Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:38

Azər Abdullanın 20-liyə düşməyən hekayəsi


Azər Abdulla
Azər Abdulla
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Azər Abdulla

KƏPƏNƏK BAYRAMI

...Dağ keçisi, ayı, donuz, canavar, tülkü bir yana, bu gün Yorinin qabağına bir dovşan da çıxmadı. “Heç olmasa gedim çaşırımı yığım” düşündü.

Hər il yaz bayramı ərəfəsində türk kəndlərinin ərazisi olan Şiş dağın lap yuxarısındakı çılpaq qayalıqların arasından o, bir kisə ağzı dirəmə çaşır yığmış, qayanın arxasından gizlicə baxıb aşağılarda çoban-çoluğun, odunçuların, ondan aşağı zəmilərdə cüt əkənlərin əl-ayağı çəkilib gözdən itənəcən, bəzən qaranlıq düşənəcən gözləmiş, kimsənin görməyəcəyinə arxayın olandan sonra kisəni dalına alaraq tələsik dağın dirsəyini aşıb özünü meşəliyə vermişdi.

Bu yerləri özlərinə doğma bilən türklərin bəziləri bütün günü dağı-daşı ələk-vələk eləsə də, bəzən evlərinə əli ətəyindən uzun qayıdırdılar. Yori türklərdən qorxduğuna görə gizlənmirdi, sadəcə, on il bundan öncə qayalıqların arasında kəşf elədiyi və hər il gəlib maral buynuzlarıtək şaxəli, iki-üç barmaq enində kövrək, ağ gövdəli çaşırlardan bircə saatın içində yığıb kisəsini doldurduğu o yeri kiminsə görüb-bilməsini istəmirdi. Ancaq bu gün Yorinin baxtı burda da gətirmədi.

Vur-tut ikicə dəstə çaşır yığa bildiyinə dilxor oldu, “canavar törəmələri... gəlib yığıblar...” türklərin qarasınca deyindi. Ancaq hər qarışına bələd olduğu bu bərəkətli, əziz yeri diqqətlə gözdən keçirəndə, adam ləpiri, torpağın oyulub eşilmədiyini görəndə çox sevindi, ”yerin canı hələ qızmayıb. Bir həftədən sonra gələrəm” düşündü. Dalında dolu kisə olmadığından bu dəfə əyilib gizlənmədən, kiminsə görəcəyindən ehtiyat etmədən oradan ovçu kimi uzaqlaşdı.

Qaranlıqlı yuxudan qalxıb nahar eləmədən evdən çıxmış, günortayacan neçə dağ aşıb, neçə dərə adlamış, meşələrin tala yerlərindən keçmiş, bərələrdə pusub dağ keçisi, donuz sürülərinin suya gəlməsini gözləmişdi. Aclıqdan çox susuzluq onu qarıxdırmışdı. Ancaq o, qarşısına çıxan hər dərənin, hər bulağın suyundan yox, onun hesabına görə dayandığı yerdən yarım saatlıq, uzaqbaşı qırx dəqiqəlik məsafə olan, türklərin adlandırdığı “Kəsbər çeşməsi”nın suyundan içmək istəyirdi. Saatına baxdı, “dözərəm” deyib üzüaşağı qolaylandı.

“Kövsər çeşməsi” çılpaq dağın döşündə ən ucaboy adama boy verməyən baş-başa söykənmiş iki nəhəng mamırlı qayanın arasından paqqıldayıb axırdı. Yayın ortasında hər tərəf od tutub yananda, yaz otları saralıb qarsıyanda, sanki öz möcüzəsini, hikmətini ətrafa, aləmə göstərirmış kimi bulaqdan bir-iki addım aşağıda mal-heyvanın içməsi üçün çobanların düzəltdiyi nohur-gölməçədə dupduru su, gündüzlər Günəşi, göy üzünün maviliyini, gecələr Ayı, ulduzları güzgü kimi göstərirdi. Ondan azca aşağı eniş boyu suyun qıjov axdığı yerdə, bir qarış boy vermiş yam-yaşıl yarpızlar titrəyir, incəbel qızlar kimi yorulmadan rəqs edirdi.

Beş-altı addım aşağıda bir- biriylə yarışıb bəhsləşirmiş kimi həvəslə göylərə can atan, bir üzü yaşıl, bir üzü gümüşə çalan, azacıq mehdən yarpaqları pırıl-pırıl qaynaşan bəyaz gövdəli qoşa qələməydi. Qələmələrdən xeyli aşağılara qədər uzanaraq sıx çeşnəli xalıtəkin sərilmiş yamyaşıl otlar, bir-birini mehriban-doğma, gülümsər və ürkək baxışlarla süzən danaqıran, novruzgülü, çobanyastığı, pişik dırnağı, nərgiz, göyün dərin qatında güclə sezilən bapbalaca ulduza bənzər mavi zənci çicəyi... elə bil Günəşdən şaxıyan, ətrafdakı bomboz torpaqdan, mis rəngli qayalardan qaynayıb qalxan qəhərin, ilğımın qorxusundan qaçaraq gəlib burda doğma bacı-qardaş kimi, simsar yavuqlartəkin bu balaca ərazidə bir-birinə sığınmışdılar.

