Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:30

Salam Sarvan niyə sərbəst vəznə keçdi?


“Oxu zalı”nda yeni rubrika “Feyziyyə ilə şənbə söhbəti” adlanır.

Əməkdaşımız Feyziyyə Hacıyevanın ilk həmsöhbəti şair Salam Sarvandır.



"Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi... Dəlisən sən? Sən şairsən, rahat otur şeirini yavaşca pıçılda da"...

...Salam Sarvan heç yerdə çap olunmamış şeirini dedi...

"Qaldı ki, hansı yazarın taleyini yaşamaq istəməyə... Sənə bir söz deyim: yazar taleyi yaşamaq istəməzdim"...

"Elə hisslər var ki onları hecada yazmaq, çətindi deməzdim, sadəcə mümkün deyil"...



– Sizə müəllim də deyə bilərəm, çünki mən də vaxtilə Bakı Slavyan Universitetindəki Yaradıcılıq fakültəsinin tələbəsi olmuşam.

Həmin fakültənin gənc yazarlara verdikıəri öz yerində, bəs Azərbaycan ədəbiyyatında öz imzasını təsdiq etmiş Salam Sarvana nə verdi həmin fakültə?


– Bu fikri özümə yaxın buraxa bilmirəm ki, guya şeir təkliyin, şair tənhalığının məhsuludu.

Məncə, şeir yalnız tənhalığın nəticəsi kimi ortaya çıxsa idi, çox zəif olardı. Əslində yazı – yazarın ətrafla, insanlarla, predmetlərlə kontaktdan aldığı stimulun nəticəsidi.

Allahın bir olduğu kimi şairin bir olması mümkün olan iş deyil. Şairlər bir-birindən qidalana-qidalana, bir-birindən ruh ala-ala çoxalırlar. Şairlərin nəsil artımı burdan gəlir.


"...Hər şey sağa burulub bağlanır, sola burulub açılır – «şurup»dan tutmuş butulka qapağınadək. Saatın əqrəbləri də daima sağa burulur, ancaq bağlanmır ki, bağlanmır. Bu, nə deməkdi, zaman «sarvat» olub?"

Mən də sizinlə ünsiyyətdə yaradıcı stimul alırdım. Heç xəbəriniz də olmurdu ki, sizinlə apardığımız dərslərdən sonra gedib şeir yazırdım. Yadındadı, söz vermişdim o şeirlərlə sizi tanış eləyim?!

Maraqlı uşaqlar görürdüm aranızda, özümdən 20-25 yaş kiçik bu uşaqların ədəbiyyat sevgisini görürdüm və bu sevgi mənə də sirayət eləyirdi.

Gəl sənə səmimi deyim, gənc nəsillə yaşlı nəslin ədəbiyyat yanğısı arasında fərq var.

Gənclər ədəbiyyat üçün daha çox fədakar olurlar. Indinin özündə də mən daha çox gənclərlə oturub-durmağa meylliyəm. Özümü ədəbi gəncliyin içində daha rahat hiss eliyirəm.

– Bizdən aldığınız stimulun nəticəsində yazdığınız şerilərdən biri ilə tanış olmaq olar? Heç olmasa bir bənd?

– Yazdıqlarım bütöv yadımda qalmır, bir parça deyə bilərəm. Bu şeir heç yerdə çap olunmayıb.

Pis söyüşlər söyməyi sünnətdən sonra öyrənmiş
kirvəsindən, dəlləyindən qorxan bir kənd uşağı...

Həyatı hər gün sıfırdan başlamaq istəyini
hər səhər yuxudan gec ayılmaq öldürdü,
mühacirət arzularını təyyarədə uçmaq qorxusu.

İlk dəfə qız sevdiyini
hər gün öz ayaqqabılarını yumaqdan bildi.
Anasının südü qurumuş inəyi
şəhərli xanımların it saxladığı tək saxladığını uzaqdan bildi.

– Əgər şairlər bir-birindən stimul alaraq artırlarsa, niyə hər gün keçirilən kitab təqdimatları, görüşlər, toplantılar mükəmməl bir bədii mətnin yaranmasında rol oynaya bilmir?

– Şeir istedad faktıdı, istedad da ilahi faktdı. O, ya verilir, ya verilmir. Ədəbiyyatda nəsillərin yerdəyişməsi bəzən dalğavari olur, məsələn eniş-yoxuş, gecə-gündüz əvəzlənməsi kimi.

Məsələn, bir nəsil istedadlı gəlir, ondan sonra gələn nəslin içərisində isə heç bircə nəfər də istedadlı adam olmur. Bu, həqiqətən ilahi bir nizamdı.

Sən deyən o toplantılarda, o tədbirlərdə olanların arasında talant yoxdusa, təşkilatlanmaların faydası olmayacaq.

