Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:01

Abdulla bəy Divanbəyoğlu "Can yanğısı" (sonu)


-

Abdulla bəy Divanbəyoğlu


CAN YANĞISI


əvvəli


XI

Ruqiyyə əvvəl babasına yaxın düşmək bilmədi. Amma sonra yavaş-yavaş onun qulluğunda bulunmaqda oldu. Getdikcə axşamlar hamı ocağın qırağında əyləşib söhbətə məşğul olduq. Doğrudur, əvvəl qoca kişi lap kələcindən qaçaraq dururdu. Ruqiyyənin kefi açılmağı, keçmişdəki təki gülüşü, oynaqlığı onun üzərinə çəkilmiş qara çadırı rəf etdi, amma arası mən ilə sazlanmadı, bu da məni incidirdi...
Bir gün yenə ocağın qırağında yığılıb oturmuşduq. Nə tövr oldusa, söhbətin bir ucu Ruqiyyənin qərarına gəlib keçdi. Ruqiyyə lap arxayın dedi:
- Babam, Əhmədi tutub sizdən ayrılsam, sizdən keçməyib Əhməddən ayrılsam, necə dözüm, necə dayanım? Özümü həlak etmək istədim, amma əcəl gəlməyibmiş, mən də salamat qaldım.
Qoca kişi gözünün altından qızma diqqət ilə baxırdı. Deyəsən, təzəcə görmüşdü. Amma Ruqiyyə babasının üzünə baxmamağa səy edirdi. Qoca kişi "him", - dedi, Ruqiyyə başladı:
- İndi fikir edib anladım ki, özümü öldürsəm, Əhməddən ayrı düşərəm, qiyamət ayrısı olaram. Özümü həlak etməkdən bilmərrə daşınmışam. Əhməd hayana gedərsə, o yana gedəcəyəm fikrində bərk qərar tutmuşam...
Qoca kişi başını qaldırıb:
- Ruqiyyə! Səni mən tanımaz olmuşam və yaxud sən əvvəlki Ruqiyyə deyilsən! - deyib bağırdı.
Ruqiyyə cavabında:
- Babam, səbəbi nə olduğunu bilmirəm, amma onu yəqin bilirəm ki, Əhməddən ayrılsam, ölümə vasil olacağam.
Qoca kişi bağırmış dedi:
- Öl, ölüm bundan yaxşıdır.
- Baba...
- Kəs! Sən mənim balam deyilsən! Sən bəlasan, bala deyilsən!
- Baba, rəhm et!
- Kimə? Atadan, anadan keçib yol ilə gedənə qoşulub gedən qızamı?
Ruqiyyənin yaş ilə dolu, kövrəlmiş gözləri anasına tərəf baxdı. Bu gözlərin "ana, durma hayıma çat" dediyini qoca qarı anladı.
- Ey, qoca kafir, saqqalın ağarıbdır, amma ağlına heç dən də düşməyibdir. Ruqiyyəni evdə qatıq iyməsinə tay tutmayacaqsan ki... Dəliqanlılardan biri tərlan göyərçini çalan kimi çalıb götürəcəkdir. Ruqiyyə sənin alt çənəni kəsib oturmayacaqdı. Bu zavallı qızın bəxtinə bu zavallı oğlan çıxıbdır. Ver, hər yana istəyir, aparsın. Nə qara tikan olub, bu ikisi bir-birinə meyil salıb sarmaşmaq istəyən güllərin arasında bitibsən?
Qoca kişi dərin fikrə getdi, sonra özünə zor verib dedi:
- Qoy sabah getsinlər.
Qoca kişi durub təngildəyə-təngildəyə alaçığa getdi. Ruqiyyə ağlayırdı, qoca qarı da ağlayırdı. Amma mən... yox. Sabah açıldı, inəklər sağılıb sürüldü, qoca kişi bizim hamımızı alaçığa çağırıb yığdı və məndən sordu:
- Gedirsənmi?
Mən dinənməyib başım ilə işarə elədim. Xeyli müddət heç kəsdən bir səs çıxmadı, atasından anasına, anasından atasına heyran-heyran Ruqiyyə gözlərini dolandırırdı. Anasına baxanda Ruqiyyə aman istəyirdi, amma atasına baxdıqda onun üzündə, gözlərində dəhşət vaqe olduğuna vahimə duyurdu.
Qoca kişi barmağını mənə tərəf uzadıb Ruqiyyəyə dedi:
- Bu hərif ilə gedəcəksənmi?
- Bəli, baba, istəyirəm...
Cavabını Ruqiyyə öylə qəti bir surətdə verdi ki, qoca kişinin əlləri yanına düşdü. Bir dəqiqə keçmədi, bayaqkı aslan kimi tüklərini biz-biz edib məhabətli duran qoca, indi quzuya döndü... Fəqir, miskin, məzlum, can yandıran can yanğısından qoyşurula-qoyşurula gah mənim, gah Ruqiyyənin və gah da qoca arvadın üzünə boylanırdı.
Dinmədim. Gözlərimi yerə dikdim... Qoca kişi öz-özünə yuxuda sayıqlayan kimi deyirdi:
- Tək qaldıq, tək qaldıq. Qaldıq tək... Qəzadan imiş, qismət imiş, belə olacaqmış. Bilsəydim ki, bu tövr olacaqdır, Ruqiyyəyə bunu göstərərdimmi? Qarı, olmaya bu şeytandır, iblisdir! Ruqiyyə belə deyildi, yaxşı qız idi. Qızı olanlar bizə küsənirdilər... Yox, yox böylə olmaz idi. Bu, iblis özüdür. Ruqiyyə Allahın yaxşı bəndəsidir, gəldi, aldatdı... Yox... yox, bu hərif iblisdir, iblisdir, iblisdir!
Qoca qarı qorxmuş mənə tərəf baxdı. Dodaqları dualar zikr edirdi. Qoca əsdi, Ruqiyyə ilə qoca qarı onu tutdular. Özümü qocanın ayağına saldım. Ayaqlarından öpməyə başladım.