Şəklini əks edən gölməçədəki göz yaşı kimi dupduru sudan Yori içmədi, dizlərini yerə qoyub qoşa qayanın arasına qurşağacan girərək ağzını bulağın gözünə dayayıb bir neçə qurtum içdi, geri çəkilib ayağa qalxdı, gölməçədən qoşa ovcuyla iki dəfə götürdüyü suyu üzünə çırpdı. Sıçrayan damcılardan suyun aynası sınıb çilikləndi, Günəş əyiş-üyüş oldu. Suyun üzündəki qırış-qırçınlar ütülənib şüşə kimi dümdüz olanacan Yori gözünü gölməçədən çəkmədi. Birdən başı gicəlləndi, ona elə gəldi suya düşərsə, göy üzünün dərinliyindəki Günəşin yanınacan batıb gedəcək, bir an canından qorxu keçdi. Özünə gəlib gölməçənin dayaz olduğunu dərk edəndə əlini suya salıb Günəşə toxunmaq istədi, suyun güzgüsü sındığından qırçınların arasında Günəş oxlov üstündəki yuxanın xamırı kimi əyilib axaraq formasını, gözəlliyini itirdi. Ələ gəlmədiyini görəndə Yori köynəyini yuxarı çırmalayıb qolunu dirsəyinəcən suya soxdu, Günəşin dayandığı yerə əli toxunanda hirslənərək torpağı barmaqlarıyla dımrıq kimi eşərək suyu lillədib ayağa qalxdı. Aralanıb bulağın yaxınlığında quruca torpağın üstündə oturub kisəsindən çıxartdığı sarımtıraq kağıza bükülünü açıb dilim-dilim doğranmış pendir, çörəyi iştahla yeyə-yeyə uzaqlarda təndir badı kimi yanmış mis rənginə çalan çılpaq İran dağlarını gözdən keçirdi.

Qoşa qələmədən azca aşağı yaşıllığın üstündə havada qanad çalıb qaynaşan bir topa kəpənək elə bil bu yaz günü sevincdən havalanıb göyə qalxmış o çəmənliyin al-əlvan gül-çiçəyi idı. Rəngbərəng xallı kəpənək topasını sanki görünməz iplə kimsə tələsmədən gah aşağı, gah yuxarı, gah sağa, gah sola dartırdı. Hər dəfə yan-yörəsindən tapıb Yorinin o kəpənək topasına atdığı daşdan bəzən bir, bəzənsə iki-üç kəpənək yerə düşəndə, həyəcan, çaşqınlıq bürüdüyündən nizamı, forması pozulmuş kəpənək topasını o görünməz sap indi əsəbiliklə dartaraq tez-tez yerini dəyişirdi. Yori ayağa qalxaraq gedib bulağın gözündən yenə içdi. Dincəlmədən yeddi, səkkiz saat dağı-daşı dolandığından, dağ havası vurduğundanmı, yeməyin üstünnən doyunca su içib ağırlaşdığındanmı, yaz günəşi qanını qaynatdığındanmı, onu yuxu qarıxdırdı. Yamyaşıl zolağın qırağıyla aşağı düşüb bulaq suyunun batıb yox olduğu yerdən altı, yeddi addım da aşağıda, enişin düzənliyə çevrildiyi sahədə kökləri nəmişliyə güclə yetdiyindən törə qalmış gül-çiçəkli yaşıllığa ayağını basanda doqquz il bundan qabaq türk kəndi Maralzəmidən su qiymətinə aldığı, evinin bir divarını boyhaboy örtmüş xovlu xalçanı xatırladı. Bürmələdiyi kisəni başının altına qoydu, yanına uzatdığı beşaçılanın qayışını qoluna keçirdi, kepkasıyla üzünü örtüb yuxuya getdi...

Sərçə cikkiltisinə qarışmış nazik fit səsini fasilələrlə bir neçə dəfə yuxudamı, ayıq olduğu vaxtdamı eşitdiyini Yori anışdıra bilmirdi. Sonuncu dəfə fısıltı, xışıltı qarışmış bu səsin lap yaxınlaşdığını duyanda Yorinin gözünü açmasıyla qəfildən dikəlməsi bir anda oldu, çaşqınlıqla sağını-solunu gözdən keçirdi. Geriyə qanrılanda qoşa qələmədən azca aşağı dizəcən qalxmış otluqda nəyinsə süpürləşdiyini gördü. Zambaq, lalə qarışıq yamyaşıl otlar sağa-sola əyilib düzəlir nəsə yavaş-yavaş üzüaşağı Yoriyə sarı yaxınlaşırdı. “Siçanlardı... Yox, siçanın belə... Siçovul olar...” - ağlına gəldi. Otların tərpənib əzildiyi yeri gözdən qoymadan yan-yörəsinə baxıb daş axtaranda yuxarı qalxdıqca seyrələn otların arasından dıkəlib qalxmış, dayanmadan dil çalan, yamyaşıl otluğun al-əlvan gül-çiçəyindən, xallı kəpənəklərdən boyalı naxışlar almış başı enli, nazik boynundan aşağı getdikcə yoğunlaşan gürzəni gördü. “Sərçə, siçan udub” düşündü Yori. İlan otluğa yatanda əyilib beşaçılanı götürdü, qalxıb düzələndə eyni rəngdə, eyni formada bir cüt ilan dikəlib qarşı-qarşıya dayandı, dil çaldı, bir-birinə sarmaşaraq başlarını bir-birinə sürtdü. Yorinin sağındakı gürzə solundakından daha iri, daha canlıydı. “Bunların sevişməyinə bax... Məni də saymırlar... Qoşalülə, bir dənə də qırmalı patron olsaydı, ikisini bir gülləyə sərərdim...” Birini vura biləcəyinə əmin idi. Onun göydə göyərçini, tay-tuşuyla yarışarkən quş tüfəngiylə on metrlikdən kibrit çöpünü vurduğunu görmüşdülər. “Ayı gülləsini hayıf eləyirəmsə, heç olmasa yoğunu-erkəyi vurum” düşündü. Ancaq hələ tüfəngi qaldırmamış qabaqca erkək, onun ardınca incə, zərif, həm də gözəl ilan otluğa yatdılar. Əyilib qalxan, əzilən otların xışıltısına yenə civilti, fit səsləri qarışdı. İlanların qorxudan yox, öz xoşlarına, mazaqlaşıb kef çəkmək üçün otluğa yatmalarına, onu saymadıqlarına Yorinin acığı tutdu. Bu dəfə otları yatırda- yatırda onların bir az da ona yaxınlaşdığını görəndə canından üşütmə keçdi.