Mənim dediyim kontakt istedadüstü hal kimi anlaşılmalıdı. Yəni istedad var, amma bu istedad ətrafla kontakta girməsə yaxşı şeir yarana bilməz.

– Bu gün ədəbi mühitdə bir neçə qruplaşma var. Salam Sarvan bunların hər birində qəbul edilən şairidir. Amma çox güman ki, hamısı ilə dost deyilsiz. Bu nədən irəli gəlir? Salam yalnız şair kimi dəyərləndirilir, yoxsa dost olmadıqlarınızla da istedadlı münasibət ...

– Ədəbiyyatdakı qruplaşmaları çox təbii qarşılayıram. O qruplaşmaların hər birində ciddi yazarlar var. (Gerisi şəkildən aşağıda - Oxu zalı)


Və onlar ədəbiyyata münasibətdə də çox ciddidirlər. Sən dediyin hal varsa, bu, güman ki yazıya olan sevgidi.

Çünki mən onların hamısı ilə oturub-durmamışam, onların hamısıyla yaxın münasibətlərimiz olmayıb. Doğurdan da, belərdirsə, dəyər verdiklərinə görə sağ olsunlar.

– Biz BSU-nun Yaradıcılıq fakültəsinin tələbələri ola-ola Azərbaycan Yazıçılar Birliyinin Gənc Ədiblər Məktəbinə gedəndə, bir çoxları bizi qınadı. Bizə qarşı bəzi ittihamlar səslənməyə başladı. Bu barədə siz nə düşünürsüz?

– Gəl bu məsələni konkret Gənc Ədiblər Məktəbinə dair dartışmayaq. Sizlərdən biri məsələn, AYB-yə, o biri AYO-ya da gedə bilərdi.

Özünü harda reallaşdıra biləcəyini düşünürsənsə, orda da olmağın normal haldı. Baxır sən bu qurumlara gedərkən hansı niyyəti güdürsən. Biri var ədəbi yaradıcılq, biri də var ədəbi siyasət.

Əslində yazarın öz ədəbi siyasətini qurmağa çalışması çox normal haldı.

Ədəbi siyasət nədi? Bu, sənin öz piarını qurmağındı, ədəbi mövqelərini gücləndiriməkdi, dünyaya çıxış imkanlarını axtarmaqdı, kitab bazarında iştirak eləməkdi. Amma bunlar hamısı ortada yaxşı yazı olandan sonra gələn məsələlərdi.

Yəni əvvəlcə istedadlı mətn olmalıdı ki, sən onun ətrafında ədəbi siyasət qurmağa başlayasan.

İstedadlı mətn olmadan bunlara start verilirsə, ədəbi qurumları seçəndə də yalnız ədəbi siyasət niyyəti güdülürsə, olmadı. Bu, artıq ədəbiyyatla alver deməkdi.

Belə alveri istənilən ədəbi quruma münasibətdə eləyənlər var.

Məsələn, AYB-yə gedən istedadsızın hətta ədəbi siyasət baxımından niyyəti də çox cılızdı: bir vəsiqənin çox xıırda məişət imkanları, təqaüd və sair.

Məsələn, bəziləri içində çox talantlı dostlarımızın da olduğu AYO-ya ona görə gedirdilər ki, AYO özünü yeni təfəkkür, yeni ədəbiyyat təmsilçisi kimi reklam eləmişdi. Və bəziləri “hazırın naziri” olmaq istəyirdilər.

Yəni artıq “yeni ədəbiyyat” ocağı kimi elan olunmuş bir quruma girib də birdən-birə yox yerdən “yeni ədəbiyyatın təmsilçisi” olacaqlarını düşünürdülər.

İndi mən qəti o fikirdə deyiləm ki, GƏM-ə gedənlərin hamısını günahlandırmaq lazımdı. Çünki onların içində istedadlı yazarlar var, onların səmimiyyətinə də inanıram.

– Deyirlər problemlərini arxada qoymuş adamlar, bütün işləri səhmana düşmüş şairlər şeirdən nəsrə keçir. Bu necə ola bilər?

– Yəni deyirsən ki, dərdi olmayan şeir yaza bilməz?

– Elə deyirlər...

– Dərdin nə dəxli var, istedadi olmayan şeir yaza bilməz. Dünyada elə yazıçı var ki, ən yaxşı əsərlərini 40 yaşa qədər yazıb, eləsi də var 40 yaşdan sonra. Hətta bir yazıçı, adını unutmuşam, 70 yaşında Nobel mükafatı aldı.

