Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:19

Sənubər İsgəndərli onun "Qayınana"sını tənqid edənlərlə razılaşmadı (DEBAT)


Rejissor Əbdül Mahmudbəyov: Bunlar şapalaqla üz qızardırlar!
Gözlə

No media source currently available

0:00 0:51:34 0:00
Direct-ə keçid

Rejissor Əbdül Mahmudbəyov: Bunlar şapalaqla üz qızardırlar!

Aygün Aslanlı:

- “Xəzər” televiziyasından gedən “Aramızda qalsın” serialının süjeti türk serialından götürülüb... Yaddır bizə o serial. “Qayınana” serialı da həmçinin...

Sənubər İsgəndərli (Qaynana rolunun ifaçısı):

- Hər seriya şedevr ola bilməz ki... Ən səviyyəli seriallar "Xəzər" televiziyasındadır...


“Pen klub” proqramında bu dəfə yerli seriallardan danışdıq. İctimai Televiziyanın “Çarçı” Film Yaradıcılıq Birliyinin direktoru Qərənfil Xəlilova, kinorejissor Əbdül Mahmudbəyov, kinoşünas Aygün Aslanlı və aktrisa Sənubər İsgəndərli ilə.

“O TELERADİO ŞURASIDIR NƏDİR, ONLARIN QADASIN ALARAM, ÜZÜKLƏRİNİN QAŞI DÜŞƏR Kİ...”

Şahnaz Bəylərqızı:

- Yerli serialların çəkilişi üçün şərait yaradılır. Dövlət televiziyalara 300 min manat pul verir. İşarə də vurulur ki, bu məbləğ gələcəkdə serialların keyfiyyətindən asılı olaraq artırıla bilər. Üstəlik xarici seriallar yerli teleməkandan yığışdırılır. Bu bəs edirmi ki, həmin seriallara baxılsın?

Qərənfil Xəlilova:

- Mən xarici serialların efirdən yığışdırılmasını və yerli serialların çəkilməsinə dövlət səviyyəsində önəm verilməsini çox yüksək qiymətləndirirəm. Bu, televiziya məkanı üçün çox böyük təkandır. Həmin məbləğ ayrılandan sonra İctimai Televiziyada “Döngələr” serialının 3 seriyası çəkilib. Serial tam çəkiləndən sonra tamaşaçılara təqdim edəcəyik. “Qarabağnamə” adlı çox nəhəng layihəmiz var. Və biz bu mərhələdə türk həmkarlarımızla “Qaranlıqlar çiçəyi” adlı serialı ortaya qoyduq. Çox uğurlu işdir, məncə. Biz həm öz imkanlarımızı bir daha nəzərdən keçirtdik. Həm də işbirliyinin nəticəsini əyani gördük. Bizim görüb-götürməli çox məsələlərimiz var. Bizdə bir fasilə yaranıb, sovet dövrüylə indiki dövr arasında. Biz Azərbaycanda az-çox ssenarist tapa bilirik, amma yaxşı rejissor tapmaq inanın ki, çox çətindir.

Ş.B:

- Rejissor - Əbdül Mahmudbəyov. Dəfələrlə təklif edib ki, mən serial çəkərəm. Özü də ideyalar verib. Biri Daxili İşlər Nazirliyinin sabiq idarə rəisi Hacı Məmmədovun cinayətləriylə bağldır.

Əbdül Mahmudbəyov:

- Televiziya məkanı üçün çox maraqlı mövzudur. Dinamika baxımından, kütləvi maraq baxımından teleseriallar üçün mövzular çox dəqiq seçilməlidir. Möhtərəm prezidentimiz də çox sağ olsun
Əbdül Mahmudbəyov və Qərənfil Xəlilova
Əbdül Mahmudbəyov və Qərənfil Xəlilova
ki, sərəncamda kinoserial deyib, televiziya tamaşası deməyib. Qərənfil xanım peşəkarlıqdan danışdı. Bəli, çörəyi çörəkçiyə vermək lazımdır. Kino yüksək səviyyəli peşəkar tərəfindən çəkilməlidir. Həm ssenari baxımdan, həm rejissor işi baxımdan, həm aktyor işi baxımdan, həm texnologiya baxımdan. Texnologiya olmadan kino çəkmək olmaz.