XII

Hamımız, qoca kişi ilə bir yerdə kənddən əlvida edib şəhərimizə varid olduq. Çoxdan tərk etdiyim vətənin havasını ürəyimə çəkib doldurdum, amma vətəndaşlarım mənim gəlməmə açıqqabaq göstərmədilər. Şad olmaqları və məmnuniyyətləri o yana dursun, bəziləri hətta mənim gəlməyimə təəccüb edirdilər. Bundan mən çox incidim. Öz ürəyimdə dedim: “Gəlmişəm bir, gedərəm iki.” Atamdan qalan yarısı uçuq damı tapıb sakit olduq.
İkinci gün Ruqiyyə şəhər dolanmasından usandı. Amma məndən gizlədirdi. On gün keçməmiş qoca kişi dedi:
- Böylə yerdə partlaram, mən gedəcəyəm.
Mən dedim:
- Dayı, biz az da qal, şəhər məişətinə isinişərsən.
- Yox balam, yox, mənə təsəlli vermə. Qara meşə qabağımda göy dağ başımın üstündə olmasa, qara naxırın, ağ sürünün mələrtisini eşitməsəm mən dolana bilmərəm. Bunlarsız dolanma mənə haram olar. Burada mən yata bilmərəm. Niyə? O yanda malın göyşəməsi, ilxının oxrantısı, qulağıma gəlmir, burda qalım? Necə qalım? Başım üstündə yarpaq-yarpaq ilə danışırmı? Yox, yox mən qala bilmərəm. Bir az da qalsam yəqin çatdayıb ölərəm. Qızım, sevgili balam.
Ruqiyəyə tərəf baxdıqda gördüm ki, Ruqiyyənin gözlərindən yaş sel kimi axır.
- Ruqiyyə, sən də darıxırsanmı? Ahu kimi seyr etdiyin otlaqlar, dırmaşdığın qayalar heç yadına düşməyirmi?
Ruqiyyə cavab verməyib məlul-məlul, miskin-miskin, gözüyaşlı dodaqları və yanaqları titrər, mənim soyuq üzümə baxdı nə baxdı... O baxış məni o zaman hirsləndirdisə, qəlbimi cəhənnəmə döndərdisə, amma indi o baxış yadıma gələndə vicuduma bir yanma düşür ki...yanıb partlayıram, dudi-dumanım ərşə dirək olur. Dayan, yenə yanğı canıma düşdü, qoy özümə gəlim... ah, ah, ah!
Dərviş iki əli ilə başına vurub yumruqlarını gözünün qabağına dayadı, özü də o yana, bu yana bir neçə dəfə ləngərlədi, sonra dedi:
- Nə olaydı, bu baxışı sənə göstərə biləyim. O zaman o nə əsər, nə yanğı olduğunu cavan qəlbin anlardı. O baxış elə bir baxış idi ki, cəllad görsə idi xəncərini yerə atardı. Hərami görsə idi əl ayağı bağlanardı... Bu baxış nə deyirdi? O baxış deyirdi: “Öldürmə əfv et! Öldürürsən qanım halal!...” O baxışı onda mən qapmadım. Ruqiyyə ağlayırdı. Qoca kişi dedi:
- Görürsən? Çallı-çəmənli, gur bulaq,göy dağlar, sarı qayalar yadıma düşübdür, ağlayır
Mən cavabında dedim:
- Çox fikir etmə, dayı. Arvad yaşı, bahar yağışı, yağar-yağar gün işıldayan kimi quruyar.
- Yox, yox, sən deyən kimi deyil. O yaş quruyan yaşlardan deyil, gözlərindən yaş soğulsa, qan axar, qan soğulsa, qan ağlar. Ruqiyyə, qızım, qızlar oğlanlara, oğlanlar da qızlara qismətdirlər. Sən də bunu sevdin, öz canına bədəl bildin. Bizi, vətəni tərk etdin. Qəzadan bu iş böylə törəyəcəkmiş, törədi. Təğdirə təğyir yoxdur... Əhməd səni sevir, istəyir, yandım-yandım deyir. Əhməd sənə nə qədər yarım desə, qərarım desə, balü pərim desə, yenə qoca atanı unutma. İşdir, xudanəkərdə dara düşsən, cana yetsən, yarın əğyar olsa, "qoca babam, hardasan, durma, harayıma çat", - de. Yerlər qulaqlıdır, deyərlər. Dadın qulağıma çatar.
Ruqiyyə işqıra-işqıra ağlamağa başladı.
- Ruqiyyə, sən lap dəli imişsən! Ərə gedən atadan, anadan keçməzsə, necə olar? - Qoca Ruqiyyəni barmağı ilə göstərərək, - böylə olar!
Burada mən istədim ki, söhbəti zarafata salam, dedim:
- Qız anasından olanda bacalarına baxıb deyir, bu baca bizim baca deyil. İndi sənin bacan budur.
Əlim ilə pəncərəni göstərdim, amma zarafatımdan da bir şey çıxmadı. Qoca kişi bir azdan sonra dedi:
