Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:51

Bütün işləri korlayan nə olsa, «Allahın işidir» deməkdirmi?


-
O da kəndin mollasıdır, xalqın başını aldadıb "müalicə" edir. Arvadları gecələrlə yanında saxlayır, təsadüfən arvadlardan bir-ikisi ölürsə də, heç kəs etiraz etməyir... Çünki hamısı "Allahdan, əcəldəndir", - deyir...


Tağı Şahbazi Simurğun 100 il qabaq yazdığı hekayə


KƏNDDƏ, YAXUD ƏCƏL

(Xatirə dəftərindən)


Müqəddimə əvəzinə

Yazı masamın qutusunu asanca açmaq üçün bir dəstək (qulp) almağa qərar vermişdim; çünki bu qutunu açmaq, doğrudan da, böyük bir müsibət olmuşdu. Hər dəfə bu bəlalı qutunu açmaq istədikdə əlimə düşən bıçaq, qələm və başqa şeyləri dərhal işə salmağa məcbur olurdum.

Bir gün bazardan keçərkən təsadüfən bir əttar dükanında almaq istədiyim dəstək və halqaların bir çox növlərini gördüm. Yazı masasının müsibətli qutusu xatırıma düşdü...

Bu dükandan çoxdan bəri arzusunda bulunduğum bir kiçik və uyğun dəstək alıb, parasını verdim. Dükançı onu kağıza sarımaq üçün qarşısında duran bir yığın kağız üzərindən bir dəftər aldı və dəftərin içərisindən bir vərəq cırıb, yenə dəftəri buraxdı. Dəftər düşüb açıldı və türkcə yazılmış olduğundan mənim diqqətimi cəlb etdi. Bu dəftəri alıb baxdım.

Bu dəftər, anladığıma görə, ya müşahidə və xatirə və yainki bir səyahət dəftəri olmalı idi... Məni son dərəcə maraqlandıran bu dəftəri cüzi para verib aldım.
Sonra evdə dəftəri diqqətlə mütaliə etdikdə onun xatirə və müşahidə dəftəri və oradakı xatirə və müşahidələrin bir türk doktor tərəfındən qələmə alınmış olduğu məlum oldu. Dəftərin bir neçə səhifəsi cırılmış olduğundan mühərririn adını, təəssüf ki, bəlli edə bilmədim.

Aşağıda dərc edilən parça söylədiyim dəftərdən ahnmışdır. Rəfıqələrimin təkidi ilə oxuculara təqdim olunur.


- Bir bax, gör irəlidə bir işıq görsənirmi? Deyəsən, it də hürür... Bir qulaq as: mən bayaq da eşitdim, dinmədim, - deyə yoldaşım bizi aparmaqda olan arabaçıdan sordu.

- Mən ki bir şey görmürəm, darıxmayın, ay ağalar, inşallah ki, bir yana çıxanq...

- İnşallah... inşallah, onsuz deyil, bir yana çıxarıq, şəkkakə lənət! -deyə yoldaşım istehza etdi.

- Bir də kənd olsa, yenə düz qarşımızda olacaq... Sağ tərəfımizdə Azadlı kəndinin meşəsinin ayağı gərək olsun... Mənim səhvim oradadır ki, bilmirəm hansı tərəfdən gedirik... Qar olmasaydı...

Yoldaşım arabaçının sözünü kəsərək:

- Bəli, bəli, qar olmasaydı... Allah istəsəydi... biz çoxdan yatmışdıq... Sənə - o sənin Allahın bəsdir. Rəhmətlik oğlu, sənin nə işinə biz hansı tərəfə gedirik, meşə harada qaldı... Bunlar Allah işidir, deyirsən, Allah özü bilir... Sür, Allah kərimdir. Qah, qah.
Əvvəlcə sükut ixtiyar etmək istəyən arabaçı yoldaşımın axırıncı sözlərindən və gülməsindən narazı qalaraq başladı:

- Bəli, əzizim... Allah işidir... Buna kimin nə sözü var?! Buna kim qail deyil?! Mənim arabaçı, sizin böyük olmağınız kimin əmridir? Odur... səbəblərin səbəbi... Padşah... xaliq... bəlkə...

Yoldaşım yenə səbir etməyib:

- Sənin belə yolbilən, sərnişinləri vaxtında mənzilə aparan olmağın da Allah işidir... Nə var ki, yoldan azmısanmı? Yolu itirmisənsə, sənin nə taqsırın, nə işin? Hamısı Allah işidir!..