Q.X:

- Texnologiya, professionallar, üstəgəl pul.

Ə.M:

- Ən yaralı yer puldur. Bir halda ki, prezident sərəncam verib, bax o Teleradio Şurasıdır nədir, onların qadasın alaram, üzüklərinin qaşı düşər, bu seriallarla, onun kino versiyası ilə bağlı məsləhət şurası yaratsalar?

Aygün Aslanlı:

- Əbdül müəllim, əvvəl çəksinlər, sonra məsləhət alsınlar.

Ə.M:

- Pulu pay-püş eləməklə deyil axı. Kinoda hər şey smetadır: dekorasiya, geyim... Yoxsa, “Ala, istirahət pulu verirlər, cibinə qoy xərclə...” Belə şey ola bilməz.

“BUNLAR ŞAPALAQLA ÜZ QIZARDIRLAR”

Ş.B:

- Əbdül bəy, yeni serialların keyfiyyəti haqda nə deyərdiz?

Ə.M:

- Səviyyəsiz xarici serialları, öz zəif filmlərimizi də onlara qoşub göstərməyin nə mənası var? O uşaqlara orta Avropa kinosuna lazım olan səviyyədə pul ayrılsa, mən onlara qiymət verərdim. Bunlar indi ayağı yalın, başı açıq şapalaqla üz qızardırlar.

A.A:

- Əbül müəllim, seriala o qədər pul ayırmaq mümkün deyil. Onun maksimum 5 seriyasına pul ayırmaq olar. Çünki serial uzundur, davamlıdır, pulu özü qazanmalıdır. 5 seriyanın pulu ayrılır.
Aygün Aslanlı və proqramın aparıcısı Şahnaz Bəylərqızı
Aygün Aslanlı və proqramın aparıcısı Şahnaz Bəylərqızı
Tamaşaçı onu bəyənirsə, reklam gətirirsə, serial çəkilir. Yəni serial pulunu özü qazanmalıdır. Dövlət onun 50 və ya 200 seriyasına pul ayıra bilməz.

Ə.M:

- Bizdə pul qazanmaq mexanizmi formalaşmayıb axı.

A.A:

- Formalaşdırmaq lazımdır.

Ə.M:

- Formalaşdırmaq üçün bismillah edib işə başlamaq lazımdır.

“ONA GÖRƏ DƏ O SERİALLARIN NƏ BAŞI OLUR, NƏ AYAĞI”

Q.X:

- Mən “Qaranlıqlar çiçəyi”ni misal gətirmək istəyirdim. Azərbaycanda çəkilib, Azərbaycan və Türkiyə aktyorlarının iştirakı ilə. Onun rejissoru Mehmet Ulukandır, operatoru “Kurtlar Vadisi”ndən Bülent Özeldir. Amma Günəş Mehdizadə Azərbaycan aktrisasıdır, Abbas Qəhrəmanov, Rasim Balayev Azərbaycan aktyorlarıdır. Doğrumu?

Ə.M:

- Azərbaycanda heç vaxt aktyor problemi olmayıb. Teatrda da, kinoda da. Rejissor problemi olub.

Q.X:

- Nə demək istəyirəm, deməli, biz bir yerdə nəsə yarada bilərik.

Ş.B:

- Həmin serialın ssenari müəllifi, rejissoru, hətta bəstəkarı da Türkiyədəndir. Azərbaycanla Türkiyə fərqli cəmiyyətlərdir. Mən verilişə hazırlaşanda həmin serialın 1-2 seriyasına baxdım. Müəllifin bu cəmiyyətə yad olduğu hiss olunur. Tanımırlar bu cəmiyyəti.

A.A:

- Tamaşaçı özünü görmək istəyir, öz qəhrəmanını görmək istəyir serialda. Amma serial texnikasını öyrənmək üçün xaricdən rejissor da, ssenarist də dəvət etməyə ehtiyac var. Serial ssenarisi kinossenari deyil. Serial ssenarisi hər gün yazılır. Tamaşaçının istəyindən, rəğbətindən asılıdır, serial birbaşa tamaşaçıya hesablanıb. Kinoya sənət demək olar. Məsələn, Nuri Bilge Ceylan film çəkir, Kannda mükafat alır, amma tamaşaçı ona baxmır, bəyənmir. Serial isə sırf tamaşaçıya hesablanıb. Serial
ssenarisinin texnikası da fərqlidir. O, gündəlik yazılır. Ona görə hələlik xaricdən mütəxəssis gətirməyə ehtiyac var.

