Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 15:25

Fərman Kərimzadənin beyninə nədən qan sızdı?


Cavid Zeynallı yazıçı Fərman Kərimzadənin qızı Yeganə xanım (solda) və həyat yoldaşı Xalidə xanımla
Cavid Zeynallı yazıçı Fərman Kərimzadənin qızı Yeganə xanım (solda) və həyat yoldaşı Xalidə xanımla

Görkəmli yazıçının ömür-gün yoldaşı Xalidə Kərimzadə: "Ay bala, çox çətindir vallah. O illərdən danışsam gərək oturub hönkür-hönkür ağlayam".

.
Cavidlə xatırlamaq


(Yazıçı Fərman Kərimzadənin evindən reportaj)


Fərman o vaxt Azadlıq Radiosuna müsahibə vermişdi. Mirzə Xəzərlə söhbətindən sonra milis, prokurorluq başladı bizi incitməyə...

Ömür boyu heç başı da ağrımayıb. Sağlam adam idi. Amma Tərtərdə beyninə qan sızmışdı...

Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl almışdı...

Bir də görürdün, bir uşaq qapını döyür ki, tələbəyəm, atam deyib, pulun qurtarsa get Fərman müəllimdən al!..



Cavid Zeynallı


ŞAD XƏBƏRİ ÇATDIRMAĞA GETDİ, ÖZÜ BİR GÜN SONRA TABUTDA QAYITDI...


Şaxtalı fevral günü Yeni Yasamalda görüşürük Yeganə xanımla. Fərman Kərimzadənin ilkidir.

Deyir, məndən əvvəl iki qız itirib atamla anam. Ayağım yüngül olub, sonra iki bacı bir qardaşım doğuldu – Sevinc, Aybəniz, Əziz.

Evə girər-girməz bəstəboy, ağbəniz oğlanı nişan verib, “Qardaşım Əzizin oğludur, balaca Fərman Kərimzadə. Əziz qızına da anamın adını qoyub - Xalidə” deyir.

Qonşu otağın qapısında Xalidə xanım görünür – Fərman Kərimzadənin ömür-gün yoldaşı. Yuxarı başda Fərman Kərimzadənin böyük fotoşəkili asılıb.


Fərman Kərimzadə və Əziz Nesin
Fərman Kərimzadə və Əziz Nesin
Xudmani, səliqəli otaqda yerimizi rahatlayıb diktafonu düyməsini sıxıram.

Qışdan, soyuqdan-şaxtadan gileylənir. Deyir, Fərmandan sonra ürəyim sözümə baxmır, məni yaman incidir.


- Kinostudiya işçiləri üçün tikilmiş binada yaşayırdıq. Pəncərədən baxırdım ki, hamı dayanıb söhbət edir, deyib-gülürlər. Fərmanın yeri görünür. Dözə bilmədim.

Qızlar köçmüşdü. Bir oğlum idi, bir də mən. Əzizə dedim, evi sat, gedək burdan. Hara olur olsun, bircə burda qalmayaq, tab gətirmirəm. 23 il olacaq Fərman yoxdur, hələ də inana bilmirəm.

Fərman 37-ci ildə Vedidə doğulub. On iki yaşında Beyləqana köçüblər. Orta məktəbi rayonda oxuyandan sonra Bakıya gəlib və universitetə sənəd verib. Əvvəlcə qəbul etməyiblər.

Sonra uşaq çatışmayıb deyə məcbur olublar qəbul etsinlər. Amma Fərmana xəbər göndərə bilməyiblər. İkinci il Əzim Əzimzadə adına rəssamlıq texnikumuna qəbul olunub. O vaxt mən də tibb texnikumunda oxuyurdum. Belə şeyləri danışmaq çətindir mənim üçün.

- “Xalidə xanım, bəlkə tanışlığınızdan, toyunuzdan danışaq?” – deyib, israr etməyimdən dərhal peşman oluram. Eynəyini çıxarıb kirpiklərinin nəmini silir.

- Ay bala, çox çətindir vallah. O illərdən danışsam gərək oturub hönkür-hönkür ağlayam.