Baxanda fikiləşirsən ki o yaşda artıq istirahət eləməyə getməli idi, amma o, 70 yaşından sonra da 5 roman yazdı. Qaldı dərd və şeir məsələsinə... Istedad gələndə tək gəlmir, o həm də xasiyyət gətirir. Buna biz “qəribəlik” deyirik.

Bu “qəribəlik” dediyimiz nədi ki? Odu ki, şair, yazıçı daha çox həssas olur. Və sən başqalarından daha həssassansa, deməli, həyatını da başqalarından daha ağrılı yaşayacaqsan.

– Qəribəliklər demişkən. Məsələn, belə bir təəssürat yaranıb ki, şairin mütləq səliqəsiz saçları, tör-töküntü geyimi, içkili vəziyyəti olmaldır.

Guya, bu əsl istedad göstəricisidir, bunun xaricində olanlar şair ola bilməz. Yəqin müşahidə etmisiz, bəziləri məqsədli şəkildə bu yola əl atırlar.


– Kütləvi halda daha çox Sovet dönəmində belə hesab olunurdu. Sovet quruluşu bir romantik aura yaratmışdı, bu romantik aurada şairə bir sevgi yaratmışdı ki, öz ideologiyasını şairlər vasitəsi ilə insanlara yeritsin. Sovet dövrünün oxucusu kasıb idi.


Və adamlar hətta sevdiyi şairin kasıb olduğunu görüb təskinlik tapsınlar deyə şairlərin çoxu miskin obrazı oynamağa “məhkum” idilər.

Altında maşın ola-ola yazırdılar ki, “qəzetdə şeirim çıxıb, iki qəpiyim olmayıb o qəzeti alam”. Elə şairlərin “dərdli” rolunu oynaması da eynən.

Dərd varsa, deməli şair dalğındı, onun saçını daramağa da, hətta bəzən çimməyə də həvəsi yoxdu.(Gülür). Boş şeydi, şeiri çöldə ağnaya-ağnaya yazmırsan ki, üst-başın çirkli, paltarın ütüsüz ola.

Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi. Bir də görürsən yayın istisində pencəyini çiyninə atıb ağacların arasında göyə baxa-baxa gəzərək verilişə çəkilir.

“Fikirli-fikirli” ağacdan bir yarpaq dərir və başlayır “mənalı-mənalı” bu yarpağa baxmağa... Şeiri də deyəndə qiraətçi kimi deyirlər, sözü səslə gücləndirməyə çalışırlar.

Əyilir-düzəlir, yumruğunu ora çırpır, başını bura çırpır. Dəlisən sən? Sən şairsən, rahat otur şeirini yavaşca pıçılda da.

Bunu bir dəfə demişəm, qoy bir də deyim. Biri var, sən düşürsən qabağa yazdığını arxanca cəmiyyətin içinə dartırsan, biri də var, sən oturursan yerində, yazdığın qabağa düşüb səni arxasınca aparır.

– 45 yaşınız olur... Çox gəlmr ki sizə?

– Hər halda bədən temperaturunun 40, təzyiqin 180, şəkərin 300-ü kimi təhlükəli rəqəm deyil.

– Doğum günləri bircə uşaqlıq illərində insana sevinc gətirir, bəlli vaxtdan sonra insan hər il o günü bir itki verdiyi gün kimi düşünür. 45 yaşın bir özəlliyi varmı?

– Ad günləri çox keçirmişəm. Heç olmasa ikisindən birini. Keçirmək deyəndə ki, iki-üç dostla oturub qeyd eləmişik. Mən rəqəmlərin şərtiliyin qəbul eləyən adamam. Yəni istənilən rəqəmi mənalandırmaq olar.

33-ün öz fəlsəfəsi var, 34-ün öz fəlsəfəsi. Riyaziyyatda rəqəmlərin mənasız birliyi, qoşalaşması yoxdu.

İndi bizdə 45 yuvarlaqlıq baxımından fərqli yaş kimi qəbul olunub. Amma ömrü beşillik planlara yuvarlaq yaşamırıq ki...

Insanların bir-birinə xoş söz deməsi üçün, bir-birinin yanında olması üçün bəhanə olacaq istənilən gün gözəldi.

Dünyada bu bəhanələrə hesablanmış bayramlar var. Məsələn, sevgililər günü, atalar günü, analar günü, borcların qarşılıqlı qaytarılması günü, salamlaşma günü, üzr istəmək günü...

Bunlar hamısı adamları bir-birinə yaxın eləmək üçün uydurulub.

– Doğum gününüzdə dostlarinizdan istəyəcək xüsusi bir istəyiniz, arzunuz varmı?

– Dostlardan biri artıq qonaqlıq söz verib.


– Bir dəfə demişdiz mərhum Fərhad Meteni yuxuda görmüsüz, amma danışmadız yuxunu...