Ə.M:

- Qızım deyir ki, serial gündəlik yazılır. Ona görə də o serialların nə başı bəlli olur, nə ayağı.

“TÜRK SERİALLARINDA CƏMİYYƏTDƏ BAŞ VERƏNLƏRƏ ANINDA REAKSİYA VERİLİR”

Ş.B:

- Dinləyici yazır: “Məni yerli seriallarımız qane etmir. Niyə türk filmlərini tərcümə edib efirə verirlər? Bizim də gücümüz, imkanımız çatır ki, öz filmlərimizi çəkək. Məncə, savadlı aktyorlarımız var və bunların bacarıqlarını üzə çıxarmaq lazımdır. Artıq türk filmlərinə baxmaqdan zara gəlmişik”.

A.A:

- Bu proses birdən-birə başlamır. Türkiyə serialları vaxtilə adi video ilə çəkilirdi. İndisə ən müasir texnika ilə, dublsuz çəkilir. Canlı səslə çəkilir. Cəmiyyətdə baş verənlərə anında reaksiya verilir. Türkiyədə karikaturaçılara təzyiq başladı və serial dərhal ona reaksiya verdi.

Ş.B:

- Və ya benzinin qiyməti qalxır, ona reaksiya verilir.

A.A:

- Amma bizdə bu səviyyəyə çatmayıblar. Buna kimi Türkiyədə bilirsiz nə qədər yol keçiblər. İlk sual bu oldu ki, Azərbaycanda ayrılan vəsait bəs edirmi? Bəs eləmir. Amma ilk addımdır. Serial təkcə puldan və ya texnikadan asılı deyil. Tamaşaçılar var, efir vaxtı var. Məsələn, “Fatmagülün suçu nə” və ya “Space”in efirindəki ən axmaq serialla eyni vaxtda gedəcək seriala heç kim baxmayacaq. Çünki bunun artıq tamaşaçısı var. “Spase”dən gedən serial biabırçıdır, amma azərbaycanlı tamaşaçının beynində hind kinosu estetikası var. Ona görə də ona baxacaqlar, sizin “Qaranlıqlar çiçəyi”nə baxmayacaqlar.

Q.X:

- Bilmirəm, hansı serialı deyirsiz. Amma “Qaranlıqlar çiçəyi”nin reytinqi çox yüksəkdir.

“TÜRK SERİALLARININ TƏRCÜMƏ OLUNMASINDA SİYASİ ƏLLAMƏÇİLİK VAR”

Ə.M:


- Türk serialları niyə tərcümə olunur, mən bilmirəm. Yəqin ki, burda siyasi əllaməçilik var.

Q.X:

- Milli maraq var. Azərbaycan dili ayrıdır, türk dili ayrıdır.

Ə.M:

- Bunu mütəxəssislər müəyyən etməlidir. Tamaşaçını formalaşdırmaq lazımdır, onunla işləmək lazımdır. Səhərdən axşama kimi o cür zəif serialları verirlər. Reytinq qaldıranlar da səhərdən axşama kimi çayxanada nərd atıb, siqaret çəkənlərdir. Tamaşaçını müasir, milli mənəvi dəyərlərlə formalaşdırmaq lazımdır.

Q.X:

- Bizim telebazarda nəyə üstünlük verirlər, şit-şit güldürməyə. Axmaq hərəkət elə, tamaşaçı baxdı vəssalam, amma məsələ bununla bitmir. Tamaşaçını arxanca aparmalısan. İdeologiyaya, mentalitetə xidmət etməlisən. Bəşəri dəyərlər var ki, heç vaxt köhnəlmir. Deyirlər ki, nə qədər insanın çörəyə ehtiyacı var, onun Mopassana da ehtiyacı olacaq.

“ARAMIZDA QALSIN”, “QAYNANA” SERİALLARI BİZƏ YADDIR”

A.A:

- Azərbaycan ədəbiyyatında gözəl əsərlər var. Mirzə İbrahimovun, İlyas Əfəndiyevin, Salam Qədirzadənin... Hamısı hazır serial əsərləridir. “Xəzər” televiziyasından gedən “Aramızda qalsın” serialının süjeti türk serialından götürülüb. Onu təqlid etməkdənsə, bu yaxşı olardı. Yaddır bizə o serial. “Qayınana” serialı da həmçinin.