Dərindən köks ötürməsinin ardınca araya uzun bir süküt çökür. Bilmirəm, söhbətin yönünü necə dəyişim, nədən başlayım. Deyəsən, pərt olduğumdan duyuq düşür. Amma hiss edirəm, özü də danışmağa meyl göstərir:

- Bizim tibb məktəbində Fərmanın kəndçiləri oxuyurdu. Tez-tez gəlirdi onları görməyə. Qızlar bizi küçədə tanış etdilər.

Görürdüm, hər gün məktəbin qabağında dayanır, mənə baxır. Rəfiqəm vardı, Gülçöhrə. Elə bilirdim, onu istəyir.

Deyəsən, Gülçöhrənin də Fərmandan xoşu gəlirdi. Bir dəfə Fərman mənə məktub verdi. Elə bildim, Gülçöhrəyə yazıb. Sevinə-sevinə apardım ki, Fərman sənə məktub göndərib, özü də qapıda gözləyir.

Gülçöhrə qaçdı küçəyə ki, yoxdur, gedib. Oxuyanda bildik ki, məktub mənə yazılıb. Gülçöhrə ilə sonralar get-gəlişimiz oldu. İndi oğlu ilə Əhmədlidə yaşayır. Nə isə, Fərman iki-üç dəfə elçi göndərdi, bizimkilər razılıq vermirdilər.

Fərman Kərimzadə ailə üzvləri ilə birlikdə
Fərman Kərimzadə ailə üzvləri ilə birlikdə
Biz Qazıməmməddən, onlar Beyləqandan idilər. Atam-anam deyirdi, uzaqdır.

Nə isə, Fərman qardaşı, əmisi oğlanlarını yığıb məni qaçırdı İmişliyə.

O vaxt İmişlinin prokuroru qohumları idi, onların evində qaldıq.

Fərmanın atası demişdi, qızı oxuya-oxuya niyə qaçırıbsan, şikayət edib, səni tutduracaqlar.

Amma sonra qayınatam özü gəlib bizi evlərinə apardı. Fərmanın 21, mənim 19 yaşım vardı. Toydan sonra qayıtdıq şəhərə - tələbəliyimizi davam etdirməyə.

Nənəm bir dəfə dedi, hanı sənin qırın-qızılın, Fərman almayıb? Mən də dedim, Fərmanın barmaqları mənim üçün qızıldır. Çətinliklə dolanırdıq. Fərmanın atası hər ay 50 rubl pul göndərirdi bizə.

Məktəbi bitirəndən sonra, mən qayıtdım Beyləqanda xəstəxanada işlədim. Atasına dedim, xahiş edirəm, siz Fərmana pul göndərməyin, daha mən işləyirəm, özüm kömək edəcəyəm.

Rəssamlıq məktəbini bitirən kimi Fərman da gəldi rayonda “Yüksəliş” qəzetində beş il işlədi. O vaxt yazmağını mən bilmirdim. Bir gün evə kefi kök gəldi, sevinirdi.

Gördüm, “Azərbaycan gəncləri” qəzetini oxumağa başladı, mənə də heç nə demir. “41 nömrəli ayaqqabı” adlı hekayəsi çıxmışdı, ondan sonra mən bildim ki, Fərman yazır. Həmin hekayə o vaxt çox məşhurlaşdı.

Mən bədii ədəbiyyatı çox oxuyurdum. Fərmanın yazıçı olduğunu biləndə, daha çox sevindim.

Vallah, şöhrət, pul, filmlər, kitablar... heç biri gözümdə deyildi. Tək istədiyim Fərmanın can sağlığı idi.


- Atamın Bakıya gəlməyinin səbəbkarı anam olub – Yeganə xanım söhbəti davam etdirir – Anam deyib Fərman, sən burda irəli gedə bilməyəcəksən. Rayon yeri, qayğılar, çətinliklər...

