Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:00

Azərbaycan və Gürcüstanın monastır mübahisəsi (Yenilənib)


David Qareci monastırı
David Qareci monastırı
Gürcüstanda David Qareci - Azərbaycanda Keşişdağ adlanan monastır kompleksinin bir hissəsinin – Udabno monastırının hansı dövlətə aid olmasıyla iki dövlət arasında heç bir mübahisə yoxdur. Gürcüstan Xarici İşlər Nazirinin müavini Nino Kalandadze bu gün yaydığı bəyanatda bildirib ki, daha öncə onun açıqlamaları təhrif olunaraq mediada yer aldığından ictimaiyyətdə yanlış reaksiya doğurub. Kalandadzenin sözlərinə görə, əslində Gürcüstan və Azərbaycan hökumətlərarası komissiyasının dövlət sərhədlərinin müəyyənləşdirilməsi - delimitasiyası prosesi hələ davam edir. Bu günədək sərhədlərin 98 faizi razılaşdırılıb. Yerdə qalan 2 faizdə isə David Qareci monastır kompleksinin ərazisindəki Udabno monastırıdır. Udabno monastırı isə Sovet dövründən Azərbaycanın ərazisinə düşüb

Kalandadzenin sözlərinə görə, təxminən on gün əvvəl Azərbaycan sərhədçiləri Gürcüstan tərəfə bildiriblər ki, məbədin Udabno adlandırılan ərazisinə yalnız din adamları və sərhədçilər buraxılacaq və nazirlik məbədin ziyarətçilərinin də ora sərbəst gediş-gəlişini təmin etməyə çalışır.

Nino Kalandadze bildirib ki, Azərbaycan tərəfi heç vaxt David Qareci kompleksinin kimə məxsus olması məsələsini qaldırmayıb və bu məbədin Gürcüstanın tarixi abidəsi olması şübhə doğurmur.

Nazir müavini deyir ki, hazırda danışıqlar yolu ilə monastır kompleksinin Azərbaycan sərhədləri içərisində qalan kiçik bir hissəsi – Udabno monastırının da Gürcüstana birləşdirilməsi üçün cəhdlər davam edir.

GÜRCÜSTANDA BƏZİLƏRİ MONASTIRIN AZƏRBAYCANA VERİLDİYİNİ İDDİA EDİR

Gürcüstanda tarixçilərin bir çoxu monastırın hər zaman Gürcüstan torpağı olduğunu bildirir, ancaq məsələyə fərqli yanaşanlar da var. AzadlıqRadiosunun Tbilisidəki müxbiri Jimshir Rekhiashvili deyir ki, bəzi tarixçilər 1929-cu ildə Serqo Orcenikidzenin təsdiq etdiyi xəritədə monastır kompleksinin bir hissəsinin Azərbaycana verildiyini və indi bu ərazini Azərbaycan ərazisi kimi tanıyıb, sonra torpaqların dəyiş-düyüşü yolu ilə məsələni həll eləməyə çağırırlar.


Ötən həftə Gürcüstanda media və bəzi müxalifət qüvvələri prezident Mikheil Saakashvilinin torpaqları sağa-sola paylamaqda ittiham edirdilər. Gürcüstan müxalifətinin liderlərindən milyarder Bidzina İvanişvilinin “Gürcü arzusu – demokratik Gürcüstan” Partiyasının fəallarından olan keçmiş ombudsman Sozar Subari də monastır məsələsi ilə bağlı Kaxetiyaya səfər edib, yerli ruhanilər və sakinlərlə görüşmüşdü. Və bu Gürcüstandakı parlament seçkilərinə hazırlıq dövründə Saakaşvilinin partiyasına qarşı istifadə edilən arqumentlərdən biri ilə bağlı mayın 14-də Tbilisidəki Azərbaycan səfirliyi qarşısında etiraz aksiyası keçirilməsi də nəzərdə tutulurdu. Ancaq heç bir aksiya olmamışdı.

Bu qalmaqaldan sonra bu həftə Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Shota Khizanishvili yerli mediaya bildirib ki, «Azərbaycan dini xadimlərinin David Qareci monastır kompleksinə girişini əngəlləməyib». Kompleksin bir hissəsi Azərbaycan ərazisində olduğundan ziyarət etmək istəyənlər buraxılış məntəqəsindən keçməlidirlər.

DAVİD QARECİ GÜRCÜLƏR ÜÇÜN NİYƏ MÜQƏDDƏSDİR?

Dağ yamacında 20 kilometrlik böyük ərazidə yerləşən və yüzlərlə obyektdən – yaşayış evi, hücrə, kilsə və s. tikililərdən ibarət olan kompleksin əsası 6-cı əsrdə qoyulub.


Assuriyalı rahiblər Gürcüstana gələrək burada xristianlığı yaymağa başlayıblar və Kaxetiyada tikilən monastır bu işdə “ilk qaranquş” olub.

Buna görə də gürcülər üçün monastır müqəddəs bir ziyarətgah sayılır.

Monastır monqol istilası, daha sonra başqa hücumlar nəticəsində bir neçə dəfə dağıdılsa da, yenidən bərpa edilib.

Sovet işğalından sonra monastır bağlanıb. Sovet İttifaqının Əfqanıstana müdaxiləsindən sonra isə monastıra yaxın ərazilərdə hərbi poliqon yaradılıb, ağır silahlardan davamlı açılan atəşlərin zərbə dalğası monastır kompleksinin bəzi hissələrinin tədricən uçub-dağılmasına səbəb olub.

Sovet dönəminin sonlarına yaxın gürcü milli azadlıq hərəkatının şüarlarından biri də monastır ətrafında poliqonun ləğvi olub Hərəkatın lideri Zviad Qamsaxurdiya da əraziyə tez-tez gedib-gəlib.

Nəhayət SSRİ-nin dağılması ilə poliqon da bağlanıb. Monastır isə ruhani və zəvvarların ixtiyarına verilib.

O vaxtdan bəri Azərbaycan tərəfi gürcü vətəndaşların sərhədi yoxlanışsız keçib monastırın həmin hissəsinə daxil olmasına şərait yaradırdı.
XS
SM
MD
LG