- İndi gedəsi oldum. Sağlıq ilə qalasan, qızım.
Ruqiyyə özünü atasının üstünə salıb, ata-qız qol-boyun olub ağlaşdılar. Amma mən yox. Ağlamadım. Hələ həyasızlığım o dərəcəyə çatmışdı ki, acığım da tuturdu. Deyəsən, ata və bala vidalaşmağa haqları yox idi. Qoca kişi o günü axşam yola düşdü, bu tezliklə gəlməyini vədə verdi.
Ruqiyyə bir neçə gün bihuş, sayə kimi dolandı, işi ağlamaq idi, evin bir tərəfində oturub, gözlərini uzaqda görünən qarlı dağlara zilləyib gömüldənirdi və pünhan ağlayırdı. Məni görcək göz yaşını silib üzümə gülümsəyirdi. Görürsənmi, bizə xoş gəlməkdən, bizə yaranmaqdan ötrü binəva arvadlar özlərinə nə zor verirdilər? Böylə şey, özünə zor vermək, adama qayət çətindir. Amma mən... Ona da mənim acığım tuturdu. Gizli ağlamağa da ixtiyar vermirdim...
Ruqiyyə gün-gündən gül kimi solmaqda idi. Ürəyi darıxdığı, mənə aşkar idi. Bir dəfə dedim:
- Ruqiyyə, çoxmu darıxırsan?
Kefım açıq olduğunu bilib gülə-gülə dedi:
- Şəhər-şəhər deyib söyləyirdilər, mən də cənnət kimi bir yer olduğunu hesab edirdim. Şəhəriniz cənnət deyilmiş, cəhənnəm imiş. Burada Tanrının havası da yoxdur ki, nəfəs alasan... Sən yanımda olmasa idin, indiyə qədər ölmüşdüm. Mənə can verən bir sənsən...
Bu dağ çiçəyi bir əldən solmaqda idi. Evə girmək istəməzdi. Sabahdan axşama qədər qapımızda olan söyüd ağacının altında oturub qarlı dağlara baxırdı. Hərdənbir soruşurdum:
- Ruqiyyə, niyə eşikdə oturubsan? Evdə otursan yaxşı olmazdımı?..
- Evdə xəfə var, qaranlıqdır, otura bilmirəm. Eşikdə oturmaq şəhərdə eyibdirmi? Eyib isə, bundan sonra çıxmaram. Amma bu ağacın altında oturmaq mənə qayətdə xoş gəlir. Yarpaqlar xışıldayır, ürəyim tel-tel olur. Vətənim...
Ruqiyyənin könlü vətənini döyürdü. Gurultu yağmur yağanda pəncərənin qabağında oturub tamaşa edirdi. Bir dəfə belə yağmurda tab edəmməyib, evdən dışarıya çıxıb, yağış altında dolanmağa başladı. Yerə çekçərmə çökəndə Ruqiyyə eşikdən evə gəlmək istəmirdi. Qapımıza bir buzov gəlmişdi. Ruqiyyə onu tutub iki qucağında sevdi...
Ruqiyyə bir tərəfdən solurdu, saralırdı. Əvvəlki Ruqiyyədən bir səs qalmışdı, bir də saçlan idi...
Ruqiyyə əlimdən gedirdi.
- Əhməd, mən təngnəfəs oldum, nəfəs almağa burda hava da yoxdur, mən darıxıram.
Ruqiyyənin sözlərinə belə cavab verdim.
- Allahı sevirsən, başımdan əkil! Xəlqə yarayan hava buna yaramaz oldu. Səndən ötrü burda bir ayrı havamı lazımdır? Get, harda ölürsən, öl. Mənim başımı, beynimi aparma...
Axır sözləri dəxi acıqlı dedim.
Ruqiyyə bir söz deməyib gözlərini aşağı dikdi... Oxa dönmüş qara kirpikləri gözlərinin üstünə kölgə saldı. Bir dəqiqə keçməmişdi ki, yaş Ruqiyyənin burnunun ucu ilə şoralanıb töküldüyünü gördüm... Bu isə mənə xoş gəlməyib də dedim:
- Dee! Yenə başladı. Ağlaya-ağlaya məni öldürüb ağlar qalarsan.
Ruqiyyə yaşlı gözlərini qaldırıb mənə ötərgi baxdı və işqıra-işqıra mənə cavab verdi:
- Səndə insaf əli yoxmuş...
Bundan artıq bir söz deməyə qadir olmadı, Ruqiyyə eşiyə çıxdı. Bəli, məndən insaf əli xırpadan kəsilmişdi. Bundan özümdə əsər görmürdüm. Ruqiyyə o saat yanımda ölüb dəfn olsa idi, bir zərrə qədər də qulağıma girməzdi. Hələ, bəlkə, ürəkdən bir az şad olardım.
Nə isə, Ruqiyyədən doymuşdum, usanmışdım. Hətta ayrı bir arvad almağı hərdənbir könlümdən keçirirdim. Öz-özümə deyirdim:
- Bu nə idi alıb gətirdim? Tanrının heyvanı məndən başqa bir zad bilmir. Get bilmir, gəl bilmir. Anrı yox, bəri yox. Başıma bəla gətirdim. Mən buna rast gələn günü niyə dünya viran olmadı?