Yol uzunu yoldaşımla arabaçı arasında bu cür mübahisə dəfələrlə başlanıb şiddətlənirdisə, mən hər dəfə mübahisəni kəsib, aralığa başqa bir mövzu atırdım və bu növ ilə də söhbət dəyişirdi. Bu dəfə yenə bu mübahisəni kəsmək üçün qabaqda səs eşidildiyinə görə, qulaq verməyi təklif etdim. Hər ikisi sakit oldu və bir şey eşitmək üçün tam mövcudiyyətləri ilə qulaq verməyə başladılar. Doğrudan da, çox uzaqdan ara-sıra it səsi eşidilirdi.

Yoldaşım və mən şəhərdən Quşbaşı kəndinə gedirdik. Şəhərdən çıxarkən hava qaralmağa başlamışdı. Qar yağmaq istər kimi, arabir görünürdü. İşin təcili olması bizi belə əlverişli olmayan zamanda, havanın məxşuş olmasına baxmayaraq, yola çıxmağa məcbur etmişdi.

Təcili işimiz məxfi deyildi, Quşbaşı kəndindən xəbər gəlmişdi ki, kənd mollası molla Cəfərqulunun evində Nabat xalanın qızı Gülsümün meyiti tapılmışdır. Ona görə məhkəmə tərəfındən yoldaşıma məhkəmə təbibi ilə bahəm işi tədqiq etmək üçün haman kəndə getmək əmri verilmişdi. Məhkəmə təbibi naxoş olduğundan, məni dəvət etmişdilər. Gənc Gülsüm xanımın fıcətən vəfat etməsi və meyitinin də molla evindən çıxması işi bizi o qədər maraqlandırmışdı ki, yuxarıda deyilən kəndə getməyi təxirə uğratmaq istəməmişdik və haman gün çıxmağı qərara alıb, bu arabaçını tapmışdıq. Arabaçı yola yaxşı bələd olduğunu bizə əvvəlcə söyləmiş və bizi bir dərəcəyə qədər inandırmışdısa da, lakin yolda iş əksini göstərmişdi. Qarın get-gedə artması və şiddətlənməsi bir tərəfdən, gecənin qaranlığı da o biri tərəfdən arabaçımızı, o yola bələd olan arabaçımızı çaşdırmışdı... Biz isə arabaçıya bel bağlayıb, yola fıkir verməyərək, söhbətə məşğul olmuşduq. Ancaq yol əsnasında arabaçımızın birdən-birə atını saxlayıb, o yan-bu yana baxması və sonra ahəstəcə:

- Deyəsən, bizi qar azdırmışdır, - deməsi bizi düşündürmüş, fıkir və diqqətimizi cəlb etmişdi.

Yoldaşım bundan çox dilxor olmuş və arabaçıya acıqlanmağa başlamışdı. Arabaçı isə sakit bir surətdə: "Allah işidir" və "Allah kərimdir", - deyə səbir etməyi tövsiyə etmişdi.

Bunun üzərində bir neçə dəfə mübahisə olmuşdu. Bu dəfə mənim son vermək istədiyim
mübahisə yenə arabaçının haman iddiası və yoldaşımın təng olmasından dolayı başlanmışdı.

Doğrudan da, get-gedə səs yaxınlaşdı. Əvvəlcə eşidilməkdə olan it hürməyindən başqa, arasıra insan səsi də eşidilirdi. Yəqin idi ki, biz bir kəndə yaxınlaşmaq üzrə idik. Yorulmuş və soyuqdan bir az da donmuş olduğumuzdan tələsməyə başladıq.

- Bir az cəld sür, tələs, tez ol! Allah bizi haraya gətirdi? - deyə yoldaşım arabaçıya tez sürməyi təklif etdi.

Arabaçımızın da kefı açılmışdı.

- Səbir edin, bir az səbir edin. Bu saat görəcəksiniz ki, bura haradır. Çox yaxşı gəlmişik... Burada inşallah, dincələ bilərsiniz...

Bir azdan sonra biz kəndə daxil olduq.

- Bu kəndi tanıdınmı? - deyə arabaçıdan soruşduqda, o bir-bir evləri bizə göstərərək:

- Necə tanımayıram, mənim canım elə bu yollarda çıxmışdır, daha nə, - dedi və sözünə davam etdi: - Bax, bu ev seyidlərindir, bu tərəf Əhməd uşaqlarınındır... Bax, o da malsatan Aslanındır.

- Bizi kəndxudanın evinə doğru apar.

