Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:05

Yevda Abramov: «5-6 il həbs bu işdə ağır cəzadır»


Yevda Abramov
Yevda Abramov
-
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Quba-Qusar seçki dairəsindən deputat Yevda Abramov Quba hadisələri ilə əlaqədar çıxarılan məhkəmə hökmlərinə münasibət bildirib.

- Yevda müəllim, indiyə qədər Quba hadisələri ilə əlaqədar 17 nəfər barəsində hökm oxunub. Onlardan 4 nəfəri 5 ilə qədər azadlıqdan məhrum edilib, qalanlarına da 3 il şərti cəza verilib. Münasibətiniz necədir?

- Bu insanların təqsiri var idisə, bu işi yüngül cəza ilə bitirmək olardı. 4-5 il cəza vermək, bu, əlbəttə, böyük rəqəmdir. Amma məhkəmə, müstəntiq bu işi necə araşdırıb, bütün bunlar məhkəməlikdir. Deputat bunları bilmir axı.

- Eyni ittihamla təqsirləndirilən 17 nəfərdən 4-ü barəsində 4-5 illik azadlıqdan məhrumetmə cəzası verilməsi Sizcə, təzadlı deyil ?

- Bunun üçün gərək hüquqşünas olasan. Məhkəmələrin işində əvvəldən axıra qədər iştirak edəsən ki, bu barədə fikir söyləyə biləsən. Uzaqdan-uzağa, Bakıda, Milli Məclisdə oturub məhkəmənin işinə irad bildirmək məsuliyyətli bir işdir.

- Quba hadisələrindən sonra deputat kimi təqsirləndirilən şəxslərin ailələri ilə görüşünüz olubmu?

- O ailələrin bəziləri ilə mən görüşmüşəm. Bu yaxınlarda 30 nəfər adından mənə məktub gəlmişdi. Onu göndərdim lazımı instansiyalara. Bu, mənim deputat kimi xahişim idi ki, bu işə obyektiv yanaşsınlar, düzgün yanaşsınlar. Amma mən necə deyim ki, məhkəmə qeyri-obyektivdir. Mən Azərbaycan məhkəməsinə iftira yağdıra bilmərəm.
XS
SM
MD
LG