Keçid linkləri

2024, 31 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:30

DİN: Rafiq Tağının ölümündə həkimlərin günahı yoxdur


Rafiq Tağı
Rafiq Tağı
Fevralın 1-də baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov yazıçı-publisist Rafiq Tağıyevin (Rafiq Tağı) qətli ilə bağlı növbəti əməliyyat müşavirəsi keçiriblər. Onlar istintaq-əməliyyat qrupunun hesabatını dinləyiblər.

Bu barədə DİN-in yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, Rafiq Tağıyevin hərəkət marşrutunu qeydə alan 43 videokameranın görüntülərinin təhlili aparılıb. Müəyyən edilib ki, onlardan yalnız iki obyektə məxsus 4 videokamera işləməyib. Bu da obyekt sahibləri arasında münaqişəli vəziyyətdən yaranmış fasilə və texniki nasazlıqlar ilə əlaqədardır.

Məlumatda həmçinin bildirilir ki, cinayət işi üzrə zərərçəkmiş və şahid qismində 130-dan artıq şəxs dindirilib. 10-a yaxın kompleks ekspertiza təyin olunaraq rəylər əldə edilib.

Müşavirədə o da bildirilib ki, Rafiq Tağıyevi müalicə edən tibb işçilərinin məsuliyyətsizliyini təsdiqləyən faktlar aşkarlanmayıb: «Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, ölümün səbəbi zərərçəkənin bədəninə bıçaqla yetirilən xəsarətlər olmuşdur».

Cinayətin açılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Noyabrın 19-u saat 22.00 radələrində işdən evə qayıdan Rafiq Tağıyevə naməlum şəxs çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı noyabrın 23-də xəstəxanada vəfat edib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir, saxlanan yoxdur.
XS
SM
MD
LG