- O da baş üstə! Siz Əliqulamı deyirsiniz?.. Bilirəm, tanıyıram. Qabaq o da çox pis bir gündə idi. Şükür Allaha, indi kəndxuda olandan bəri işi yaxşıdır...
Kənd uyquda idi. Arabanın səsini eşidən itlər hər tərəfdən hürməyə başlamışdılar; sanki bilmişdilər ki, kəndə gələn, kəndlə əlaqəsi olmayan başqa adamlardır...

- Bu da kəndxudanın evi, - deyə arabaçı arabanı saxladı və tez enib qapını döydü...
Xəbər çıxmadı... Təkrar qapını döydü.

- Yatırlar... amma bu saat durarlar... Kəndxuda ayıq yatar. İçəridən bizim kim olduğumuzu sordular. Dedik. Qapı açıldı. Qapını açan bir gənc oğlan qarşımıza çıxdı və haman saat bizi içəri dəvət etdi.

Həyət qapısını açan kəndxudanın böyük oğlu idi. Atası nahiyəyə getmişdi. Biz qonaq otağına dəvət olunduq.

Divardan asılmış kiçik bir lampa işığmda biz otağı gözdən keçirə bildik. Evdə bir neçə xalı var idi. Otağın iki üzbəüz tərəfı döşəklərlə müzəyyən idi. Otağın baş tərəfındən divardan bir maral başı, bir də tüfəng, onun da altında bir xəncər asılmışdı. Otaqda artıq bir şey gözə çarpmırdı... Yan otaqlardan çocuqların öskürmək və xoruldamağı eşidilirdi. Otaq isti idi. Bizim hər birimiz bir döşəkçə üstündə rahatca əyləşdik, sonra da kəndxudanın oğluna gedib yatmağı tövsiyə etdik.

- Xeyr, yoldan gəlmisiniz, həm də əziyyət çəkmisiniz. Çay içərsiniz, sonra ixtiyar özünüzdədir; yatarsınız da yaxşı, oturarsınız da yaxşı.

Biz təşəkkür etdik. Ev sahibi getdi, tez yenə qayıtdı. Bu halda arabaçımız da otağa daxil oldu və ucadan salam verərək, qapı yanında əyləşdi və üzünü bizə tutub:

- Hava bir az soyuqladı, - dedi. - At heyvan lap donmuşdu; açdım, yazıq at dildən düşmüşdür...

Lampa işığında mən bizim arabaçıya fıkir verdim - 35-40 yaşlarında olan, qara saqqallı, buğdayı simalı kişinin üzündə zəhmət və əziyyət təsiri hiss olunurdu. Görünürdü ki, həyat onun üzünə gülməmişdir və vaxtını həmişə səy və təlaş içərisində keçirmişdir.
Bizim tərəfımizdən heç bir cavab almayan arabaçı əlavə etdi:

- Buranı Allah yaxşı yetirdi... Dincəlmək mümkündür... Sabah, Allah qoysa, nə vaxt istəyirsiniz hazırlayım? - deyə arabaçı sordu.

- Baxarıq, daha artıq uzaq deyilik.

Biz haradan gəldiyimizi gənc ev sahibinə danışdıq. Quşbaşı kəndinin adını eşitcək bizə:

- Bəli... bəli..., bu gün bu hadisədən Mirzə də danışırdı. Mirzə özü də Quşbaşı kəndindəndir... Onlan yaxşı tanıyır, hər işlərini bilir. Yoldaşım təlimat almaq üçün Mirzəni görmək istədiyini bildirdi. Ev sahibi çağırmaq istədi.

- Əziyyət olar, - deyə razı olmadıq. Lakin kəndxudanın oğlu:

- Heç bir əziyyət olmaz, - dedi və tez çıxdı.

Bir yarım saat keçəndən sonra, haman Mirzə gəldi. Daxil olarkən salam verib, sonra hər birimizə yanaşıb:

- Xoş gəlmisiniz, - deyə əlimizi sıxdı və bir tərəfdə durdu. İyirmi dörd-iyirmi beş yaşında olan bu cavanın üzü qırxıq, bığları "a-la Vilhelm" burulmuşdu. Mirzə saçları kimi, qara "rus" köynəyi geymiş və belini bir qayışla bağlamışdı. Mirzənin başında çox da hün-dür olmayan bir sarı papaq, sol qolunda isə iri bir saat var idi. Az bir sükutdan sonra Mirzə üzünü bizə tutub:

- Bizim tərəflərə, yəni ədəm maarif, mənbəyi-cəhalət və həsəd olan kəndimizə təşrif gətirməyiniz, eyni səadətdir. Əfv edərsiniz, cürətlə ərz edirəm, nə əcəblərdən? Bizə görə nə xidmətiniz, nə əmriniz varsa, hazırıq, - deyə gülümsədi və sonra sözlərinin təsdiq edilməsini axtanr kimi, ətrafına baxdı.