O vaxt mənim 3 yaşım olub, amma hər şey yadımdadır. Evimizdə hər şəraitimiz vardı. Atam evi satıb

Fərman Kərimzadə
Fərman Kərimzadə
Keşlədə dəmir yolunun kənarında balaca bir ev aldı. İndiyə qədər yadımdadır 60-cılar həmin evimizə tez-tez gəlirdilər. İsi Məlikzadə, Faiq Dərgahov, İsa İsmayılzadə, Səyavuş Sərxanlı, Sabir Məmmədzadə, Məmməd İsmayıl... Hamısı gəlib gedirdilər.


Xalidə Kərimzadə:

- Sonra “Qarlı aşırım” romanını yazdı. Bu əsər Fərmana çox böyük şöhrət gətirdi.

Fərmanın romanlarının qonorarı nəşriyyat sahiblərini milyonçu eləmişdi, bizim də güzəranımız yaxşılaşdı.

Təkcə “Xudafərin körpüsü”nə görə 32 min rubl almışdı.

Film çəkiləndən sonra 1973-cü ildə bizə kinostudiyanın binasından ev verdilər.

Getdik Moskvadan evə mebel, döşənəcək, uşaqlara pal-paltar aldıq.

Sonra özünə maşın aldı. Bir göy “Jiqulisi” vardı. Allah qəni-qəni rəhmət eləsin Adil İ​sgəndərova. Fərmana həmişə ata qayğısı göstərib. Film çox yaxşı qarşılandı. Bizə beş otaqlı ev verdilər.

Həmin vaxt Şahmar Ələkbərovun iki qızı vardı, bölgüdə erməni ilə eyni kommunal mənzilə düşmüşdü.

Fərman razı olmadı ki, Şahmar iki qızla erməninin yanında qalsın. Adil İsgəndərova dedi, mənim evim dörd otaqlı olsun, əvəzində Şahmara ayrıca ev verin.

Təzə bölgüdə Şahmar da üç otaqlı ev aldı.

Film çəkiləndə Fərman çox sevinirdi, hər yerdə qonaqlıq verirdi. Fərmanın atası Şıxəli oğlu İsmayıl İrəvan mahalında adlı-sanlı, hörmətli adam olub.

O qədər təmiz adam olub ki, qızı kənd kolxozunda partkom işləyirmiş, deyirdi, həyətə girməmiş ayaqqabını çıxar çırp, birdən onun içindən bir buğda həyətimizə gələr, haramlıq olmasın.

Fərmanı da o ruhda böyütmüşdülər. Vediyə görə ürəyini partlatdı. Gözü elə o torpaqlarda getdi. Bir bayatı da yazmışdı:

Vedinin yanı dağlar,

Ürəyi canı dağlar,

Burda bir el var idi,

Siz deyin, hanı dağlar?!


Biz evlənəndən sonra dəfələrlə getdik Vediyə. Həyətdə dayanıb atası ilə danışırdılar.​Kişi dözürdü, amma qaynanam elə hey ağlayırdı.

Nüsrət Kəsəmənli (solda), Hidayət Orucov (sağdan ikinci) və Fərman Kərimzadə
Nüsrət Kəsəmənli (solda), Hidayət Orucov (sağdan ikinci) və Fərman Kərimzadə
Onlar rəhmətə gedəndə mən Vedidən torpaq gətirib, təskinlik kimi qəbirlərinin üstünə tökdüm.

Atası Beyləqanda anası Bakıda rəhmətə getdi. Fərmanın bütün nəslinin taleyinə qəriblik yazılıbmış. Qardaşı Telman Mehdiabadda, bacısı Binəqədidə dəfn olundu.

Biri-birindən ayrı düşdülər.

Həmişə deyirdi, beynimdə 14 əsərin planını cızmışam. Nəsrəddin Tusi haqqında roman yazırdı, əlyazması da var. Fərman o vaxt Azadlıq Radiosuna müsahibə vermişdi.

Mirzə Xəzərlə söhbətindən sonra milis, prokurorluq başladı bizi incitməyə. O səs yazısını hələ də saxlamışam.

O vaxt Vedidən gələn məcburi köçkünlərin bir hissəsini Fərmanın köməkliyi ilə Tərtərdə yerləşdirmişdilər. Mirzə Xəzər demişdi, dünya müsəlmanları fond yaradıb həmin didərginlərə kömək edəcəklər.

