Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 07:13

AXCP gəncləri Bakıya gələcək əcnəbi qonaqlara müraciət edib


Azerbaijan -- London taxi in Baku - 02May2012
Azerbaijan -- London taxi in Baku - 02May2012
Mayın 10-da AXCP Gənclər Komitəsi (AXCP) «Eurovision 2012» mahnı müsabiqəsi zamanı Azərbaycana gələcək əcnəbi jurnalistlərə, diplomatlara və vətəndaşlara müraciət edib.

Müraciətdə bildirilir ki, Azərbaycan hakimiyyətinin müsbət imicini qurmaq məqsədilə paytaxtda çalışan taksilərə əcnəbi qonaqları, turistləri getmək istədikləri yerlərə mərkəzi yol və küçələrlə aparmaq, kənar küçə və rayonlardakı yollarla aparmamaq tapşırılıb.

«Bu tapşırığın nəticəsində sizlər neft ölkəsi Azərbaycanın paytaxtının mərkəzi rayonundan başqa rayonlarda bərbad yolları, kasıb evləri, vətəndaşların üzləşdiyi çoxsaylı problemləri görməyəcəksiniz. Buna görə də biz AXCP Gənclər Komitəsi (GK) olaraq sizlərə müraciət edirik: Bakı təkcə abadlaşdırılmış kiçik bir hissədən ibarət deyil. İstəyirik ki, Bakıda olarkən təkcə kosmetik işlər görülmüş şəhərin mərkəzini yox, iqtisadi, sosial, gigiyenik problemlərin həddən artıq çox olduğu şəhərin başqa yerlərində də olasınız və gerçəklikləri görəsiniz».

Müraciətdə qeyd olunur ki, bu əcnəbilərə imkan verəcək ki, ifadə azadlığının kobud şəkildə pozulduğu və azad musiqi yarışmasının keçiriləcəyi ölkə haqda tam təsəvvür formalaşdırsın.

NAZİRLİK TƏKZİB EDİR

Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov taksi sürücülərinə belə bir göstərişin verilməsi barədə məlumatları təkzib edir.

«Bakıda 22 taksi dayanacağı fəaliyyət göstərəcək və bu dayanacaqların hamısında «London taksiləri» xarici turistlərə xidmət edəcək. Onlar hara istəsə gedə biləcəklər. Bu mümkünsüz bir məsələdir».

Namiq Həsənova görə, taksilərdən fərqli olaraq avtobuslar konkret hərəkət sistemləri üzrə hərəkət edəcəklər.

«Rəsmi tədbirlərlə bağlı bu həmişə belə olub və turistlər də həmin avtobuslardan istifadə edə biləcəklər».
XS
SM
MD
LG