Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:44

Ülviyyə Tahir "Mxitar Qoş" (Hekayə)


İşdən yenicə qayıtmışdım ki, yaxın rəfiqələrimdən biri zəng vurdu.

O, əyalətə gəldiyini və məni görmək istədiyini bildirdi. Planlaşdırdığım işlərin yarımçıq qalmasından narazı olsam da, onu yenidən görmək istəyi hər şeyi üstələdi.

Həmişəki kimi glomour qadın təsiri bağışlayan, rəfiqəm yenə öz tərzindən geri qalmayaraq, bütün gözəlliyi ilə on beş dəqiqə sonra qarşımda idi.

Uzun görüşmə və salamlaşma paradından sonra qarşı- qarşıya oturub çay içməyə başladıq.

- Sənin bu rayonda necə yaşadığını hələ də ağlıma kəsdirə bilmirəm. Bakını – o gözəl paytaxt şəhəri at, gəl bu “truşoboda” yaşa. – rəfiqəm dodağını büzərək üzümə baxdı.

- Bura “truşoba” deyil . Əyalətdir, rayondur və vətəndir- mən tam cidiyyətlə rəfiqəmə cavab verdim.

- Patriotka –rəfiqəm gülümsünərək yenə eyni fikrin üstündə kökləndi. – sənin kimi ziyalı burada itib- batır. Mən yenə deyirəm:gəl Bakıya! Sənə yaxşı şərait yaradarıq.

- Bakı – daşdan şəhər! Ora mənim ilham pərimi qaçırdır. əgər bu xalqdan yazmaq istəyirsənsə , o xalqın işində yaşamalısan.

- Qıraqdan görünmür?

- Adaya xəritədən baxmaq ayrı, adada yaşamaq ayrı.

Rəfiqəm çayını qurtumlayaraq, əlindəki qələm ilə dediyim sonuncu cümləni dəftərçəsinə qeyd edərək dedi:

-Qəşəng cümlədir.

-Təşəkkür. Hə, səni bu “truşoba” dediyin yerə hansı rüzgar atdı?

-Eh.. bu jurnalistika deyilən sənəti həəə........- o qaşlarını çataraq davam etdi- mənə get rayondan həqiqətləri gətir deyərək yolladılar.

- Yəqin həqiqəti icra hakimindən öyrənəcək deyilsən?!..- mən yarıroniya ilə rəfiqəmə dedim.

- Əlbətdə ki. Həqiqət düzdə, yalan ortada. Həqiqəti necə tapacam ,bax ,bu çəin məsələdir.

- İstəsən mən sənə kömək edə bilərəm.

- Necə edəcəksən? Çox maraqlıdır.

- Heç səni bir nəfərlə tanış edəcəm . O da sənə rayonun sosial, iqtisadı, mədəni və mənəvi tərəflərini çox gözəl izah edəcək.

- Bu sənsən?- rəfiqəm gözünü belə qırpmadan üzümə maraqla baxdı.

-Xeyr. Mənim kimilər bu rayonun Sabir demişkən intiligentləriyik. Əlcəkli pişik siçan tuta bilməz.

-Vou, Vou, - rəfiqəm ingilis sayağı içini çəkdi.- Çox maraqlıdır. Kimdir bu adam ?

- Mxitar Qoş.

- Mxitar Qoş?! Mxitar Qoş alban tarixçisi deyil? Bəlkə də öldüyündən min beş yuz il keçir.

- Hə. Amma mən sənə canlı Mxitar Qoş versəm?!.. Nə edərsən?

- Bağrım yarıldı.. Tez elə!

- Səbirli ol! Naharımızı edək, mən də onu tapım görüm haralardadır..

Rəfiqəm peşəsindən irəli gələn maraqla yeməyi burnuna yoxsa ağzına belə yediyinin fərqinə belə varmadan ,sürətlə naharı başa vurub, yalvarıcı nəzərlərlə üzümə baxdı.
Nahardan sonra onu bazarın qarşısına apardım. Bura daim günəmuzd işləyən fəhlələrin yeri idi. Iki dəqiqə keçməmiş rəfiqəmlə tanış edəcəyim adam qarşımızda peyda oldu. Rəfiqəm onun başındakı kommunist sayağı kepkaya, gözündəki qara eynəyə və cins şalvarına baxaraq ümidsizcəsinə üzümə baxdı. Mən isə tövrümü pozmadan:

- Hə qardaş, əgər bizə yarımsaatını qurban versən sənə bütün media adından təşəkkür edərik.