Fərman da demişdi, onlara pul yox, Berlin tipli evlər göndərsəniz daha gözəl olar. Çünki pul burda kiminsə əlinə keçsə, didərginlərə verməyəcəkdilər.

Deyəsən, razılıq almışdı, evlər gələcəkdi. Getdi Tərtərə ki, didərginlərə şad xəbəri çatdırsın, təsəlli versin, özü bir gün sonra tabutda qayıtdı.

Ömür boyu heç başı da ağrımayıb. Sağlam adam idi. Tərtərdə beyninə qan sızmışdı. Özü heç vaxt pis şeylər haqqında fikirləşməzdi.

- Təzyiqlər çox olurdu?

- Çox, çox... Moskvadan müstəntiq gəldi. Həmin səs yazısına heç qulaq asmadılar.


- KQB atamı çox incitdi. – Yeganə xanım söhbəti davam etdirir - Cəbrayıl rayonunda Şəhriyar müəllim var idi. Ziyalı, atamı çox istəyən adam idi.

Onun oğlu Fuad müəllimi mən verilişə də çəkdim. Deyir, Fərman Kərimzadə bizdə olanda KQB-dən dəfələrlə gəldilər ki, atana de, yola salsın, evdə saxlamasın. Nə Şəhriyar müəllimin, nə də atamın gələn adamlardan xəbəri olmayıb.

Yeganə xanım və Xalidə xanım
Yeganə xanım və Xalidə xanım
O qədər get-gəl olub ki, axır Fuad atasına məsələnin nə yerdə olduğunu deməyə məcbur olub.

Şəhriyar müəllim deyib, əgər Fərman bu evdən çıxsa, mən də onunla gedəcəyəm.

Bir-birinə qoşulub Cəbrayıldan çıxmışdılar.

Xalidə Kərimzadə:

- Vedi ilə bağlı sizə bir şey danışım. O vaxt ermənilər Vedidə camaatı çox incidirdilər. Evlərində güllələyirmişlər.

Qadınlar Araz çayının kənarındakı qamışlıqda gizləniblər ki, ermənilər gələndə ələ keçməmək üçün özlərini çaya atsınlar.

Fərman deyir, biz gedəndə hamısı təşvişə düşmüşdülər. Elə bilirdilər, ermənilər gəlir.

Bir ailənin uşağı qalmışdı kənddə, Fərman Naxçıvandan əsgər götürüb uşağı tapıb gətirmişdi.

Abbasqulu bəyin qəbrinin üstünə qır tökmüşdülər. Fərman bunu eşidəndə uşaq kimi ağladı.

Şərurda Arpa çayının üstündə katibin qonaq evi vardı, oranı alıb Abbasqulu bəyin, onun yaxınlarının, kənddə ölənlərin xatirəsinə gözəl muzey elədi.

Mən də getmişdim. Əlindən gələni edirdi ki, təki ürəyi toxtaqlıq tapsın.

- Əsas iş yeri kinostudiya olub?

- Ümumiyyətlə, atamın işləməklə arası olmayıb. Ancaq yazmaq istəyirdi. Kinostudiyada uzun müddət işləyib.

Xalidə xanım nəvələri ilə
Xalidə xanım nəvələri ilə
Sonra Şüvəlanda yaradıcılıq evinin direktoru oldu. Həmin vaxt yaradıcılıq evi təzə tikilirdi.

Çox yorulurdu, yazmağa vaxtı qalmırdı. Vaqif Səmədoğlu anama demişdi, bu iş Fərman üçün tramplindir.

Anam da deyib, sən Allah, nə vəzifə, nə tramplin; qoy, yazısını yazsın. Sonuncu kitablarını heç özü görmədi.

“Təbriz namusu” və “Qoca qartalın ölümü” ölümündən sonra çap olundu.

Şahbaz Xuduoğlu “Qanun” nəşriyyatında atamın beş cildliyini nəşr edir.

Mən təklif edəndə dedi, Yeganə xanım, nə yaxşı dediniz, mənim də ürəyimdən keçirdi. Yəqin bu günlərdə işıq üzü görəcək.