Ş.B:

- Biz “Xəzər” TV-yə də müzakirədə iştirak üçün müraciət etdik. Amma götür-qoydan sonra gəlməkdən imtina etdilər. “Qayınana” serialında baş rolu oynayan Sənubər İsgəndərlisə çəkilişdə olduğu üçün gələ bilmədi. Amma qısa müsahibə götürmüşük. Onu təqdim edək.

SƏNUBƏR İSGƏNDƏRLİ: “SERİALDA ÇƏKİLMƏYİ ÖZÜMƏ ƏSKİKLİK BİLMİRƏM”

- Serialların səviyyəsindən razısızmı? Ssenari, rejissor işi sizi qane edirmi?

- Bu iş yeni qurulub. Nəticəni görmək üçün hələ tezdir. Ssenaristlər də yetişir, rejissor da. Mən Azərbaycanın ən parlaq rejissorları ilə işləmişəm. Onlardan sonra gənc rejissorun fikrini qəbul etmək asan deyil. Ancaq onlar da yetişməlidir. Birdən-birə Fellini yetişmir ki... Təbii ki, zəif seriyamız da olub, ssenaridə boşluq da olub. Hər seriya şedevr ola bilməz ki.

- Qayınana obrazı necə, sizi qane edirmi?

- Müasir qayınanadır, tamam başqadır. Bizdə qayınana deyəndə - Allah qəni-qəni rəhmət eləsin - Nəsibə xanım gəlir göz önünə. O qayınana obrazının abidəsini qoyub. O əlçatmazdır. Ona çan atmaq düz deyil. Bizdə isə fərqlidir. Təbii ki, mən öz obrazımdan razıyam.

- Belə fikir də var ki, bu obraz Türkiyə seriallarından gəlib.

- Xeyr, razı deyiləm. Türkiyə dövləti bizə qardaşdır. Təbii ki, oxşarlıqlar olacaq. Niyə paralel aparırlar ki, kimsə ordan nəsə götürüb? Türkiyə səviyyəsində seriallar üçün vaxt lazımdır.
Bundan başqa, bizim gəncləri də xaricə oxumağa göndərmək lazımdır.

- Bu seriallara çəkilməyi itirilmiş vaxt sayırsızmı? Özünüzə rəva bilirsizmi orda çəkilməyi?.. Çünki bu serialları çox zəif sayırlar.

- Mən bilmirəm kim aşağı səviyyədə qiymətləndirir o serialları. Nəsə... Hirslənirəm. Ola bilsin kimisə dəvət ediblər, alınmayıb. Hər halda, “Xəzər” televiziyasının çəkdiyi seriallar ən səviyyəli hesab oluna bilər Azərbaycan məkanında. Bunun bəhrəsi sonra olacaq. Buna illər və səbr lazımdır. Amma burda çəkilməyi əskiklik bilmirəm. Aktrisayam, hər işdən yapışa bilərəm.

“BUNA MÜQƏSSİRDİR, ŞÜBHƏSİZ, ZAMAN”

Ş.B:

- Bu Sənubər İsgəndərlinin müsahibəsi idi. Siz nə düşündüz?

Ə.M:

- “Buna müqəssirdir, şübhəsiz, zaman”. Sənubər xanımı çox istəyirəm və bu söhbətin üstündən keçirik.

Ş.B:

- Dinləyici yazır ki, bu gün çəkilən seriallar biabırçı vəziyyətdədəir. “Xəzər”TV-də göstərilən seriallar boş söz yığnağıdır. O ki qaldı, “Qaranlıqlar çiçəyi”nə. Aktyor seçimi düz deyil. Baş rol ifaçısı süni oynayır.

Q.X:

- Yəqin ki, dinləyici Nəsimi Rzayevi nəzərdə tutur. O serialda Nəsimi işin 4 faizidir, amma siz niyə ümumi işi götürmürsüz? Düzdür, ilk seçimdə 4 faizlik yanlış da mümkündür.

