Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:20

General həbsxanada Gülər Əhmədova ilə görüşüb


Gülər Əhmədova
Gülər Əhmədova
-
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyev Bakı İstintaq Təcridxanasında saxlanan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.
Bu barədə “Media forum” saytına mayın 10-da Mədət Quliyev özü məlumat verib.
“Sadəcə, bir az narahatlığı var. Vaxtilə deputat olub, müəyyən həyat normalarında yaşayıb. İndi isə təqsirləndirilən şəxsdir, istintaq təcridxanasında saxlanır. Bunun müəyyən psixoloji çətinlikləri var, asan deyil. Mən bir neçə gün öncə Gülər Əhmədova ilə görüşmüşəm. Vəziyyəti yaxşıdır, həkimlərin nəzarətindədir. Narahatlıq üçün əsas yoxdur”.
Gülər Əhmədovanın ailə üzvləri ilə görüşməsinə icazə verilməməsinə gəlincə, Mədət Quliyev deyib ki, bu görüş istintaqı aparan müstəntiqin qərarından asılıdır:
“Qanuna əsasən, istintaq altında olan şəxs ailəsi ilə müstəntiq icazə verəndə görüşə bilər. Müstəntiq icazə verəndə, təbii ki, Gülər Əhmədova ailəsi ilə görüşür. Bununla bağlı problem yoxdur”.
Gülər Əhmədova bu il fevralın 13-də saxlanıb. Həmin gün Səbail rayon Məhkəməsi keçmiş deputat haqqında 3 aylıq həbs qərarı çıxarıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur. G. Əhmədovanın adı 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video qalmaqalında əsas fiqurlardan biri kimi hallanırdı.
Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.
Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.
Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Bir neçə gün əvvəl sabiq deputatın həbs müddəti 3 ay uzadılıb.
XS
SM
MD
LG