Bir qabıqdan çıxanda, bir də cütləşmə zamanı ilanların adama hücum elədiyini bilirdi. İkisi də birdən üstümə şığıyar, ağlına gəldiyindən dayandığı yerdən aralanaraq gedib otsuz quru torpağın üstündə gözlədi. Bu dəfə bir-birinə sarmaşmış ilanların dikəlib yenidən otluğa sərilməsi bir anın içində oldu, bu fürsəti buraxdığına Yori hayıfsılandı, barmağı tətikdə tüfəngi döşünə sıxaraq hazır vəziyyətdə quruyub heykələ döndü.
İlanların getdikcə yaxınlaşdığını görəndə “ordaca işlərini bitirərəm” düşündü, qıvrılıb açılan yaralı ilanların qanı kisəsinə bulaşmasın deyə tüfəngin lüləsini hədəfdən ayırmadan pəncələri üstə gəlib kisənin yanına çatdı, əyilib götürərkən yenə də fürsəti əldən verəcəyindən ehtiyat elədiyindən ayağıyla bükülü kisəni otsuz yerə atmaq istəyəndə bir-birinə çataşıb-sarmaşmış gürzələr qəfil dikəldilər, birinin başı o birisinin boynuna sıxılmış halda saat kəfkiri kimi aramla iki yol sağa-sola yelləndilər. Yorinin əsəbilikdənmi, qorxudanmı, ilanların açıqlığa, biraz öncə özünün uzandığı yerə gəlməsini gözləməyə səbri çatmadı. Bir-birinə çataşmış gürzələrin boyunlarından aşağı getdikcə yoğunlaşan bədənlərinə atəş açdı...

Otların başları, gövdələri dalğavari tərpənişdi. Tərpənən otların dibinə ikinci atəşi açmaq üçün çaxmağı geri çəkmək istəyəndə hədəfin solundan bir addım aralıda dikəlib nifrət və qəzəblə ona baxan bayaqkılardan da böyük, bədheybət bir gürzənin başını görəndə Yori ürəyinin qopub içinə düşdüyünü hiss elədi. Çaxmağın şaqqıltıyla geri çəkilməyi ilə gürzənin yox olması, ona sarı çəpinə düz xət boyunca otların tərpənməsi bir göz qırpımında baş verdi. Tərpənən otların dibinə atəş açsa da, ildırım sürətiylə yaxınlaşan xışıltı, ovxarlı qılınctəkin elə bil Yorinin ürəyini iki yerə böldü. Haqlamaqda olan vahiməli ölümün qarşısını ala bilməyəcəyini fəhmən duyaraq yerindən götürülüb qabaqca sağ səmt yzrə dolayı qaçdı, sonra dikinə dırmaşdı. Beş-altı addım özündən aralı qayanın dalından qəfil çıxan öküz boyda ayıyla üzləşəndə də, çənəsinin hər iki böyrundən ağaran ərəb qəməsi kimi əyrimçə dişli bədheybət qara qaban qalın meşədə yamacaşağı onu qabağına qatıb qovanda da Yori bu qədər sarsıntı keçirməmişdi.

Şiddətlə döyünən ürəyi az qalırdı ağzından çıxsın. Devikib çaşqınlıqla ətrafını gözdən keçirdi. Susuzluqdan yanır, heç olmasa bircə qurtum içmək istəsə də, bulağın yanına getməyə ürək eləmədi. Birinci dəfə atəş açdığı yerdə otlar hələ də əyilib düzəlirdi. Atəşin birinəmi, ikisinəmi dəydiyini bilmək istəsə də, otluğa girməyə cəsarəti çatmadı. Güman elədiyinə görə gülləsi cütləşənlərin ikisini də tutmuşdu. Sevişən gürzələr onun yadında mehriban, mülayim xasiyyətli, həm də çox gözəl görkəmdə qalmışdı, ona elə gəlirdi bu zəriflikdə, bu gözəllikdə ilanın zəhəri də olmaz. Ancaq ona sarı şığıyan gürzə bam-başqaydı, bir-birinə sarmaşanların ikisindən də böyük, həm də qəzəbliydi, zəhmli baxışından zəqqum yağsa da, görkəmində bir məğrurluq, əzəmət vardı.

Yori yerindən götürüləndə ildırım gurultusuna bənzər xışıltının onu haqlayıb-haqlamadığını bilmək üçün başını döndərib gözucu geriyə baxanda ayağına ilişib bükülüyünü açdığı kisəyə doğru yoğun, güllü ipə bənzər bir şeyin batan ulduz kimi axıb uzandığını gördü. Qucağına yığdığı daşların ikisini otların tərpəndiyi yerə atdı. Bir az da aşağı enib uzaqdan kisəni daşa basdı. Tərpəniş, qımıltı olmasa da, təşviş, nigarançılıq içində yan-yörəsinə baxa-baxa kisəyə yaxınlaşdı. Beşaçılanın nişangahıyla kisəni özünə sarı çəkərkən, aralarındakı məsafə çox yaxın olduğu üçün üşəndi, tüfəngin süngüsünü açıb evdə qoyduğuna təəssüfləndi. (Bir dəfə payızın son günü cöngə boyda dağ kəlini ovlayıb qırx beş- əlli kiloya qədər ətini gilləyib kisəsinə doldurmuş, yolun yarısında heydən düşdüyündən bıçağının, papağının, toqqasının, tüfənginin süngüsünün ona ağırlıq elədiyini duymuşdu. Elə o vaxtdan süngünü açıb evdə qoymuşdu. Apara bilmədiyini tülkü, çaqqal, canavara yem olmasın deyə ağacın budağından asmışdı. Sabah günortaya yaxın qayıdıb həmin yerə çatanda budaqdan sallanan ağappaq sümükləri görmüşdü.) Kisənin yüngüllüyünü hiss etsə də, cürət edib içinə baxammadı, tələsik ağzını bürmələyib bağladı, bədəni ürpəşə-ürpəşə sol əlini kisənin üstündə gəzdirdi. İki dəstə çaşırdan başqa bir şey olmadığını bilsə də, yenə nigarançılıqla kisəni dalına atdı.