Arabaçımız gülməli idi: ağzını açmış, gözlərini Mirzənin dodaqlarına dikib, tam diqqətlə dinləyirdi. Yoldaşım mənə baxdı, bir söz demədisə də, üzündə acı bir istehzadan başqa bir şey görə bilmədim. Bu vaxt ev sahibi - o gənc kişi bir məcməyi və üzərində bir neçə stəkan çay daxil oldu. Otağın ortasında bir süfrə salıb çaylan düzdü. Az sonra çörək, pendir, yağ gətirib, bizi dəvət etdi. Biz böyük bir məmnuniyyətlə çayı içməyə məşğul olduq.

Yoldaşım Mirzədən:

- Quşbaşı kəndində vaqe olan əhvalat barəsində nə bilirsiniz, bir şey eşitdinizmi? - deyə sordu.

- Bəli, hadisə məlum, bilaiştibah ərz edə bilərəm ki, dünənki gün, yəni ruzi-cümə vaqe olmuşdur. Bizə də bu gün mənbəyi-mövsuqdən ixbarat çatmışdır.
Mirzə oxumuş, elmli bir adam olduğunu göstərmək üçün danışığına bir çox ərəb, fars ləfzləri qarışdırırdı və belə müvəffəqiyyətdən özü də çox məmnun qalırdı.

- Sizin eşitdiyinizə görə bu əhvalat nə cür olmuşdur?

- Bizə əhli-qəriyyədən bir nəfərin nağıl etdiyi budur ki, mərhumə Gülsüm xanımı anası Nabat xala molla Cəfərqulunun yanına bir ay müalicəyə gətirmiş; molla Cəfərqulu tibb elminə dara olduğundan möhtaci-dərman və müalicə olanlara müalicə edir və çoxları ondan səhhət tapır. Mərhumə naxoş olduğundan və çox əziyyətlər çəkdiyindən, mərəzindən xilas və əlac-pəzir olmaq istəmişdir və anası ilə mollanın yanına gəlmişdir. Molla naxoşu tədavi və müalicədən ötrü üç gün yanında saxlamağı lazım görmüş və anası da müalicənin nəticə-bəxş olması üçün qızını mollanın yanında buraxıb, getmişdir... Molla özünə məlum üsul-müalicə ilə mərhuməni naxoşluqdan xilas etməyə şüru etmiş, ancaq üç gündən sonra qadının anası mollanın yanına gəlib içəri daxil olduqda görür ki, molla Cəfərqulu xoş avaz ilə Quranı təbarək və təalanın "yasin" surəsini oxuyur... Qadın ömrü giran bahasını sizə bəxş edib, dari-bəqayə rəhlət etmişdir...

- Nə güman edirlər və nə söyləyirlər? Qadının belə vəfat etməsinin səbəbi nə və ya kim olmuşdur?

Mirzə bu suala təəccüb edir kimi yoldaşıma, sonra mənə baxdı və daha aşkar bir şey söyləyir kimi:

- Əcəli çatmışdır, - dedi.

Arabaçımız da bir ah çəkərək, zəif bir səda ilə:

- Bəli... bəli, əcəl... Allahın əcəli. Onun əlində bu işlər belə olar... Bilmək olmaz... - deyə əlavə etdi.

Mirzə təsdiq elədi.

- Yaradandır... o bilir... öldürər... əmrlər onun əmridir... Yoldaşım gördü ki, xeyr, burada bunlardan Gülsüm qadının ölümü barədə artıq bir şey bilmək olmayacaqdır. Ona görə sualını dəyişib:

- Molla müalicə edəndə nə kimi dava-dərman verir və o dava-dərmanı kim hazırlayır? - deyə sordu.