XIII

Böylə-böylə fikir və xəyaldan sonra məhəlləmizdə və qeyri məhəllələrdə olan qızları və dul arvadları bir-bir fikrimdən keçirirdim. Görürsənmi... necə vəfalı idim? Ruqiyyə kimi arvadın üstünə qeyri bir arvad almaq istəyirdim.
Bir mən böylə deyiləm ki, bizim çoxumuz, bəlkə də, hamımız böyləyik. Bugünkü arvad sabah üçün yaramaz, gərək ayrısı olsun. İşim tərəqqiyə minmişdi, əlimdə pul görünürdü. Pul da adam azdıran olur, məni də azdırdı. Əvvəl azmağım arvad gəzməyim oldu. Ruqiyyəni bir tövr başımdan rədd etmək xəyalına düşdüm. Bir dəfə ona dedim:
- Gəl səni evinizə göndərim.
Ruqiyyə soruşdu:
- Özün getmək istəmirsənmi?
Mən cavab verdim:
- Gedərdim, amma burada işimiz-gücümüz var. Bunları kimin üstünə töküm gedim?
Doluxsunmuş dedi:
- Mən də sənsiz öldürsən də, getmərəm. Səndən ayrı dözüb dura bilmərəm.
Özünü saxlaya bilməyib yenə ağladı. Mənim lap acığım tutdu:
- Sənin ağlamağın məni lap təngə gətirdi. Bu nədir? Səni dindirmək də olmur!
Amma Ruqiyyə darıxırdı, sıxılırdı. Evdə tutulmuş ahu kimi vurnuxurdu. Divarlar onu basıb əzirdi. Gahdan qıraq bağlara gedirdi, bunda gül kimi açılırdı. Rəngi-rəmzi düzəlirdi. Amma qeyri zaman solurdu. Ceyran kimi çölləri, maral kimi kolları, keçi kimi qayaları, quş kimi ağacları, yağış və yağmur altında gəzən Ruqiyyəni dörd divarın arasına salmışdım...
Şəhərdən qıraq böyük bir ağaclıq meşə var idi. Bu da bizim evin pəncərəsindən görünürdü. Evimiz ucda idi. Bura Ruqiyyənin tamaşa yeri idi...
Əlimdə qaçaq mal tutulmuşdum. Qurtarsam, Ruqiyyə ilə yaxşı rəftar etməyi özümə əhd etdim. Cərimə cəhətdən xilas oldum. Lap kefi kök evə gəldim. Ruqiyyə də açıldı. Meşəyə aparmağımı söz verdim. Ruqiyyə uşaq kimi danışıb-gülməyə və gülüb-danışmağa başladı. Bir az qaldı ki, sevindiyindən durub oynasın.
Bir necə gün böylə Ruqiyyə üçün xoş keçdi. Sınan şey bitməz, nə idisə mənim qəlbim Ruqiyyədən sınmışdı. Gör bu Ruqiyyəyə nə zülm etdim?
Yoldaşım ilə pozulmuşduq. Kefı xarab, qaşqabaqlı evə gəldim. Ruqiyyə xəbərsiz idi. Qabağıma çıxıb, qollarını boynuma salıb məni sevmək istədi. Amma mən... nə etdim? Ruqiyyənin yarasını təzələdim, sinəsinə çal-çarpaz dağlar çəkdim... Nə etdim? Məhəbbət şüşəsini vurub sındırdım, qəlb evini yıxdım. Ruqiyyəni güc ilə itələyib bir şillə üzünə vurdum. Nə tövr şillə? Qapının ağzında yıxıldı.
Dərviş ara verib kəsdi. Ürək coşmuşdu, danışmağa onda ixtiyar qalmamışdı.