Yori yubanmadan burdan uzaqlaşmaq istəyirdi. Dağın döşüylə aşağı enməliydi. Ancaq o bədheybət varlıqla qarşılaşmamaq, həm də hər ehtimala qarşı onu azdırmaq məqsədiylə bulaqdan xeyli yuxarı qalxdı, sağa dönüb dərəyə yollandı, qonşu dağın dirsəyini aşaraq yamacaşağı götürüldü. Dağın çılpaq yerindən sonra başlanan ardıclıqdan, ondan sonrasa başlanan sıx yemişan, qaratikan kolluğunun arasından qan-tər içində keçib dizəcən qalxmış yamyaşıl arpa zəmisiniə çatdı. Tələssə də, qalın olduğundan dibi görünməyən, ensiz zəmini yarıb keçmədi, qırağıyla hərlənib zəminin başına çatanda tüfəngi söküb kisəyə yığmadığı yadına düşcək ayaq saxladı, bu qədər yolu kürəyində boş kisə deyil, sanki çılpaq belini dalayan uzun, qara gövdəli, enli yarpaqlı, ağır gicirtkan dərzi gətirmişdi. Kisənin qayışlarını çiynindən aşırıb dərindən nəfəs aldı, şəhadət barmağıyla alnının tərini sıyırıb yerə tökdü, qorxa-qorxa kisənin ağzını açaraq içinə baxdı. “Tüfəng olmasaydı, yandırıb rahat olardım“.

Çılpaq maşın yoluna çatanda azca yüngülləşdiyini hiss elədi. Yolun qırağında yastı daşın üstündə oturub qarşı dağın döşünə səpələnib yaşıllığa bürünmüş ağ evləri seyr elədi, evi kəndin lap aşağısında kolxozun üzüm bağına söykənmişdi. Payızda üzüm, şəfdəli, armud dəyəndə gecələr yuxunun şirin vaxtı özünü bağlara verdiyi məqamı xatırlayıb evinin əlverişli yerdə olduğuna sevindi, ancaq bir dəfə az qala ayı tələsinə düşəcəyini xatırlayanda o qorxulu anları yenidən yaşadı. Kölgənin qarşıdakı dağın yarısınacan qalxdığını görəndə ayağa durub aşağıdan gurhagur axan çayın qırağına endi. Çiyinlərindən qayışı siyirib kisəni ehmalca qumun üstünə qoydu. Çayın lap qırağına yaxınlaşıb türk çobanı Halaya tikdirdiyi donuz gönündən (aşılanmış gönü özü vermişdi) olan qalın, yumşaq, qızqaytaran çarıqlarını çıxarıb (ova gedəndə çarıq geyirdi) tələsmədən qabaqca ayaqlarını, sonra çımraladığı qollarını, üzünü yudu. Çarıqlarını geyib ayağa qalxanda, azca aralıda körpünün yanında qalaqlanmış daşların üstündə qıvrılıb başını dik tutaraq məğrur duruşlu, şimşək çaxan gözlərini ona zilləmiş gürzəyə və ondan bir qarıc aralı bomboz daşların rəngindən güclə seçilən başqa bir ilana gözü sataşanda elə bil Yorinin təpəsinə ildırım çaxdı, bütün bədəni əsməyə başladı, kösövdən partlayıb sıçrayan saysız çınqılara bənzər ulduzcuqlar gözlərinin önündə sayrışdı. Başının, bədəninin tükləri qabardı, “İşim bitdi.” Dişlərinin bir-birinə dəyib şaqqıldadığını duyanda çənəsini sıxaraq pıçıltıyla “Əcəl haqladı...”- dedi. Özündən asılı olmayaraq dalı-dalı çəkildi, yan-yörəsinə baxıb iri qayaların arasından götürüb atdığı daş az qala gürzənin boynunu yalayaraq ötdü, körpünün divarına dəyib daş qalağın üstünə düşdü. Ağlagəlməz cəldliyi, güclü reaksiyası hesabına vaxtında başını əyib atılan daşdan yayınması, qısa müddətdə özünə arxa-kömək, etibarlı dost tapmış bu məğrur və mənəm-mənəm deyən gürzənin görkəmi Yorini daha da heyrətləndirib sarsıtdı.. (Hekayətin bu yerində Azadın fikri on illər qabaq yaylaq yerində daşlayarkən qayanın başında saymazyana dayanmış qartımış kərtənkələnin başını sağa-sola əyib daşlardan yayındığı anları, uzun zaman həsrətini çəkdiyi sarı donlu Donaranı xatırladı.) Atılan gülləni ilanların sıçrayıb havada qapa bilməsinə o, indi inandı. Tüfəngi yadına düşdü, gözünü gürzədən çəkmədən kisəyə yaxınlaşdı, əlləri əsə-əsə beşaçılanın hissələrini çıxarıb yığmağa başlayanda, yan-yana dayanmış gürzəylə boz ilan sözləşibmiş kimi eyni vaxtda başlarını daş kələyin ayrı-ayrı yerlərinə soxaraq bədənlərini sakitcə çəkib apardı.