“NƏ QƏDƏR Kİ, MÖVZULARDA QADAĞALAR VAR”

Ş.B:

- Sevda Sultanova Türkiyədən yazır: “Azərbaycanda nə qədər ki, azad rəqabət yoxdur, telekanallar monopoliyadadır, Milli Teleradio Şurası mövzularda qadağalar qoymağa meyllidir və nə qədər ki, kino sənayesində arxaik təfəkkürlü məmurlar var, serial sənayesinin inkişafına şübhəylə yanaşıram. Serial art-
Sevda Sultanova
Sevda Sultanova
house kinosu deyil ki, rejissor boğazından kəsib az büdcəylə çəksin. Serial böyük büdcə tələb edir”.

Ə.M:

- Ona qalmış rejissor kimi haqqı daha çox pozulan mənəm. Əlimdə 4 seriya təsdiqlənmiş ssenari durur, amma 20 ildir mənə film vermirlər.

“SİYASİ MÖVZUDA SERİALLAR ÇƏKMƏK HƏLƏ TEZDİR”

Ş.B:

- Mövzularda qadağa varmı, Qərənfil xanım?

Q.X:

- Bizim televiziyada qadağa yoxdur. Yaxşı mövzudursa, niyə qadağa qoysunlar.

Ş.B:

- Məsələn, siyasi mövzulu serial çəkə bilərsizmi?

Q.X:

- Məncə, siyasi mövzuda serial çəkmək hələ tezdir. Bir az sonra çəkmək olar. Zaman keçdikcə, hər şey saf-çürük olur.

“O AZADLIQLARI VERƏCƏKLƏRSƏ, ÇƏKƏK”

Ə.M:

- Ən gözəl siyasi seriallar İtaliyada çəkilib. Əgər biz o səviyyədə çəkə biləcəyiksə, o azadlıqları, icazəni bizə verəcəklərsə, biz edək. Mən niyə həmişə deyirdim ki, Hacı Məmmədovla bağlı gözləyək. Buna həm hüquqi, həm siyasi qiymət verilməlidir. Amma proses hələ bitməyib. Hələ davam edir. Ona hökm oxunsa da arxadakılar var. Bir də, belə serialların çəkilməsi dövlətin də marağında olmalıdır.

“ŞAH İSMAYIL HAQDA SERİAL HƏLƏ PLANLAŞDIRMAMIŞIQ”

Ş.B:

- Əbdül bəy, 1990-cı illərdə Şah İsmayıl haqda film çəkmək istədiyinizi deyirdiz. Bu ideya baş tutmadı. Bu gün Türkiyədən “Möhtəşəm yüz il” serialı gedir. Baxmayaraq ki, bu serialda Azərbaycanla, Şah İsmayılla bağlı qərəzli fikirlər səsləndi, amma Azərbaycanda ona baxanlar çoxdur. Niyə Şah İsmayıl haqda serial çəkilməsin?

- Onu deməyin. Mən ürək ağrısı ilə... Allah qəni-qəni rəhmət eləsin Heydər Əliyevə. Bizə smeta ayrılmışdı. 1 milyon 200 min
pul ayrılmışdı, aktyorları seçməyə başlamışdım hətta. Amma mənə bəlli olmayan səbəbdən film dayandırıldı. Bu gün Şah İsmayıldan mütləq söhbət getməlidir. Çünki Azərbaycanın ana dilli dövlət tarixidir.

Ş.B:

- Qərənfil xanım, bu mövzuya müraciət edəcəksizmi?

Q.X:

- Hələ planlaşdırmamışıq.

A.A:

- Dönəm serialı həmişə maraqlıdır. Mən istəməzdim indi çəkilsin. Dönəm serialı detallar, paltarlar, inandırıcı olmaq deməkdir, hələ hazır deyilik.

Ə.M:

- Rüstəm İbrahimbəyovun ssenarisi əsasında qazaxların çəkdiyi “Köçəri”yə baxdız?.. Niyə Şah İsmayıl haqda film çəkilməsin? 500 illik dövlət tarixidir. Bir gülləyə 3-4 dovşan vura bilərik.


Prodüsserlər: Maarif Çingizoğlu və Cavid Zeynallı

PROQRAMI TAM ŞƏKİLDƏ BURDA DİNLƏ. VERİLİŞİN VİDEOYAZISINA TAM ŞƏKİLDƏ YUXARIDA BAXA BİLƏRSİNİZ.
XS
SM
MD
LG