Mənim nəzərimi qurutu gözləyən uşaq cəlb etdi. Bu balaca qurut qoruqçusu oturub, əlindəki uzun çubuq ilə yerə vura-vura ağlına gələni mahnı qaydasında düzüb oxuyurdu.
Şikəstə havasını bayatı havasına, bayatı sözlərini segah havasına, segah sözlərini şikəstə havasına qoşub, halyanı çalyana, çalyanı halyana qatıb hərc-mərc bir şey edərək özünün gününü keçirirdi. Bu vaxt qoruqçunun dal tərəfində eşşək saymazyana otlayaraq başını eşidilər-eşidilməz qırpıda-qırpıda, addım-addım sevdiyi qurutlara yaxınlaşırdı.
Qabaqdakı dəyədən bir səs uşağı xəbər etdisə, uşaq öz küy-kələyindən bir şey eşitmədi. Eşşək öz qoduğu ilə yaxınlaşdı, tələsik ağzını uzadıb bir necə qurut götürdü. Bunları ağzının dal tərəfinə itələyən kimi bir dəxi ağzını uzatdı. Bu halda haman qabaqdakı dəyədən qızın səsi arvadın səsinə, arvadın səsi qızın səsinə qarışaraq bir hay qopdu: "Ay gədə... ay gədə, qoyma! Toş-toş! Qoyma qurutu eşşək yedi..." Bu səslərə qonşu arvadların səsləri qarışdı: "Qoyma eşşək, ay gədə, toş-toş" sözləri və itlərə "qıs, qıs" səsi və itlərin səsi bir-birinə qarışdı, bir hay oldu.
Sayıq qoruqçu dönüb geri baxdı, oğrunu görcək başdan-ayağa qeyz ilə doldu.
- Ay sənə çər dəysin, - deyib qoyununa canavar düşmüş çoban kimi yerindən sıçrayıb durdu. Eşşək düşmənin ayıq olduğunu bilib, qulaqlarını qırpıdıb başı aşağı dala qınc ata-ata dərə aşağı qopdu. Uşaq bunun dalınca düşdü. Harada var, harada yox, qurut sərgisinin yanında iki başqa uzunqulaq hazır oldu. Bunu görcək arvad-uşaq, it bağıra-bağıra quruta tərəf qaçışdılar. Yenə "toş-toş", "qıs-qıs" səsi biri-birinə qarışdı. Əvvəl itlər çatıb eşşəklərin dalından dəydilər. Uşağın anası bağırdı: "Bıy səni Allah öldürsün, Qasım... Bıy!.. Bıy!.. Görürsənmi, qurutun bir tərəfini çər dəymişlər köçürüblər... Allah sizin yiyənizin evini yıxsın. Mazarat oğlunun eşşəkləri kimin imiş? Gördünmü başımıza gətirdiklərini, ay camaat!.. Ah, Qasım da... bir var ki, yaxan əlimə keçməyə..."
Qasım yaxınlaşdı. Arvad başını qaldırıb bunu gördü, durdu. Qasım səfeh deyildi. Eşşəklər qaçıb canını qurtaran dərə ilə bu da bayaq qaçdı. Arvadın əlindən yamanca çıxdı. Dərə başı aşağı yel və quş kimi getdi.
Bu törəyən əhvalatdan dərvişin xəbəri olmadı. Özünün ürəyindəki qalmaqal həddən ziyadə idi. O qalmaqalın hay-huyundan ətrafda olan qalmaqalı dərviş eşidə bilmədi.