Qaş qaralırdı. Qaranlıq düşməmiş Yori çayın qırağından uzaqlaşmaq istəyirdi. Ona elə gəlirdi hava bir az da qaralsa, çaylaq daşlarının arasındakı narın qumların üstüylə axan səssiz su kimi sürünərək yaxınlaşıb burdaca, burda olmasa da körpüdən keçərkən, o bədheybət varlıq onun qıçına sarmaşıb qarmağa bənzər əyri dişlərini baldırına batıracaq, bircə anın içində onun gözlərinə qaranlıq çökəcək, boğazı qovuşub səsi batdığından kimisə köməyə çağıra bilməyəcək, ayaqları, bədəni şişib üfürülmüş tuluğa dönəcək, qısa bir müddətdə çürümüş əti sümüyündən qopub tikə-tikə töküləcək. Uşaq yaşlarında oxuduğu nağıllardan, yaşlı türk çobanlarından ilanlar barəsində eşitdikləri, növündən asılı olaraq ilan vuran adamın, yaxud, atın, öküzün, ayının, dəvənin bir gün, bir saat, beş dəqiqənin içində canını tapşırdığı nağıla, əfsanəyə bənzər söhbətlər indi Yorinin təsəvvüründə reallaşıb həqiqətə çevrilmışdi. Bir vaxtlar ona nağıl, əfsanə kimi göründüyündən türkləri lağa qoyan Yori, Lök kəndinin Nəcəfxan dərəsindəki yaşı iki yüzdən çox olub böyürtkən kolluğunda yatan başı tüklü, nəfəsiylə bir metr məsafədən istənilən məxluqu gəbərdə bilən o ilan, o əjdahayla onu dabanbasdı, qarabaqara izləmiş bu gürzənin də o növdən, o soydan olduğuna inanırdı. Yoriyə görə “Kövsər çeşməsi”ndəki qoşa qələmələrdən azca aşağıdakı otluqda dikəlmiş yekə başlı gürzə, elə ordaca vahiməli baxışlarıyla öz zəhərini tullamış, sadəcə, məsafə uzaq olduğundan o, zəif dozada zəhərlənmişdi. Dayanmadan neçə dərədən adlayıb dağların döşündən yellənə-yellənə aşağılara düşərkən qarşısına çıxan yaz yağışının açdığı ensiz, dayaz arxlar, torpağı yuyulduğundan ardıcın uzanaqlı qalmış sarı kökü, palıd pöhrəsinin altından qəfil qalxan kəklik dəstəsinin pırıltısından doğan səksənmə, qorxu, vahimə Yorinin bədəninə, qəlbinin, beyninin dərinliyinə zəhər kimi yavaş-yavaş yerimişdi. Kəndin ətəyi, çaylaq yeri artıq alatoran idi, ancaq Yori elə bilirdi, bədəni yavaş-yavaş zəhərləndiyindən gözləri tor görür. Divarboyu tələsik addımlayıb maşın yoluna çıxdı, “nə qədər ki, gözüm yolu seçir, ayağımın altını görürəm, körpünü keçsəydim...” düşünərək yoldan, ayağını basdığı yerdən bir an gözünü cəkmədən körpüdən keçdi, əllərindəki daşları yerə atdı, sürətini bir az da artırdı. Alaqapıdan bağçalarına girəndə ayaq saxladı, həyətlərinə girdiyinə peşman oldu. “Gərək yol maşınlarının birinə minib rayona gedəydim, evimi onlara tanıtmayaydım... Gecdi artıq...”

Yori qorxduğunu gizlətməyə calışsa da, qapını açıb evlərinə girəndə arvadının böyümüş gözləri ona dikilərək – Ay mart hinça yeğel, es hinç quyna? Vontsvor xextelen kez?..(ay kişi, nə olub, rəngin-rufun niyə belədi? Elə bil boğublar səni?) - həyəcanla soruşdu. Yori başına gələn əhvalatın: gürzənin otluqaşağı göy gurultusuna bənzər xışıltıyla onun üstünə şığıdığı məqamı deyəndə gözü bərəlmiş arvadının “Vay astvats... sa şışmaneluya! – (ay allah... bu, dəli olacaq) – söyləyib ayağa qalxaraq tələsik masaya sarı cumdu, qrafindən stəkana tökdüyü suyu gətirib ərinə içirtdi. Əri həmin ilanı bir az qabaq çayın qırağında, körpünün yanında gördüyünü deyəndə arvadı ümüdsüz və tərəddüdlə başını bulayaraq –Day sənnən adam olmaz - söyləyib qayğılı-qayğılı sözünə davam elədi – axı nə işin qalmışdı onnarnan, sənə bir ziyanımı vardı - dedi. Arvadının “bir ziyanımı vardı” sözü onmu, on beşmi il qabaq Lök kəndi yaylağının qənşərində “Sulu Dərə” deyilən yerin sağındakı meşədə anahat davarını otaran çoban Həniflə qarşı-qarşıya oturub qoyun südündə qızardılmış lavaş doğramacını bir badyadan yedikləri anları, saçı-saqqalı ağarmış çobanın “Məni çalmayan ilan min il yaşasın” sözlərini xatırladı. Arvadı ərinin ovqatını yumşaltmaq məqsədiylə - Yoxsa onların sevişməsinə paxıllığınmı tutdu? – deyəndə Yori yumşalmaq əvəzinə bir az da hirslənərək – Sən nə kefdəsən, mən nə kefdə! – söylədi, bir anlıq sükutdan sonra – Çox gözəliydi, tamahım düşdü, dedim dərisinnən sənə toqqa düzəldərəm – söylədi. Tüfəngin hissələrini masanın üstünə yığan ərinin başını sığallaya-sığallaya – Sakit ol canım, sabah Vartanizora (Lök kəndinin erməniləşmiş adı) gedərəm, deyirlər orda bir türk var, bir cür deyirlər ona sof... sofiya... deyilənə gərə heç bir ilan ona dəymir, xahiş eliyərəm gəlib tutar...- deyəndə Yori çaxmağı masanın üstünə atdı, bərəlmiş gözlərini arvadına tuşlayaraq havalı-havalı qışqırdı – Nə türk-türk başlamısan... Hentses imanum na uşa?.. badkeratsumes, na tyunin herruyits şpırtuma... (Elə bilirsən o, koramalıydı... Təsəvvür eliyirsən o, zəhərini uzaqdan tullayır)

Adi bir sözünə, sualına ərinin hirslənib özündən çıxdığını görəndə arvadı daha ondan heç nə soruşmadı. Onun tapşırığıyla yubanmadan gedib kəndin lap yuxarı başında evləri olan qardaşıgildən qoşalüləni, bir də iki ədəd qırmalı patron alıb gətirdi. Yori arvadının bu gecəliyə gedib qardaşıgildə qalmasını deyəndə arvadı - Səni burda tək qoyammaram- deyib qəti etirazını bildirdi. Ancaq əri acı-acı gülümsünərək - Hərdən gözümə o gürzə kimi görünürsən... çaşıb birdən səni vuraram...- deyəndə ərinin ciddimi söylədiyini, zarafatmı elədiyini kəsdirə bilmədi.

