Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:23

Ramiz Mehdiyev harda dincəlir?


Arxiv foto: Ramiz Mehdiyev.
Arxiv foto: Ramiz Mehdiyev.
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qısa müddətə məzuniyyətə gedib. Bu barədə Administrasiyanın İctimai-siyasi Şöbəsinin müdiri Əli Həsənov “Yeni Müsavat” qəzetinə bildirib.

Amma Əli Həsənov Administrasiya rəhbərinin nə zamandan, hansı müddətə və hansı ölkəyə getməsi barədə suallara cavab verməyib: “Burada qeyri-adi nə var ki? Ramiz Mehdiyev Avropa ölkələrindən birinə gedə bilməzmi?” - deyə Əli Həsənov bildirib.

Bu barədə ilk məlumatı "etibarlı mənbəyə istinadla “Azadlıq" qəzeti yazıb. Yerli mətbuat Ramiz Mehdiyevin dövlət başçısı ilə Gülər Əhmədova-Elşad Abdullayev qalmaqalını müzakirə etdiyini, bunun ardınca da səhhəti ilə əlaqədar Avropaya getdiyini yazır. Əli Həsənov isə qəzetə bu məlumatı şayiə adlandırıb: “Hansı ölkəyə, niyə gedib, bu, artıq onun öz şəxsi işidir. Qalan məsələlərin hamısı şayiədir. Onun hara, niyə getməyinin isə heç kimə aidiyyatı yoxdur”.

Son bir ayda Azərbaycanda siyasi gündəmi məşğul edən və keçmiş universitet rektoru Elşad Abdullayevin yaydığı videoda tez-tez Ramiz Mehdiyevin adı çəkilir. Gizli çəkilmiş videoda Gülər Əhmədova olduğu iddia edilən qadın Elşad Abdullayevdən deputat seçilməsi üçün 1 milyon (videoda hansı valyutadan söhbət getdiyi məlum olmur) tələb edir. Keçmiş universitet rektoru isə bu pulun Ramiz Mehdiyevə çatıb-çatmadığını dəqiqləşdirməyə çalışır.

Bu videonu Bakı şəhər Prokurorluğunda dələduzluq ittihamı ilə cinayət işi açılıb. Gülər Əhmədova videonu montaj adlandırıb və istintaqa mane olmaq istəmədiyini deyərək mandatdan imtina edib.

Ramiz Mehdiyev isə bu videoda onun adının çəkilməsini özünə qarşı təxribat adlandırıb.
XS
SM
MD
LG