə bura gələn maldar
ot-pencəri görüb elə?
Dağdağana baxıb keçib,
cır əncirdən dərib elə?
Qayalara gendən qoyun,
daşları da quzu sanan
yaxın gəlib qaya üstdə
arardımı bəbir, aslan?
Buralarda bəlkə elə
mal-davarlıq örüş yeri axtarıblar.
Yaxınlıqda məskən salıb
qoyun-quzu otarıblar”.


…Nə söykənib çomağına,
heç tütək də çalmır çoban.
Qaya üstdə “keçi” görür
saya belə salmır çoban.
Hərdən iti gözdən itir,
heç deynən yana baxır?
Neyləsin çoban babadı,
o elə qoyuna baxır!


Ceyran gəzib, kor-peşiman geri dönən
ovçular da
nə yaxşı ki, görməyiblər qayaüstü
maralları,
yoxsa nişan alardılar
tez, əlüstü maralları!...


***


Narahatdı qoca alim,
ürəyini şübhə didir;
Axır vaxtlar dörd-beş adam
bu yanlara
yaman tez-tez gəlib-gedir.
Qara rəngli bir maşında
Tozlu yolla dik aşırlar.
Qayaların arasında
xoflu-xoflu dolaşırlar.
Həm də ondan nə üçünsə
uzaq qaçır, gen gəzirlər.
Qayaları qaralayıb
tez şəhərə tələsirlər…


***


Yağış kəsib,
göz yaşları ara verib.
Ayaq üstdə quruduqca
öz yerini qara verib.
Qar yağır, qar,
itib-batır hər iz, cığır.
Göydən sanki min-min quşun
lələyi yox,
kəsik-kəsik başı yağır.
Quş yağışı, quş yağışı,
bəyaz qu yağışı yağır!
Qayaları qucaqlayıb
gizlətməkmi istəyir qar,
buraları qorumaqmı,
hifz etməkmi istəyir qar?
Yağır, yağır ara vermir,
qalandıqca qalanır, qar,
yananmı var Qobustana,
qar yanır, qar!
Sanırsan ki, sağda-solda
qayalara qonub donmuş
qalaq-qalaq saysız quş var.
Gecə isti bir yel əsir,
qanadlanıb uçur quşlar…


***


Bu qayalar arasında arxeoloq
özünə yer tapa bilmir.
Nəsə damıb ürəyinə,
son zamanlar buralardan qopa bilmir.


***


…Bir qaya üstdə öküz gördülər,
bir qaya üstdə pələng,
hər qaya altda gürzə…
Qaldılar
yaylı-oxlu ovçularla göz-gözə…
Bir-birinin üzünə baxıb
nədənsə duruxdular.
Təkdi arxeoloq,
onlar çoxdular.


…Qoca alim çox söz dedi.
guya göydə dənlədilər.
Altdan-altdan qımışıb
candərdi dinlədilər.


Yoxsa o gedən getdilər,
eh, gedib yenə gəldilər!
Bəlkə gedib qayıdanda
imana-dinə gəldilər?


“Nə şir, nə pələng, nə maral!
Yaylı-oxlu ovçu nədi,
yallı nədi, yelli nədi.
Bu daş-qaya lap daş-qaşdı,
yox, hələ bir xəzinədi!
Daşlıqdı bu,
Qobustan yox, Daşıstandı!
Özü də biz kəşf etmişik,
bir neçə gün yeyib içib kef etmişik!..”


Qoca alim
bu adamı kinayəylə süzüb gülür.
Amma birdən
gözlərindən daşlar üstə
ki damla yaş süzülür:


“Daş-qayaya göz dikməyin,
hünəriniz varsa sizin
toz içində itib-batan
bu yollara əlac gəzin,
bu yerlərə gün ağlayın,
ağlayın, su çıxsın bura.
Susuzluqdan perik düşmüş
ağacları yığsın bura.
Nə çətinmiş buralara
su çəkdirmək, yol saldırmaq.
Yoxsa gəlib
bu daşlara, qayalara əl qaldırmaq?..


Qımışırlar kefcil kəslər,
gedib yenə qayaların arasını
dolaşırlar.
Tozanaqlı bir yel qopur,
tez maşina doluşurlar…


***


Özünü tək, yalqız sanır
bu qayalar arasında
qovrulduqca qoca alim
gərək tezdən ora-bura qaça alim?
neçə-neçə qapı döyə,
dönə-dönə dediyini bir də deyə.