XIV

Sondan-sona başladı:
- Ruqiyyə daha da soldu, yandı, qaraldı. Gül kimi solan Ruqiyyə qara kömürə döndü, gah xəstə, gah canı zarı yıxıla-yıxıla evdə sayə kimi dolanırdı, yeməkdən-içməkdən kəsilmişdi. Hərdənbir öskürürdü, mən də... mən biinsaf bundan qulluq tələb edirdim. Qulluq etməyə taqəti yox idi, amma nə durmağa və nə oturmağa qoymurdum. Özündən gedirdi. Gözləyirdim özünə gələndə daha artıq, ağır qulluğa buyururdum. Bihuş olurdu, gözləyirdim huşu gəlirdi, bir ayrı iş buyururdum. Axırda durmağa taqəti kəsildi, yerindən dura bilmədi. Bir qız bələdləmişdim, elçi göndərdim, aldım. Üç gün toy edib evimə gətirdim. Ruqiyyənin yerini aldı. Ruqiyyə bir söz demədi, öz canının hayında idi, gecə sabaha qədər zar-zar ağlayırdı. Can ağrısından, can yanğısından dəxi betər yata bilmirdi. Ah çəkirdi, qan, yəqin... lap gerçəkli qan tüpürürdü.
Bu, təzə arvadımın xoşuna gəlmirdi, yenə nə qədər olsa arvad idi, zarıltı onu pərişan edirdi. O ki qaldı mənə, deyəsən, bu zarıldayan sevdiyim, can verib can aldığım və yaxud can verib can alan, uğrumda bu tövr zəhmətlərə düşən Ruqiyyə deyildi. Ruqiyyədən gələn ah-zar, ufultu bir çibin qədər də qulağımda vızıldamayırdı.
Bir də gələndə gördüm ki, təzə arvadım atamdan qalan köhnə toyuq damını təmizləyir. Mən sordum:
- Nə qayırırsan?
- Buranı təmizləyirəm ki, Ruqiyyəni buraya qoyaq, yoxsa orada lap zənn ilə zəhləmi apardı.
Bu mənə əsla əsər etmədi, dedim:
- Yaxşı sözdür, qoy burada yatsın, heç atası-babası da belə təmiz yerdə yatmayıbdır. Keçə altında yatan bir köçəri qızıdır, bu ona lap padşah evi kimi olacaqdır.
Arvadımın xoşuna gəldi, güldü.
Ruqiyyə bir köhnə keçə üstündə, bir köhnə cırıq kilimdə yatırdı.
Mən baş tərəfdən, təzə arvadım ayaq tərəfdən götürüb Ruqiyyəni toyuq damına gəldik. Bizim qəsdimizdən xəbərdar olan Ruqiyyə başını döndərib bir müddət mənim üzümə baxdı, gözləri yaş ilə doldu, dodaqlarını tərpətdi. Nə demək istəyirdisə də, deyə bilmədi, dodaqlarını yenə acmaq istədi. Nə idisə də deyəcəkdi, yaxud ahmı çəkəcəkdi, bilmirəm... ah da çəkə bilmədi. Ruqiyyənin nə baxışına, nə də löbüddi hərəkətlərinə tab edəmmədim. Harada isə də, nədən isə də könlümə... qara küfr ilə dolu könlümə bir az mürüvvət şöləsi düşüb, məni canı yanan, mürüvvətli etmək qəsdinə düşdü, haradan isə rəhmdən bir qığılcım qəlbimə düşmüşdü...