- Canla başla.- deyərək, O razılaşdı.

Biz rayonun yeganə parka oxşayan yerinə yollandıq. Bir çaynik çay sifariş edib kölgəyə bənzər yerlərin birində oturduq.

- Qardaş nə işləyirsən?- rəfiqən nəhayət bayaqdan onu boğan marağının ipini açıb boşladı.

- Fəhlə

- Fəhlə?!- rəfiqəm az qala qışqıraraq təkrarladı.

- Hə bacı fəhlə. Sən bilmirsən fəhlə kimdir? Səhərlər bir tikə güzəran üçün maşınlara doluşub nə iş gəldi görməyə hazır olan insan kütləsinə fəhlə deyilir.

Onun bu cavabından sonra kefi açılan rəfiqəm – Amma qara eynəyin heç sənətinlə uyuşmur- onu cırnatmağa çalışdı.

- Gözlərim xəstədir. Günəş işığı çox parlaq olduqda görmürəm. .

-Harada yaşayıran?

- Elə de burada yaxınlıqda: pudrası özündən olan kəndə.

- Evlisən?

- Hə . Məni hər gecə pol ağacına qonaq edən Son A ilə

-Sona? Adı Sonadır?

- Yox ,bacı. Son A, yəni sonuncu aldanış. Yəni, evlənib dadını görən bir daha evlənməz . Nə isə bir səhvdir eləmişik.

- Güzəran necədir?

Ay bacı, güzərandı da ...- o səsini uzadaraq davam etdi.- Allah nə göndərdi qurumunda çalışıram.yəni nə iş tapsam . Getdim özümə sosial təminat düzəldəm, onu da şərtnən verdilər. Dedi ki, altı ay mənim, altı ay sənin. Üstündən altı ay keçib kartımı qaytarmırlar. Mənə dedilər ki, rayonda hamı prezidentin arvadına yazır, işi düzəlir. O de.. bizim qonşuda biri yazdı: on gün sonra kərpic evini söküb, daşdan yeni ev tikdilər. Yox! Mən bir də, bu camaatın sözünə aldanan deyiləm. Götürüm yazım, məni tutsunlar basınlar içəri ki, o boyda adamın həyat yoldaşına məktub yazmısan. Mən də getdim, kişi kimi prezidentin özünə məktub yazdım. Onda da başıma iki iş gəldi: biri məktubdan əvvəl , biri məktubdan sonra.

- Hə nə oldu?- rəfiqəm səbirsizliklə soruşdu.

- Keçmişdə mirzələr var idi, indi də kompyuterde yazan mini yubkalı qızlar . Mən də getdim bu salonların birində dərdimi dedim.. O qızlardan biri yerindən belə tərpənmədən, boyalı dodaqlarını oynada-oynada mənə min beş yüz simvol dedi. Mən də bu nə deməkdir soruşduqda, üstümə hirslənərək – get yaz kağıza gətir – dedi.Getdim yazdım gətirdim. Mən hərfləri sayıram elə dediyi qədər olur, qız sayır artıq çıxır. Sən demə nöqtə də hesaba girirmiş Həyatımda ikinci dəfə nöqtə ilə başım bəlaya düşdü. Bir dəfə də səkkizinci sinifdə oxuyanda olmuşdu. Yeni rus dili müəlimimiz gəlmişdi. O bizə hey, adı nədir?- deyirlər yazırsan eee- o kömək istəyən nəzərlərlə üzümüzə baxdı.Rəfiqəm tez – İmla – deyə səsləndi.

-Yox –o etiraz etdi.