***


Cumub birbaş yaylı-oxlu ovçuların
gəlib “ev”inə çıxıblar!
Qaya-qaya nişan alıb
daş ovuna çıxıblar!
Barmaq tuşladıqları
hər qaya hədəfləri.
Hazır kökə tapıblar,
nə kökəlib kefləri!
İş kəsilmiş dustaq kəslər
buraxılıb qabağa.
Onlara bircə burda
yoxdu qoruq-qadağa!
Nərildəyir buldozerlər,
qalxır-enir kranlar.
Cuşa gəlib: “Hörgümüzə
daş gərək!” hayqıranlar.
Şiri-nərə dönüb sanki
qaya parçalayırlar.
Daş leşini maşınlarda
üst-üstə qalayırlar.
Əmrqulu robot nə çox
dinozavr bolluğunda.
Görün Xeyir harda durub
indi Şərin qulluğunda?
Çoxdan, çoxdan, lap çoxdan
qırılıb dinozavrlar!
Zamanıyla geri dönüb,
dirilib “dinozavr”lar!
Tırtıllısı, xortumlusu,
qoşa-qoşa təkərlisi.
Başı üstə ağalısı,
əmri altda nökərlisi…
“Bir qayaya, bir qaymaya
nə acıyın, nə ağrıyın,
baxmayın kola, ağaca,
qaya çapın, çapın, daş-daş doğrayın!..”


“Dinozavr”lar nərildəyir,
toz-torpaq göyə sovrulur.
Əmr verən, buyuran var,
soran yox -
niyə sovrulur?
Ha bağır, ay dayandı ha,
işə düşüb maşınları.
Onların öz nəqşələri,
ölçüləri, arşınları...


“Dinozavr”lar daş nədi,
yerindən qaya oynadır.
Tırtıldayır, nərildəyir,
çəkibən qıyya, oynadır.


Axşamacan çəkir gündə
vəhşiliyin qaya ovu;
alçaqlığı saray-saray
ucaldacaq guya ovu!..

Qobustanda qaya ovu,
Qobustanda daş qırğını!
“Dinozavr”lar Böyükdaşın
dağ çəkdikcə dağıdıb bir qırağını…
Bəs nə, qalib əsgərlərə
dam tikməyə daş gərəkdi!


Lap sonralar,
nə yaxşı ki, qurğuları
təməlindən çökəcəkdi…


***


“Bu qayalar adi qaya,
bu daşlar adi daş deyil.
Daş var bəlkə səmalıqdı,
bəlkə də adı daş deyil.
Qayaüstü hər bir şəkil
minillərdən bugünlərə əmanətdi,
bircəsinə xor baxmaq da əmanətə
xəyanətdi.


Hara getdim,
kimi gördüm haray çəkdim,
dad elədim: əl saxlayın,
buraların bircə qırıq daşına da qıymaq
olmaz!
Qayasını cansız qaya,
daşını leş saymaq olmaz…
Sadaladım:
İspaniyada Altamira,
Afrikada Oldovay var,
Fransada Lasko kimi, La Müt kimi
mağaralar.
Qoruyurlar, saxlayırlar,
seyrinə də axın-axın insan gəlir.
Gəlişləri, gedişləri -
bir ölkəlik qazanc, gəlir.
Neçə muzey mağaranı saldım yada,
dedim: amma Qobustanın misli yoxdu
bu dünyada.
Bura min-min qaya üstdə
çöküb qalmış bir ölkədi.
Yoğrulmamış, yanılmamış,
hazır tapılmış kökədi!..
Adam axı
bir düşünər, bir daşınar, səhv eləməz,
yerüstü bir xəzinəni
öz əliylə məhv eləməz.
Çox dedim az eşitdilər,
sonra bildim nə etdilər;
bir xaraba karxana da
açdılar bu karxanada.
Buldozerin dişlərində
qoç qayalar getdi bada…”


***


Qoca alim
ora-bura qaç-qaça,
qapıları döyə-döyə:
“Bir dayanın, əl saxlayın,
bir dünyanı dağıtmayın” deyə-deyə…


Dəyirman öz işindəydi,
çax-çaxı baş ağrıdırdı.
Qobustanda çapaçapdı,
qorunmayan bir qoruqda
qırhaqırdı…


***


Dili çarxlar fırlanırdı
dayanmadan,
iti dişlər
daş-torpağı oya-oya, didə-didə,
Böyükdaşın kürəyindən
ürəyinə işləyirdi get-gedə.
Buldozer-dinozavrlar
keçmişləri yarırdı.
Lay-lay vaxtı
doğrayırdı, parça-parça qoparırdı.
Yan-yörədə
qayaların dişi-dişinə dəyirdi.
“Dinozavr”lar nərəsindən
Kiçikdaş da, Cınqırdağ da titrəyirdi.
Bir çağ sanki
göz görəsi əriyirdi.
Caynaq dişlər bir mamontun ürəyinə
yeriyirdi.
Pillə-pillə diş yerləri
sanki amfiteatrdı;
bir dramı tamaşaya gələnlərin
hamısını tutardı.