Yori arvadını ala qapıdan ötürüb əlində qoşalülə tələsik geri qayıtdı. Evin yan divarına söykəli uzunsaplı beli götürüb evlərinə girdi, qapını örtcək bir an dayanmadan döşəmədəki döşəkçələri, palazı, stulları, evin baş tərəfində masanın üstünə səliqəylə çinlənmiş yorğan-döşəyi, pəncərələrdəki dibcəkləri, bir sözlə, hələ də söküb götürmədikləri dəmir sobadan, onun yanında içərisi buğdayla dolu yeşıkdən başqa gözə dəyən nə vardısa, hamısını daşıyıb yan otağa apardı. Əl-ayağa dolaşan bir şeyin, ilanın gizlənəcəyi bir yerin qalmadığına arxayınlıqla otağı yenidən gözdən keçirdi, yaxınlaşıb qapını çəkib azca aralı qoydu, gəlib pəncərənin yanındakı dəmir çarpayının üstünə qalxaraq baş tərəfdə yastığın üstündə oturdu. Uzunsaplı beli beşaçılanın yanına uzatdı, kürəyini çarpayının dəmirinə söykəyib əlində qoşalülə iki saatacan gah azca aralı qoyduğu qapıya, gah da pəncərədən çölə baxdı. Çevrilib divardan asılmış türk xalçasının ortasındakı mavi göldə üzən bəmbəyaz qoşa qu quşuna, gölün ətrafına səpələnmiş al-əlvan gül-çiçəyə, əyilib göldən su içən marala, sıx budaqları gölün ortasınacan uzanmış qarağaca, o budaqlardan birinə sarmaşmış haçadil ilana (bir baxışında ilanın haça dilinin tərpəndiyini görəndə özündən asılı olmadan qoşalüləni xalçaya sarı tuşladı) və qarağacdan azca aralıda qanadları qara xallı, bir topa sarı kəpənəyə gözü sataşanda ona elə gəldi ilanın səssizcə sivişib evə girməsi üçün türkdən aldığı bu xalça onun diqqətini qəsdən yayındırır. Dərhal yenə də çevrilib pəncərədən çölə baxdı. Bayırda yüzlük elektrik lampası yansa da, ləklərboyu sıralanıb uzanan yenicə yarpaqlamış tənəklərin əyri-üyrü gövdələrinə, onların dibindəki ala-bula kölgələrə gözü sataşanda onu yenə vahimə basdı. “Bəlkə hardansa baxır, oyaq olduğumu görüb yaxınlaşmır.” Qalxıb çarpayını pəncərənin qabağından divara sarı çəkdi...

Gecədən xeyli keçmişdi, yorğun, yuxusuz olduğundan, gözünü ancaq bir yerə - azca aralı qalmış qapının ağzına zillədiyindən hərdən onu yuxu basır, başı aşağı əyiləndə səksənib oyanır, qımıldanmadan göz bəbəklərini sağa-sola oynadaraq görə bildiyi yerlərə baxır, səs salmadan ehmalca əyilıb üstündə oturduğu çarpayının altını gözdən keçirir, “bəlkə mürgüləyəndə sivişib buğda olan yeşiyin dalında gizlənib... gərək onu da sürüyüb o biri evə aparaydım.” Yuxulayıb başı sallanmasın deyə pencəyinin yaxasını qaldıraraq peysərini çarpayının dəmirinə söykədi. Bir azdan onu yenə yuxu tutdu. Yuxuda gürzənin qapısı açıq alaqapılarının başına sarılıb sallandığını, Kiyev Dövlət Universitetinin ikinci kursunda oxuyan, ağappaq, qısaqol köynəkdə oğlunun gülə-gülə qaçaraq ilanı görmədən qapıya yaxınlaşdığını görəndə Yori nə qədər qışqırıb oğlunu dayandırmaq istəsə də, səsi çıxmadı. Oğlunun başı ilana toxunanda diksinib ayıldı, həmin an dəmir sobanın üstünə torpaq, qum dənəsinin düşdüyünü gördü, gözü baca yerinə sataşanda sobanın borusu boyu bir qarıc aşağı sallanmış gürzənin başını, ona zillənmiş gözünü, oyur-oyur oynayan qapqara haça dilini gördü. Yuxumu gördüyünü, ayıqmı olduğunu bir an anışdıra bilmədi. Qucağındakı qoşalüləni qaldırıb tətiyi çəkdi, ancaq yenə də gecikdi...

Həmin axşam Yorinin arvadı qoşalüləni gətirib ərinə verəndən sonra başılovlu qayıdıb qardaşıyla Lök kəndinə getdi. Soraqlaşıb kəndin ayağında gövşənə söykəli evini tapdılar. Atdan düşüb çəpərsiz, hasarsız həyətə girdilər, qardaşı atın yüyənini ağacın budağına bənd elədi. Ay ışığında hər iki yanı dizəcən qalxmış, əyilib baş-başa gəlmiş otlu cığırla bədənləri ürpəşə-ürpəşə irəlilədilər.