Ruqiyyənin başı üstə doğru durdum. Ruqiyyə o yana, bu yana susuz ilan kimi taqətsiz yalmandı. Axır öz-özünə güc verib başını yenə mənə sarı döndərib gözlərini gözümə dikdi...
Bu baxışda, həm məzəmmət, həm məhəbbət və həm də rişxənd var idi. Bundan böyük nə qədər zəhmətlər mənə versəydi, haqqı var idi. Amma belə haqqı bilən kimdir, bildirən kimdir? Güc ilə zor haqqı məqamındadır. "Haqqın var" desən, zor azar, "zorun var" desən, haqq batar. Zor ilə haqqı bir yerdə görmək çətin bir işdir. Zorum var idi, haqqı, gün kimi parlaq haqqı zorun qara çirməsində gizlətdim. Bunu bulmağa Ruqiyyədə nə taqət və nə qüvvət var idi.
Binəvanı zor əzdi, dünyadan rədd etdi... qabaq-qabağa Ruqiyyə ilə durmağa işarə elədi. Amma gözünün evində gizləndim. Ruqiyyə əlini yuxan qaldırıb şarpadan yanına saldı, dizinə vuracaqdı, bacarmadı. Əli qalxdığı kimi yanına düşdü. Biçarə başını yastıqda o yana, bu yana buladı, gözlərini yumdu. Mən elə bildim ki, canını tapşırdı, amma döşü zəif-zəif qalxıb düşürdü. Arvadım toyuq damında nə lazım isə düzəldib dışarı çıxıb dedi:
- Az qalmışdı ki, iydən boğulam.
Ruqiyyə gözlərini açdı, günüsünün üzünə dirənmiş baxdı, gözlərini dolandırdı mənə baxsın amma mən daldalandım. Ruqiyyə gözlərini yenə yumdu. Mən baş tərəfdən, təzə arvadım ayaq tərəfdən yapışdıq ki, Ruqiyyəni toyuq damına qoyaq. Bu halda cansız-cəsədsiz Ruqiyyədən dəhşətli bir səs çıxdı ki, mənim qollarım boşaldı, Ruqiyyəni götürməyə taqət qalmadı. Arvadım üzümə pis-pis baxdı, dodaqaltı söyləndi, mən cavab vermədim.
Ruqiyyə iki dəfə o yana, bu yana çapaladı, bir dəfə xırıldadı, süst düşdü. Döşünün qalxması artdı, can boğaza toplanırdı.
- Molla, molla!
Birdən-birə yuxudan sərsəm oyanmış kimi bərk-bərk bağırdım, arvadım səksəndi.
- Tez molla! Mollasız tamam olur...
Bunun cavabında arvadım "Yasini-şərif”i başladı. Hələ başdakı "türcəun"a gəlmişdi, Ruqiyyə ruhunu tapşırdı. Quru bədən od kimi yanıb, qığılcımı ilə xalqı yandıran bədən, indi buzlar kimi qabağımda uzanmışdı.
Gül kimi rəng verib, rəng alan sifət saralıb-solmuşdu.
Məhəbbət bağçasında bülbüllər kimi cəh-cəh edən dil lal oldu...
Ruqiyyədən nə qaldı? Heç zad!
Gözlərimə qaranlıq endi, başım hərləndi, az qaldı yıxılım, əyləşdim, durdum, yenə başım hərləndi, yenə əyləşdim, başım döşümə düşdü... Keçmişlər Ruqiyyə ilə bərabər gözümün qabağında dolandı...
Bəli!.. Ruqiyyə yenə yadıma düşdü.

