Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 07:19

Rafiq Tağının qətli ilə bağlı təhqiqatın nəticəsi açıqlandı


Eynulla Fətullayev və Mehman Əliyev
Eynulla Fətullayev və Mehman Əliyev
Rafiq Tağının qətli ilə bağlı yaradılmış Preventiv Təhqiqat Qrupu yanvarın 21-də ilkin hesabatını açıqlayıb.

Qrup bıçaqlanma yerindən tutmuş, yazıçı-publisist Rafiq Tağının iş yeri, təcili tibbi yardım xəstəxanası və onun əməliyyat olunduğu xəstəxanaya qədər bir sıra yerlərdə araşdırmalar aparıb.

Qrupun rəhbəri jurnalist Eynulla Fətullayev Rafiq Tağının qətlinin daha çox İranla bağlanmasını ictimai fikrin yayındırılması kimi qiymətləndirib. Bununla belə, o, hələ ki, özlərinin konkret bir nəticəyə gəlmədiklərini deyib. Amma o bildirib ki, təcili yardımın 1 saat gecikməsi, Rafiq Tağının ağır əməliyyatdan 25 saat sonra palataya köçürülməsi və ölümünün səbəbləri ilə bağlı ekspertiza rəyindəki qeyri-müəyyənlik xeyli suallar yaradır.

Qrupun üzvü, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə deyir ki, onların araşdırmalarına görə, kimlərsə Rafiq Tağının ölümünün tezləşməsində maraqlı olub:

«O, ÖZÜ VƏFAT ETDİ, YOXSA ONA KİMSƏ «KÖMƏK» ETDİ?»

«Ağır cərrahiyyə əməliyyatından qısa müddət sonra Rafiq Tağının palataya köçürülməsi səhv addım olub. Rafiq Tağı xəstəxanada vəfat etməməli idi. İndi bunu araşdırmaq lazımdır – o, özü vəfat etdi, yoxsa ona kimsə «kömək» etdi?».

Eynulla Fətullayev bir məsələyə də diqqət çəkir. O deyir ki, Rafiq Tağının ölümündən sonra vaxtilə onunla birlikdə həbs edilən «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlunun ölkəni tərk etməsinə şərait yaradılması halları olub. Onun fikrincə, kimlərsə baş redaktoru ölkədən çıxarmaqla bu məsələdə İran faktorunu daha da gücləndirməyə cəhd göstərib:

«Samir Sədaqətoğlu bununla bağlı qrupa müraciət ünvanladı ki, mən Azərbaycanı tərk etməyəcəm. Bizdə olan məlumatlara görə, hətta Samir Sədaqətoğlunun Fransaya göndərilməsi ilə bağlı səfirliyə bəzi emissarlar müraciət də ediblər».

İlqar Tağıyev
İlqar Tağıyev
Qrup hesab edir ki, Rafiq Tağı işdən çıxıb evə gələn ərəfədəki mobil telefon zəngləri, onların hərəkət trayektoriyası mobil operatorlardan alınıb cinayət işinə əlavə edilməlidir. Eynulla Fətullayev deyir ki, üstəlik, Rafiq Tağının iş yerində olan kameraların da yaddaşı araşdırılmalıdır.

Qrupun hesabatını dinləyən Rafiq Tağının qardaşı İlqar Tağıyev isə özü bir neçə ehtimal dilə gətirdi:

«BU, RAFİQ TAĞININ PEŞƏ FƏALİYYƏTİ İLƏ DƏ BAĞLI OLA BİLƏR»

«Sifariş İrandan olmasa da, mən burda islam faktorunun inkar edilməsinin əleyhinəyəm. Amma mən burda bir faktor da görürəm. Ola bilər, kimsə bunu qisas məqsədi ilə də etsin. Misal üçün, bu, Rafiq Tağının peşə fəaliyyəti ilə də bağlı ola bilər. Ölümündən bir-iki həftə əvvəl o, işlədiyi təcili yardımdan xəstəxanaya ağır vəziyyətdə bir adam gətiribmiş. Onda xəstəxana onu götürmək istəməyib və həkimlə mübahisələri düşüb. Bu, ehtimallardır, səsləndirirəm. Bundan başqa, Rafiq Tağı bir dəfə öz müsahibəsində deyib ki, mən «ədəbiyyat mafiyasının» ayağını tapdamışam».

İctimai təhqiqat qrupunun hesabatına gəldikdə, İlqar Tağıyev deyir ki, qrupun İran məsələsini bu işdə tamamilə kənara qoyması onu qane etmir:

«MƏN DAHA ÇOX RAFİQ TAĞININ ÖLÜMÜNÜ İSLAM FAKTORU İLƏ ƏLAQƏLƏNDİRİRƏM»

«Mən daha çox Rafiq Tağının ölümünü islam faktoru ilə əlaqələndirirəm. Çünki ölümündən bir qədər əvvəl onun «İran və qloballaşma qaçılmazlığı» yazısı olmuşdu. Elə bundan bir az sonra belə bir hadisə baş verdi».

Noyabrın 19-u saat 22.00 radələrində işdən evə qayıdan Rafiq Tağıya yaşadığı binanın yaxınlığında naməlum şəxs çoxsaylı bıçaq xəsarətləri yetirib. 4 gün Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı noyabrın 23-də xəstəxanada vəfat edib. Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq davam edir, saxlanan yoxdur.
XS
SM
MD
LG