Açıq qapıdan içəri boylanarkən qarşıdakı suvaqsız divarın taxçasında nəlbəki boyda qırıq saxsının ortasında qoz boyda çay daşına söykəli eşmə pambığın ucundakı titrəyən balaca alov dilimi gözə dəydi. Toranlıq evin, elə taxçanın altında qalın keçə sərilmış taxta çarpayının üstündə bardaş qurub gözüyumulu oturmuş, əlindəki təsbehi çevirdikcə dodaqları tərpənən saçı-saqqalı bəmbəyaz, üzündən, alnından başqa burnunun üstünü də qırışlar basmış çəlimsiz, qocanın sofu (bəlkə sufi?) olduğuna və onun çox şeyə qadir olduğuna inandılar. Qadın qardaşına sarı çevrilib şəhadət barmağını dodaqlarına söykəyib “sus” işarəsi verdi. Qapının ağzında xeyli gözlədilər. Dua, zikr mərasimin çox uzandığını görən qardaşı qəsdən öskürsə də, qoca nə gözünü açdı, nə də zikrinə ara verdi. Bir az da keçəndən sonra hələ gözünü açmamış – Gələcəyinizi bilirdim... Ancaq nahaq yerə...- deyib yaşına uymayan çevikliklə çarpayıdan düşərək öz yerini göstərib - Gəlin, əyləşin – dedi. Qadın çaşqınlıqla qardaşına baxaraq – Vay aman! bizim kənddə hələ heç kim bilmir, xəbəri kim çatdırdı?- deyib həyəcanla qocanı süzdü. Günorta vaxtı bağçalarının qırağındakı qocaman qarağaca kürəyini söykəyib mürgülədiyi vaxt qoca yuxusunda bu xəbərdən agah olduğunu demədi. Başını qaldırmadan qısaca – Günortadan bilirəm... - söyləyib yenə susdu. Qadın yalvarmağa başlayaraq ilanı tutub öldürərsə, evlərindəki bir divarboyu olan dəyərli, gözəl xalçalarını ona bağışlayacağını vəd elədi, qocanın susduğunu görəndə razılaşmadığını güman edərək üstündə istədiyi qədər pul da verəcəyini söylədi. Qoca sanki onu eşitmir, öz-özüylə danışırmış kimi kədərlə – Bir az qabaq canını tapşırdı, – dedi, birdən gözünü açıb xəbərdarlıq edirmiş kimi tez sözünə əlavə elədi – Bu dəyqə o biri tayı bağçanızdadı, qisasını almıyınca çəkilib gedən deyil...

Qadın qorxu içində yalvardı, qərib olduqlarını, təkcə kəndlərində deyil, dünyada bircə oğlundan, ərindən, yanındakı qardaşından başqa bir kimsəsi olmadığını ağlamsınaraq söylədi. Günorta vaxtı qarağaca söykənib mürgüləyəndə, qoca yuxuda ona çatdırılan xəbəri “ötən yüzilliyin əvvəllərində ərinin babası həmin tüfənglə Urmiyada silahsız səkkiz türk kişisini öldürdüyünü, bir boylu qadının qarnını o tüfəngin süngüsüylə cırdığını” deyəndə qadın, bu vaxtacan qardaşının da bilmədiyi, ancaq əriylə öz aralarında olan bu sirri qocanın hardan, kimdən, haçan xəbər tutmasına donub qaldı. Bayaqdan istidənmi, həyəcandanmı qadının dayanmadan yaylığıyla üzünün, alnının, boyun - boğazının tərini sildiyini görən qoca cəld çevrilərək, örtüksüz, boyasız balaca masaya yaxınlaşıb üstündən şirəli parçı götürdü, evin sol küncünə yaxınlaşıb yerlə bərabər dairəvi taxtanı qaldıraraq suvaqsız divara dayadı, qurşağınacan aşağı əyilib quyudan çıxartdığı iri saxsı kuzəni pəncəsinə söykəyib əydi, parçı yaxalayıb suyunu torpaq fərşə atdı. Qurtultuyla parça tökülən suyun səsini eşidəndə qadının dili açıldı, ucadan - Əmican, qurban olaram sənə! Ərim də, qardaşım da, mənim özüm də nökərin olarıq, qurtar bizi bu bəladan. Nə istəsən verərik... Bircə onu tutub öldürsəydin...

- Öldürsəydm?..- deyib qoca narazılıqla başını bulasa da, ağzınacan suyla dolu parçı gətirib ona sarı uzatdı, qadın sevincək ikicə qurtum içib –Uxaaay, necə sərin, necə dadlıdı – deyib parçı qardaşına verdi. Onları suya qonaq eləməsini qocanın yumşalıb yola gəlməsi kimi anlayan qadın qardaşına gizlincə göz vuraraq - Minib gəldiyimiz ceyran yerişli atımızı da sənə peşkəş edərik. Sabah qardaşım gəlib evinə ışıq da çəkər- dedi. Qoca əvvəlcə gülümsündü, sonra ciddiləşərək – Bacarsaydım gəlib heçnəsiz tutardım. Sizinki başqa işdi... Mənə, ayağını ora qoyma, deyiblər. Eşitməsəm, məni də gəbərdər...

Bu xəbər ildırım sürətiylə təkcə öz kəndlərinə deyil, rayona, rayonun bütün kəndlərinə yayıldı...

On günüydü Yorigilin qapıları bağlıydı. Evini satmaq istədiyini eşidən kəndçiləri onun qarasınca deyinirdilər:

- Dağda, meşədə ana-bala heyvan qalmamışdı ovlamasın...

- Mələr qalmış ceyran balasının ahı tutdu onu...

- Kəndə qada- bəla gətirib özü aradan çıxdı...

- Gürzənin dərisindən arvadına toqqa düzəltmək istiyirmiş...

- Tamahının güdazına gəldi...

Yori arvadıyla rayon mərkəzində qohumugilin evində onlara ayrılmış bir otaqda qalır, gecələr bir çarpayıda yatırdılar. Bu günlər ərzində o, bir dəfə də olsun gənc, gözəl arvadının işvə-nazına cavab verə bilmədi. Yuxuda sayaqladı, yerində çabaladı, gecə yuxunun şirin vaxtı dəfələrlə qan-tər içində bağıraraq qonşu otaqda ev sahiblərini oyatdı. İlanlarla bağlı başına gələnləri və başqalarından eşitdiyi ağlasığmaz qorxulu əhvalatları dönə-dönə arvadına danışdı. Hər səhər tezdən yuxudan ayılıb yatağından yerə düşmək istəyəndə əyilib çarpayının altına baxdı, paltarlarını, papağını ehtiyatla bir-bir yoxlayandan sonra geyindi, axşamlar yatağına girəndə balıncını, yorğan-döşəyi qaldırıb altını gözdən keçirdi, baxçanın o başında olan tualetə gedərkən atdığı hər addımın altına diqqətlə baxdı, tualetdən çıxana qədər qorxu içində tualetin deşiyinə, bacasına baxa-baxa qaldı.