– Mən Fərhadı yuxuda çox görmüşəm, amma yuxu yadımda qalmır.

– Onu anım tədbirinə də gəlməmişdiniz, çox incimişdim. Tədbirdən yazdığım yazıda da qeyd eləmişdim incidiyimi...

– Oxumuşdum o yazını, qınamışdın məni. Həmin gün dünya ədəbiyyatı seriyasından çıxan bir kitabla bağlı mətbəədə problem yaranmışdı. Mən getdim ora, çıxa bilmədim.

– Necə bilirsiz, doğurdanmı, yaxşı yazı çoxlu mütaliənin məhsuludur?

– Hərdən fikirləşirəm ki, məsələn Kafkanın “Çevrilmə”sini yazmaq üçün hansısa kitabları oxumaq lazım idimi?

Mütaliənin “Çevrilmə” yə nə aidiyyatı var? Amma eyni zamanda da fikirləşirəm ki, Brodskinin şeirlərinin yazılması üçün təkcə istedad kifayət idimi?

– Uşaqlıqda hər kəsin bir kumiri olur. Elə böyüdükdən sonra da özünə ruhən yaxın olan bir insanın həyatını yaşamaq keçir insanın içindən.

Məsələn, mənə xarakiri etmiş yapon yazarlarının hayatı maraqlı gəlir. Bəs siz hansı əsr qəhrəmanının, ya da yazarın taleyinə bənzər həyat yaşamaq istərdiz?


– Yazmağa başlayandan heç bir kitabı oxucu zövqü ilə oxuya bilmirəm. Soruşsalar ki filan əsərdə filan qəhrəmanın sonu necə oldu, cavab verə bilməyəcəyəm.

Çünki mən əsəsri oxuyanda qəhrəmanı izləmirəm, müəllifi izləyirəm ki, görüm yazıçı hara gedir, hansı labirintlərdən keçir, hansı manevrləri eləyir və hara gəlib çatır?

Ona görə də əsər qəhrəmanlarından ideal seçmək fürsəti olmayıb. Qaldı ki, hansı yazarın taleyini yaşamaq istəməyə... Sənə bir söz deyim: yazar taleyi yaşamaq istəməzdim.

– Ilk şeirlərinizin əksəriyyəti heca vəznində yazılmışdı. Amma son dövrlər daha çox sərbəst vəzndə yazırsınız. Təbii ki, hecada yaxşı şeir yazmaq çox çətindir və Salam bunun öhdəsindən layiqincə gəlməyi bacardı.

Bəs son dövrlər sərbəst vəznə müraciət ekməyinizi nə ilə izah etmək olar? Salam Sarvanı heca vəzni sıxdımı, yoxsa daha hecada yaza biləcək gücü qalmadı?


– Əsas səbəb odur ki, hecada yaza biləcəyim düşüncələrin hamisinı yazmışdım, necə deyərlər, kitab bağlanmışdı.

Elə hisslər var ki onları hecada yazmaq, çətindi deməzdim, sadəcə mümkün deyil. Ilk kitabımda da o məqamı ki hecada yazmaq mümkün deyildi, onları sərbəstdə yazmışdım.

– Qəzəlin dövrünü başa vurduğunu bilirik. Indi necə bilirsiz, heca vəzni də qəzəl kimi yalnız ədəbiyyat dərsliklərindəmi qalacaq?

– Məncə, şeir təkcə informasiya deyil, həm də intonasiyadı. Elə hisslər var ki, insan var olduqca yaşayan hisslərdir və əbədi hisslər hecada daha yaxşı hədəfə gəlir.

Heca şeirinin vaxtı keçməyib, çünki dünya ədəbiyyatında bu gün də yazılmaqdadı. Sadəcə şeirin ümumi həcmində onun çəkisi azalacaq.

Ümumiyyətlə, forma çox şərtidi. Bir gözəl misranı seirin tərkibindən çıxartsan heç kimi onun hansı formaya aid olduğuna fikir verməyəcək.

Gələcək nə göstərəcək – dəqiq demək olmur. Amma mənə elə gəlir ki şeir, getdikcə misraların şeirinə çevriləcək şair getdikcə misraların şairi olacaq.

– Növbəti qonağımız Xanəmirdir, ona nə sual vermək istərdiz?

– Xanəmir, fikir vermisənsə, hər şey sağa burulub bağlanır, sola burulub açılır – «şurup»dan tutmuş butulka qapağınadək. Saatın əqrəbləri də daima sağa burulur, ancaq bağlanmır ki, bağlanmır. Bu, nə deməkdi, zaman «sarvat» olub?

Həmçinin oxu
Salam Sarvan. Şeirlər
Salam Sarvanın yazı masası (VİDEO)
XS
SM
MD
LG