XV

Dərviş başını əllərinə söykədi. Bu qərar üzrə bir necə dəqiqə qaldı. Bəlkə, dəxi artıq qalaydı, amma bu halda dağın dalında göy guruldadı, dərviş başını qaldırıb qulaq verdi, təhqiq etmək qəsdi ilə məndən sordu:
- Deyəsən, göy guruldadı?
Başım ilə işarə etdim. Bu əsnada bir daha güclü guruldadı. Dərviş irpə getdi, gözləri o yana döndü, gövdəsində vahimə var idi. Göy guruldayıb cənuba tərəf aşdı və Dəlidağın başında uzaq top kimi partlayıb, göyə səs sala-sala dağların dalında kəsdi.
Dərviş bir dua zikr etdi və sonra dedi:
- Böylə bir gurultu onda, Ruqiyyə can verəndə də oldu. O gurultu mənim canıma elə bir fəna qorxu salıbdır ki, əvvəl gurultu canıma vahimə salır, amma sonra bərkişəndə qorxu çıxır... Ruqiyyə məni belə gündə qoydu, canını xilas etdi. Canımda yanğı, qəlbimdə yanğı, könlümdə yanğı, gözlərimdə yaş qoyub getdi... Ruqiyyə öldü, köhnə eşq, köhnə məhəbbət oyandı...
Göy bir də daha bərk guruldadı. İndi gurultu məğribdən məşriqə keçdi, bir karvan yel gəldi. Mələk bir uşaq ilə arxacdan körpə buzovları gətirməyə gedirdi, yel bunun donu ilə oynayıb zülflərini dağıdıb ötdü, ruzigar buludlaşdı. Çətin dağın dalında xırıltı başladı, bizim qarabaş qız sığırçımızı (malotaran) oyadırdı:
- Əli, a gədə, dur, dolu gəlir. Körpə buzovları gətir, dolu döyüb aparar, qayadan-qafqacdan salar...
Gör, gör ki, Əli durmaq istəmirdi, qız bunu qorxuya saldı:
- Dur, vallah, xanım gələr, gözlərini tökər...
Bir arvad qız ilə qurutu yığmaqda idilər, bir karvan da yel gəldi, güclü idi. Alaçıqların və dəyələrin ətəklərini oynatdı və yenə Mələyin donuna qanad çaldırıb keçdi, göy iki dəfə bərk-bərk bir-birinin dalınca şaqqıldadı. Çətin dağdan Sarı bulağa adladı, xırıltı bərkiməkdə idi. Yenə bərkişdi, bir necə damcı yağış dəyədə tappıldadı, bir ağ noğul kimi şey dəyəmin qabağında yuxarı hoppanıb əvəliyin arasına düşdü. Bunun dalınca bir neçələri hoppanmışdılar və bu tərəfdə çətəni şaqqıldatdılar. Dəyədən baxdım, göy guruldayırdı və Çətin dağın döşündən dolu aşıb gəlirdi... Göy qoşa şaqqıldadı, dərviş qorxmuş, çətənə qısıldı. Bu ötməmişdi ki, bir də daha bərk çataqlı şaqqıldadı. Dərviş küncdən çıxdı, dizi üstə qalxdı, "yahu" - deyib zəncirini cınqıldatdı... Dolu gəlib çatdı, qoşa və yaxud tək gurultu bir-birinə macal vermirdi, yel qıjıldayırdı, dərə guruldayırdı, dolular şıqhaşırıq çətənə dəyirdilər...
Dərviş eşiyə çıxdı.
- Ağa dərviş, hara? - Mənim səsimi çataqlı gurultu basdı, dərviş nə münacat isə başladı, gurultudan və xırıltıdan sözlərini seçə bilmədən, ancaq beytlərin axır kəlmələrini eşidirdim, o da iki gurultunun arasında xırıltı bir az ara verəndə qulağıma gəlirdi... "Mustafa haqqı... Kərbəla haqqı... Rza haqqı... dua haqqı. Rah bir çarə yarəb... duayə..." bu kimi sözlər də göy gurultusu ilə bərabər dəyəyə dolurdu.
Baranimi çiynimə atıb dərvişin dalınca çıxdım, amma yalın ayaqlarım doluya tab edəmmədiyindən yenə dəyəyə girdim, ayaqqabılanmı geyinib yenə çıxdım... dərviş yavaş-yavaş, dolu başından vura- vura enişdən enirdi.
- Ağa dərviş! Ağa dərviş!
Qoşa-qoşa gurultu səsimi çıxmağa qoymurdu, baranimi çiynimdə güc ilə saxlayırdım. Dolu quş yumurtası yekəliyində olardı. Əllərimə dəydikcə əllərim ağrayırdı, əynim qalın idi, mən də dərvişin dalınca endim, bir də dalda səs eşitdim:
- Ay ağa, xanım deyir haraya gedir?
- Get de, bir yana getmirəm, dərvişi qaytarmaq istəyirəm.
- Sən getmə, mən gedim qaytarım, - deyə Əli qopdu.
Dərviş dolunun arasından bir az görünürdü, Əli çatana qədər gözdən itdi. Amma münacat səsi yerdən ərşə, gurultuya qarşı gedirdi. Dal tərəfimdə bərk tappıltı eşitdim, baxdım, qoyunlar büküm-büküm olub dərə başı aşağı axıb gəlirlər. Mən bunun qabağında idim, yerim xatadan sakın deyildi. Qoyunlar məni basıb əzə bilərlər. Dağa qaçdım, çoban bağırırdı: "Ha, qoyun... hey..." Qoyun sözünə baxmayırdı, çoban dalınca yüyürürdü. Qoyun ötdü, şaqqıltı şiddətləndi. Amma dolu xırdalaşdı. Hərdənbir yel hücumu ilə məni bir necə qədəm irəli atırdı... göy guruldayırdı, dərviş guruldayırdı, sel qıj-qıj qıjıldayırdı, sanki yer ilə göy bəhsə girmişdi. Əli gəldi, mən sordum:
- Dərviş hanı?
- Nə qədər elədim gəlmədi, yolu əlinə tutub getdi.
Xeyli durdum... göy guruldadı, yel guruldadı, sel qıjıldadı, amma dərvişin səsi, ha qulaq verdim, qulağıma gəlmədi. Bir az dayanıb yenə qulaq asdım... Göy qoşa-qoşa şaqqıldayırdı, dərələrdə sel qıjıldayırdı, vızıldayırdı, odlu şimşəklər qara buludları şaqqalayırdı, amma dər- vişdən xəbər yox... adamdan səda yox idi. Adam ölmədi, itmədi, məhv olmadı, insan kainata qarışdı. İnsanı kainat qucdu. İstirahəti yox, uyuya bilməz.
XS
SM
MD
LG