- Xalidə xanım, deyirlər, ədəbiyyat adamlarından başqa katib, prokuror dostları da olub Fərman müəllimin. Məsələn, katibə zəng vurub bir kasıbın, əlsiz-ayaqsızın işini aşırırmış...

- Çox, çox... Fərmanın ətrafı həmişə böyük olub. Sabir Rüstəmxanlı ilə qardaş kimi idilər.

Mən də, ailəmiz də Sabirin xətrini həmişə çox istəmişik. Bizə tez-tez gəlib-gedirdilər.

Məmməd Aslan, Məmməd İsmayıl, Sabir Əhmədov, Rasim Balayev, Şeyx Əbdül... Əziz Nesinlə dost idilər. Hamısı bizə əziz adamlar olublar.

Mirvarid Dilbaziyə “ana” deyirdi. Kənddən bizə o qədər adamlar gəlirdilər.

Deyirdilər, uşağımız instituta imtahan verir, müəllimlər pul istəsələr, uşağın kəm-kəsiri olsa, bizə kömək elə.

Bizə uşaqlar gəlib kömək istəyirdilər. Fərman deyirdi, ay Xalidə, mən bu uşaqları tanımıram axı. Deyirdim, sənin adına gəliblər, kömək elə, elə bil balaların oxuyur.

Bir də görürdün, bir uşaq qapını döyür ki, tələbəyəm, atam deyib, pulun qurtarsa get
Fərman Kərimzadə Sirus Təbrizli və Abbas Abdullayla (sağda)
Fərman Kərimzadə Sirus Təbrizli və Abbas Abdullayla (sağda)
Fərman müəllimdən al!

Cibxərcliklərini gətirib özüm verirdim.

Qazaxın bir prokurorunun bizə qohumluğu çatırdı. Erməni itinə güllə atdığına görə vəzifədən çıxarmışdılar.

Fərman onun partbiletini Moskvadan geri qaytartdırdı.

Əziz universitetdə oxuyanda əynini həmişə yuxa geyirdi.

Deyirdim, ay bala, soyuq olar, əynini qalın elə.

Deyirdi ana, kənddən gələn o qədər tələbə yoldaşım var, pencəklə gəlirlər, mən necə qalın palto geyim?

- Deyirlər, yazıçı qadını olmaq çətindir. Dostlar, məclislər, səfərlər... Belə şeylər sizi incitmirdi?

- Yox, incimirdim. Əksinə şərait yaradırdım ki, gedib yazsın. Evimiz çox get-gəl olurdu, burda yazmaq çətin idi.

Bəzən bir ay yaradıcılıq evinə gedib roman yazırdı. Bəzilərinə məni də aparırdı.

Çox vaxt razı olmurdum ki, sən get, mən uşaqlarla qalım.

Sabir Rüstəmxanlı ilə, başqa dostları ilə bir yerə yığışıb elə hey danışırdılar ki, Kirovun heykəli niyə burdadır, Azərbaycanın nefti hara gedir...

Yağlı boyayla mənim bir şəklimi çəkmişdi. Xoşuma gəlmədi, küsdüm ki, bu mənə oxşamır, kimsə başqasının şəklini çəkibsən.

Leninin bir şəkli var idi evimizdə, onu pozub mənim şəklini çəkdi. Qayınatam dedi, sən bir buna bax, Leninin şəklini pozub, bunun şəklini çəkib....

Cavid Zeynallı

SOLDAN: F. Kərimzadənin qayınatası Feyzulla kişi, Xalidə xanım, F.Kərimzadənin anası Qəmər xanım, Atası Qorxmaz Şıxəli oğlu, Xalidə xanımın anası Bibixanım, Fərman Kərimzadə və digər qohumlar...Beyləqan, 1960-cı il
SOLDAN: F. Kərimzadənin qayınatası Feyzulla kişi, Xalidə xanım, F.Kərimzadənin anası Qəmər xanım, Atası Qorxmaz Şıxəli oğlu, Xalidə xanımın anası Bibixanım, Fərman Kərimzadə və digər qohumlar...Beyləqan, 1960-cı il
XS
SM
MD
LG