Onuncu gecə yuxuda özünü qıvrılaraq başlarını dik tutmuş, buz kimi soyuq gözlərini ona zilləmiş cürbəcür ilanların əhatəsində gördü. Qarşısında məğrur dayanmış ilansa qoşa qələmədən aşağıda ona qəzəblə baxan həmin gürzəydi. Yastı başıyla bədəninin birləşən yerindəki üç qara qalın qıla Yorinin gözü sataşanda qorxusunun üstünə qorxu gəldi. Gürzə mitinqdə çıxış edən orator kimi başını gah sağa, gah sola döndərib hər an sıçrayışa hazır vəziyyətdə dayanmış həmcinslərinə - Havalansa da, kişiliyini itirsə də, bu adamın yaşamağa haqqı yoxdu... - deyəndə bayaqdan quruyub qalmış ilanlar hərəkətə gəlib ağızlarını açdılar, qarmağa bənzər ağ, əyri dişlərin hər birindən bir damcı işım-işım işıldayan yamyaşıl zəhərin böyüyüb-böyüyüb üzülərək yerə düşdüyünü Yori gözünün qırağıyla görəndə bədəni ürpəşdi. Gürzə yenə sağına, soluna baxıb sözünə davam elədi – Gölməçəni lillədib Günəşi parçalamaq istiyəndə, əlindəki çubuqla məsum, yamyaşıl, tər yarpızları şiləyib şil-küt edəndə bunnan zəhləm getdi. Vur-tut üçcə gün ömürləri olan al-əlvan kəpənək topası yaşıl çəmənin üstündə sevinc, şadyanlıqla bayram etdikləri yerdə onları daşa basıb öldürəndə bunu çalıb gəbərtmək istədim. Rəng verib rəng alan o gözəlliyi gözünmü götürmədi? Onlar suyuna, havana, yeməyinəmi şərik çıxmışdı, ay XAİN! (xain sözünü xüsusi vurğuyla dedi) ay yaramaz?!. Səni çörək yeyəndə, yatdığın yerdə vurmaq istiyirdim, sevgilim qoymadı, ancaq sən, ay namərd, ən xoşbəxt anlarımızda bizə atəş açdın, həmin annan səni qarabaqara izləsəm də, bütün günü onun əzab içində qıvrılıb, qovrulduğunu, ulduzlar çıxanda canını tapşırıb rahat olduğunu canımda duyurdum. - acıqlı-acıqlı dedi gürzə, başını yenə sağa, sola döndərdi - Bunu çalsaq, bircə anın içində gəbərəcək. Qabaqca oğlunu gəbərtməliyik, sonra arvadını. Qorxusu, əzabı uzun olmalıdı. Zəhərinizi korlamayın, bunu elə o otluqda bir baxışımla zəhərləmişəm... İndi sancmadan, hamınız onun çılpaq ayaqlarının üstünnən sürünüb keçin...

Sel-su götürmüş Yorinin bədəni yenicə kəsilmiş heyvan cəmdəyi kimi tir-tir əsirdi. Dərisinin yarısı soyulmuş qoca, qartımış ilan qabığından tam çıxmaq üçün Yorinin qıçına sarmaşanda onun bağırtısına arvadı da, qonşu otaqlardakı arvad-uşaqlar da diksinib ayıldı. Arvadı qalxıb işığı yandıranda ərinin bərəlmiş gözlərini, uçuxlayıb tuluğa dönmüş dodaqlarını gördü. Yori hannan-hana özünə gəldi, dodaqlarının ağrımasına məhəl qoymadan asta-asta yuxusunu danışdı. Canını, ruhunu bürümüş qara qorxunu, vahiməni arvadına da ötürdü, onu inandıra bildi ki, innən belə qayıdıb kənddə yaşasaq, o gürzə mütləq əziz balamızı da, səni də məni də vuracaq. İndiyəcən mənim gülləm bir dəfə də boşa çıxmamışdı. Ancaq o kafir üç dəfə gülləmnən yayındı. Yerevana da getsək gəlib tapacaq. Bunu yuxuda mənə anlatdılar... Gürzənin anlatdığı “bu yerlər, bu gözəllıklər sənə haramdı, sən yaz, yaşıllıq olmayan yerdə gəbərməlisən” son cümləni Yori arvadına demədi.

Arvadı tərəddüd edəndə Yori oyur-oyur oynayan bərəlmiş dəlisoy gözlərini arvadının gözünə tuşlayaraq - Sənin üçün evin əzizdir, yoxsa oğlun? – soruşanda arvadı – Yüz elənçi evi oğlumun bir telinə dəyişmərəm. Yori gözünü arvadının gözündən çəkmədən – Bəs məni necə? - deyəndə arvadı fikirləşmədən – Elə səni də - cavab verdi.

...On iliydi Yorinin qapısı bağlıydı. Evlərinin qabağındakı bağın meynələri illərdən bəri budanmadığından bir-birinə sarmaşıb dolaşdığından keçilməz cəngəlliyə çevrilmişdi. Evlərinin dörd yanına söykəli üzüm çardaqları uçub tökülmüş, tənəklərin bir hissəsi yerə döşənmiş, bir hissəsisə torpaq damın üstünə yayılaraq kök atmış, şaxələnərək hər tərəfi bürümüşdü. Yuxarı məhəllələrdən baxanda yaz, yay ayları cəngəlliyə oxşayan bağın qırağında tənəklərin ağuşuna aldığı ikigözlü ev yamyaşıl nəhəng qayaya, payızın dumanlı, çiskinli günlərində yarpaqsız, hörümcək toruna oxşayan çılpaq meynə budaqlarının qoynunda balıqçı toruna düşmüş azman dəniz heyvanına bənzəyirdi.

Qapıya qədər ayaq açmış, adam boyu ot-ələf kəlinmədiyindən, həyət-bacaya insan ayağı, nəfəsi dəymədiyindən, onların yurd yeri yabanı meşəni, xaraba cəzirəliyi xatırladırdı. Yorigilin harada olduqlarını dəqiq bilən də yox idi. Kimisi Leninqrada, kimisi ilin bütün fəsli qarın ərimədiyi yerə, kimisi də Kaliforniyaya köçüb getdiklərini deyirdi.
XS
SM
MD
LG