- Bəli, davacatın tərkibi fəqət mollanın özünə məlumdur. Kaşifı-sirr odur, çünki alimdir...
Mirzənin cavabından sonra söhbət qızışdı. Məlum oldu ki, Gülsüm gözəl bir qadın imiş. Axır zamanlar qarnının sağ tərəfındə ağrı olduğundan şikayət edirmiş. Mollanın yanına gətirildikdə o qədər də ağrı hiss etməyibmiş. Hətta üç gün mollanın yanında qalmağa razı olmaq istəməyirmiş. Lakin ağrının müvəqqətən kəsildiyini iddia ilə, anası birdəfəlik bütün ağrılardan xilas olmaq üçün mollanın təklifıni qəbul etməyi lazım bilmiş. Ona görə də qızını məcburən mollanın yanında buraxmışdır. Mirzənin dediyindən yenə məlum oldu ki, mollanın fıkrincə, Gülsümün naxoşluğu nüdrətən təsadüf edən naxoşluq imiş və molla, əlbəttə, bu naxoşluğun müalicəsini gözəlcəsinə bilirmiş... Lakin... lakin, əcəl aman verməmişdir, mollanın müalicəsi də nəticəsini göstərməmişdir.
Biz sükut içində bu hadisəni düşünürdük...

Arabaçımız üzünü Mirzəyə tərəf tutub, başı ilə Mirzənin fıkrini təsdiq edərək, başladı:

- İş əcəldədir... Elə ağır naxoşluqdan xilas olan var ki, heç adam güman edə bilmir; birdən-birə görürsən sağ adam yerə dəyir, ömrünü bağışlayır... Nurməhəmməd - mənim qonşum... faytonçu idi. Faytonunu açar və deyər ki, mənə soyuqdur, titrəyirəm... Yorğan-döşəyə girər, yuxuya gedər və hələ də gedəndir... Allah rəhmət eləsin, mənim qardaşım Məşədi Nəcəfqulunun heç bir naxoşluğu yox idi. Gecə saat 12-də arvadını durğuzub deyir: "Arvad, halım yoxdur, qardaşımı çağırt, vəsiyyət edim..." Ay haray, nə deyirsən?.. Məni çağırarlar. Gələrəm. Deyər: "Gəl sənə, qardaş, vəsiyyət edim, gedirəm..." Çox abid idi. Əcəlin gəldiyini bilmişdi. Bir yarım saatdan sonra gözlərini yumdu. Axır sözü bu oldu: "Məni halal edin..." - Bunu dedikdə arabaçımızın gözü yaşardı...

Mirzə arabaçının sözünə diqqətlə qulaq asırdı, arabaçı sözünü bitirdikdə, Mirzə yenə:

- Əcəl elədir... Hər kəsin əcəli məlumdur və müalicə ilə əcəli təxir etmək qeyri-qabil bir əmrdir.

Biz yorulmuşduq. Yatmaq istədiyimizi ev sahibinə bildirdik. Mirzə dərhal ayağa qalxıb:

- Fil-işarə minəl arifə bəsdir, - deyə xudahafız deyib getdi. Arabaçımız da atının yanına yollandı. Bizim üçün yorğan-döşək hazır etdilər. Ev sahibi də gecənin xeyirli olmasını istəyib getdi:

Yoldaşım mənə:

- Baxın, bu bizim kəndin mühitidir, - dedi. - Bu Mirzə kəndli "ziyalısı" ...fıkri arabaçının fıkrilə birdir... O da kəndin mollasıdır, xalqın başını aldadıb "müalicə" edir. Arvadları gecələrlə yanında saxlayır, təsadüfən arvadlardan bir-ikisi ölürsə də, heç kəs etiraz etməyir... Çünki hamısı "Allahdan, əcəldəndir", - deyir...

Sabahı gün Quşbaşı kəndinə gəldik. Ölən qadının meyitinə baxdıq, qadın şişmişdi.

Müalicə vaxtı mollanın dərmanlarından zəhərlənmiş olduğuna qərar verdik. Təşrih edilmək üçün şəhər xəstəxanasına göndərdik. Yoldaşımın əmrilə molla da həbs edilib, müddəi-ümuminin ixtiyarına göndərildi. İşimizi tamam edib qayıtmaq istəyirdik. Kənd camaatının ağsaqqal və "başbilənlərindən" bir neçəsi yanımıza gəlib, bir ərizə verdilər və bizə:

- Mollamızı istəyirik, mollasız yaşaya bilmərik. O taqsırsızdır, siz onu lap nahaq həbs etmisiniz. Arvadın ölməsi onun taqsırı deyildir, - dedilər.

Arabaçımız da:

- Böyük bir səvab edərsiniz, camaat da yazıqdır, mollasız yaşaya bilməz, - dedi.

Yoldaşım mənim üzümə baxdı, amma bir söz demədi. Ancaq onun fıkir və mülahizəsini düşünmək çətin deyildi.

1916
XS
SM
MD
LG