Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:08

27 aya tikilmiş evə 27 ildir sənəd ala bilmir [Video]


Məktəbsiz, xəstəxanasız, ...sız... kəndlər
Gözlə

No media source currently available

0:00 0:05:05 0:00

Məktəbsiz, xəstəxanasız, ...sız... kəndlər

Bakının Qaradağ istiqamətindən girəcəyindəki kəndlərdə minlərlə sənədsiz ev var. Əzimkənd, Ümid, «Dordom» («Yol evi»), Əliquluqışlaq və müxtəlif yaşayış massivləri son 30 ildə özbaşına tikililərdən ərsəyə gəlib. Əhalisinin sayı dəqiq bilinməyən bu ərazilərdə bircə kərpicə də sənəd yoxdur. Bunu həmin ərazilərdə qeydiyyatsız yaşayanlar deyir.

27 AYA TİKİLƏN EV...

Əzimkənd sakini Dilavər Əndəlifov deyir buralarda 30 ildən artıqdır yaşayır. Bu ərazidə əvvəllər qoyunçuluq inkişaf etdirilib və komalardan ibarət olub. O, 27 il əvvəl burada tikintisi 2 ildən bir az artıq müddətə başa gələn evini hələ də sənədləşdirə bilmədiyini deyir:

Dilavər Əndəlifov
Dilavər Əndəlifov
«30 il əvvəl buralar çöllük idi, qoyunçuluqla məşğul olurdular. O vaxt Şamaxıdan bir Əzim kişi var idi, baş çoban. İlk evi də o tikib burda. Elə kənd onun adına da qalıb. Sonra biz də ev tikdik, qaldıq burda. Burda nəinki evlərin sənədi yoxdur, burdan heç hökumətin xəbəri yoxdur».

Müsahibim deyir Əzim kişi çox qüdrətli olub, hamının dərdinə çarə tapırmış. Bircə tikililərin sənədləşməsi məsələsində o da aciz olub.

«HARDASA YAŞAYIŞ QEYDİYYATIM VAR»

Dilavər Əndəlifovun yaşayış qeydiyyatı Abşeron rayonu, Güzdək kəndinədir. Konkret kimin ünvanına olduğunu bilməsə də bildiyi təkcə odur ki, hardasa yaşayış qeydiyyatına alınıb. Deyir, evini sənədləşdirmək üçün Qaradağ rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də nail olmayıb və niyyətindən əl çəkib:

«İcra hakimiyyəti pul yığır, pulumuz olsa, bizim üçün də sənədləşdirərlər».

Firəngiz Əndəlifova isə deyir ki, buralarda illərlə doğum haqqında şəhadətnaməsi olmayanlar da var:

28-30 YAŞI VAR, DOĞUM ŞƏHADƏTNAMƏSİ YOX

«Burda adam var ki, 28-30 yaşı var, hələ də doğum haqqında şəhadətnaməsi yoxdur. Çünki yaşayış qeydiyyatları Abşeron rayonunadır. 10 dəfə aparıb gətirirlər, 100-200 manatacan xərc çəkirsən, sonra verirlər. Kimdir burdan ora 10 dəfə gedib-gələn. Gəlsinlər qeydiyyata alsınlar buraları, sənədi də burda versinlər, camaat da gedib sənədini ala bilsin».

Firəngiz Əndəlifova
Firəngiz Əndəlifova
Kəndin digər sakini Anar Rəhimov deyir ki, uzun illərdir ev tikib burda yaşasalar da yaşayış qeydiyyatı Qobu qəsəbəsində qapısından keçmədiyi bir evin ünvanınadır:

«Bələdiyyəyə, İcra Hakimiyyətinə müraciət edəndə deyirlər gəlib sənədləşdirəcəyik. Belə də qalıb. Nə gələn var, nə maraqlanan. Bu boyda kənddə bir sənədli ev yoxdur».

SEÇKİDƏN-SEÇKİYƏ YADA DÜŞÜRLƏR

Anar Rəhimov deyir hökumətin yadına seçkidən-seçkiyə düşürlər:

«İcra hakimiyyətindən avtobus tutub göndərirlər, yığırlar bizi avtobuslara, gedib səs verib gəlirik».

Anar Rəhimov deyir ki, yaşayış yerindən arayış və sair sənədləşmə məsələləri ortaya çıxanda isə çox əziyyət çəkirlər.

Əzimkəndə yaxın Ümid qəsəbəsində, «Dordom» adlanan kənddə və Səngəçal ərazisinə daxil olan başqa yaşayış massivlərində də sakinlər əsas problemlərinin sənədsizlik olduğunu deyirlər.

«O EVLƏR NAŞI RƏHBƏRLİYİN VAXTINDA TİKİLİB»

Qaradağ rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nadir Muradov deyir Əzimkənddə cəmi 87 ev var. Onun ətrafındakı qanunsuz tikililəri də üstünə gələndə ərazidəki sənədsiz evlərin sayı minlərlə ölçülür:

«Oralar Səngəçal ərazisidir. Konkret Əzimkənddə on illərlə əvvəl məskunlaşıblar, ev tikiblər, qeydiyyatda deyillər, buna baxmayaraq bizim azərbaycanlılardır. Dəqiq sayını bilmirəm, ancaq neçə minlərlə ev qeydiyyatsızdır. O evlər əvvəlki illərdə naşı rəhbərliyin dövründə tikilib, Bakının 11 rayonunda da sənədsiz evlər tikilib. Cənab prezidentin birmənalı tapşırığıdır. Mühafizə zolağına düşməmək şərti ilə bütün sənədlər artıq yığılıb, hazırlanır».

Nadir Muradov evlərin sənədləşdirilməsinə görə əhalidən pul yığılması barədə deyilənləri isə təkzib edir.

HƏR ŞEY BİRCƏ SƏRƏNCAMA BAĞLIDIR

Hüquqşünas Namizəd Səfərov deyir ki, belə evlərin sənədləşməsi bircə sərəncama bənddir:

«Qanunvericilik birmənalı şəkildə belə evlərin sökülməsini tələb edir. Ancaq o torpaqların zəbt olunması və qanunsuz evlərin tikilməsi icra hakimiyyəti strukturlarının gözləri qarşısında baş verdiyindən uzun illər ərzində icra hakimiyyətləri məhkəmədə belə tikililərə qarşı iddialar qaldırmayıblar. Belə tikililər son 20 ildə kütləvi xarakter aldığından onların sənədləşməsi üçün ayrıca bir sərəncam verilməsinə ehtiyac var. Bu problemin başqa hüquqi həlli yoxdur».
XS
SM
MD
LG