Mən sakit şəkildə- diktant- dedim

- Hə, hə diktant – O dedikdə, rəfiqəm yenə məğlub nəzərlərlə üzümə baxdı

- Hə, bu müəllim bizə elə birinci dərsdə diktant yazdırdı. Hər cümlənin sonunda toçka deyir, mən də bunu dəftərə yazırdım . Sən demə ,bu nöqtə imiş. Məni direktorun otağına sürüklədilər və müəllimi ələ saldığıma görə valideynlərimi məktəbə çağırdılar. Mənə yalnız direktorun otağında çatdı ki, toçka nöqtə imiş. Hə, birdə məktəbdən on iki il sonra mən nöqtənin də hesaba alındığını öyrəndim. Nəhayət qızla dalaş- deyişikdən sonra məktubu yolladım. O min beş yüz simvolla dərdimi nə dərəcədə anlatdım bax orasını bilmirəm.Bu bəladan yenicə qurtulmuşdum ki, evə gələndə yolda intiligent Qiyazı gördüm. Ona məktubu göndərdiyimi dedim. O isə mənə korrupsiya aradan götürülüb, sənin məktubuna cavab olaraq səni də, o pensiya idarəsinin müdirini də tutacaqlar. Indi qılçam əsir, deyirəm kaş məktubum yolda itə, gedib yiyəsinə çatmaya.....

- Sənin əsl adın nədir ki, sənə Mxitar Qoş deyirlər?- rəfiqəm müsahibindən soruşdu.

- Mənim adım Muxtardır. Orta məktəbdə oxuyanda tarixi çox sevərdim. Bizim bir tarix müəllimimz var idi. Rəhmətlik, hey , Mxitarın erməni olmadığını bizə sübut etməyə çalışırdı. Mən də onunla mübahisə edirdim . O, mənə neçə il əlləşdi, almanla albanın fərqini izah edə bilmədi. O qədər qarmaqarışıq tayfa adı çəkərdi ki, biz bir şey anlamazdıq. Tarixdən yeganə yaddaşımızda qalan Mxitar Qoş oldu , onu da uşaqlar mənə ayama etdilər.

- Eşitidiyimə görə rayonda elektrik fasilələrlə verilir. Sizin kənddə də belədir?
-Rəfiqəm dəftərçəsinə qeyd apara-apara soruşdu.

- Hə. Bacı, bizdə bəlli saatlarla işıq olar. Heç rayonda özünü toka verib öldürdü xəbərini eşidə bilərsən? Eşitməzsən çünki volt həmişə aşağıdır, adam öldürən deyil. Bir gecə təcili yardıma bizim uşağı gətirmişdik . Zəhərlənmişdi , qusurdu. Təcili yardımda oturanlar şam tapmadılar və bizdə gəldiyimiz maşının işığını içəri saldıq balacaya iynə vurdular. Yox! Bizim prezidentin bunlardan xəbəri yoxdu, olsa belə qoymaz.

- Rəfiqəm cəld onun sözünü kəsdi:- Bu orta əsr inancıdır: Krala inam.

- Yox bacı biz vallah bircə Allaha inanırıq.

- Bizdə belədir də sən başqa söz deyirsən, səni yalnış anlayırlar. Halbuki, hamımız eyni dildə danışırıq. – rəfiqəm üzünü mənə tutaraq sanki bu fikrə münasibət
bildirməmi istədi.

- Ən yaxşısı, özünü bilməməzliyə vurmaqdır. Səhv etmirəmsə, elə, sizin kəndə olub-Mən Muxtara müraciətlə dedim. “Yenə sən savadlı olarsan” məsələsi..

- Hə bizim kəndə olub- Muxtar gülərək danışmağa başladı- kəndimizdə üç nəfər kəndin dəlisovunu götürüb, gedib bankdan kredit götürülər. Pulun ödənmə vaxtı çatanda adam pulu təbii ki ödəyə bilmir. Polis, məhkəmə ,adam hamıya tutuquşu kimi eyni sözü deyir: “başına dönüm yenə sən savadlı olarsan”.axırda hakim hirslənərək rədd eliyin bu dəlini burdan -deyərək işi nəticəsiz bağlayır...

- Rəfiqəm qəhqəhə çəkərək-Azərbaycan sənin timsalında yaxşı bir aktyor itirib-dedi.

- Yox – Muxtar cəld etiraz etdi.- Azərbaycanın ən son ehtiyac duyduğu adam mənəm. Indi Azərbaycanın Remboya, Polad Əlamdara ehtiyacı var.
Biz parkdan ayrılanda rəfiqəm dərin düşüncələrə dalmışdı. O, mənimlə sağollaşıb ayrıldıqdan bi iki addım sonra geri döndü və dedi:

- Truşoba sözünə görə üzr istəyirəm . Əfv olunma ehtimalım var?

- Ürəyin buz kimi olsun – Mən onun mənə tərəf uzatdığı əlini sıxdım.
XS
SM
MD
LG