Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:13

Əliağa Kürçaylı. Culyetta


Səni mənim qədər kimsə anlamaz,
Kimsə duya bilməz səni mənimtək.
Sən ölmək istədin dünyada bir az,
Beş saat...
Bir saat...
Bir qədər ölmək!

Sonra yenə qalxıb soyuq məzardan
Duymaq məhəbbətin şirin dadını.
Sənə söyləyərdi hamı o zaman
Cavan Romeonun gözəl qadını.
Vəssalam.
Yaxşıdır bəlkə bu ölüm -
Yenə dirilirsən, ömr eləyirsən.
Sevgidə Culyetta,
A mənim gülüm,
Belə bir oyunu istəmirəm mən.

Əgər baş tutsaydı bu oyun, düzü,
Min ləkə gələrdi saf məhəbbətə.
Nə sən, nə devdiyin Romeo özü
Qovuşa bilməzdi əbədiyyətə.

Uşaq oyuncağı deyil məhəbbət,
Onun əzabı da, nəşəsi də var.
O, həqiqət sevir, yalnız həqiqət -
Həqiqi bir həyat!
Həqiqi məzar!
XS
SM
MD
LG