***


…Birdən-birə Qavaldaşı
yoxsa yağış, dolu çaldı?
Əl uzadıb hansı nəhəng,
hansı dəli-dolu çaldı?
Ah-naləsi göyə qalxdı,
elə bil ki, ilan çaldı Qavaldaşı.
Yox, deyəsən gərək vaxtı
bir həyəcan təbilitək
çalan çaldı Qavaldaşı! -
Silkələdi hər qayanı,
Oyatdı hər yatan daşı.
Başılovlu qıy çəkdikcə
yaylı-oxlu ovçuların
qopdu qalxdı gur səsi də.
Qaya-qaya nərildədi aslanları, öküzləri.
Daşlar altdan baş qaldırdı
əqrəbi də, gürzəsi də…


Harayını eşidənlər cumub gəldi.
Gələn, gələn dayandıqca yan-yanaşı
Çaldı, çaldı Qavaldaşı.
Gələn gəldi,
gəlməyənin səsi gəldi!
Qayaların dövrəsində
Səs-səs sədlər yüksəldi!..


Kim çaldı, kim,
kimlər çaldı Qavaldaşı?
Kimlər, kimlər oyatmışdı bir yaddaşı?
Kim çaldı, kim,
elə çaldı o çağlardan qopdu səsi?
Yığın-yığın lal dindirib
quyu-quyu qulaqları tapdı səsi.
Yuxuda da yaxaladı,
diksindirdi o yoldaşı,
bu yaldaşı -
bəlkə biri peşmanlaya,
ətəyindən tökə daşı!


…Bir buyruqla işə düşən dişli çarxlar
handan-hana yavaşıdı.

Bu, ötən əsr Daş dövrünün
Dəmirlə Daş savaşıdı…


Ayın, Günün tanrı gözü
bu qayalar, daşlar üstdə olmasaydı,
qədim, ulu rəssamların əlləri kök
atmasaydı
bu qayalar, daşlar üstdə,
rəsmləri - möhür-möhür qalmasaydı
bu qayalar çapıldıqca çapılardı,
daşındıqca daşınardı.
Buraların axırına çıxmayınca
kəsilməzdi hey daşınan daşın ardı..


Buralarda oyaq ruhlar gəzməsəydi,
hər qayanın, daşın üstdə əsməsəydi,
Qavaldaşdan qopmasaydı bu qıyyalar -
“dinozavr” dişlərində dirilərdi bu
qayalar
ötən əsrin Daş dövründən
qobustana nə qalardı -
dərin-dərin kalafalar, mağaralar.


…Dişli çarxlar
handan-hana yavaşıdı,
sonralar da dağlar çəkdi Qobustana -
yavaşıdı.


Toz-tozanaq çəkildikcə
var göründü, yox göründü.


Bir göz Aydı yuxarıda,
bir göz Gündü…


Kim çaldı, kim, Qavaldaşı?
kimlər çaldı -
səs-sədası başlar üstdə
çətir-çətir açıldı!


Kimlər gəlmir buralara,
kimlər getmir,
gəlib-gedən Qavaldaşdan
yan ötmür.
Heyrətini çalan olur.
Dərdini, sevincini,
həsrətini çalan olur.


Gələn gəlib bir yol görüb
dalbadal gəlib bura.
“Tiqris”inin sorağına
Tur Heyerdal gəlib bura.
Gedib, gedib, bir də gəlib,
bir də gəlmək istəyirmiş.
Qavaldaşı bir də çalıb
bəlkə gedib sonra ölmək istəyirmiş…


Qavaldaşın sədasına,
keçmiş dolu qayaların səcdəsinə
kimlər gəlmir?
Yapon gedir,
ispan gəlir,
firəng gəlir.
Oldovayı,
Laskonu görən gəlir.


Gəlirlər, qayalarla üz-üzə qalırlar,
hər zağada
min-min il əvvəllərə düşürlər,
yaylı-oxlu ovçularla “görüşürlər”.
Dövrəsində sıralanıb
Qavaldaşı çalırlar.
Çətir-çətir açılan,
minillərdən ucalan
səs altında qalırlar…


***


im çaldı, kim,
kimlər çaldı Qavaldaşı?
Kimlər idi sədasından diksindikcə
ətəyindən tökən daşı?..
Bax, bu gələn Qobustanı
daşlıq görmək istəyirmiş:
“Yox, Qobustan hər qonağa
gözlərimiz üstə yermiş!”


Hamıdan çox qoca alim sevinirdi,
Qobustana çökən duman dağılmışdı.
Uzun illər üzüldükcə
heyf, indi o yerlərdən əl-ayağı
yığılmışdı…


Qobustana
kimlər gəlmir, kimlər getmir.
Gələn, gələn
Qavaldaşdan yan ötmür!


Qobustanın Qavaldaşı
dünyanın təbil daşI!
Ölkəsinə od vurulan,
insan qanı axıdılan,
torpağına dağ çəkilən,
qurd-yuvası dağıdılan…

Qoy əlinə bir daş alsın
gəlib, gəlib gedib çalsın
gur həyəcan təbilitək
Qobustanda Qavaldaşı…


Bir göz Gündü göy üzündə,
bir göz Aydı.
Yuxarıdan
Qobustana
səs-səmirsiz tamaşaydı…

2007
"Qobustan"
XS
SM
MD
LG